Nəsibə Zeynalovanın
vəfatından 7 il ötür
Azərbaycan sənətsevərləri arasında
"Qaynana" kimi sevilən, Milli Musiqili Komediya teatrının inkişafında
müstəsna rol oynayan, qırx ildən çox işlədiyi sənət
ocağının repertuar
ağırlığını ləyaqətlə çiyinlərində
daşıyan Nəsibə
Zeynalovanın ölümündən
bu gün 7 il keçir. Aktrisa üçün rolun böyük-kiçikliyi önəmli
deyildi, o ən kiçik hesab olunan obrazı
belə yüksək səviyyədə təqdim
etməyi və sevdirməyi bacarırdı.
Azərbaycan tamaşaçısı
onun ifasında ən adi kolxozçu
obrazına da dəfələrlə baxmaqdan
yorulmaz. Nəsibə
Zeynalovanın yaradıcılığının
ən parlaq dövrü isə çağdaş bəstəkarların
müasir mövzusu musiqili komediya əsərlərinin tamaşalarındakı
bir-birindən fərqlənən
komik personajların ifası ilə bağlıdır. "Hicran"da Qızbacı, "Ulduz"da Züleyxa "Qaynana"da Cənnət obrazları ilə xalqın ürəyində
əbədi yer tutan, Nəsibə Zeynalovanın yaradıcılıq
potensialı nəinki
teatr səhnəsində,
kinoda da böyük miqyasda açıldı.
"Bizim
Cəbiş muəllim" də daxil olmaqla "Ögey
ana", "Böyük dayaq", "Qanun naminə",
"Bəyin oğurlanması", "Mən mahnı
qoşuram", "Qorxma, mən səninləyəm",
"Yuxu" və bir neçə filmlərdə əsasən
kiçik rollar oynamasına baxmayaraq, hər bir obrazı
yaddaqalan, baxımlı etməyi bacarırdı. Nəsibə
xanım artıq həyatda olmasa da, Azərbaycan xalqının
qəlbindən onun adı heç vaxt silinməyəcək.
Çünki o hələ sağlığında ikən
öz əbədiliyini qazanmışdı. Xatırladaq ki,
Xalq artisti Nəsibə xanım Zeynalova martın 10-u, teatr
günü dünyasını dəyişib. Həyat onun adını teatrla yanaşı yazdı.
Ədalət.- 2011.- 11 mart.- S. 8.