Əliqismət Lalayev:
"Mən iş axtarmıram, iş özü məni
tapır"
Əməkdar
incəsənət xadimi, sənətşünaslıq
üzrə fəlsəfə doktoru, Musiqili Komediya
Teatrının direktoru Əliqismət Lalayev özünü
Allahın xoşbəxt bəndələrindən sayır.
Salyanın sayılıb-seçilən ziyalısı Hümmət
kişinin ocağında dünyaya gəlib. Tələbəlik
və gənclik illərindən ölkədə istedadlı
rejissor, aktyor kimi tanınmağa başlayıb. O zamankı Mədəniyyət
Nazirliyində uzun illər baş idarə rəisi vəzifəsində
çalışarkən təşkilatçılıq
bacarığını ortaya qoya bilib. Özünün dediyi
kimi, indi də sevdiyi işlə məşğuldu. 100 ildən
çox yaşı, zəngin ənənələri olan bir
yaradıcılıq müəssisəsinə - Musiqili Komediya
Teatrına rəhbərlik edir. Yaxşı ailə
başçısı, Nurlananın, Əzizənin
atasıdı. Nəvələrin necə şirin bir nemət
olduğunu gənc yaşlarından bilir.
Bu günlərdə Əliqismət
Lalayevin 55 yaşı tamam oldu. Keçilən yola nəzər
salmaq, uğurlara sevinmək, itkiləri yad etmək
üçün bu qoşa rəqəmlər də bir
fürsətdi.
- Əliqismət müəllim, o gün
mobil telefonunuza zəng edəndə Salyanda olduğunuzu
bildirdiniz. Belə başa düşdüm ki, doğmalar
qarşısında 55 ilin hesabatını verirsiniz...
- Bu, yubiley yox, mənim üçün
növbəti bir ad günü idi. Amma hər halda bu il
"5"lər qoşalaşdı. Tanrımdan razıyam və
xoşbəxtəm ki, bunu görmək qismətim oldu. Bəzilərinə
heç bu da nəsib olmur...
Doğum günlərimi ailə çərçivəsində
keçirməyi xoşlayıram. Ona görə 55 əvvəl
doğulduğum evə getdim. Doğulduğum 11 nömrəli
evin yerləşdiyi küçə indi atam Hümmət
Lalayevin adını daşıyır. O evə tez-tez gedirəm,
hər dəfə də elə bil uşaqlıq illərinə
qayıdıram. Bu dəfə də ailə üzvlərimiz
bizə doğma olan həmin evdə toplaşdı, bir masa ətrafında
ad günümü qeyd etdik. Düzdü, zəng edən, məclis
qurmaq istəyən dost-tanışlar çox idi. Onların
hamısına təşəkkür edirəm. Belə
gündə adi telefon zəngi mənim üçün qiymətli
bir hədiyyədi.
- Yəqin ki, 30-40 əvvəl gələcəklə
bağlı müəyyən planlarınız olub. 55
yaşın tamamında geri boylanarkən nələri
görürsüz, planın yerinə yetməyən hissələri
çoxdu?
-
Heç vaxt filan ildə bu işi görəcəyəm deyə
bir planım olmayıb. Çünki həyatımı planlar
üzərində qurmamışam. Musiqili Komediya Teatrına
direktor təyin olunarkən nazirliyin incəsənət
şöbəsində uzun illər birgə
çalışan iş yoldaşlarım mənim
üçün hədiyyə olaraq kiçik bir klip hazırlamışdılar.
Klipə maraqlı bir ad da fikirləşmişdilər -
"Mən iş axtarmıram, iş özü məni
tapır". Bu, həqiqətən də həyatımı əhatə
edən devizdi. Məni həmişə işə dəvət
ediblər. Öz növbəmdə mən də
çalışmışam ki, bacarığımı ortaya
qoymaqla göstərilən etimadı doğruldum. Hər halda
elə bilirəm ki, buna nail olmuşam. Düzdü,
özümdən tam razı deyiləm, narazı
qaldığım çox şeylər var. Amma ötən 55
ildə böyük sapıntılara yol verməmişəm.
Taleyə, alın yazısına inanan insanlardanam. Sevinirəm
ki, Tanrı mənim üçün məhz belə bir
ömür yolu yazıb. Bu gün də sevdiyim bir işlə
məşğulam-teatr sevdiyim və seçdiyim sahədi.
Teatr həyatda mənə çox şey bəxş edib. Ona
görə də əldə etdiklərimə görə həmişə
teatra minnətdaram.
- Həyat yoldaşı, ata və baba Əliqismət
Lalayevin qazandıqları sizi yaxından tanıyanlara məlumdu.
Dost kimi nə qazana bildiniz, illər ötdükcə
dostlarınızın sayı artır, yoxa azalır?
- Ətrafımda həmişə
çox adam olmasına baxmayaraq dostlarımın sayı
barmaqla sayılacaq qədər azdı. İnsan ən
ağır sarsıntını bəlkə də dostdan zərbə
alanda keçirir. Mən də vaxtilə dost dediyim adamdan belə
bir zərbə almışam. Müdrik bir kəlam var-
Allahım, Sən məni dostlarımdan qoru, düşmənlərimlə
özüm də bacararam. Cavanlıqda bu kəlama adi
baxırsan, hətta zarafat kimi qəbul edirsən. Lakin illər
ötdükcə başa düşürsən ki, bu
müdrik kəlamın arxasında nə boyda bir həqiqət
var imiş...
Sıradan yox, sınaqdan
çıxmayan dostlarım oldu. Amma elə dostlarım da var
ki, bu illər ərzində başım ağrıyanda belə
həmişə yanımdadılar. Belə dostların sayı
isə ya üç, ya da dörd nəfər olar...
- Ad
gününüz növbəti teatr mövsümünün
bağlanışı ilə təxminən eyni vaxta təsadüf
edir. Bəlkə bir az da rəhbərlik etdiyiniz teatrın
başa çatan mövsümdəki fəaliyyətindən
danışaq...
- Mövsüm Musiqili Komediya Teatrı
üçün uğurlu oldu. Baxmayaraq ki, ötən ilin
noyabrından teatrımızın binası təmirə
dayanıb. Təmir-yenidənqurma işləri ölkə
başçısı İlham Əliyev cənablarının
tapşırığı və qayğısı ilə həyata
keçirilir. Demək olar ki, bina yenidən qurulur. İşlərin
gedişi ilə maraqlanmaq üçün hər gün ora
baş çəkəndə ürəyim dağa
dönür. Hər bir mərtəbə nəhəng tikinti
meydançasını xatırladır. Teatrın yenidən
qurulan binası tamaşaçılarımıza dövlətimizin
gözəl bir hədiyyəsi olacaq.
Binanın təmirə
bağlanmasına baxmayaraq kollektivimiz yaradıcılıq
işlərini davam etdirir. Tamaşalar oynayır, yeni əsərlər
hazırlayırıq. Bu işdə bizə Mədəniyyət
və Turizm Nazirliyinin rəhbərliyi, şəxsən
hörmətli nazirimiz Əbülfəs Qarayev
yardımçı olur. Rus Dram Teatrının, Gənc
Tamaşaçılar Teatrının səhnəsində, Dənizçilər
Evində tamaşalarımızı oynamaq üçün
bizə hər cür şərait yaradılır. Yola
saldığımız mövsümdə Qoqolun "Evlənmə"
əsəri teatrımızda əməkdar incəsənət
xadimi Bəhram Osmanovun quruluşunda səhnəyə qoyuldu.
Akademik Milli Dram Teatrının aktrisaları xalq artistləri
Şükufə Yusupova və Məleykə Əsədova, Gənc
Tamaşaçılar Teatrının aktyoru Qurban
İsmayılov bizim teatrın aparıcı aktyorları ilə
birgə bu tamaşada oynadılar. Biz eyni zamanda beynəlxalq
bir layihəni reallaşdırdıq. Gürcüstanın
tanınmış rejissoru Qoçi Qopanadze Saqarelinin
"Xanuma" əsərinə quruluş verdi.
Tamaşanın təkcə quruluşçu rejissorunu yox, rəssamını
Gürcüstandan dəvət etdik, hətta səhnə
dekorları da qonşu ölkədə
hazırlanmışdı. Balaca
tamaşaçılarımızı da unutmadıq.
Teatrımızdakı uşaq studiyası məşhur
"Buratino"nu səhnəyə gətirdi. Əsərdəki
qəhrəmanlar məhz bu studiyadakı balaca aktyorların sayəsində
ilk dəfə Azərbaycan dilində danışdılar.
Bayaq dediyim kimi, bina təmirə dayansa
da biz yaradıcılıq işlərini davam etdiririk. Yeni
repertuar üzərində çalışırıq.
Çünki təmirdən sonra teatrımızın
qapıları tamaşaçıların üzünə
açılanda onları yeni əsərlərlə sevindirmək
istəyindəyik. Həm çalışmağa, həm də
düşünməyə zamanımız var. Bu zamandan səmərəli
istifadə etmək fikrindəyik.
- Bir ara Musiqili Komediya Teatrının səhnəsinə
yeni əsərin gəlişi az qala möcüzə kimi
görünürdü. Amma son illər fərqli mənzərə
müşahidə olunur. Premyeraların sayı artıb, yeni
müəlliflər görünməyə başlayıb.
Buna necə nail oldunuz?
- Musiqili Komediya Teatrı həmişə
tamaşaçıların sevimli yeri olub. Burada görkəmli
səhnə ustaları, teatr fədailəri
çalışıblar, bu gün də
çalışırlar. Biz onların gücünü bir
yerə toplaya bildik. Bizim kollektiv istedadlı,
çalışqan, səhnəyə sayğı göstərən
insanlardan formalaşıb. Teatrın direktoru kimi kollektivin
ürəyincə olan, yaradıcı heyəti bir addım da
irəli apara bilən əsərlərin repertuara qəbul
edilməsində maraqlıyam. Mən də, kollektivin hər
bir üzvü də çalışırıq ki, hər
bir tamaşamız ondan əvvəlki tamaşadan
baxımlı alınsın. Tamaşaçılarımızın
bizdən həmişə maraqlı əsərlər gözlədiyini
yaxşı bilirik. Bir neçə gün əvvəl Lənkəranda
keçirilən "Yeni Teatr" II Respublika Festivalında
"Evlənmə" tamaşası ilə iştirak etdik.
Bölgədə yayımlanan "Cənub" televiziyası
tamaşanın anonsunu bir neçə gün əvvəldən
efirə verdiyindən Astarada, Lerikdə, Masallıda yaşayan
teatrsevərlər "Evlənmə"yə baxmağa gəlmişdilər.
Zalda oturmağa yer tapa bilməyənlər mənə
yaxınlaşıb deyirdilər ki, Musiqili Komediya
Teatrının Lənkəranda olduğunu eşidib ətraf
rayonlardan gəlmişik. Belə mənzərəni görmək
hər bir teatr rəhbəri üçün sevindiricidi. Mən
festivalın fəxri qonaqlarından biri kimi digər
teatrlarımızın da tamaşalarına baxdım. Tam məsuliyyətlə
deyə bilərəm ki, Musiqili Komediya Teatrının təqdim
etdiyi "Evlənmə" festivalın ən maraqlı
tamaşası idi.
- Tədris Teatrında, Naxçıvan
Musiqili Dram Teatrında quruluşçu rejissor kimi
hazırladığınız tamaşalar aradan uzun illər
keçməsinə baxmayaraq hələ də
xatırlanır. Rejissor kimi premyeradan sonra səhnəyə
çıxıb təbrikləri qəbul etmək
üçün darıxmamısız?
- Desəm ki, darıxmıram, bu qeyri-səmimi olar. Təbii ki, yenidən
hansısa bir tamaşaya quruluş vermək ürəyimdən
keçir. Amma teatrın
direktoru olmaq məndən çoxlu enerji və zaman alır. Həm də içimdə bir qorxu var. Zəif tamaşa rejissor kimi əvvəlki
uğurlarıma kölgə
sala bilər. Quruluş verəcəyim tamaşa əvvəlkilərdən qat-qat
güclü olmalıdı.
Hələ ki, özümü
buna hazır bilmirəm. Bəlkə
nə vaxtsa bu məsələyə bir də qayıtmaq
mümkün olacaq...
- Arxada qalan 55 il həm də qarşıdakı
60-a doğru yolun başlanğıcıdı. Bu mərhələni
necə görmək istəyirsiz?
- Sözsüz ki, arzular, istəklər
var. Musiqili Komediya Teatrını
yeni bir modeldə, yeni bir formada təqdim
olunmasını istəyirəm. Bu barədə təkliflərimi
Mədəniyyət və
Turizm Nazirliyinə təqdim etmişəm.
Teatrımızın binası Şərdə
tikilən ilk teatr binasıdı. Çox istərdim
ki, Musiqili Komediya Teatrı yaradıcılıq baxımından
da Şərqə öncül yerlərdən
birini tutsun. 60 illik yubileyimdə
bu uğurumuz barədə hesabat verə bilsəm, özümü xoşbəxt
sayaram.
Dostumuzun şərəfinə!
Cənnət Səlimova (xalq artisti,
rejissor): "Əliqismət Lalayev insanlarda özünə
qarşı inam yarada bilir. Məşğul olduğu teatr sahəsinin mahir bilicisidir, yüksək təşkilatçılıq bacarığı var. İşində
çox məsuliyyətlidir. Ona həvalə olunan işdən nigaran qalmamaq olar. Əliqismət müəllim hamıya
yardım etməyə
çalışır. Yardım edə bilmədiyi adamlara isə heç olmasa düzgün yol göstərir. Bu onun insanlara sevgisindən irəli gəlir".
Bəhram Osmanov (əməkdar incəsənət
xadimi, rejissor): "O, kiməsə atadır, kiməsə həyat
yoldaşı, kiməsə baba, kiməsə dost... Amma
ölkə üçün o, böyük hərflərlə
yazılacaq bir VƏTƏNDAŞDIR".
Əlisəmid Kür (şair): "Əliqismət
Lalayev O, harda olur-olsun, hansı vəzifədə olur-olsun,
hansı məmur postunda oturur-otursun o postu dirildəcək, o
yeri ali mərtəbəyə mindirəcək. Çünki təpədən-dırnağa qədər səmimiyyətlə
yoğrulmuş bu savadlı, sanballı, istedadlı rejissor həm də bir həyat rejissorudu. Uşaqlıq-tələbəlik illərimin əvəzedilməz
dostlarından biri olan Əliqismət Lalayev Azərbaycanı Türk dünyasında,
post-sovet məkanında,
bir çox xarici dövlətlərdə
ləyaqətlə təmsil
edən bir övladımızdır".
Etibar CƏBRAYILOĞLU
Ədalət.- 2011.- 9 iyul.- S.5.