Şəkinin simvolları

 

   Paradoks 

 

   Bütövlükdə götürəndə, biz əvvəllər Şəki haqqında, onun sosial-iqtisadi və mədəni həyatındakı dəyişikliklər barəsində müəyyən söhbətlər açmışıq. Qədim tarixə malik Şəkinin özünəməxsusluğu elə neçə müxtəlif yazının mövzusudur. Respublikanın ən böyük kənd rayonu kimi fərqlənən Şəkinin problemləri də çox olub, uğurları da. Bütün bunlar öz yerində.  

   Ancaq həyat tərzlərindən tutmuş, xarakter tamlığınacan müəyyən mənada mühafizəkar görünən şəkililəri, son dövrlər bir məsələ də çox düşündürür: nəyə görə 2500 ildən yuxarı yaşı olan bu qədim yurdun müasirləşmə prosesi respublikanın başqa yerlərinə nisbətən ləng keçir, mövcud problemlərin aradan qaldırılmasına ciddi yanaşılmır?

 

   Keçmiş şöhrət qayıdacaq    

 

   Haqlı yanaşmadır. Və şəkililər də yaxşı bilirlər ki, istər Nazim İbrahimovun, istərsə də Murad Cabbarlı soyadlı qəribə davranışlı icra başçılarının rəhbərliyi dövründə ciddi nöqsanlara yol verilib.   

   Arzulayaq ki, yeni icra başçısı "Regionların sosial-iqtisadi Dövlət Proqramı"nın Şəki rayonunda da uğurlu icrasına prinsipial mövqeydən yanaşsın.   

   Bütün bunları ona görə xatırlatdım ki, həmin mövzumuza gələcək yazılarımızda nikbin əhval-ruhiyyədə qayıtmaq ümidindəyik.  

 

   Mirzə Fətəli işığı və şöhrəti

 

   Hələliksə, həminki söhbətimizin davamı olaraq, bəzi konkret məsələlərə qayıdaq. Qədim diyarın özünəməxsusluğu ilk öncə onun özünəməxsus danışıq şivəsi və qeyri-adi lətifələri ilə Qabrovonu da heyrətləndirməsidir.   

   Ancaq bu torpağın bir çox məşhurlarla yanaşı, təkcə elə Axundov kimi dahi mütəfəkkir yetirməsinin özü əbədi şöhrətdir Şəkiyə.   

 

   Qədim abidələr diyarı  

 

   Bu yurdu şöhrətləndirənlər tarix boyu Vətənin, Azərbaycanın şərəfini uca tutan şəxsiyyətlər olublar. Təkcə böyük şəxsiyyətlərmi? Qədim diyarı məşhurlaşdıran həm də, onun bənzərsiz memarlıq və tarixi abidələridir. Yuxarı Karvansaray, Aşağı Karvansaray, Kiş kəndindəki Alban məbədi, I-IV əsrlərə aid orijinal tikililərin qalıqları, dünyanı heyran qoyan Xan sarayı... Karvansaraylar haqqında geniş söhbətlərimiz olub, digər qədim abidələr haqqında da ümumiləşdirilmiş səhifə hazırlayacağıq. Bu dəfəki söhbətimizi isə Şəkinin simvoluna çevrilmiş və hər gün onlarla turistin üz tutduğu, heyranlıqla seyr etdiyi məşhur Xan Sarayının qısa tarixianaloqu olmayan memarlıq üslubunun qürurlu notları ilə bitirmək istəyirik.

   

   Dünyanı heyran qoyan Xan Sarayı  

 

   Bu barədə Şəki Rayon Mədəniyyət və Turizm Şöbəsinin müdiri Aydın İbrahimxəlilov danışaraq məlumat verir:  

   - Dünya abidələri siyahısına daxil edilmiş Şəki xanlarının yay sarayı olan bu bina Azərbaycanda ilk müstəqil xanlığın əsasını qoyan Hacı Çələbi xanın nəvəsi Hüseyn xanın dövründə 1761-1962-ci illərdə istifadəyə verilmişdir. Hüseyn xan eyni zamanda "Müştaq" təxəllüsü ilə şeirlər yazdığından bəzi mənbələrdə bu saray "Müştaq imarəti" kimiqeyd olunmuşdur.  

   Xan sarayı iki mərtəbəli olmaqla altı otaqdan, dörd dəhlizdən, iki güzgülü eyvandan ibarətdir. Binanın baş fasadı dünyada analoqu olmayan ən xırda həndəsi fiqurlarla bölünmüş, ağac parçalarının aralarına müxtəlif rəngli şüşələr geyindirilmiş şəbəkə və qapılardan ibarətdir. Şəbəkələrin hər bir kvadratmetri orta hesabla 5 000, mürəkkəb yerləri 14 000 ağac və şüşə şəbəkələrdən ibarətdir. Binada mismar və yapışqandan istifadə edilməmiş, ağac və şüşə parçaları bir-birinə geyindirilmişdir. Saray divarının ornamentliliyi, piştağların genişliyi, naxışlı şəbəkələr, dağlamalar, müxtəlif naxışlar, gəc üzərində oymalar adamı valeh edir. Binanın daxilində həndəsi naxışlara, nəbatat rəsmlərinə, süjetliquş rəsmlərinə, döyüşov səhnələrinə daha geniş yer verilmişdir. Zövqlə işlənmiş taxçalar, rəflər, güzgülü buxarılar əsl sənət nümunəsidir.Saraydakı naxışların zənginliyinə, rəng çalarlarına, stalaktit oymalara, kompozisiyaya baxdıqca ata-babalarımızın qabiliyyətinə, bacarığına, zövqünə və əsrarəngiz əməyinə heyran olursan. Dünya şöhrətli Türk şairi Nazim Hikmət saraya baxdıqca yazmışdır: "Əgər Azərbaycanın başqa qədim tikililəri olmasaydı, bircə Şəki Xan sarayını dünyaya göstərmək bəs edərdi..."

  

  

  Məzahir Əhmədoğlu

 

  Ədalət.- 2011.- 9 iyul.- S.4.