MÖHTƏŞƏM ƏDƏBİYYATIMIZIN YÜZ İLİ

 

   Azərbaycan xalqı elə xoşbəxt xalqlardandır ki, ədəbiyyat tarixinin hər səhifəsi sənətkarlıqla qələmə alınmış, ali bəşəri hissləri tərənnüm edən poeziya nümunələri ilə zəngindir. Bu baxımdan XVII yüzil ədəbiyyatımız da istisna deyildir.   

   XVII yüzildə yaşayıb-yaratmış şairlərimizin yaradıcılığını vərəqlədikcə onların həqiqətən də gözəl poeziya nümunələri yaratdıqlarının, özlərindən əvvəlki Azərbaycan və eləcə də Şərq ədəbiyyatının ənənələrini layiqincə davam etdirdiklərinin, bütövlükdə isə ədəbiyyatımız tarixində ideya-estetik baxımından yeni bir dövrün, mərhələnin əsasını qoyduqlarının şahidi oluruq. Doğrudur, ədəbiyyat tariximizin hər səhifəsi, eyni zamanda, XVII yüzil ədəbiyyatımız da daxil olmaqla alimlərimiz tərəfindən, xüsusilə, Azərbaycan ədəbiyyatı tarixinin öyrənilməsində yaradıcılığı ayrıca bir mərhələ təşkil edən akademik Həmid Araslı tərəfindən diqqətlə araşdırılmışdır. Lakin bu yaxınlarda çapdan çıxmış, AMEA-nın Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun elmi işlər üzrə direktor müavini, filologiya elmləri namizədi Paşa Kərimovun qələminə məxsus "XVII əsr anadilli Azərbaycan lirikası" adlı monoqrafiya bu dövrün öyrənilməsi, araşdırılması baxımından olduqca dəyərli tədqiqatdır. Bəri başdan qeyd edək ki, Paşa Kərimov bu monoqrafiyanı qələmə alarkən sadəcə olaraq, özünə qədər məlum olan faktları ümumiləşdirib, deyilən fikirləri bu və ya digər şəkildə yenidən təkrar etməmiş, uzun illərin, gərgin axtarışların, yuxusuz gecələrin nəticəsi olaraq, qiymətli bir tədqiqat işini ortaya qoymağı bacarmışdır. Belə ki, bu fakt özünü ən azı müəllifin XVII yüzildə yaşayıb-yaratmış Saib Təbrizi, Qövsi Təbrizi, Vəhid Qəzvini və s. kimi şairlərin divanlarının, yeni əsərlərinin əlyazmalarının dünyanın müxtəlif kitabxanalarında, əlyazma xəzinələrində qorunan nüsxələrinin üzə çıxarılmasında və onların nəşrində göstərir. Müəllif yeni faktlara əsaslandığı üçündür ki, dövrün ədəbi mənzərəsini öyrənməyə və bunun nəticəsi olaraq onu geniş şəkildə işıqlandırmağa müvəffəq olmuş, öz elmi-nəzəri mülahizələrini də bu bötüvlük və genişlik işığında qələmə almışdır. Bu baxımdan, onun XVII əsr Azərbaycan lirikasına verdiyi dəyər öz xələflərinin mülahizələrindən əsaslı şəkildə fərqlənir.   

Məlumdur ki, təkcə bir şairin yaradıcılığını araşdırmaq, onun ədəbiyyat tarixində tutduğu mövqeyi müəyyənləşdirmək, əsərlərinin məzmun və poetik xüsusiyyətlərini tədqiq etmək özlüyündə heç də asan məsələ deyildir. Bu baxımdan bütöv bir əsrin müxtəlif xarakterli, müxtəlif məzmunlu, poetik cəhətdən bir-birindən seçilən şairlərinin əsərlərini dəyərləndirmək və bütün bunlardan çıxış edərək, dövrə, mühitə, yüzilə qiymət vermək daha çətin məsələdir. Bu baxımdan Paşa Kərimov belə bir çətin, mürəkkəb işin altına öz çiyinlərini vermiş və bu monoqrafiyası ilə layiqli bir ədəbiyyat tarixi tədqiqatçısı olduğunu ortaya qoymağı bacarmışdır.   

Məlumdur ki, bizdə ədəbiyyat tarixlərimiz adətən kollektiv şəkildə yazılır. Lakin az da olsa tək-tək müəlliflərin qələminə məxsus ədəbiyyat tarixi kitablarımız da mövcuddur. Və adətən, bu barədə həmişə bir qədər mübahisələr də olmuşdur. Görən ədəbiyyat tariximiz kollektiv qələmin məhsulu olduqda və yaxud da ayrı-ayrı müəlliflərin qələmi ilə işıq üzü gördükdə daha yaxşıdır. Tədqiqatlar göstərir ki, hər iki üsul uğurlu və məqbuldur. Lakin tədqiqat əsəri müəyyən bir müəllifin qələminə məxsus olduqda, əsər o müəllifin ədəbiyyata baxışını, dünyagörüşünü, başqa sözlə desək, müəllif konsepsiyasını da nümayiş etdirir. Bu mənada, bu monoqrafiya - "XVII əsr anadilli Azərbaycan lirikası" adlı tədqiqat əsəri də Paşa Kərimovun müəllif nöqteyi-nəzərini ortaya qoymaqla bərabər, eyni zamanda, onun ədəbiyyat tarixi yaratmaq iqtidarını da, yəni bunun üçün lazım olan nəzəri və praktik biliklərə yiyələnmək bacarığını da sübut edir.  

Monoqrafiyada Paşa Kərimov ilk növbədə dövrün geniş ictimai-siyasi- ədəbi mənzərəsini nəzərdən keçirmiş, Azərbaycan türkcəsinin tutduğu mövqeyi araşdırmışdır. Tədqiqat nəticəsində məlum olmuşdur ki, XVII yüzildə Azərbaycan türkcəsi geniş bir arealda fəaliyyət göstərmiş, Azərbaycan dilinin həm rəsmi və həm də bədii qolu istər sarayda və istərsə də xalq arasında geniş funksional imkanlara malik olmuşdur. Məsələ burasındadır ki, müəllifin doğru olaraq, söylədiyi kimi, Azərbaycan türkcəsi məhz bu əsrdən başlayaraq, milliləşməyə doğru istiqamət almış və bu fakt XVII yüzildə yaşayıb-yaratmış şairlərimizin yaradıcılığında özünü biruzə vermişdir. Monoqrafiyanı varaqladıqca məlum olur ki, XVII yüzildə Azərbaycan poeziyasının coğrafi hüdudları olduqca geniş olmuş və bu coğrafiya demək olar ki, bir üzü Dərbənd, bir üzü İraq, Türkiyə, bir üzü İran və bir üzü Hindistanı əhatə etmişdir. Təbii ki, bu coğrafi genişlik Azərbaycan poeziyasının məzmun və forma xüsusiyyətlərinə də öz təsirini göstərmiş, onun qədim Şərq ədəbiyyatından bəhrələnməyi ilə bərabər, Azərbaycan, eləcə də Şərq ədəbiyyatında bütövlükdə yeni bir mərhələ kimi meydana çıxmasını şərtləndimrişdir. Paşa Kərimov öz monoqrafiyasında məhz bu məsələlərə xüsusi diqqət ayırmış, XVII əsr şairlərimizin yaradıcılığında dünyəvi və təsəvvüfi eşq, təbiət, hikmətamiz-didaktik fikirlər, vətənpərvərlik və s. kimi mövzuları dərindən araşdırmışdır. Monoqrafiyanın ən maraqlı cəhəti orasındadır ki, müəllif XVII əsr şairlərimizin yaradıcılığında təsadüf olunan bu mövzuları sadəcə təsvir etməklə kifayətlənməmiş, onları aşıq yaradıcılığı, klassik ədəbiyyat, türkdilli poeziyanın görkəmli nümayəndələri olan Nəvai və Füzuli yaradıcılıqları fonunda tədqiqata cəlb etmişdir.   

XVII əsr Şərq, o cümlədən Azərbaycan poeziyasından danışarkən, tədqiqatçılar adətən, bu əsrdə poeziyada özünü biruzə vermiş "Hind üslubu" məsələsinə də toxunurlar. Həqiqətən də bu üslub bu dövr şairlərimizin yaradıcılığını özlərindən əvvəlki klassiklərdən fərqləndirən bir yaradıcılıq üslubdur. Lakin qeyd edək ki, istər tarixən, istərsə də müasir dövrdə bu üsluba və bu üslubu daşıyan şairlərin yaradıcılığına münasibət heç də birmənalı olmamışdır. Belə ki, bəzən bu üslubun poeziyanı bir qədər bəsitləşdirdiyi də qeyd olunur. Ümumiyyətlə, bəzi tədqiqatçılar XVII əsr ədəbiyyatından danışarkən bu dövrün ədəbiyyatda durğunluq dövrü olduğunu qeyd edirlər. Lakin Paşa Kərimov doğru olaraq, bu tezislərlə razılaşmayaraq, "Hind üslubu"nun bu dövr ədəbiyyatında ən azı Sahib Təbrizi kimi görkəmli ədəbi sima yetirdiyini göstərməklə bərabər, eyni zamanda, XVII əsr ədəbiyyatımızın keçid dövrü ədəbiyyatı olduğunu əsaslı surətdə sübut edir. Və həqiqətən də sonrakı əsrlərə, XVIII-XIX əsrlərə nəzər saldıqda XVII əsr ədəbiyyatımızın bu ədəbiyyatlar üçün bir hazırlıq dövrü olduğunu görürük.  

Paşa Kərimov monoqrafiyada XVII əsr anadilli Azərbaycan lirikasının poetikasını da tədqiq edir. Araşdırdığı janr və forma, vəzn və qafiyə, ifadə vasitələri məsələləri ilə yanaşı bu bölmədə qələmə alınan XVII əsr anadilli lirikamızın üslub və bədii metod məsələlərinin öyrənilməsi də olduqca diqqətəlayiq göstəricilərdir. Müəllif poeziyada baş verən keyfiyyət dəyişikliklərini üslubi keyfiyyətlərlə məntiqi surətdə əlaqələndirərək ədəbiyyatımızın romantizmdən realizmə keçid problemini də bu dövr şairlərinin yaradıcılığı əsasında elmi surətdə əsaslandırmağı bacarır. Beləliklə, yuxarıda qeyd olunan bütün bu məsələlərə kompleks şəkildə yanaşan tədqiqatçı zəngin faktiki materiallara söykənərək XVII əsr anadilli poeziyamız haqqında fundamental söz demək bacarığını nümayiş etdirir.

  

 

TƏRLAN QULİYEV,

filologiya elmləri doktoru

 

Ədalət.- 2011.- 9 iyul.- S.12.