"VURĞUNUN QOYDUĞU İZDƏN GƏLMİŞƏM"

 

   ƏDƏBİ HƏYAT

 

   (Cığatel İsaqızının şeirləri haqqında)

  

   Haqqın aşiqiyəm, elin aşığı,  

   Sazdan mayalanıb,   

   sözdən gəlmişəm.  

   Odlar diyarının   

   od övladıyam,  

   Ocaqda qovrulub,   

   közdən gəlmişəm.

 

   Dolanıb,

   yaxından-uzaqdan keçib,  

   Gör neçə şaxtadan,   

   sazaqdan keçib,  

   Oğuz ellərindən -  

   Qazaxdan keçib,  

   Vurğunun qoyduğu   

   izdən gəlmişəm.

  

   Bu sətirlərin müəllifi Cığatel İsaqızıdır. Əslən Qazaxlıdır və Qazax deyəndə Vaqif, Vidadi, Səməd Vurğun, Osman Sarıvəlli, Nüsrət Kəsəmənli, Akif Səməd, Aşıq Ədalət yada düşür. Mən ancaq şairləri və bir də sazın Məcnunu Ədalətin adını çəkdim. Bir şair yazıb ki: "Ağlatsan birini Qarabağda sən, Muğamat üstündə ağlayacaqdır". Qazax bölgəsində isə bəlkə də hər evdə, otaqların ən gözəlində, yuxarı başda bir saz asılıb. Və orada çoxları şeirlə danışır. Amma təbii ki, Qarabağda hər oxuyan Xan əmi, Qədir Rüstəmov, Arif Babayev, Əbülfət olmadığı kimi, Qazaxda da hər saz çalana aşıq, hər şeir yazana da şair demirlər.  

   Cığatel İsaqızını saz çalan görməmişəm, amma aşıq mahnıları oxuyur, həm də şeir yazır. Mən onun qazaxlılar olan məclisdə oxuduğunu görmüşəm. Özünəməxsus səsi var. Amma onun səsi ilə şeirlərini müqayisə eləyəndə şeiri üstün gəlir. Budur, şeirlərindən ibarət "Yaxşı ki, xəyallar gözə görünmür" kitabı qarşımdadır.  

   Cığatel bizim klassik aşıq sənətinə yaxşı bələddir, saatlarla sənə Qurbanidən, Tufarqanlıdan, Xəstə Qasımdan, Ələsgərdən və onların davamçıları olan ustadlardan əzbər şeirlər deyər. Sinədəftərdir. Yazdıqlarının əksəriyyəti də qoşmadı, gəraylıdı, heca şeirinin rəngbərəng formalarıdı, deyişmədi, qıfılbənddi. Ustadları oxuya-oxuya, hər ustaddan sözə aşiqliyi öyrənən Cığatel şeirlərində ÖZÜ OLMAĞA can atır və buna əksər hallarda nail olur. Onun şeirləri dilinin aydınlığı, sadəliyi ilə seçilir. Heç bir söz "oyununa", hoqqabazlığa getmir. Görürsən ki, ustad aşıqların, şairlərin işlətdikləri bənzətmə və istiarələrdən istifadə edir, amma bu istifadə mənimsəməyə, təqlidə yol açmır

  

   Bir daş ürəklinin   

   dəmir qapısı,  

   Bağlandı üzümə,   

   üzüm incidi.  

   Dür idi, ləl idi, ağzımda ikən,  

   Çıxdı yerə düşdü,   

   sözüm incidi.

  

   Başımda payızın   

   buludu çaxdı,  

   Gözümdən könlümə   

   bir alov axdı,  

   Fəzilət atəşi canımı yaxdı,  

   Qızardı yanağım,   

   üzüm incidi.  

   Yatmışdı, oyandı,   

   oynadı bulaq,  

   Cığatel, təbintək   

   qaynadı bulaq,

   Elə zülüm-zülüm   

   göynədi bulaq,  

   İslandı kirpiyim,   

   gözüm incidi.

  

   Bu Cığatelin adi qoşmalarından biridir. Klassik qoşmalardan gələn sərin meh əsir bu şeirdə. Amma təqlid görəmməzsən. Çünki müasir aşıq-şair təfəkkürü ilə qarşılaşırsan.  

   Cığatelin mövzu dairəsi müxtəlifdir. O, Azərbaycanı vəsf edir, "məhəbbətim, son sevgilim, son sonam" dediyi bu vətənin böyük oğlu, ulu öndər Heydər Əliyevi ehtiramla yad edir, 20 yanvar şəhidlərinə yas tutur, Xocalı faciəsini unutmur, Azərbaycan qadınını, onun vəfa və sədaqətini vəsf edir. Vətən bildiyi Anasına sevgilərini bildirir, doğulduğu Ağstafaya, Qazax mahalına da borclu qalmır, yurd məhəbbətini şeirə çevirir. Onun şeirlərində böyük Tanrıya da xitablar var. Amma məni ən çox maraqlandıran budur ki, klassik aşıq şeirindən gələn fəlsəfi notlar, didaktika, ustadnamə motivləri bu günün aşıq-şairi Cığateldə hansı poetik cizgidə üzə çıxır? O, hamının üz tutub getdiyi yolda (aşıq-şairlərin, xalq şeirini seçib o yolda müsafir olanların) öz kiçik cığırını aça bilibmi? Bu suala birbaşa müsbət cavab vermək çətindir, amma şeirlərindən hiss olunur ki, inadkarlığı var, yolun çətinliyi onu qorxutmur.

  

   Zaman-zaman   

   ağlamaqdan usandın,

   Bircə kərə görən gülsəm,   

   olarmı?  

   Qalaq-qalaq sinəm üstə   

   dağ olan,

    Kədəri sevinclə bölsəm,   

   olarmı?

  

   Hər verilən hədiyyəmi,   

   müjdəmi?  

   Baş endirib hər əyilmək   

   səcdəmi?

      Öz qəlbimdə yaradıb   

   öz Qibləmi,  

   Öz Kəbəmə   

   namaz qılsam olarmı?

  

   Özgə cürə   

   görünməyi demirəm,  

   Özgə dona   

   bürünməyi demirəm,  

   Uığateləm,   

   sürünməyi demirəm,  

   İnsantək yaşayıb,   

   ölsəm olarmı?

  

   Cığatelin kitabında onun qıfılbənd və deyişmələri ilə də qarşılaşırıq. Qıfılbənd aşıq deyişmələri zamanı tətbiq olunan spesifik şeirdir. Qoşma formasındadır. Çox zaman bağlama deyirlər ona. Adətən, sazçalma və şeir texnikası baxımından bir-birini üstələyə bilməyən aşıqlar qıfılbəndə əl atırlar. Deyişmə isə aşıqlar arasında musiqinin müşayiəti ilə keçirilən şeirləşmədir. Kitabda Cığatellə Zəlimxan Yaqubun, İbrahim İlyaslının, Tağı Sadiqin, Aşıq İmaməlinin qıfılbəndləri, Aşıq Şəhadətlə, Hacı Loğmanla, Pərvanə Zəngəzurlu deyişmələri təqdim olunur. Bir nümunə:  

  

   Cığatel:  

 

   Şirin nədi,   

   əvvəl-axır sonu nə,  

   O nədir ki, üzü birdi,   

   donu nə.  

   O nədir ki, yoldan eylər

  

   onu nə,  

   Kim uysa dünyasın   

   bərbad eyləyər?

  

   Zəlimxan Yaqub:

  

   O həyatdır,   

   ölüm adlı sonu var,  

   Zəmanədi, min sifəti,   

   donu var.  

   O tamahdı, haram kökü,   

   qolu var,  

   Kim uysa, dünyasın   

   bərbad eyləyər.

  

   Cığatel:

  

   İki nədi, iki nədi, biri nə,  

   Bu saydığım   

   beşi hakim birinə,  

   Bundan ayrı qulaq assaq   

   birinə,  

   Xaliqi-Sübhanı   

   çox şad eyləyər?  

  

  

   Zəlimxan Yaqub:

 

   İki gözdü, iki qulaq,   

   bir dəhan,  

   Ürək üstə qərar   

   tutub bu cahan,  

   Doğrü-dürüst   

   sözdən versək   

   imtahan,  

   Xaliqi-Sübhanı   

   çox şad eyləyər.

  

   Əlbəttə, Cığatelin şeirlərini təkcə aşıq şeiri çərçivəsi ilə məhdudlaşdırmaq istəməzdim. Aşıq şeirin öz mövzuları, məna və ləfzi gözəllikləri olur-bu da poeziyadır, amma gizlətmək lazım deyil ki, nə qədər istedadlı olursan ol, burada müəyyən çərçivəni aşmaq olmur. Cığatel də bu çərçivəni aşmaq niyyətində deyil və ümumiyyətlə, həmin çərçivə aşıq şeirinin əbədi-əzəli hörgüsüdür, amma kim bu çərçivədə təzə söz deyirsə, o başqa məsələ.   

   Cığatelin aşıq şeirindən tamam fərqli şeirləri də var. Dəxli yoxdur, bunlar qoşmadı, gəraylıdı ya hecanın müxtəlif şəkilləridi, yəni demək istəyirəm ki, həmin şeirlərə "aşıq şeiri" demək olmur. Məsələn:

  

   Əllərində ağ çiçək  

   Dünən görüşə gəldin.  

   Ağ çiçək ayrılıqdı,  

   Yaman qəlbimə dəydin.

  

   Soyuqdan qorxa-qorxa,  

   Göylərdən qar ələndi.  

   Soyuq baxış, bəyaz gül,  

   Aləm ağa bələndi.

  

   Bu gecə qar yağırdı,  

   Astaca, xumar-xumar,  

   Soyuq baxışlarından  

   Yağırdı bu soyuq qar.

  

   İndi isə kitabda olan bəzi şeirlərə iradlarımı bildirmək istəyirəm.  

   Birinci iradım budur ki, Cığatel bəzən şeirin ümdə xüsusiyyətlərindən biri olan yığcamlığa biganəlik göstərir. Oxuyursan bir qoşmasını, görürsən ki, oradakı fikir üç bənddə də verilə bilər, amma Cığatel bunu uzadıb eləyir beş bənd. Yaxud, bir vəsf səciyyəli şeirdə uzunçuluq o şeirin sanbalını azaldır. "Ağstafam mənim" şeiri qırx misradan ibarətdir. Və bu şeirdə çoxlu yer və insan adları sadalanır, amma Ağstafanın obrazını görmürük.

İkinci iradım budur ki, hər hansı bir şeir kitabı çox ciddi mövzuları əhatə eləməlidir. Vətənə məhəbbət, təbiətin gözəllikləri, sevgi dünyası-bu üç mövzu Azərbaycan şeirinin ənənəvi mövzularıdır. Təbii ki, başqa mövzular da çoxdur və Cığatel onu düşündürən hər hansı bir hadisəyə, torpaqla, xalqın tarixiylə, saz-söz dünyasıyla bağlı olaylara içindən gələn duyğularla cavab verir. Amma tutaq ki, Telli Borçalını küsdürüb könlünü ala bilməyən bir nəfərə yazılan şeiri kitaba nə dəxli var? Həmin şeiri o adama vermək lazımdı ki, Telli Borçalını bir də küsdürməsin. Yaxud, qohum-qardaşa, dosta-tanışa şeir həsr eləməyi heç kimi qadağan edə bilməz, amma gərək elə şeir yazasan ki, o şeir bir adamın başqa bir adama məhəbbət, ehtiram, hüsn-rəğbət çərçivəsini aşsın. Yəni o təkcə şairin yox, bizim də dostumuza, qardaşımıza, bacımıza çevrilsin.   

Əlbəttə, bu iradlarım kiməsə subyektiv təsir bağışlaya bilər. Olsun.  

Bu iradlardan sonra Cığatelin gözəl bir şair olacağına inamımı qətiyyən gizlətmirəm. Cığatel Azərbaycan dilinin incəliyini, zərifliyini anasından eşitdiyi layla kimi qoruyur. Elə şairi şair edən onun dilidir, xalqı ilə onun dilində sadə, amma şeir lisanında sevincini, kədərini bölüşməkdir. Bircə misalla fikrimi yekunlaşdırır, yazıya da nöqtə qoyuram:  

  

   Bir tərlanı uçurmuşam  

   əlimdən,  

   Yuva qurub,   

   balasından xəbər yox.  

   Bilən yoxdu,   

   hansı yandan oxlanıb,  

   Xətasından,   

   bəlasından xəbər yox. 

  

   Pay bölünüb,   

   sevinc qəmdən az gəlib,  

   Həb istədim,   

   yaram üstə duz gəlib,  

   Dolaşdığı çəməninə  

   yaz gəlib,  

   Nərgizindən,   

   lalasından xəbər yox.

 

   Cığatelin könlü dərddi,   

   vərəmdi,  

   Xoş güzəran   

   biçarəyə haramdı,  

   Ərzrumda tək dolanır,   

   Kərəmdi,  

   Əslisindən,   

   Lələsindən xəbər yox.

 

 

   Vaqif YUSİFLİ

 

   Ədalət.- 2011.- 2 iyul.- S.10.