AĞ
DÜNYA...
Bir də görürsən ki, hər hansı orta səviyyəli bir şairin, yazıçının, müğənninin, xanəndənin sağlığında tez-tez yaradıcılıq gecələri keçirilir və onların barəsində o qədər tərif söyləyirlər ki, adam bu tərifə məəttəl qalır. Ona görə məəttəl qalır ki, həmin təriflədikləri adamın elə də böyük yaradıcılığı, istedadı və sənət aləmində izi olmayıb. Amma nə olsun?! İmkanları, vəzifədə olan qohum-əqrəbaları pul töküb, xərc çəkərək o qədər də sənətdə izi olmayan adamları tez-tez təbliğ və reklam eləyirlər. Ən pis sənətçi haqqında da xoş söz deyiləndə, tez-tez televiziya kanallarında süjetlər göstəriləndə və eləcə də layiq olmadığı tərifi onun ünvanına yağdıranda elə bunun özü də hardasa həmin adamların müəyyən müddətdə gündəmdə qalmasına böyük təkan verir...g
Ancaq elə ki, orta səviyyəli yaradıcı adamların sponsorları müflisləşir, onların pulu-pənəsi tükənir və bir müddətdən sonra yavaş-yavaş bu adamlar yaddan çıxmağa başlayır. Xüsusən də dünyasını dəyişəndən sonra belə adamların qoyduğu iz hiss olunmur. Daha doğrusu, yaratdıqları sənət əsəri olmadığına görə, elə özlərindən əvvəl həmin "əsərlər" ölür. Deməli, kimisə gündəmə gətirmək, bəh-bəhlə tərifləmək heç də o demək deyil ki, həmin adamdan böyük sənətkar, istedadlı adam yoxdur. Sadəcə olaraq, müəyyən zaman kəsiyində bayaq dediyimiz kimi, onlar at oynadır, sözləri qılınc kimi hər şeyi kəsir və bir müddətdən sonra arxada qüvvə olmadığına görə, hər şey unudularaq yaddan çıxır...
Elə sənətkarlar var ki, onları təbliğ eləsən də, eləməsən də və barələrində təriflər söyləməsən də gün işığı kimi müəyyən müddətdən sonra yenə parlamağa, ətrafı işıqlandırmağa və insanların ürəyinə işıq salmağa qadir olur. Bu cür insanlar sənət aləmində o qədər də çox deyillər. Amma bəzən görürsən ki, belə adamları nə sağlığında, nə də dünyasını dəyişəndən sonra yada salmırlar. Çünki onların yüksək vəzifədə əyləşən qohum-əqrəbası, dost-tanışı və bir sözlə, imkanlı adamları yoxdu...
Mən
bu yazını heç
də təsadüfən qələmə almadım. Çünki bu
yaxınlarda çox istedadlı, ziyalı
dostum olan Elmin İdrisli ilə çay süfrəsi arxasında söhbət
eləyəndə yadımıza böyük
sənətkar İslam Rzayev
düşdü. Təbii ki, mən balaca bir yazaram və musiqişünas da deyiləm. Amma sadəcə olaraq, İslam Rzayev kimi, azman
və böyük sənətkar haqqında istənilən adam
ürək sözlərini
deyə bilər. Vaxtı ilə günlərin birində rəhmətlik İslam Rzayev sağ olanda ondan bir
müsahibə almışdım
və həmin müsahibə böyük
əks-sədaya səbəb
olmuşdu. Ona görə ki,
İslam Rzayev həmin müsahibədə
heç kimə demədiyi fikirləri, sözləri, sirləri mənə danışmışdı.
Təbii
ki, mən də onun fikirlərini
oxuculara çatdırmışdım.
Müsahibə qəzetdə
çap olunandan sonra böyük sənətkar mənə
telefon açdı və dedi ki,
heç gözləməzdim
ki, belə gözəl yazı hazırlayasınız. Verdiyim müsahibə
və sizin suallarınız mənə
ləzzət elədi.
Ona görə ləzzət elədi ki, hər şeyi öz rəngində, öz çalarında və olduğu kimi təqdim eləmisiniz. Hətta müsahibəyə
görə, böyük
sənətkar o vaxtı
Aqil Abbasa da təşəkkür eləmişdi. Bir sözlə,
İslam Rzayev sənətdə və musiqidə öz sözünü və möhürünü vuran
sənətkarlardan olub.
Elə Elmin İdrisli
ilə söhbətimiz
o çalarda davam elədi ki, bəs, bu gün
niyə İslam Rzayev unudulub və yaddan çıxıb?! Düzdür,
bəziləri deyə
bilər ki, müəyyən televiziya
kanallarında onun lent
yazılarını nümayiş
etdirirlər. Amma bu o
demək deyil ki, İslam Rzayev kimi bir
sənətkar haqqında
hər şey bununla bitməlidir. İslam Rzayev musiqi aləmində ağ səsə
malik olan nadir sənətkarlardandır. Təsəvvür edin, Azərbaycan musiqi tarixində heç kəs İslam Rzayev qədər bütün bəstəkar, xalq mahnılarını, muğamları
oxumayıb. İslam Rzayev
Cahangir Cahangirovun, Səid Rüstəmovun ən çətin mahnılarını belə
orijinallıqla və özünəməxsus bir
formada səsləndirib.
O yeganə sənərkarlardandır
ki, həm tar-kamanla, həm orkestrlə, həm də ansamblla müğamları, təsnifləri,
mahnıları və
bir sözlə, milli musiqimizi özünəməxsus tərzdə
oxuyub.
İslam Rzayevin musiqi
aləmində qoyduğu
iz, yaratdığı
yeniliklər və vurduğu möhür onu deməyə əsas verir ki, belə sənətkarlar
musiqi tariximizdə çox azdır. Amma gəlin görək, çox az olan bu sənətkarlara biz necə dəyər veririk. Nə yaxşı onun
ölümünə yaxın
İctimai Televiziyada canlı olaraq gözəl bir veriliş hazırladılar.
Elə həmin verilişdə də bir daha
böyük sənətkar
öz ürəyini boşaltdı və onu yada salan
insanlara, musiqiçilərə
və ən nəhayət tamaşaçılara
dərin təşəkkür
elədi. Həmin verilişdə
bir neçə sənətkar oxudu və İslam Rzayev də kövrəldi. Öz ifaları
ilə həmişə
başqalarını kövrəldən
İslam Rzayev bu dəfə özü kövrəlmişdi.
Bunu hiss edən sənət yoldaşları
onun nazı ilə oynayır və çalışırdılar
ki, elə söz və elə ifadə işlətsinlər ki, bu sənətkarın ürəyincə olsun...
Sənət dostları ona "Ağa" deyirdilər. Bəli, bu adı qazanmaq və bu adı yaşatmaq heç də asan deyil. Böyük sənətkar bu adı ağayanalığı, istedadı, mərdliyi və ən nəhayət musiqi aləmində vurduğu möhürlə qazanmışdı. Rəhmətlik İslam Rzayev bizimlə söhbətdə deyərdi ki, mən cavan xanəndələrə, müğənnilərə tövsiyə eləyirəm ki, bəstəkarların, xüsusən də Cahangir Cahangirovun çox gözəl mahnılarını oxusunlar. Onların bəzisi oxuyur, bəzisi isə oxuya bilmirdi. Oxuya bilməyənlər deyirdilər ki, bu mahnıları oxumaq çox çətindir. Çünki onun çox enişli-yoxuşlu yolları var.
Son nəfəsinə qədər o xalq musiqisinə, muğama və böyük sənətə sədaqətli olub. Mən inanmıram ki, İslam Rzayev nə vaxtsa sənətə xəyanat etsin. Sadəcə olaraq, onun həyat amalı və fəaliyyəti milli müsiqi üstündə köklənib. Bəs indi gəlin görək Azərbaycan mədəniyyətinə və musiqisinə əvəzsiz xidmətlər göstərmiş İslam Rzayev bu gün necə yad edilir? Heç olmasa sənət adamları, qocaman xanəndələr, bəstəkarların yadına tez-tez düşürmü? Təbii ki, sənət adamları onu heç vaxt unutmurlar. Ən azından ona görə ki, uzun müddət onunla dostluq eləyən, çörək kəsən və qastrol səfərlərində bir yerdə olan müğənnilər olub. Onlar böyük sənətkarı tez-tez yada salırlar.
Amma bu gün böyük mənada İslam Rzayev nədənsə yaddan çıxıb. Düzdür, efirdə, radio dalğalarında onun tez-tez mahnıları, ifaları səslənir. Bütün bunlar musiqisevərlərə ləzzət eləyir və onlara zövq verir. Ancaq böyük sənətkar rəhmətə gedəndən sonra yüksək səviyyədə onu yada salmayıblar. Heç olmasa ad günlərində, rəhmətə gedən gündə İslam Rzayevin yaradıcılıq gecəsini keçirmək bizcə bir o qədər də çətin deyil. Sağlığında çoxları onu tərifləyirdi və deyirdilər ki, bu sənətkar böyük, ustad insandır. Bu sözlərin hamısı İslam Rzayevə layiqdir. Amma məsələ ondadır ki, bu böyük sənətkara niyə bir dəfə yaradıcılıq gecəsi keçirilməyib?
Füzulidə Muğam Mərkəzi tikilib. Çox gözəl də inşa edilib. Adam o, Muğam Mərkəzinə baxanda qürur hissi keçirir. Ona görə qürur hissi keçirir ki, musiqinin beşiyi olan Qarabağda belə bir Muğam Mərkəzi var. Artıq orda bir neçə tədbirlər də keçirilib. Hətta Respublika Muğam Müsabiqəsinin iştirakçıları da həmin Muğam Mərkəzində iki gün konsert verdilər. Bütün bunları ona görə deyirik ki, bu Muğam Mərkəzi mədəniyyət beşiyi kimi tarixi əhəmiyyət kəsb edir və həmin Muğam Mərkəzinə İslam Rzayev kimi böyük sənətkarın adı verilsə bu muğamsevərlərin ürəyincə olar.
Əlbəttə, musiqi aləmində qeyri-adi ifaları ilə tamaşaçıların yaddaşında əbədi iz qoyan bir sənətkarı heç vaxt unutmaq olmaz. İndi İslam Rzayevi vəzifədə qohum-əqrəbası yoxdur deyin, kimsə onu yada salmamalıdır? Axı bu böyük sənətkar ürəyini, həyatını və ən nəhayət ömrünü milli musiqimizin yolunda şam kimi əridib. Hər sənətkarın oxuya bilmədiyi mahnını, muğamı və təsnifi o qədər gözəlliklə ifa edən sənətkarı yaddan çıxarmaqmı olar?!
Rəhmətlik İslam Rzayev mənimlə olan söhbətində, müsahibəsində çox maraqlı bir detala toxunmuşdu. O deyirdi ki, Yaponiyada konsert verəndə bir şirkətin rəhbəri mənə yaxınlaşıb dedi ki, sabah bizə də konsertiniz olacaq. Orda da belə oxusan və səsin bizə ləzzət eləsə sənə qiymətli bir hədiyyə bağışlayacam. Həmin şirkətdə də konsert verdik. Təbii ki, mən muğam oxuyurdum. Muğam oxuduqca yerdən alqışlar və səslər gəlirdi. Təəccübümü gizlədə bilmədim, yanımdakı adamlardan soruşdum ki, bunlar Azərbaycan dilini bilmirlər, muğamın sözlərini necə başa düşürlər?! Yanımdakı tərcüməçi isə dedi ki, siz oxuduqca sinxron tərcümə olunur. Elə ona görə də yaponlar muğamın qəzəllərinin də mənasını başa düşürlər. Konsert qurtardı, şirkətin rəhbəri məni yanına çağırdı. Dedi pasportunu mənə ver, bir fincan kofe iç görəcəksən nə hədiyyə eləyirəm. 10 dəqiqədən sonra pasportumu özümə qaytardılar və dedilər ki, şirkətin prezidenti qeyri-adi ifana görə sənə pulsuz "Toyota" markalı maşın bağışlayıb.
Bu sözləri Rəhmətlik İslam Rzayev 15 il bundan qabaq mənə danışıb. Demişdi ki, Yaponiyada konsert verəndə o biri musiqiçilərə də maşın verdilər. Ancaq onlar pulunu ödədilər, sonra maşını aldılar. İndi siz təsəvvür edin, görün Azərbaycan musiqisini və Azərbaycan sənətkarını yaponlar necə qiymətləndirib. Əgər yapon bizim musiqimizə, böyük sənətkar İslam Rzayevin təkrarsız ifasına bu qədər dəyər verirsə, bəs onda biz niyə bu gün İslam Rzayevi yada salmaqda tənbəllik eləyirik?! Daha doğrusu, tənbəllik eləmirik, canımız çıxır ki, bir yaradıcılıq gecəsi keçirək və orda da onun möhtəşəm ifalarını səsləndirək, haqqında xoş söz deyək və ruhunu şad eləyək...
Mən bu yazıya görə ziyalı dostum Elmin İdrisliyə minnətdarlıq eləyirəm. Çünki mövzunu mənə o verdi və o da İslam Rzayev barəsində eşitmədiyim bəzi fikirləri söylədi. Amma ən başlıca fikir bu idi ki, heç kimin haqqı yoxdur ki, İslam Rzayev kimi, böyük sənətkarı yaddan çıxarsın və onun heç olmasa ildə bir dəfə yaradıcılıq gecəsini keçirməsin. Əgər Azərbaycan musiqisində barmaqla sayılası ağ səslər varsa və bu ağ səslər yada düşmürsə, onda bizim ağ günlərimiz haqqında danışmağa haqqımız yoxdur. Ağ səslər ağ dünya deməkdir. Ağ dünya isə bizi üzü işığa, üzü göyə və ən nəhayət üzü Ulu Yaradana doğru aparır......
FAİQ QİSMƏTOĞLU
Ədalət.-2011.- 23 iyul.- S.15.