İNSANI
YAŞADAN TARİX...
(əvvəli
ötən sayımızda)
MİNƏ YAXIN TARİXİ EKSPONAT
Yazının əvvəlində qeyd etdik ki, Bala Bəhmənli kənd Tarix-Diyarşünaslıq Muzeyi 2003-cü ildə Elçin Əsədov tərəfindən yaradılıb. 2006-cı ilə qədər bu muzey Elçin Əsədovun şəxsi muzeyi kimi fəaliyyət göstərib. Və bu gün də muzeydə minə yaxın tarixi eksponat var. Eksponatların 90 faizi Elçin Əsədovun özü tərəfindən toplanıb, qalan 10 faizi isə sakinlər tərəfindən tapılaraq muzeyə bağışlanıb...
ELÇİN ƏSƏDOV KİMDİR?
Elçin müəllimi haradasa 30 ilə yaxındır tanıyıram. Tariximizi, mədəniyyətimizi və musiqimizi çox gözəl bilir. Təpədən-dırnağa qədər milli ruhdan köhlənmiş bir insandır. Çox vaxtı onu toylarda və şənliklərdə çəkilişdə görərdim. O vaxtlar hər adam video çəkilişi apara bilmirdi, amma Elçin o qədər peşəkarlıqla və o qədər ustalıqla toy şənliklərini lentə alırdı ki, adam həmin çəkilişlərə baxanda çox bir doğmalıq və yaxınlıq hiss eləyirdi. Hiss eləyirdi ki, bu çəkilişlərdə Elçin ürəyini qoyub və nəyi bacarıbsa onu da edib. Elçin İbadulla oğlu Əsədov 1961-ci ildə Füzuli rayonunun Bala Bəhmənli kəndində anadan olub. 1979-cu ildə Bakı Mədəni-Maarif Texnikomunun dram rejissorluq ixtisasına qəbul olub. 1985-ci ildən Bala Bəhmənli kənd mədəniyyət evinin foto dərnəyinin rəhbəri, sonralar isə mədəniyyət evinin metodisti işləyib. 1989-cu ildə Füzuli rayon mədəniyyət şöbəsi ilə birlikdə Özbəkistanın Namanqan şəhərində "Ətirli güllər vadisi" festivalında iştirak edib. 1992-ci ildə könüllü olaraq cəbhəyə - Qarabağ uğrunda gedən döyüşlərə yola düşüb. Batalyon rabitə rəisi vəzifəsində çalışaraq 3 mühüm döyüşdə iştirak edib. Sonuncu döyüşdə ağır yaralanıb və Bakı şəhərində hərbi hospitalda 2 dəfə ağır əməliyyat keçirib. Xəstəliyə görə, hərbidən tərxis olunub. Müharibə veteranıdır, ailələdir, 2 oğlu, 2 qızı var.
MUZEYƏ BAXAN BİR DƏ
BAXIR...
Tarixi eksponatlarla zəngin olan bu
muzeyi indiyə kimi minlərlə insan ziyarət edib və hər
dəfə də o muzeyə baxanlar təəccübləniblər
ki, qısa zaman kəsiyində bu qədər qədim və
tarixi keçmişə aid olan eksponatları necə tapıb
bir yerə toplayıblar.
Türkiyənin "TRT-Avaz" televizya kanalının əməkdaşları bu muzeydə olublar. Muzeylə bağlı onlar 15 dəqiqəlik veriliş hazırlayıblar. Təsəvvür edin, Türkiyədən basa-basa ölkəmizə gələn jurnalistlər heç də təsadüfən Bala Bəhmənli kəndindəki muzeyi ziyarət etməyiblər. Çünki onlar əvvəlcədən muzey barəsində kifayət qədər məlumat toplayıblar və sonra da muzeyə baş çəkəndə eşitdiklərindən çox, görəndə təəccübləniblər. Təəccübləniblər ki, cəbhə bölgəsində tarixini və mədəniyyətini sevən bir ziyalı insan qısa zaman kəsiyində bu cür zəngin muzeyi necə yaradıb?! Elçin Əsədov da ilk gündən bu günə qədər görülmüş işlər barədə türk jurnalistlərinə məlumat verib. Onlar da muzeydə çəkilişlər aparıb və bu barədə hazırladıqları süjeti türk tamaşaçılarına təqdim eləyiblər.
Ümumiyyətlə, bu gün muzeyə nəinki yerli sakinlər, hətta xarici ölkələrdən çoxsaylı nümayəndələr baş çəkir, ordakı zəngin eksponatlara və ən qədim dövrə aid əşyalara qibtə ilə baxırlar. Qibtə ilə baxırlar ki, Azərbaycan nə qədər zəngin və tarixi keçmişə malik olan bir məmləkətdir.
QEYRİ-ADİ TAPINTI...
Füzuli rayonunun Zobucuq qəsəbəsindəki tapıntılar qeyri-adiliyi ilə çoxlarını təəccübləndirib. Burda qəsəbə salınan zaman bizim eradan əvvəl VII əsr Sak İskitlərə aid tunc ox ucluqları tapılıb. Bunun ardınca Sarmatlara aid bizim eradan əvvəl II əsr, Monqollara aid XIII əsr ox ucluqları və döyüş alətləri, bəzəklər tapılıb. Bir qeyri-adi tapıntı isə baş barmaq üçün düzəldilmiş saxsı alətin istifadə məqsədi hələ də müəmmalıdır. Üsküyə oxşayan bu saxsı alətin ucu yastılanmış, işlədilərək yeyilmiş vəziyyətdədir. Ancaq bu alətə üskük demək olmaz. Çünki üskük baş barmağa taxılmır. Bu, saxsı alət isə yalnız baş barmağa kip halda oturur. Qalan barmaqlara taxıldıqda isə düşür...
KÜL TƏPƏ ABİDƏLƏRİ
Çaxmaq daşından düzəldilmiş oraq dişləri (enyolit dövrü) tarixi tapıntılar geniş arxoloji qazıntılar aparmaqla deyil, həm də təsadüf nəticəsində aşkara çıxarılır. Bu cür tapıntıları ən çox çöldə işləyən çobanlar, təsərrüfat işçiləri, suçular, traktoristlər aşkar edirlər. Tapılan qeyri-adi əşyalar və eksponatlar elə muzeyə təqdim edilir. Xüsusən də Füzuli rayonunun Əhmədbəyli kəndində orta məktəb şagirdləri gəzintiyə çıxarkən qədim dövrə məxsus əşya tapıblar. Məktəb direktoru Səriyyə Quliyeva həmin əşyanı muzeyə təqdim edib. Tarixçilər və mütəxəssislər araşdırma aparandan sonra məlum olub ki, məktəblilərin tapdığı bu eksponat orta tunc dövrünə aiddir. Həmin yerə muzey əməkdaşları tərəfindən yenidən baxış keçirilib və ordan 4 ədəd orta tunc dövrünə aid saxsı qab tapılıb. Bu saxsı qablar isə təbii ki, muzeyə təhvil verilib.
"ÖZÜMÜZÜ TANIYAQ"
Bu sözləri mənimlə söhbət zamanı muzeyin yaradıcısı istedadlı ziyalı və gözəl insan Elçin Əsədov dedi. Dedi ki, əgər biz tarixi keçmişimizi, milli mədəniyyətimizi və zəngin folklorumuzu üzə çıxarmasaq, araşdırmasaq və gələcək nəslə təqdim eləməsək çox şeyi itirmiş olacağıq. Biz hər şey haqqında fikirləşirik. Məsələn, fikirləşirik ki, yaxşı evimiz-eşiyimiz olsun, maşınımız olsun və dünyanın yaxşı yerində istirahət eləyək, dincələk. Yəni maddiyyət haqqında çox götür-qoy eləyirik, amma mənəvi dəyərlərimiz və iç dünyamız haqqında bir o qədər də çalışmırıq. Nahaq yerə çalışmırıq, əgər biz özümüzü tanıtmasaq, zəngin tariximizi başqalarına sevdirməsək, onda nəyimiz varsa, hamısı müəyyən zaman kəsiyindən sonra it-bata düşəcək. Elə bu muzeyi də açan gündən biz qardaşlar fikirləşmişik ki, mənəvi dəyərlərimizi və tarixi abidələrimizi qorumaqla, onu zənginləşdirməklə nəsə bir iş görə bilirik.
Hər halda, fikirləşirik ki, səhv addım atmamışıq. Ən azından, ona görə ki, bu işdə bizə rayon rəhbərliyindən tutmuş, mədəniyyət nazirliyinə qədər və eləcə də sadə insanlara kimi hamı arxa durub. Arxa olan yerdə isə nəsə yenilik eləmək, millətə və xalqa xidmət etmək insana mənəvi zövq verir. Belə fikirləşirəm ki, atdığımız addım, gördüyümüz iş bizə baş ucalığı gətirib.
Faiq QİSMƏTOĞLU
Ədalət.-
2011.- 16 iyul.- S.4.