Firudin Allahverdi: "Bizim konsertlər - toylardır"

 

  "Bəstəkarlar İttifaqı müğənnilərin ittifaqı olsaydı..."

 

  1980-ci ildə Bakı şəhərində anadan olub. 2003-cü ildə Bakı Musiqi Akademiyasını bəstəkarlıq ixtisası üzrə (prof. Xəyyam Mirzəzadənin sinfi) bitirib. 2006-cı ildə Almaniyada keçirilən Stockhausen-Courseslarda iştirak edib. İdman və Gənclər Nazirliyinin keçirdiyi müsabiqədə gənclər arasında 2001-ci ilin ən yaxşı mahnı və romans bəstəkarı adını alıb, 2002-ci ildə Dövlət Sərhəd Xidmətinin keçirdiyi marş müsabiqəsində I yeri tutub.   

   Əsərləri yerli və xarici ansambllar tərəfindən ifa olunub.  

   2008-ci ilin avqustunda İsveçrədə gənc bəstəkarlar arasında keçirlən 4-cü Beynəlxalq müsabiqədə (pre-Art) Firudin Allahverdi "Paradoxes" əsəri ilə müsabiqədə birinci yeri tutaraq müsabiqənin əsas mükafatına layiq görülüb.  

   2010-cu ildə Amsterdam Konservatoriyasına qəbul olunsa da, maddi çətinliklər səbəbindən hələ də təhsilinə başlaya bilməyib 

   - Mənim yazdığım üslubun adı belədir: Avropa Sənət Musiqisi. Ümumiyyətlə, musiqiyə iki növ münasibət var. Biri art (sənət), digəri də pop (kütləvi) münasibətdir. Hər bir cəmiyyətin artı da var, popu da. Məsələn, Türkiyədə türk xalq Musiqisi və türk sənət musiqisi anlayışları ayrılır. Bizdə belə bölgü olsaydı, muğam da Azərbaycan sənət musiqisi sayılmalı idi.  

   - Muğam folklor deyil ki?  

   - Qətiyyən. Sənət musiqisi bu işi yaxşı bilən, yenilik etməyə çalışan adamlar tərəfindən yaradılmış musiqidir. Muğam da o dövrlərdə ancaq saraylarda, kitabxanalarda dinlənilirdi - o dövrün elitasının dinlədiyi musiqi idi. Sonra baş verən siyasi-ictimai proseslər musiqidə də əks olundu, Nadir şahın imperiyası dağılıb xanlıqlara bölünərkən əyalətdəki hakimlərin ambisiyaları da böyüdü. Proses təxminən belə getdi: məsələn, Quba xanı aşbazına deyir ki, mənə Nadir şahın yediyi plovdan bişir. Musiqiçisinə də deyirdi ki, mənə Nadir şahın dinlədiyi muğamdan çal. Ancaq Qubadakı musiqiçi İsfahandakı muğamı çala bilməzdi. Uzağı imitasiya edə bilərdi ki, onu da etdi. Sonra xanlıqlar ləğv oldu. Bu zaman bəylər eyni şeyi istədi. Beləliklə, muğam bir az da aşağı düşdü. Sənət musiqi kütləviləşdi. Eyni hal Avropada da gedib. Bu gün Vivaldi, Mozart, Şopen kimi bəstəkarlar artıq aktual art musiqi sayılmır. Onlar artıq popdur.   

   - "Bəstəkar" kimə deyilir?  

   - "Bəstəkar" - Şərq musiqisi, "Kompozitor" - Qərb musiqisi bəstələyən adama deyilir. Amma bugünkü meyarlarla mahnı yazanları bəstəkar adlandırmaq olar. Çünki onlar əsasən Azərbaycan musiqi ladları üzərində yazırlar. XX əsrdə bizdə Ələkbər Tağıyev, Səid Rüstəmov bəstəkar idi. Məsələn, Qara Qarayev, Xəyyam Mirzəzadə isə kompozitor sayılmalıdırlar. Ötən əsrin 40-50-ci illərinin filmlərində titrlərə baxın - bəstəkar yox, kompozitor yazılır. Ümumiyyətlə, pop yazana - bəstəkar, art musiqi yazana - kompozitor demək daha doğru olardı. Üzeyir Hacıbəyov da özünə kompozitor deyirdi.   

   - Siz hansındansınız?   

   - Mən kompozitoram. Düzdür, arada pop musiqilər də yazıram. Çünki mahnı kütləvi janrdır - hamı yaza bilər. Baxın, "sürmək" felini həm təyyarə, həm gəmi, həm maşın üçün işlədirlər. Ancaq təyyarə sürənə pilot deyirlər, gəmi sürənə kapitan. Maşın isə kütləvi bir şeydir. Hamı sürə bilər. Təyyarə sürən - pilot yerə enəndən sonra avtomobil sürə bilər. Qeyri-normal o vaxt olur ki, sürücü olub pilotluğa iddia edirsən.  

   - Deməli, not bilməyən adam mahnı yaza bilər?  

   - Bilər. Çox qəşəng də yazırlar. Mahnı çox ciddi sənət əsəri deyil. Kütləvi janrdır. Kütlə özü də yazmalıdır. Mənim bununla qəti problemim yoxdur. Təki o adamlar gəlib simfoniya yazmağa iddia etməsin.

      - Notu bilməyən adam necə simfoniya yaza bilər?  

   - Bizimkilərə nə var!? İqtisadiyyatı güclü olan adamdan nə desən çıxar.  

   - Üzeyir Hacıbəyov yazır ki, "Leyli və Məcnun" operasını yazanda ali musiqi təhsili olmayıb. Bəs necə yazıb bu əsəri?  

   - Əvvəla, o vaxtkı "Leyli və Məcnun"un indikiylə arasında çox fərq var. Üzeyir bəy o operanı hər dəfə səhnəyə çıxarılanda dəyişikliklər edirdi. Birinci tamaşada bir neçə violonçel, bir neçə tar və violinlər var idi. Amma dəyişə-dəyişə bu operanı elə bir səviyyəyə gətirmişdi ki, muğam demək olar yoxa çıxmışdı. Sonra yenidən əl gəzdirdi və yarışərq-yarıqərb bir səhnə əsəri meydana çıxdı. Amma sözün əsl mənasında opera - "Koroğlu" olub.  

   - Bəs bizdə niyə inkişaf etmir Qərb musiqi sənəti?  

   - Bizdə nə inkişaf edir ki?! Liberal iqtisadiyyat olmadığına görə rəqabət yoxdur. Rəqabət yoxdur deyə, heç kim öz üzərində işləmir. Adicə reklamlarımızı götürək. Bir qram kreativlik yoxdur. Əgər rəqabət, alternativlik olsaydı, kreativlik də olardı. Bir ara korrupsiya ilə mübarizə məsələsi ortaya atılanda hiss olunurdu ki, cəmiyyətdə kreativlik bir az artıb. Sonra yenidən yatdı.  

   - Yazıçılar Birliyi daim münaqişələrlə gündəmə gəlir. Bəstəkarlar İttifaqında belə qalmaqallar yoxdur, deyəsən?  

   - Yazıçılıq daha kütləvi olduğuna görə belə problemlər olur. Bəstəkarlar İttifaqında da sədr dəyişikliyi olanda müəyyən söz-söhbətlər olmuşdu. Bu müğənnilərin ittifaqı olsaydı qarşıdurmanın biri bir qəpik olacaqdı. Amma indi qarşıdurma üçün bir səbəb yoxdur.   

   - Azərbaycanda bir çox adamlar var ki, bayağı adlandırdığımız musiqiyə, müğənnilərə qarşı çox aqressivdirlər. Məsələn, Üzeyir Mehdizadəyə və digərlərinə qarşı.   

   - İndi görürsən kimsə Motsartı dinlədiyinə görə özünü elitar göstərmək istəyir. Halbuki Motsart üç əsr əvvəlin elitar musiqisidir. Öz dövrüylə deyil, keçmiş dövrlə yaşayan adamlar həmişə olub. Elə Motsartın vaxtında da elə adamlar vardı və onlar da öz növbələrində öz dövrlərindən üç əsr əvvələ, məsələn, Claudio Monteverdiyə qulaq asmaları ilə fəxr edirdilər.   

   - İnsanlar niyə arta qulaq asmaqla qürurlansınlar ki? Bəyəm popa qulaq asmaq pis şeydir?  

   - Xeyr, pis şey deyil. Sadəcə, bəzi insanlar özlərindən bir obraz düzəltmək istəyirlər. Bahalı görünmək istəyirlər... Nə bilim, ya da nə istədiklərini özləri də bilmirlər.   

   - Sən özün Üzeyirə (Mehdizadə) və o tipli başqa müğənnilərə qulaq asırsanmı?  

   - Rast düşəndə dinləyirəm. Amma daha çox meyxanaya qulaq asıram - reallıq hissini itirməmək üçün. Meyxanaçılar daha səmimi olurlar - popçulardan da səmimi.   

   - YouTube statistikasından da görünür ki, meyxana pop musiqisindən daha çox dinlənilir.

      - Çünki meyxanadan informasiya almaq daha rahatdır. Meyxana geniş kütlələrə daha tez çatır. Bildiyimiz kimi, builki tələbə qəbulunda humanitar fənlərdən 70 faiz kəsilib. Demək, bu adamların dünyagörüşü azdır. Dünyagörüşü az olan adam mürəkkəb informasiyaya hazır deyil, meyxana onun mənəvi qida ehtiyacını doldurur. Çox normaldır.  

   - Bəs bu səni narahat etmirmi? Sənin simfoniyanı kim dinləyəcək?  

   - Qəti narahat etmir məni. Bəlkə 10 il qabaq məni narahat edərdi bu məsələ. Amma sonra reallığı dərk etdim. Bildim ki, mən nəylə məşğulam, başqaları nə ilə.  

   - İnternet canlı musiqiyə necə təsir edir?  

   - Mən canlı musiqininin nə vaxtsa öləcəyinə inanmıram. Bu performansdır. Gələcəkdə bəlkə də canlılıq özü elə elitar bir şeyə çevrildi.   

   - Bizdə konsertlərə də az adam gedir.  

   - Bizim konsertlər - toylardır. İndi toyda bizim insanlar bütün sosial ehtiyaclarını ödəyir. Toy həm konsert, həm əyləncə, həm diskoteka, həm qız bəyənmək, həm biznes əlaqələri qurmaq, həm dalaşmaq, həm barışmaq üçün uyğun zaman və məkandır.   

   - Sovet vaxtı musiqidə də senzura var idi. Kimin efirə çıxıb-çıxmamağını özləri müəyyən edirdilər. Bütün günü Flora Kərimova, Şövkət Ələkbərova, Zeynəb Xanlarova oxuyurdu. Hansı yaxşıdır. O dövr, yoxsa indiki?  

   - Nə o yaxşıdır, nə də bu. Nə onda azadlıq var idi, nə də indi. Azadlığın daha çox olduğu məmləkətlərdə hər şey daha çox öz yolundadır. Məsələn, Türkiyədə kanallar ixtisaslaşıb. Bəlgəsəl, musiqi, kino, xəbər kanalları ayrıdır. Bizdə isə kanallar sifətsizdilər.

  

 

   Sosial şəbəkələrdən gələn suallar 

 

   - Yaşamaq üçün pulu necə qazanırsan?   

   - Tamaşalar, kinolar üçün sifarişlər alıram. Not çap edirəm.   

   - Yenidən doğulsaydın, musiqi sənətini seçərdinizmi?   

   - Yenidən doğulsam, bu suala cavab verərəm.  

   - Niyə hamıyla münasibətiniz yaxşıdır? Bunu necə bacarırsınız?   

   - Çalışıram ki, özümlə eyni ranqda olmayan adamla konfliktə girməyim.     

   - Sifariş olsa, yazaram.

      - Erməni gəncləri ilə içmək ləzzət edir?   

   - Mən pivə içəndə adamları millətinə, siyasi görüşünə, ya da cinsinə görə seçmirəm. YAP-çıyla da, cəbhəçiylə də, erməniylə də, rusla da, almanla da pivə içə bilərəm. Əsas pivənin dadı və ətrafında müzakirə olunan məsələlərin nə qədər məni maraqlandırmasıdır.  

   - Niyə musiqiçilərin əksəriyyəti içkiyə, siqareyə meyilli olur?   

   - Bu artıq psixoloqlara, sosioloqlara ünvanlanmalı sualıdır. Şəxsən mən siqaret çəkmirəm. İçkini isə az içirəm.   

   -Niyə Leyla adlı qızlara çox mahnı yazılır?

      -Yəqin ki, klassik ədəbiyyatdakı Leyli-Məcnundan gəlir. Mənim də Leyla adlı mahnım olub.   

   - Hansı Azərbaycan bəstəkarlarından ilham alır, kimləri ideal hesab edir, kimlərə qulaq asır?  

   - Heç bir bəstəkarı ideal hesab etmirəm. Amma Fərəc Qarayev, Xəyyam Mirzəzadə, Elmir Mirzəyev və Cavanşir Quliyevi daha tez-tez dinləyirəm.  

   - Azərbaycanın inkişafını nədə görürsünüz?   

   - Dünya standartları ilə ayaqlaşmaqda.   

  

 

  Kulis.az

 

  Ədalət.- 2011.- 19 iyul.- S.4.