VƏTƏNİN AĞDAM ADLI ÜMİD QAPISI

 

   (əvvəli ötən sayımızda) 

 

   Təhsildəki yeniliklər   

  

   2011-ci ilin birinci yarısında təhsil, səhiyyə və mədəniyyət müəssisələrinin işinin yaxşılaşdırılması, maddi-texniki bazasının möhkəmləndirilməsi, əhaliyə göstərilən xidmətin səviyyəsinin keyfiyyətli təşkili, əmək və icra intizamının yüksəldilməsi sahəsində xeyli işlər görülmüşdür.   

   Son 6 ayda rayonda təhsil sahəsində fəaliyyət göstərən müəssisələrdə təlim-tərbiyə və tədrisin təşkili vəziyyəti, məktəbdənkənar müəssisələrin, uşaq bağçalarının fəaliyyətinin yaxşılaşdırılması istiqamətində araşdırmalar aparılmış, 2011-ci ilin fevral ayında rayon icra hakimiyyəti başçısının şurasında təhsil müəssisələrinin işi müzakirə olunaraq qənaətbəxş hesab olunmuşdur. Rayon əhalisinin köçkünlük şəraitində yaşamasına baxmayaraq, təhsil işçiləri müxtəlif bölgələrdə məskunlaşmış məktəb yaşlı uşaqların təhsildən kənarda qalmaması üçün zəruri tədbirlər görmüşlər. Rayon təhsil şöbəsi bu dərs ilində 145 ümumtəhsil, 5 məktəbdənkənar müəssisə və 32 məktəbəqədər müəssisə ilə fəaliyyətə başlamışdır.   

   2011-ci ilin birinci yarısında məktəblərin maddi-texniki bazasının yaxşılaşdırılması, informasiya-kommunikasiya texnologiyaları ilə təminatı sahəsində də xeyli işlər görülmüşdür.  

   Rayonda orta ixtisaslı mütəxəssislərin hazırlanması sahəsində Ağdam Musiqi Kolleci, Ağdam Dövlət Sosial İqtisadi Kolleci, orta pillə peşə hazırlığının həyata keçirilməsində Ağdam peşə məktəbləri fəaliyyət göstərir. Onların hər biri müstəqil binaya malikdir. Həmin məktəblərdə son dövrlərdə təlim-tərbiyə və tədrisin təşkili, maddi-texniki bazanın möhkəmləndirilməsi istiqamətində ardıcıl işlər aparılır və hər bir məktəb rayonun ictimai həyatında keçirilən tədbirlərdə yaxından iştirak edir.   

   Rayonda yeni məktəb tikintilərinə və mövcud tədris müəssisələrinin əsaslı təmir edilərək müasirləşdirilməsinə xüsusi diqqətlə yanaşılır, göstərilən dövlət qayğısından lazımınca istifadə olunur.

  

   Mədəniyyət ocaqları canlanır 

  

   2011-ci ilin birinci yarım ili ərzində Ağdam rayon mədəniyyət və turizm şöbəsi tabeliyində olan təşkilatların və uşaq musiqi məktəblərinin işinin yaxşılaşdırılması istiqamətində fəaliyyətlərini xeyli artırmışlar. Başlıcası rayonda keçirilən kütləvi tədbirlərin, anım günlərinin və bayram şənliklərinin təşkili xeyli təkmilləşdirilmişdir.

 

   "Şur" qayıdır...  

  

   20 ilə yaxın bir müddətdə tam fəaliyyətsiz qalan məşhur "Şur" ansamblı son iki ildə öz fəaliyyətini yenidən bərpa etmiş, hazırda öz rəngarəng çıxışları ilə rayon əhalisinin dərin rəğbətini qazanmışdır. Rayonun "Şur" ansamblının bu səviyyəyə çatmasında icra başçısı Nizami Sadıqovun xidməti əvəzsizdir. Bunu bütün ağdamlılar söyləyir və minnətdarlıq edirlər.  

   Son vaxtlar rayon icra hakimiyyətinin təşəbbüsü ilə rayondakı bədii özfəaliyyət kollektivlərinin çıxışlarının təşkili, bu sahəyə xüsusi diqqət ayrılması rəğbətlə qarşılanır.  

  

   Kitabxanalar, muzeylər...  

  

   Rayon mədəniyyət və turizm şöbəsi kitabxana xidmətinin təşkili sahəsində də əməli tədbirlər həyata keçirmişdir. Bakı şəhərində yerləşən mərkəzi kitabxana bütün fondu ilə birlikdə Quzanlı şəhərində yeni inşa olunmuş klub-icma mərkəzinə köçürülmüş və əhalinin istifadəsinə verilmişdir. Fəaliyyətdə olan kənd mədəniyyət evləri, klubkitabxanalar şöbə tərəfindən zəruri ehtiyac olunan müxtəlif sayda stol, stul, kitab rəfləri ilə təmin edilmiş, uşaq musiqi məktəblərinə müxtəlif musiqi alətləri və kompüter dəstləri verilmişdir.

   Uzun illər çətin şəraitdə fəaliyyət göstərən Əfətli kənd uşaq musiqi məktəbi üçün rayon icra hakimiyyətinin daxili imkanları hesabına əlavə sinif otaqları tikilmiş, bina bütövlükdə təmir olunub həyəti abadlaşdırılaraq şagirdlərin istifadəsinə verilmişdir.   

   Rayonda Ulu Öndərin irsinin öyrənilməsi və təbliği məqsədilə Heydər Əliyev muzeyinin fəaliyyəti son bir ildə xeyli canlanmışdır. Burada rayon məktəblilərinin, əhalinin ekskursiya-baxışlarının səmərəli təşkili məqsədilə planları tərtib olunmuşdur. Muzeyin eksponatlarla zənginləşdirilməsi məqsədilə rayon ziyalılarından ibarət ictimai əsaslarla tədqiqat qrupu yaradılmış və fəaliyyət göstərir.

  

 

  (ardı gələn sayımızda)

 

  Məzahir ƏHMƏDOĞLU

 

  Ədalət.- 2011.- 21 iyul.- S.3