ÜRƏKLƏRDƏ QALAN
İZ...
İnsan dünyaya gələndə
Allah-Təala ona öz payını verir. Bu pay istedad
sayılır. Yəni istedadı olan adam müəyyən
zaman kəsiyindən sonra o dəqiqə üzə
çıxır. İstəyir şair olsun, istəyir
musiqiçi olsun, istəyir rəssam olsun. Amma gərək istedadı
da itib-batmağa və məhv olmağa imkan verməyəsən...
Burdakı uşaqlar ilk baxışdan
adama elə gəlir ki, tay-tuşlarından fərqlənmirlər.
Amma bir balaca onlara yaxın olanda, ürəklərinin səsini
eşidəndə, qəlblərinin döyüntüsünə
qulaq asanda nəyə qadir olduqlarını o dəqiqə hiss
edirsən. Yeniyetmə bir oğlan tarı sinəsinə
sıxıb elə gözəl çalır ki, adamın
ürəyinin "sarı sim"inə toxunur. Başqa bir
uşaq isə qarmonda məlahətli bir musiqi səsləndirir.
Kamançanın, nağaranın səsi bir-birinə
qatışıb ətrafa yayılır. İlk
baxışdan hər şey sənə çox gözəl
gəlir. Musiqi adamın damarına, ordan da ürəyinə
axır...
Füzuli rayonundakı Mahmudlu-1 Uşaq
Musiqi məktəbində tar, qarmon, səs, fortopiano,
kamança, nağara şöbələri fəaliyyət
göstərir. Əlbəttə, indi musiqi məktəbləri
çoxdur. Amma ən çox adamın diqqətini cəlb eləyən
o musiqi məktəbində dərs deyən müəllimlər
və orda oxuyan uşaqlardı. Qarabağ musiqinin beşiyi
olduğuna görə, burda yeniyetmələr və gənclər
arasında musiqiyə maraq digər bölgələrdən fərqlənir.
Çünki balaca uşaqlar da ağlayanda sanki muğam
üstündə ağlayırlar. Allahın verdiyi bu istedad
zaman-zaman parlayanda daha gözəl olur.
Uşaq musiqi məktəbinin direktoru
Rasim Şamxalov deyir ki, cəbhə bölgəsində
yaşasaq da, uşaqlarımızın musiqiyə çox
böyük marağı var. Kənd şəraitində
musiqi məktəbinin 2 böyük salonu və 16 otağı
fəaliyyət göstərir. Burda uşaqların musiqinin
sirlərinə yiyələnməsi üçün
lazımi şərait yaradılıb. Üstəlik də məktəbimizdə
15 piano, 8 qarmon, 6 da tar aləti var. Bu musiqi alətlərində
uşaqlarımız hər gün məşğul olur və
yeni əsərlər üzərində işləyirlər.
Tar şöbəsində təhsil alan Nadir Mirzəyev (müəllimi
Şəfa Həsənov) çox istedadlı bir gəncdir.
Belə gənclər artıq zaman-zaman yetişir və
müsabiqələrdə öz istedadlarını göstərirlər.
Hiss olunur ki, gənclərimizin musiqiyə böyük
marağı var. Qarmon müəllimlərimiz Ramil
Tağıyev və Hikmət Fərəcov uzun müddətdir
ki, uşaqlara musiqinin sirlərini öyrədirlər. Təbii
ki, müəllim yaxşı olanda onun şagirdi də üz
ağardır. Bu gün məktəbimizdə 40 müəllim
işləyir və onlar 200-ə yaxın yeniyetmə və gəncə
musiqi dərsi öyrədir.
Bu məktəbdə şirin səsi
olan və gözəl ifaçılıq mədəniyyətinə
yiyələnən Orxan Nuşirəvanov Bakıda keçirilən
müsabiqədə mükafata layiq görülüb. Məktəbin
yetirməsi Zəfər Əhmədov, Kamran Əhmədov,
Büsat Quliyev, Emin Sabitoğlu və Muğan Mətili həmişə
müsabiqələrdə fərqləniblər. Onların
tarda və qarmonda səsləndirdiyi musiqilər
çoxlarının böyük marağına səbəb
olub. Bir faktı da qeyd edək ki, məktəbin şagirdləri
Füzulidəki hərbi hissələrdə və kəndlərdə
tez-tez konsertlər verir və maraqlı proqramla
çıxış edirlər. Bu yaxınlarda hərbi hissədə
verilən konsert böyük marağa səbəb olub. Səxavət
Əsgərovun, Cavid Əliyevin, Ramiz Süleymanovun və Xəyyam
Tağıyevin səsləndirdiyi musiqilər rəğbətlə
qarşılanıb.
Hər bir musiqi insanın qəlbində
təlatüm yaradırsa, onun ürəyində iz qoyursa və
ən nəhayət insanların yorğunluğunu
canından-qanından çıxarırsa, deməli,
ifaçı bax, onda istəyinə nail olur. Yaxşı
ifaçılar, yaxşı musiqiçilər isə
uşaq musiqi məktəbində yetişməyə, püxtələşməyə
və formalaşmağa başlayır. Bu məktəbi bitirən
25 məzun təhsillərini davam etdirərək orta musiqi məktəbində
və digər musiqi məktəblərində oxuyurlar. Bu da
onu deməyə əsas verir ki, istedadlı tarzən və
gözəl müəllim Rasim Şamxalovun çəkdiyi zəhmət
hədər getməyib.
Horadiz şəhərindəki Uşaq
Musiqi məktəbi də Füzuli rayon mədəniyyətinə
öz töhfələrini bəxş edib. Çünki
zaman-zaman bu məktəbi bitirən şagirdlərin
sorağı sonradan müxtəlif orta ixtisaslı müsiqi məktəbindən
və İncəsənət Universitetindən gəlib.
1983-cü ildən Horadizdə fəaliyyət göstərən
bu musiqi məktəbinə istedadlı musiqiçi və təcrubəli
pedaqoq Azər Cavadov rəhbərlik edir. Elə onun da həyata
keçirdiyi böyük işlər sahəsində bu musiqi
məktəbi öz ənənələrinə sadiq qalıb
və uğurlarını davam etdirir. Bu gün məktəbdə
175 şagird musiqi təhsili alır. Bu musiqi ocağında
fortepiano, tar, qarmon, xanəndəlik, nağara və
kamança şöbələri fəaliyyət göstərir.
Bir qayda olaraq məktəbin şagirdləri Mədəniyyət
Nazirliyinin hər il keçirdiyi xor müsabiqəsində
iştirak edir. Məktəbin tar ixtisası üzrə
3-cü sinif şagirdi Cavid Məmmədzadə Mədəniyyət
Nazirliyinin təşkil etdiyi 2-ci ümümrespublika müsabiqəsində
tərifnaməyə layiq görülüb. Bu da onu göstərir
ki, musiqi məktəbində oxuyan uşaqlara sənətin
bütün incəlikləri, nəzəriyyəsi öyrədilir.
Fortepianoda çox gözəl müsiqilər səsləndirən
5-ci sinif şagirdi Ülkər Dərgahova (müəllimi Xəyyam
Cavadov) istedadlı bir gəncdir. Onun müxtəlif müsabiqələrdə
və konsert proqramlarında çıxışı
alqışlarla qarşılanıb. Bununla yanaşı, məktəbdə
şirin səsə malik olan gənclər də az deyil. Xanəndəlik
şöbəsinin 4-cü sinfində oxuyan Kənan
Bayramlı (müəllimi Şakir Nəsirov) gözəl
muğamlar, təsniflər və mahnılar ifa edir. Onun bir
neçə çıxışı alqışlarla
qarşılanıb. Məktəbdə eyni zamanda,
"Qızıl səslər" vokal qızlar qrupu da fəaliyyət
göstərir. Həmin qrupun bir neçə konsertləri
olub. Adətən məktəbin yetirmələri Füzuli
rayonundakı "N" hərbi hissələrində tez-tez
konsertlər verir və maraqlı proqramlarla
çıxış eləyirlər. Hərbçilərimiz
bu musiqi proqramlarına böyük maraqla qulaq asırlar. Bu
musiqini dinləyəndən sonra onlarda vətənpərvərlik
ruhu daha da yüksəlir, əsgərlərimizin iç
dünyasında xoş ovqat yaranır. Uğurlu
çıxışlarına görə, məktəbin
musiqi kollektivi "N" hərbi hissəsinin təşəkkürünü
qazanıb.
Bir faktı da qeyd edək ki, məktəbi
bitirən 35 məzun müxtəlif orta-ixtisas musiqi və eləcə
də ali musiqi məktəblərində təhsillərini
davam etdirirlər. Məktəbin direktoru Azər Cavadov dedi ki,
gələcəkdə daha böyük işlərimiz olacaq.
Ona görə də həmin tədbirlərə daha ciddi
hazırlaşırıq. Əsas məqsədimiz isə
istedadlı gəncləri tapmaq, onları məktəbə cəlb
etmək və musiqiyə olan maraqlarını daha da
artırmaqdı. İstedadlı gənc məktəb oxumadan,
müəllim görmədən heç vaxt istəyinə
nail ola bilməz. Elə biz də çalışırıq
ki, bu istedadları tapaq, onların üzərində işləyək
və sonra da böyük sənət yollarında
addımlamaqda gənclərə kömək göstərək.
Nə qədər istedadlı adam olursan
ol, müəllim görməsən, kimsə sənin qolundan
tutmasa, heç vaxt böyük sənətdə yer tapa bilməzsən.
Yer tapsan da iz qoya bilməzsən. İnanırıq ki, hər
iki musiqi məktəbində təhsil alan uşaqlar yaxın gələcəkdə
musiqi aləmində öz sözünü deyəcək və
öz izlərini qoyacaqlar...
Faiq QİSMƏTOĞLU
Ədalət.-
2011.- 7 iyul.- S.3.