Flora Kərimovanın özü və səsi
Söz
bayramından səs bayramına qədər
Dünənki bayramımızdan yazmaq
istəyirdim. Jurnalistlərin peşə bayramı sayılan
Milli Mətbuat günü həm də elə sözün
bayramıdı. Amma peşə bayramımız demək olar
ki, qeyd olunmadı. Yazılan və yazılmayan qaydalara görə
Milli Mətbuat günü ancaq yuvarlaq rəqəm olanda qeyd
edilir. Ötən il "Əkinçi"nin 135-ci
ildönümü olduğundan bayram tədbirlərinin biri
bitməmiş o biri başlayırdı. Növbəti dəfə
təbrik bolluğuna Milli Mətbuatın 140-cı
ildönümündə düşəcəyik.
Maraqlıdı, suyumuzun verilməsinə,
dadına-duzuna cavabdeh olanların, hər gün hava
haqqında məlumat verənlərin peşə bayramları
hər il çal-çağırla qeyd olunur, jurnalistlərə
isə hər 5 ildən bir sevinməyi məsləhət
görürlər. Görünür bu cəmiyyətdə qəzet
hələ su və hava qədər lazımlı deyil...
Nə isə, söz bayramından yazmaq
alınmadı. Lakin səs bayramından
yazmaq vacibdi. Elə səsin özü qədər. Bu gün Flora Kərimovanın
doğum günüdü.
Səsə bayram keçirmək
üçün bundan
yaxşı bəhanə?
Özü də dağ
boyda yubiley rəqəmi ortadadı.
Bu dağ həm
də məğrurluq,
müdriklik əlamətidi.
Dağ varsa, deməli zirvə də var.
Yazılan və yazılmayan
qaydalara görə yubilyarın yaşını
qeyd eləmirəm. Heç rəsmi titulunu da yazmıram. Fəxri adlar, titullar nə vaxtsa unudula bilər. Amma Flora Kərimovanın səsi yer üzündə sonuncu insan qalana
qədər yaşayacaq.
Bulağın, dəniz ləpələrinin,
küləyin, yağışın,
quşun səsi gəldikcə Flora xanımın
səsi unudulmayacaq.
"Bakı, sabahın xeyir",
"Qayıt", "Xumar baxışlar", "Qurban
adına", "Bağışla", "Sən uzaq,
yaşıl ada", "Yaşıdım qızlar",
"Bu qatar", "Arzular", "Saçlarına gül
düzüm", "Dalğalar", "Gecə yaman
uzundur", "Göylər məni
çağırır"... Siyahını uzatmaq da olar,
bu mahnılardan yalnız birinin adını yazmaq da. Onsuz da heç nə dəyişən deyil. Flora Kərimova
bu və adını yazmadığım
mahnıları təkcə
oxumayıb, onlara Tanrının izni ilə ömür verib. Həmin mahnıların üzü-gözü,
əli-ayağı, ürəyi
var, oturuşlarını-duruşlarını
bilirlər. Neçə illərdi ki, gəzirlər özləri
üçün. Tanrı bu
mahnıların ömrünə
qıymaq istəmir.
Flora xanımın
özünü də
bu mahnıların gözünə qatıb qoruyur. Qovğadan, qadağadan, məhkəmə
çəkişmələrindən qalib ayrılmağa yardımçı olur.
Çək-çevirdən, məhkəmədən
söhbət düşmüşkən, 2009-cu ilin payız
günlərinin birində Flora Kərimovanı "Ədalət"in
redaksiyasına dəvət etmişdim. Baş redaktor
İradə xanımın
kabinetində oturub söhbətləşir, növbəti
müsahibənin konturlarını
cızırdım. Mənə qarşı olan xoş münasibətindən
istifadə edib Flora xanımı danlamaq istədim. İnandırıcı olsun deyə
xalqın adından da danışdım.
Dedim ki, Flora xanım, xalq sizin səsinizi məhkəmə salonlarında
yox, efirdə eşitmək istəyir. Onda Flora Kərimova ağıllı cavabları
ilə mənə əməlli-başlı toy tutdu:
"Bir var şəxsiyyət Flora Kərimova,
bir var səs
Flora Kərimova, bir də var vətəndaş
Flora Kərimova. Bunlar artıq
bir-birindən ayrıdırlar.
Amma hansısa bir şəraitdə bunlar bütövləşirlər. Deyilənlərə, söylənilən böhtanlara əhəmiyyət
verməməyə ixtiyarım
yoxdu. İnsan üçün şərəfdən
uca nəsə ola bilərmi?
Bu yaşımda susmağa haqqım yoxdu. Deyilənlərə
cavab verməsəm, cəmiyyət üçün
pis nümunə ola bilərəm.
Eybi yox, hansısa mərhələdə qoy
uduzum, ancaq cəmiyyət mənim səsimi eşitməlidi.
Əgər eşitmək istəmirsə,
bu artıq mənim yox, cəmiyyətin problemidi.
Flora Kərimovaya qarşı kimlərsə
mənəvi terror aparır,
bəs cəmiyyət
niyə reaksiya vermir? İnsanlar yaxınlaşıb deyirlər ki, belələrinə cavab vermə. Sabah həmin insanların ailəsi, qızı haqqında belə danışsalar, görən
onlar susarmı? Özlərinə rəva görmədiklərini
mənə niyə rəva görürlər?"
Flora xanımın bu məntiqli
cavabından sonra daha heç vaxt onunla bu mövzuda söhbət
etmirəm. Düz sözə nə
deyəsən? Düz səsə
nə deyəsən?
Yaxşısı budur ki, səs bayramından-Flora xanımın yubileyindən
danışaq. Burda da gözüm qorxub. Çox tərif yazsam, hirslənəcək. Bilirəm ki,
tərifdən xoşu
gəlmir. Özü
demişkən, tərifdən
14 yaşı olanda iyrənib: "Həmi vaxt artıq peşəkar səhnədə
idim. Konsertdə indi həyatda
olmayan xanəndə xanımlarımızdan biri
mahnı oxuyurdu.
Səhnə arxasındakı müğənnilər onun
oxumasına dodaq büzür, qadına lağ edirdilər. Lakin xanəndə xanım çıxışını başa vurub səhnənin arxasına keçən kimi həmin kişilər onu tərifləməyə,
təbrik etməyə
başladılar. Bu mənzərəni görən
gündən tərifdən
iyrəndim".
Tərif məsələsini çox
uzatmayıb hamımızı səs bayramı, Flora Kərimovanı
isə yubileyi münasibətilə təbrik edirəm. Flora xanım, səsiniz, mahnılarınızın ömrü
və pərəstişkarlarınızın
sevgisi qədər yaşayın!
Cəbrayıloğlu
Etibar
Ədalət.-
2011.- 23 iyul.- S.11.