Əliqismət Lalayev: "Kollektivi sevmədən teatrda işləmək mümkün deyil"

 

Azərbaycan Dövlət Musiqili Komediya Teatrının direktoru, əməkdar incəsənət xadimi, fəlsəfə doktoru Əliqismət Lalayevin Milli.Az xəbər portalına müsahibəsi

 

Azərbaycan Dövlət Musiqili Komediya Teatrı Nikolay Vasilyeviç Qoqolun "Evlənmə" əsəri ilə yenidən teatr ictimaiyyətində də böyük əks-səda doğurdu. Premyeralarda iştirak edən dövlət rəsmiləri tamaşanın çox yüksək səviyyədə hazırlandığını vurğuladılar. Tənqidçilər "get, lap rusların ozlərini dəvət elə bu tamaşaya: bəyəniləcək!" (kultaz.com) - dedilər. Teatrın direktoru, tanınmış incəsənət xadimi Əliqismət Lalayevlə söhbətimiz əsasən "Evlənmə" tamaşası ətrafında olsa da, ümumiyyətlə teatr proseslərinin müasir durumu barədə bir sıra məqamlara da toxunduq.

- Əliqismət müəllim, bəziləri bu tamaşanı Musiqili Komediya Teatrının son üç ildə, yəni sizin teatra gəlişinizdən sonra ən böyük uğur saydı.

- "Evlənmə" ümumiyyətlə bütünlükdə milli teatrımızın uğurudur. Çatışmayan, xırda nöqsanlardan hali deyil, əlbəttə. Amma ümumilikdə çox uğurlu alınıb və tamaşanın bir sıra elə məziyyətləri var ki, teatrımız doğurdan da bununla öyünə bilər. Məsələn, ilk dəfə bizim teatrda Qoqol qoyuldu. Bu, Azərbaycan səhnə sənətində öz yeri olan əməkdar incəsənət xadimi Bəhram Osmanovun bizim teatrda ilk işi oldu. Dramatik aktrisa kimi tamaşaçı qəlbində öz yeri olan xalq artistləri Şükufə Yusupova və Məleykə Əsədova ilk dəfə olaraq heç nədən qorxmadan, çəkinmədən Musiqili Komediya Teatrının səhnəsinə gəldilər. Tanınmış gülüş ustaları Arif Quliyevlə, Elçin Həmidovla, Çingiz Həmidovla eyni tamaşada çıxış etdilər. Mən deyim ki, bu addım, doğrudan da, hər iki aktrisadan böyük cəsarət tələb edirdi və onlar bunu bacardılar. Onların ətrafında yaranan stereotipləri, sərhədləri tamamilə qırdılar. Səhnə tərtibatındakı səliqə-sahman (rəssam Nabat Səmədova) diqqətləri çəkdi. Və ümumiyyətlə, Musiqili Komediya Teatrı da "yalnız operetta" qoymaq kimi "böyük boyunduruqdan" qurtuldu. Bu gün Rusiyanın musiqili komediya teatrlarında ən müxtəlif janrlarda tamaşalar qoyulur. Biz isə bu çərçivələrdən çıxa bilmirdik. Nəhayət ki, bunu bacardıq. "Evlənmə"nin uğuru hamını düşünməyə vadar etdi ki, sən demə belə də olarmış.

- Yeri gəlmişkən, Azərbaycan Teatr Xadimləri İttifaqında da ayrı-ayrı teatrların aktyorları bir araya gələrək, çox uğurlu tamaşalar hazırlayırlar.

- Elədir ki, var. Bu antrepriz teatrıdır, bu teatrın sabit truppası yoxdur, yəni hər kəs tamaşa müddətinə bir teatrdan dəvət olunur. Bizdə isə məsələ başqadır. Bizim sabit truppamız var və bəzən bu və ya digər aktyorun, rejissorun teatra dəvət olunması müəyyən suallar doğurur. Biz "Şəhərdə manyak var" tamaşasına Sumqayıt teatrından xalq artisti Valeh Kərimovu, "Ər və arvad" tamaşasına xalq artisti Yaşar Nurini, "Matəm marşı" tamaşasına Gənc Tamaşaçılar Teatrından əməkdar artist Naibə Allahverdiyevanı dəvət edəndə məhz öncə belə suallar ortaya çıxırdı. Lakin şübhəsiz ki, teatrda son söz tamaşanın və tamaşaçılarındır. Odur ki, hər tamaşanın uğuru məhz bu suallara ətraflı cavab verdi.

- Kollektivinizin Musiqili Teatrların Beynəlxalq Assosiasiyasına daxil edilməsi, 138 illik tarixində Azərbaycan teatrının ilk dəfə olaraq Beynəlxalq qurumda təmsil olunması da yəqin ki, yaradıcılıq imkanlarımızın daha da genişlənməsinə səbəb olub. Teatrda görünən dəyişikliklər bu Assosiasiyadakı fəaliyyətimizlə əlaqəli deyil ki?

- Bu Assosiasiyaya dünyanın 35-dən çox teatrı daxildir. Əsasən MDB dövlətlərindən olan bu kollektivlərdə maraq doğuran yeniliklərin şübhəsiz ki, bizdə də tətbiq olunması yaradıcılıq axtarışlarımızın inkişafına səbəb olur. Görün son 3 ildə hansı böyük uğurlara nail olmuşuq? 3 il bundan öncəyə qədər təməlini Üzeyir Hacıbəylinin qoyduğu teatrın repertuarında dahi bəstəkarın bir əsəri belə yox idi. Bu gün məhz bəstəkarın operetta janrında yazdığı hər üç komediya - "O, olmasın, bu olsun", "Arşın mal alan" və "Ər və arvad" komediyaları teatrın simasıdır. Biz ilk dəfə olaraq bir il bundan öncə dünyanın 50 ölkəsinin qatıldığı Beynəlxalq Teatr Bayramında - İranda keçirilən Fəcr festivalında Azərbaycanı "O olmasın, bu olsun" tamaşası ilə təmsil etdik. Festival, ətrafına daha çox tamaşaçı yığsın deyə, bu əsərlə öz fəaliyyətinə start verdi. Bütün tamaşalar bir dəfə göstərildiyi halda, "Məşədi İbad" iki dəfə göstərildi və festivalın ən yüksək ödülünü biz qazandıq. Müstəqilliyimiz dövründə heç bir xarici dövlətə gedə bilməyən teatr təkcə son üç ildə müxtəlif proqramlarla Moskvada, Novosibirskdə, Yekaterinburqda, Tiflisdə və Gürcüstanın azərbaycanlılar yaşayan rayonlarında, Türkiyədə müxtəlif səfərlərdə olub. Teatrın aparıcı solistləri dünyanın ən müxtəlif meridianlarında keçirilən Azərbaycan Mədəniyyəti Günlərində teatrımızı təmsil ediblər. Biz ilk dəfə olaraq Azərbaycan dilində klassik Avropa operettasını səsləndirdik. İmre Kalmanın "İddialı Qaraçı" əsəri çox böyük uğurla təqdim olundu.

Bütün bu uğurlar ona görə əldə edildi ki, bu gün teatrın fəaliyyətini yaxşılaşdırmaq üçün respublikanın çox tanınmış sənət adamları və gənc yaradıcı qüvvələri tamaşaların hazırlanmasına cəlb olunmuşlar. Xalq artistləri Yaşar Nuri, Şükufə Yusupova, Məleykə Əsədova, Valeh Kərimov, xalq artisti Təranə Muradova, əməkdar artist Naibə Allahverdiyeva, əməkdar artist Anar Şuşalı, dirijor, əməkdar incəsənət xadimi Yalcın Adıgözəlov, rejissorlar -əməkdar incəsənət xadimləri Bəhram Osmanov, Əsgər Əsgərov, gənc rejissorlar Mikayıl Mikayılov, Nicat Kazımov, Elvin Mirzəyev, sənətşünaslıq doktoru, professor Məryəm Əlizadə, teatrşünas-aspirant Vəfa Muhacirova, habelə Tiflisdən rejissor Qoça Kapanadze, gürcüstanlı rəssamlar - Lomqul Murusidze, Ketevan Titişvili, Tamuna Maçaraşvili, Rusiyanın xalq artisti, "Qızıl Maska" Milli Mükafat laureatı, professor Kiril Savelyevic Strejnevin tələbəsi Serqey Yunqans və başqaları ilə əməkdaşlıq bizə çox şey verir. Bundan əlavə, istedadlı gənclərin yaradıcılığının dəstəklənməsi, xüsusən teatr rejissorluğu sahəsində qabaqcıl ölkələrin təcrübəsindən istifadə edilməsi və teatrda çalışan gənc kadrların peşəkarlıq səviyyəsinin yüksəldilməsi məqsədi ilə teatrın ayrı-ayrı əməkdaşları müəyyən müddətə xarici ölkələrə ezam olunur və başqa dövlətlərin teatrlarında təcrübə keçirlər. Gənc rejissor, tamaşaçılara Ü.Hacıbəylinin "Arşın mal alan" komediyasının quruluşu ilə yaxşı tanış olan Elvin Mirzəyev ixtisasını artırmaq üçün Yekaterinburqda - Sverdlovsk Dövlət Akademik Musiqili Komediya Teatrında, "Milyonçunun dilənçi oğlu" tamaşasını hazırlayan gənc rejissor Mikayıl Mikayılov Novosibirsk Musiqili Komediya Teatrında, teatrın əməkdaşları - dekorçu rəssam Elgün Vəliyevlə işıqçı Tural Şərifov isə dünya şöhrətli Robert Sturuanın rəhbərlik etdiyi Ş.Rustaveli adına Akademik Dram Teatrında təcrübə keçiblər. Yəqin ki, bütün bunlar da gələcəkdə öz müsbət nəticəsini verəcək.

- Bu gün teatrınızda əsaslı təmir və bərpa işləri aparılır. Lakin kollektiv Dənizçilərin Mədəniyyət Evində yerləşir, tamaşalar göstərilir, yeni əsərlər hazırlanır. İnsanlar çətin şəraitdə işləsələr də, həvəsdən düşmürlər. Bunu tamaşaçılar da duyurlar. Siz necə, onların işindən razısınızmı?

- Bu adamlar - qapıçısından tutmuş məşhur aktyoruna qədər - hər birisi talelərini səhnəyə bağlayan insanlardır. Onlar necə həvəsdən düşə bilərlər? Bu gün bizim teatrda Afaq Bəşirqızı kimi sənətkar çalışır. Xalq artistləri İlham Namiq Kamal, Arif Quliyev, Fatma Mahmudova, əməkdar artistlər Ramiz Məmmədov, Xanım Qafarova, Əkbər Əlizadə, dirijor, əməkdar incəsənət xadimi Nazim Hacıəlibəyov, xormeystr Vaqif Məstanov, baletmeystr Zakir Ağayev və başqaları. Onların hər birinin öz sevimli auditoriyası var. Kollektivin bütün üzvləri əllərindən gələni edirlər ki, bax, bu çətin günlərdə öz tamaşaçılarını itirməsinlər. Çox çətindir, amma biz gözləyirik ki, daha gözəl, daha cəlbedici teatrımız olacaq. Hər axşam aktyorlarımız yeni teatrda yenə də işıq selinin altında tamaşaçıları öz sehrinə sala biləcək rollarla səhnəyə çıxaraq, onları güldürəcək, düşündürəcəklər. Ömürlərini səhnəyə verən - cavanından, qocasından asılı olmayaraq bu sənətçilərdən razı qalmamaq, Tanrı yanında günah işlətmək kimi bir şeydir. Mən bu insanların hamısını sevirəm. Onları sevmədən teatrda işləmək mümkün deyil.

 

 

Ədalət.- 2011.- 11 mart.- S. 6.