Azərin: "Onların ifasını görəndən sonra hətta Türkiyədəki musiqiçilər şoka düşüblər"

 

Bu gün çox az sənətçinin adını çəkmək olar ki, sənəti ilə tanınıb sevilsin. Müğənni Azərin səsi və sənəti ilə sevilən müğənnilərdən sayılır. Artıq 3 ildir Türkiyədə də fəaliyyət göstərir, Azərbaycan mədəniyyəti və incəsənətini təbliğ edən əməkdar artist Azərin son bir ildə ilk dəfə olaraq Milli.Az xəbər portalına eksklüziv olaraq müsahibə verdi.

- Azərin xanım, elə söhbətimizə Türkiyədə olan fəaliyyətinizlə başlayaq...

- Artıq 3 ildir ki, mən Türkiyənin TRT kanalında çalışıram. "Avazdan Əsintilər" adlı verilişin aparıcısı idim. Əvvəllər bu veriliş yalnız "TRT Avazdan" yayımlanırdı. Sonra TRT müzik təklif etdi ki, elə iki kanaldan da paralel olaraq canlı yayımlansın. Hazırda yay tətilinə çıxmışıq. Allah qoysa, sentyabrdan yenidən veriliş davam edəcək.

Verilişlə əlaqədar əsas bir məqamı xüsusilə qeyd etmək istəyirəm ki, mənim aparıcılığım ilə yayımlanan veriliş əslində musiqili-əyləncəli verilişdir. Baxmayaraq ki, veriliş musiqili əyləncəli xarakter daşıyır, çalışıram ki, verilişlərimdə Azərbaycanın ağrısı olan Qarabağ müharibəsi, faciələrimiz, 20 yanvar, Xocalı soyqırımı ilə bağlı mümkün qədər məlumat verim.

Mənim üçün vacib olan Azərbaycanın maraqlarını qorumaqdır. Materialları əldə etməklə, haradasa informasiya bazası yaratmışam. Matəm günlərimizi, Qarabağ faciəsini, "20 yanvar" dəhşətlərini əks etdirən materialları verilişimdə təqdim etmişəm. Baxmamışam ki, mənim verilişim əyləncəli müsiqili proqramdır. Yəni mədəniyyətin siyasətini təbliğ etməklə bu acımızı təbliğ etmişəm.

Hətta mənə deyənlər oldu ki, TRT dövlət kanalıdır, bir az formata uyğun veriliş olsun. Ancaq mən bildirdim ki, siz məni aparıcı olaraq bu verilişdə görmək istəyirsinizsə, bunlar təbliğ olunmalıdır.

Bundan əlavə, Azərbaycan ədəbiyyatının təbliğinə də diqqət yetirmişik. Verilişlərimizdə Zəlimxan Yaqub, Musa Yaqubdan tutmuş, Xəlil Rza Ulutürk, Məmməd Araz və digər yazarlarımızın əsərlərini oxuyuruq, onlar barədə məlumatlar veririk. Yəni çalışmışam ki, bacardığımı həyata keçirim.

- Təkcə müğənnilər qonağınız olub, ya başqa sənət adamları da verilişə dəvətlər alıb?

- Bu üç il ərzində çox qonağımız olub. Onlar arasında tanınmış musiqiçilərimiz var ki, onlar verilişdə iştirak ediblər. Əlixan Səmədovu, Natiq ritm qrupunu dəvət etmişəm. Əlixan müəllim verilişdə həm gözəl musiqilər ifa etdi, həm də musiqi sənəti barədə məlumat verdi, kitablarını təqdim etdi. Natiq ritmlərimiz barədə maraqlı məlumatlar verdi.

Onu da deyim ki, nağara alətlər arasında ən sox sevdiyim müsiqi alətidir. Munis Şərifov qonağım oldu. Kamança haqqında maraqlı bilgilər verdi, çox maraqlı veriliş alınmışdı. Kamança mənim ağrılı yerimdir. Çünki, ermənilər bu gün onu da öz adlarına çıxarmağa çalışırlar. Biz Azərbaycan haqqında nə qədər çox məlumat veririksə, bu bizim təbliğimizə təsir edir. İnanın ki, onların ifasını, sənətini görəndən sonra hətta Türkiyədə olan musiqiçilər, verilişimdə daimi bizi müşayiət edən musiqiçilər şoka düşüblər. Hətta çəkinmədən deyiblər ki, belə musiqiçilərin yanında ifa etməyə layiq deyillər, belə ifadan sonra onlar özlərinə musiqiçi deməyə utanırlar.

Bizdə bəlkə də bunu dilə gətirməzlər, onlar etiraf etməkdən utanmırlar. Güclü sənətçi görəndə bunu bildirirlər. Bir də ki, bizdə bəzi müğənnilər bayramlara hazırlaşanda biz Cavidlə matəm günlərimiz, Xocalı faciəmizlə bağlı olan verilişlərə hazırlaşmışıq. Kimsə fikirləşib ki, nəsə oxusun, gəlir əldə etsin, bizsə fikirləşmişik ki, qabaqdan 20 Yanvar gəlir, ya da başqa bir faciəli günümüz. Nə hazırlayaq? Yaxşı dostlarımız var, onlar bizə kömək ediblər. Buna peşman deyilik. Çünki bəhrəsini görürük.

- Türkiyədə solo konsertləriniz olub...

- Elə ilk olaraq bu barədə Türkiyədən sizə məlumat vermişdim. Türkiyənin müxtəlif şəhərlərində böyük solo konsertlərim oldu. Azərbaycan Cümhuriyyətinin 93-cü ildönümü ilə bağlı bir çox konsertlər verdik. Bundan əlavə, "Türkvizion"da fəxri qonaq olaraq dəvət olundum, çıxış etdim. Hətta müsabiqədə qeyd olundu ki, mənim bir neçə il bundan əvvəl arzum olub ki, dilə gətirmişəm ki, "Türkvizion" keçirilsin, türk dövlətləri bir araya gəlsinlər. Bağlanış gecəsində çıxış etdim. Bu, bir yarış deyildi, festival idi. Növbəti illərdə bunu yarış formatında təqdim etmək nəzərdə tutulur.

- Bəs albom?

- Artıq bir neçə ildir ki, albom təklifi gəlirdi. Həm bizdə, həm də Türkiyədə Azərindən albom gözləyənlər var. Müəyyən təkliflər də gəlib. Deyirlər ki, Azərin xanım, çoxdandır ki, albom çıxmır. Ona görə də nəzərimdə var. Çünki mahnılar da çoxdu. Yeddi mahnıdan ibarət albom olmalıdır. Həm Azərbaycan, həm də Türkiyə üçün albom hazırlamağı nəzərdə tutmuşuq. Bəzi mahnılar var ki, onları Türkiyədə hazırlamışıq, Orada studiyada lentə alınıb. Bakıda hazırladığımız mahnılar var. Keyfiyyət mənim üçün çox önəmlidir. Ona görə də Turkiyədə soundlar hazırlanıb. Hazırda iş gedir.

- Azərbaycanda nə zaman konsert verməyi düşünürsüz? Burda da konsertinizi gözləyənlər var...

- Mənim bəxtim onda gətirib ki, həyatda həmişə yaxşı insanlar qarşıma çıxıb. Şükür Allaha ki, yaşımın o vaxtıdır ki, həyatı başa düşürəm. Yaxşı ilə pisi ayıra bilirəm. Yaxşı insanlar olmasa, insanın həyatı mənasız olar. Heydər Əliyev adına Sarayın direktoru Fərhad müəllim çox gözəl insandır, sənətin qayğısına qalan vətənpərvərdir. O mənə çox təklif edib ki, sarayda konsert verim.

Düzünü desək, may ayına nəzərdə tutmuşduq, nəsə işimiz çox oldu, alınmadı. İnşallah, payız aylarına nəzərdə tutmuşuq. Artıq Fərhad müəllimlə görüşmüşük. Sentyabr-oktyabr ayında konsert olmalıdır. Bilirsiniz ki, mənimçün səhnə dekoru yox, repertuar önəmlidir. İstəyirəm ki, klassik əsərlər ifa edim, yeni mahnılarımı oxuyum.

- Azərbaycan kənardan necə görünür? Bu 3 il ərzində şou-biznesdə, sənət aləmində dəyişikliklər hiss olunur?

- Bilirsiz ki, mən heç vaxt şou aləmində olmamışam. Açıq danışırıqsa, şou-bizneslə maraqlanmışam da. Ancaq hər halda müşahidə etmək imkanım olub. Demək olar ki, vəziyyət qətiyyən dəyişməyib. Azərbaycan mədəniyyəti əslində çox zəngindir. Ancaq bununla yanaşı, sənətə, musiqiyə cılız yanaşanlar da var. Belə sənətçilər çoxalıb. Ona görə də heç vaxt şouya qoşulmağa maraqlı olmamışam. Mənim öz məqsədim, öz yolum var.

Mənim üçün maraqlı olan bir məqam var. Azərbaycan mədəniyyətini, incəsənətini, musiqisini, Azərbaycandan kənarda da təbliğ etmək, tanıtmaq. Əgər bu sahədə zərrə qədər nəsə edə bilirəmsə, buna sevinirəm.

- Azərin xanım, siz nə qədər qalmaqaldan uzaq olmağa çalışsaz da, bəzən adınız gələndə bəzi sənətçilər narahat olur. Müəyyən verilişlərdə professional müğənnilərdən söhbət gedəndə, sizin adınız hallanırsa, bəzilərində bu qısqanclığa səbəb olur. Bunu özünüz də hiss edirsiniz...

- İnanın ki, mənim üçün belə insanların münasibəti maraqlı deyil. Bilirəm ki, belələri var. Ancaq onlara heç vaxt imkan verməmişəm ki, mənim vasitəmlə reklam olunsunlar. Çox çalışıblar ki, mən də nəsə deyim, ad çəkim. Ancaq mən bunu özümə yaraşdırmamışam. Mən Azərbaycan vətəndaşı olaraq vətənpərvər bir sənətçi kimi fəaliyyət göstərmək istəyirəm.

- Türkiyəyə gələnlər də var. Onların səviyyəsini də görürsünüz. Müəyyən verilişlərə çıxanda özlərini qəhrəman, ulduz hesab edirlər. Hətta elə tərzdə geyinirlər ki, heç türklərin özü səhnəyə elə çıxmırlar...

- Həqiqətən elə müğənnilərimiz də var. Yəqin bunu deməklə ad çəkməyimi gözləyirsiz. Yox, yenə də ad çəkmirəm, amma var. Görürsən elə tərzdə geyinib ki, Azərbaycan sənətçisinin adına yaraşmır. Bilirsiz, bizim haqqımızda Türkiyədə fərqli fikir var və sənətçilərimiz bəzən bu təəssüratı dağıdırlar.

- Sənət aləminə sözün var?

- (Gülür) Nə sözüm ola bilər? Yeni mahnılarım var, oxumaq istəyirəm. Konsertə hazırlaşıram. Mənim üçün yaradıcılıq və etdiyim hər yenilik sözdür. Təki Allah köməyim olsun, mən bunları həyata keçirə bilim. Bilirəm ki, gözləyənlər var.

İlk dəfə onu da qeyd edim ki, sərhəd bölgələrində konsertlər verməyi nəzərdə tutmuşam. Bölgələrimizə turnelərə də çıxmağı arzulayıram. Məsələ ondadır ki, Türkiyədə daha çox konsertlər verirəm, çünki onlar konserti təşkil edirlər, mən sadəcə, gedib oxuyuram. Əgər belə konsertlər üçün təklif gəlsə, bölgələrimizdə konsert verməyimi istəsələr, mənə dəvət gəlsə, məmnuniyyətlə Azərbaycanın hər nöqtəsində konsert layihəsi ilə çıxış etməyi arzulayıram.

- Səhv etmirəmsə, TRT-də sizin haqqınızda sənədli film hazırlayırlar...

- Hə, inşallah, belə bir film hazırlanır. Bilirsiz, əslində bu bir verilişdir və hər bir verilişdə bir sənətçi haqqında sənədli film hazırlanır, verilişlərin biri mənə həsr olunacaq və mənim haqqımda hazırlanan sənədli film orada təqdim olunacaq. Onu da qeyd edim ki, bu verilişdə dünyanın müxtəlif yerlərindən gələn sənətçilər haqqında film hazırlanır. Sevinirəm ki, onların içində mənə də diqqət yetirilib. Bu sənədli filmdə uşaqlıqdan bu günə qədər olan bütün yaradıcılığım, səhnə fəaliyyətim əks olunacaq.

 

 

Ədalət.- 2011.- 7 iyul.- S. 4.