Səfurə Əlizadə: "Müğənnini səhnədə tamaşaçı sevgisi saxlayır"

 

   Azərbaycanı "Eurovision-2010" mahnı müsabiqəsində təmsil edən Səfurə Əlizadənin Milli.Az xəbər portalına müsahibəsi  

 

   - Səfurə, yay günləri çox isti keçir. Dənizə gedirsən?  

   - Mən yuxudan gec durmağı çox sevirəm. Amma son zamanlar konsertə görə tez durub, işlərimi bitirib gedirəm dənizə. Dənizə getməyi vacib sayıram, çünki konsertdə yorğun görünməməliyəm.  

   - Səfurə üçün çimərlik geyimində insanlar arasında görünmək çətin deyil?  

   - Çətindir, ona görə də mən çox ehtiyatlı olmalıyam. Qorxuram ki, paparassilər məni tutub çəkərlər. Bundan isə heç xoşum gəlmir. Mən hər zaman ailəmlə birgə dənizə gedirəm. Bilirəm ki, məni kənardan izləyirlər. Buna baxmayaraq, dənizdə və çimərlik geyimində özümü çox yaxşı hiss edirəm. Ancaq çalışıram ki, başım üstümdə olsun. Birdən kənardan izləyib, çəkərlər.  

   - Səfurə, heç həmkarlarınla qaynayıb-qarışmırsan...  

   - Nə bilim. Çalışıram uzaqda qalım. Vaxtımın çoxunu Avropada keçirirəm və tam şou-biznesdən uzağam. İndi heç bu şou-biznesin içərisinə girmək istəmirəm də. Mənə belə daha rahatdır. Hər kəslə əlaqədə olmaq istəmirəm, öz işimlə məşğulam.  

   - Səfurəni heç bir müğənni ilə bir yerdə görmək mümkün deyil; dostun yoxdur?  

   - Elədir. Ancaq vaxtım olanda Aygün Kazımova, Tünzalə Ağayeva ilə əlaqə saxlayıram. Onların ikisi də mənə dəstək olurlar. Şou-biznes əhli ilə bir yerdə oturmaq məndə alınmır. Builki qalibimiz Nigarla da münasibətim çox yaxşıdır. Ancaq mənim heç nəyə vaxtım yoxdur. Hər zaman çıxışımı edib, qaçıram. Bir də axı mən toylara getmirəm. Onları az-az görürəm.  

   - Gəl, bir az da səmimi olaq. Səfurə hər zaman öz adını qorumağa çalışıb. Bəlkə şou aləmindən qaçmağının əsl səbəbi budur?  

   - Bəli, hər zaman qoruyuram. Heç vaxt istəmərəm ki, adım aşağı səviyyədə hallansın. Bunu tək öz adım üçün deyil, ailəm üçün də edirəm. İstəmərəm ki, pis hərəkətlə valideynlərimin başını aşağı edim. Mənim anam, bacım var. Bir də ki, anam bütün ömrünü mənə həsr edib. Çalışıram ki, özümü öz səviyyəmdən aşağı salmayım. Mənim çox sıx ətrafım var. Yalnız oradakı dostlarıma inanıb, nələrisə danışa bilərəm. Düzdür, mənim qorxacaq heç bir hərəkətim yoxdur. Bəlkə də qızlar qorxub, nələrisə danışmırlar. Ancaq mən belə deyiləm.  

   - Sirrini ən çox kiminlə bolüşürsən ki?  

   - Atamla. Ona hər şeyi danışa bilirəm - kimdən, hansı oğlandan xoşum gəlir. Papa məni başa düşür. O, mənim ən böyük dostumdur. Valideynlərim mənə inanırlar. Bəlkə elə buna görə onlar məni xarici ölkəyə rahatlıqla yola salırlar. Əgər mən onlara qarşı soyuq davranıb, nələrisə gizlətsəydim, inamlarını qazana bilməzdim. Onlar bilirlər ki, mənim pis hərəkətim yoxdur.  

   - Atana xoşuna gələn oğlandan danışırsan, bəs bizə?  

   - (gülür) Düzünü desəm, hazırda həqiqi mənada elə bir adam yoxdur. Olsa, niyə gizlədim ki?! Mən buna çox normal baxıram.  

   - Səmimiyyətinə inandıq. Ancaq hazırda sevgilisi olan xanım müğənnilər bunu danırlar. Niyə, bu o qədər pis işdir?  

   - Xeyir. Mən heç zaman gizlətmərəm. Olsa, mütləq deyəcəm. Ancaq gizlədənlərə də yaxşı baxmıram. İnsanların gözündən pərdə asmağa dəyməz. Yaxşısı budur, düzünü de, heç kim də sənin dalınca danışmasın. Sevgilin olanda, nə olar ki?  

   - Onda bəlkə ilk sevgindən danışasan?  

   - Oy, 9 yaşımda olub (gülür). Ancaq dəqiq yadımda deyil, o, mənimlə paralel sinifdə oxuyurdu, yoxsa bir sinif yuxarıda. Ancaq onun kimliyi yadımdadır. Çünki bu, ilk sevgi idi.  

   - Həmkarların şəxsi həyatlarını gizlətməklə yanaşı, qalmaqalla gündəmdə qalmağa da çalışırlar.  

   - Mən, ümumiyyətlə, bilmirəm ki, qalmaqal nə deməkdir. Əgər kimsə mənim haqqımda danışsa belə, ona cavab vermərəm. Hər kəs bilir ki, mən qalmaqaldan uzaq insanam. Qoy kimlər nə istəyirlər, desinlər, susacağam. Bu yaxınlarda bir jurnalda oxudum ki, Səfurə dodağına silikon qoydurub. Özü də yazıblar, ""Eurovision"-un ən gözəl iştirakçısı xarici görünüşündə dəyişiklik edib, dodaqlarına silikon qoydurub". Maraqlıdır, əgər mən gözələmsə, niyə silikon qoydurum? Hər kəs məni belə sevib. Mən çıxıb qalmaqal da edərdim. Bu söhbəti əlimdə bayraq edərək, gedib düz məhkəməyə qədər çıxa bilərdim. Ancaq etmədim. Çünki mənə qalmaqal lazım deyil.

    - Dodaqlarını silikon edən müğənnilərimizi tanıyırsan?  

   - Bəli, çoxu edib. Rəqsanədə silikondur. Günel Ələkbərovada lap çoxdur. Bir də elə Aygün xanım Kazımovada da silikondur. Mən buna pis baxmıram. Məsələn, mənim də burnum pis olsaydı, mütləq əməliyyat elətdirərdim. Çünki səhnədə səslə yanaşı, gözəllik də lazımdır. Axı insanlar mənim səsimlə birgə, xarici görünüşümə də baxırlar. Bəlkə kiminsə düzəlişə ehtiyacı var. Ancaq pis çıxmasın, mənim yoxumdur. Özümü tərifləmək fikrində deyiləm. Bu sözü başqa insanlar da deyir.  

   - Hər zaman plastik əməliyatlara maraqlı olan müğənnilərin bu xəstəliyinin sənə də keçməsi ehtimalı var? Məsələn, Aygün Kazımova ilə Rəqsanə bu sahədə bəlkə də rekord qırıblar.  

   - Bəlkə də müəyyən yaşa çatdıqdan sonra olar. Ancaq çalışaram ki, o yaşa catanda belə olmayım. Yəni heç bir əməliyyata ehtiyacım olmasın. Madonnanın 50 yaşı var. Amma o, çox gözəldir. Çünki o, səhərlər durub, gedir idmana, məşq edir. Meyvə ilə qidalanır. Sağlam həyat tərzi sürür. Mən çalışacam ki, o yaşa çatanda da formada olum. İndi özümdə hansısa xoşagəlməz bir şeyi görəndə, tez əl-ayağa düşürəm. Əgər qarnım çıxırsa, tez bir zamanda pəhrizə başlayıram. Mən çox yeyirəm, ancaq çox kökəlmirəm. Yeməyi çox sevirəm və arıqlayan kimi başlayıram yemək yeməyə. Çünki həyatımı az da olsa gözəl keçirmək istəyirəm. Yeyib, kef edim də bir az (gülür).  

   - Geyimlərinə görə cəsarətli xanım hesab olunursan... 

   - Bəli, mən cəsarətliyəm, həm də çox. Ancaq çox açıq-saçıq geyinən də deyiləm. Mən çox qısa şortlar geyinmişəm. Lakin mən belə məsələlərə başqa prizmadan yanaşıram. Uşaqlıqdan baletə və uzgüçülüyə getmişəm. Axı niyə biz kimisə çimərlik paltarında görəndə təəccüblənmirik? Amma səhnədə bir az açıq geyinənə pis baxırlar. Bizimkilər sadəcə, öyrəşməyiblər. Nə olsun ki, mən qısa geyinirəm? Ancaq özümü elə aparıram ki, mənə yaxınlaşmağa belə qorxurlar.  

   Məni sevənlər kifayət qədərdir. Sevməyənləri isə məcbur edə bilmərəm. Məni sevməyənlərə nifrət də etmirəm. Çünki bu, çox normaldır. Düzdür, hərdən olur ki, bəzi insanlar ağızlarının danışığını bilmirlər, hərəkətlərinə fikir vermirlər, təhqir edirlər. Ancaq mən buna görə əsəbləşmirəm. Hər kəs öz tərbiyəsini göstərir. Kim nə deyir desin, ancaq mən heç kimə fikir və cavab vermirəm. Çünki mənim öz səviyyəm var. Məhz elə buna görə də mən bu gün səhnədəyəm.  

   Mən səhnədə olmalıyam. Müğənnini səhnədə tamaşaçı sevgisi saxlayır. Almaniyaya dəvət alan yeganə müğənni oldum. Çünki məni ora tamaşaçı sevgisi, məktubu çağırırdı. Mənim orada fanatlarım var. Açın "youtube" səhifəsini, baxın. Əgər məni sevməsəydilər, onda orada, xarici kanallarda çıxışlarım olmazdı. Çox uzatmadan demək istəyirəm ki, mən xaricdə çıxış edən və sevilən müğənniyəm. Pərəstişkarlarım olmasaydı, mən bu gün sevilməzdim. Anam olmasaydı, bu gün belə geyinməzdim. Çünki bütün geyimlərimi anam tikir. O olmasa, mən düşüb dükanlara geyim seçərdim.  

   - Bəlkə sən xarici ölkələri yerli müğənnilərimizdən daha çox gəzdiyin üçün onlardan yan keçirsən?  

   - Bilirsən, səviyyəsini saxlamaq müğənninin özündən asılıdır. Hər kəsə ağılla yanaşmaq lazımdır. Düzünü deyim, mən qısa geyinirəm. Ancaq nə qədər də qısa geyinsəm, özümü səviyyəli aparıram. Geyim insana heç nə edə bilməz. Əsası özünü aparmaqdır. Məsələn, Beyons çimərlik geyimində gəzir. Nə olsun? O mənim ən çox sevdiyim müğənnidir. Onu özümə ideal seçmişəm.  

   - Özünü ona oxşadırsan?  

   - Yox, oxşatmıram. Mən, sadəcə, onun yolu ilə getmək istəyirəm. Eybi yox, qoy mən əziyyət çəkim. Ancaq onun kimi olum. Bu gün Beyonsu görənlər ah çəkirlər, hörmətlə qarşılayırlar. Onun bu günə qədər heç bir pis hərəkəti olmayıb. Prodüserləri valideynləri olub. Heç vaxt ailəsindən ayrı qalmayıb. Sonra da çox gözəl ailə qurdu. Düzdür, mən Riannanı da çox sevirəm. Ancaq Beyons başqa aləmdir. O, özünə çox hörmət qoyur.

  

   - Xəbərin var ki, həmkarın Arzum da onun böyük pərəstişkarıdır? O, hətta deyir ki, "Azərbaycanın Beyonsu mənəm".  

   - O "Beyonsdur", mən isə Səfurə. Baxın, Beyons Tina Törneri necə sevir, mən də onu elə sevirəm. Mən Beyonsu təkrarlamaq istəmirəm. İstəmirəm ki, səhər səhnəyə çıxanda desinlər ki, bu, Beyonsdur. Beyonsun fanatları özlərini ona oxşadırlar. Mənimkilər də səhər özlərini mənə bənzətsinlər.

 

 

   Ədalət.- 2011.- 12 iyul.- S.4.