TALIŞ DAĞLARINDAKI
"İSTİ-SU"
İndi bu
sanatoriya-istirahət mərkəzinin qaynar
çağlarıdır
İsti yay aylarında bu yollarda- cənuba
uzanan magistral şossedə -minik maşınlarının
sayı qat-qat çoxalır. Paytaxtdan, eləcə də
ölkənin isti bölgələrindən, hətta yaxın
xaricdən dağlara tələsənlərin istəkləri
təbiidir-od saçan gündüzlərdən,
bürkülü axşamlardan müvəqqəti də olsa
can qurtarmaq!
Və heç şübhəsiz ki,
müxtəlif istirahət guşələrinə üz
tutanlar bu qısa vaxtdan mümkün qədər çox
faydalanmağa çalışırlar. Seçim üçün
də kifayət qədər ünvan var. Masallıda, Lənkəranda, Lerikdə, Astarada, hətta Yardımlıda belə istirahətə
gələnlərə, turistlərə yüksək xidmət
üçün yaxşı şərait
var.
Azərbaycanın
cənubunda turizmin inkişafına hələ
sovetlər dönəmində diqqət göstərilmişdir.
Lənkəranda Xanbulançay
dəryaçasındakı istirahət pansionatı bir vaxtlar bir
çox siyasi liderlərin
çox sevdiyi məkan
olmuşdur. Ötən əsrin
axırlarında Azərbaycan öz
müstəqilliyini yenidən bərqərar edəndən sonra isə Masallı rayonu
turizmin inkişafına daha
fəal qoşulmuşdur. İndi
bu rayonun ərazisində
onlarla istirahət mərkəzləri qonaqlara hər cür xidmət
etməyə hazırdır. "Gölüstü",
"Viləş", "Dəmirağacı", "Rasim", "İsti-su"
və bir çox başqa istirahət yerləri indi
daha qələbəlikdir.
...Dalğa-dalğa dağlara yayılan
oynaq musiqi nömrələri burda, "Gölüstü"
istirahət mərkəzində yay gecələrinin adi mənzərəsidir.
Daha çox gənclərin
yığışdığı bu məkan
elə ona görə də bir qədər səs-küylüdür. Bizə
isə sakit bir yer lazımdır...
Gecənin qaranlığında dağlara
qalxırıq, sakitlik içində uyuyan "İsti-su"
sanatoriyasında sanki heç kim yoxdur. Sərin yay gecəsi
bir qədər də yaz
axşamını xatırladır...
"İsti-su"
necə yaranıb?
Lap əvvəldən qeyd edək ki, bu
müalicəvi şəfa ocağının yaranma tarixi dəqiq
bəlli deyil. Ta qədimdən ata-babalarımız min dərdin
dərmanı, əlacı olan bu suya möcüzəli şəfa
ocağı kimi baxıblar.
Tərkibində hidrogen sulfit, natrixlor
kalsi, maqnezii hidrokorbonat, yod olan bu su 2500 metr dərinlikdən
60 dərəcədən yuxarı temperaturla çıxır.
1960-cı ilin
əvvəllərində alim, şair, bəstəkar Mirkazım Aslanlı -
Sarəng elmi araşdırmalar
aparmış və sübut etmişdir ki, bu isti su
ilə bir çox xəstəlikləri
müalicə etmək olar. Onun bu kəşfi böyük maraq doğurduğu üçün
Sovetlər İttifaqından bura 10-dan çox alim gəlməli
olur. Uzun müddət
tədqiqat aparan bu
alimlər sonda belə nəticəyə
gəlirlər ki, müəllifin kəşfi
həqiqətdir.
Beləliklə, 1971-ci ildən
"İsti-su" şəfa ocağı Ümumittifaq
müalicəvi kurort sanatoriyası adı altında
tanınmağa başlayıb.
Masallıda yaşayan təbiət
aşiqi, xeyriyyəçi, "İldırım"
firmasının prezidenti Hacı İldırım Allahyarov
1998-ci ildə buranı özəlləşdirərək
"İsti-su Fatimeyi-Zəhra şəfa sanatoriyası"
adlandırıb.
Davasız, dərmansız müalicə
Rayon mərkəzindən 13 kilometrlik məsafədə
yerləşən, Talış dağlarının qoynunda
uyuyan, Viləş çayının sahilində
"mürgüləyən" bu sanatoriyanın indi daha
çox qonaqları var. Suyun tərkibində böyük
müalicəvi əhəmiyyəti olan təbii
minerallar kifayət qədər olduğundan yay
aylarında ondan daha çox istifadə edilir.
Sanatoriyanın həkimi Qafar Şirinov bu haqda həvəslə danışır:
- Yerin dərinliklərindən
çıxan isti su bax, bu Avropa standartlarına uyğun vanna
otaqlarında buradakı "sakinlərin"
sağlamlığına xidmət edir. Təbii yolla revmatizm və onun fəsadları,
dəri xəstəlikləri, böyrək və sidik yolları xəstəlikləri, radikulitlər,
prostatlar, hipertaniya, qara ciyər və öd
yolları xəstəlikləri, qadın və kişi sonsuzluğu, mədə-bağırsaq
xəstəlikləri və digər xəstəliklər müalicə olunur.
Bizim
müayinəmiz və nəzarətimiz altında olan "qonaqlarımız" gündə bir dəfə bu vannadan istifadə edə bilərlər. 2-4 dəqiqədən
artıq vannada qalmaq olmaz, 5 vannadan sonra vaxtı 4-8 dəqiqəyə qədər
qaldırmaq mümkündür. Vanna qəbulundan sonra bir neçə saat soyuqdan qorunmaq
lazımdır. Çünki, isti vannadan sonra
bədənin tərləməsi təbiidir. O da ola təbii minerallarla zəngin olan bizim isti su.
(ardı gələn sayımızda)
Səxavət Məmmədli
Ədalət.- 2011.- 13 iyul.-
S.3.