QƏLƏMƏ SARILAN ÖMÜR

 

   Çoxdan idi Ağaddin Babayevin yaradıcılığı haqqında yazmaq məndə daxili bir ehtiyaca çevrilmişdi.  

   Biləndə ki, bu il onun anadan olmasının 55 və yaradıcılığının 40 illiyidir bu istək məndə daha da gücləndi. Əlimə qələm alanda bilmirdim haradan və necə başlayım. Bəlkə də bu yaxından ilk dəfə söhbət açmaq məsuliyyətinin ağırlığından irəli gəlirdi.  

   Haqqında danışdığımız Ağaddin Babayev 1956-cı ildə Lənkəran rayonunun Şaqlaser kəndində dünyaya göz açıb. O, hələ kənd orta məktəbində oxuyarkən jurnalistikaya maraq göstərmiş "Sovet kəndi", "Azərbaycan gəncləri", "Azərbaycan pioneri", "İnşaatçı", "Leninçi" (indiki "Lənkəran") qəzetlərində, habelə "Azərbaycan qadını", "Kənd həyatı", "Təşviqatçı", "Mədəni-maarif" jurnallarında yazıları ilə çıxış etməyə başlamışdır.  

   İllər ötdükcə imzası nəinki respublikamızda, eləcə də Rusiya mətbuatında görünməyə başladı. Onun qələm təcrübəsini və bacarığını nəzərə alaraq 1990-cı ildə "Lənkəran" rayon qəzetində xüsusi müxbir kimi işə götürdülər. Bir müddət sonra o, redaksiyada kənd təsərrüfatı şöbəsinin müdiri vəzifəsinə irəli çəkilmişdir.  

   Ağaddin müəllim jurnalistika ilə yanaşı, poeziya aləmində də qələmini sınamış bir-çox şeirlərin müəllifidir.  

   Şeirləri "Ədəbiyyat", "Mədəniyyət", "Lənkəran", "Bizim era", "Aşkarlıq", "Prizma" qəzetlərində "Söz", "Şəfəq", "Məşəl", "Alov", "Dan ulduzu" jurnallarında çap olunmuşdur.  

   Ağaddin Babayevin çoxlu sayda rus dilində tərcümə etdiyi şeir, hekayə, pyeslər, yumoristikalar, ədəbi nümunələr oxucular tərəfindən maraqla qarşılanmışdır.   

   Yazıçı-jurnalist Ağaddin Babayevin N.B.Vəzirov adına Lənkəran Dövlət Dram Teatrının səhnəsində "Koroğlunın sərgüzəştləri", "Sehirli sandıq" pyesləri, rusdünya klassiklərindən tərcümə etdiyi əsərlər tamaşaya qoyulmuşdu.  

   Ağaddin müəllim hazırda "Bakinski raboçiy" və APA informasiya agentliyinin cənub bölgəsi üzrə müxbiri vəzifəsində çalışır. Onun yaradıcılığına müraciət edənlər bir-birindən maraqlı, məzmunlu əsərlərinin, eləcə də müxtəlif tərcümələrinin bir daha şahidi olurlar.  

   Azərbaycan Yazıçılar, Jurnalistlər Birliyinin və Azərbaycan Reklamçılar İttifaqının üzvü olan Ağaddin Babayev yenə yazı masası arxasındadır, yaşadığı rayonun işıqlı sabahını, bir də yazdığı yeni hekayə, oçerklərinin qəhrəmanları barədə düşünür.  

   Budur Lənkəranın Şaqlaser kəndində evlərin birinin işığı gecə yarıdan keçənədək sönmür. Bu işıq həmkarımız Ağaddin Babayevin işıdır. Ümid və gələcək mövzularla dolu baxışlar birsabaha boylanan jurnalist işığıdır.  

   Sizə 55 illik bir ömrün səhifələrini varaqladır. Elə bir ömür ki, el-obanın sevincinə, kədərinə həmişə şərik olub kiminsə hüququ tapdalananda həyəcan siqnalı qaldırıb əlindəki tənqidi faktları təfəkkür süzgəcindən keçirərək mətbuat aləminə yayıb. Yaradıcılıq aləmində öz dəst-xətti olan Ağaddin Babayev Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun Novruz bayramı münasibəti ilə keçirdiyi yazı müsabiqəsinin qalibi olmuş, Fondun diplomupul mükafatına layiq görülmüşdür.  

   Ağaddin müəllimi bu yüksək mükafat, həm də anadan olmasının 55 illiyi münasibəti ilə səmimi qəlbdən təbrik edir, şəxsi həyatında can sağlığı, yaradıcılıq işlərində uğurlar arzulayır, qələmin iti, sözün kəsərli olsun deyirik.

  

  

Azad ZÜLALOĞLU,

Lənkəran şəhəri

 

Ədalət.- 2011.- 14 iyul.- S.4.