BU, RAFİQ ODAYDIR...

 

   (Şairin 50 yaşına)

 

   Yaddaşın ölümü olmur. Nə qədər sağsansa. Yaddaşın mürgüləməyi olur və günlərin birində o, gözlərini açır. Sən yaddaşındakı dünyanı, onun çoxdan unutduğun gözəlliklərini və o gözəlliklər içində boylanan insanı, insanları görürsən.   

   Rafiq Oday mənim yaddaşımda yaşayan insandır. Olsun ki, ayda-ildə bir dəfə görüşürük. Olsun ki, bu görüşlər iki-üç dəqiqə, ən uzağı yarım saat çəkir, amma bu təsadüfi görüşlər "biz yenə görüşəcəyik" ümidiylə bitir.  

   Rafiq Oday naxçıvanlıdır, ancaq mənim tanıdığım, dostluq etdiyim və sevdiyim bütün naxçıvanlılardan (Məmməd Arazdan, İsa Həbibbəylidən, Yavuz Axundludan, Kamran Əliyevdən, Əhməd Qəşəmoğludan, Elman Həbibdən, Kəmaləddin Qədimdən) tamam fərqli bir naxçıvanlıdır. Fərqliliyini onda görərsən ki, onda Naxçıvan sevgisi hələm-hələm üzə çıxmır.  

   Rafiq Oday sumqayıtlıdır və taleyini, gün-güzəranını çoxdandı bu şəhərlə bağlayıb, ancaq mənim tanıdığım sumqayıtlılardan tamam fərqli bir sumqayıtlıdır.  

   Mən Rafiq Odayı həm naxçıvanlı, həm sumqayıtlı, həm də bir azərbaycanlı kimi görürəm. Demək istədiyim budur ki, Rafiq Oday insanlarla o qədər tez ünsiyyət tapır ki, onun haralı olduğunu ilk baxışda heç müəyyənləşdirə bilmirsən. Bu cəhət onun şeirlərinə də xasdır və mən şeirlərində onu nə sumqayıtlı, nə naxçıvanlı kimi görürəm, azərbaycanlı kimi görürəm.  

   Rafiq Oday yaxşı qəzetçidir. Bütün bölgələrdə olduğu kimi, Sumqayıtda da xeyli qəzet çıxır, hətta adı "baş redaktor" çağırılsın deyə, boş redaktorların sayı bilinmir. Amma Rafiq Odayın "Möhtəşəm Azərbaycan qəzeti" dərhal seçilir (materiallarının məzmunu, qəzetin formatı, səliqə-səhmanı, tərtibatı, müəlliflərinin səviyyəsi və s. cəhətlərinə görə) və bu qəzet Sumqayıtda ən yaxşı qəzetdir deyə bilərəm.  

   Mən Rafiq Odayı səhv eləmirəmsə, keçən əsrin doxsanıncı illərindən tanıyıram. "Azərbaycan" jurnalında şeirlərinin işıq üzü görməsində köməyim dəyib. Sonra Sumqayıtda və Bakıda keçirilən ədəbi-mədəni tədbirlərdə görüşmüşük. Öncə dediyim kimi, bu görüşlərin sayı o qədər də çox deyil. Amma hiss eləmişəm ki, bu adamla dostluq eləmək olar, yol getmək olar, lap dərd də bölüşmək olar.  

   Bunu da qeyd edim ki, Rafiq çox işgüzardı. Bir də görürsən ki, Sumqayıtda yaşayan-yaradan şairlərin şeirlərindən ibarət bir toplu tərtib elədi və kitab çapdan çıxan kimi təqdimatını keçirdi. Belə topluların sayı isə bir deyil, beş deyil. Və onun tərtib elədiyi iki topluya mən ön söz yazmışam. Birində Sumqayıt yazarlarının Vətən, ikincisində isə sevgi şeirləri toplanmışdı. Çox təəssüf ki, yeddi-səkkiz il öncə çapdan çıxan bu topluların heç birinin təqdimatında iştirak edə bilmədim. Rafiq Azərbaycan Jurnalistlər Birliyinin Sumqayıt bölməsiniə rəhbərlik edir və deyim ki, Sumqayıtda keçirilən bir sıra ədəbi-mədəni tədbirlər də onun adıyla bağlıdır.

   Rafiq Oday əlli yaşına qədəm qoyur, necə deyərlər, ömrünün "ekvator" xəttini keçir. Qarşımda Rafiq Odayın şeirlər, poemalar kitabı durur. Bu kitabdakı şeirlər barədə az sonra söz açacağam. Bir-iki kəlmə onun şairlik SİFƏTİ barədə. Mən sifət əvəzinə xüsusiyyət, keyfiyyət və s. bu qəbildən olan sözlər də işlədə bilərdim. Amma Sifət təkcə üz, ya bir nitq hissəsi deməkdimi? Yaxşı bilirsiniz ki, SİFƏT həm də insanın özümlülüyünü təyin edən fərdi keyfiyyətlərdir. Onun şairlik sifəti əvvəlcədən, lap ibtidadan istedaddan yoğrulub. Və bu istedad həyatı, insanları, dünyanı poetik müşahidədən yığıla-yığıla bənzərsizlik xassəsi kəsb edib. Rafiq Oday da digər şairlərimizin müraciət etdiyi mövzulara üz tutur, yəni bu nöqtədə yeni bir Amerika kəşf eləmir, çünki poeziyamızın bütün əsas mövzuları işlənib, qurtarıb. Amma hər hansı mövzuda təzə söz demək mümkündür və əsl şairlər elə bu cəhətinə görə qrofomanlardan seçilə, fərqlənə bilirlər.  

   Rafiqin "Qarabağ şikəstəsi" poemasını ürək ağrısı ilə oxudum. Ona görə ki, o da bunu ürək ağrısı ilə yazıb.  

   Qədir Rüstəmova- fələklərə meydan oxuyan bu xanəndəyə həsr olunan poema-esse əslində, şairi düşündürən ağrılı problemlərə münasibət bildirmək üçün bir vasitə olub. Qədirin "Qarabağ şikəstəsi" ilə bizim dərdlərimizin həmrəyliyi, Vətənimizlə, soydaşlarımızla bağlı ağrı-acılar arasında bağlılıq çoxdur. "Qarabağ şikəstəsi" ilə R.Oday bütün bu dərləri, bəzən də içimizdə saxlayıb dışarıya çıxara bilmədiyimiz qəmləri poeziyaya gətirir.  

  

   "Bu da bir taledi" deyirlər;  

   Tale beləmi olur:  

   - Kiminin püşkünə   

   Vətən dediyimiz  

   bu torpaq uğrunda ölüm,  

   kiminin püşkünə  

   lənətə gəlmiş  

   qaçqınlıq, didərginlik;  

   Kiminin püşkü isə  

   Qızıla, altuna düşər,  

   

   Qədir qağa.  

   Qarın başa çıxanda,  

   Başdakılar ayaq altına düşər,  

   Qədir qağa!  

   Demə, Vətən dediyimiz  

   bu ana torpaq,  

   Qarnı başlarında olanların  

   əllərində  

   Bir körpə quzudu,  

   Qədir qağa!  

  

   Poema beləcə düşüncələr axını şəklində davam edir, Vətən, torpaq, Qarabağ, bu günümüz haqqında poeziyanın gəldiyi qənaəti ümumiləşdirir. Artıq poeziya bir çox həqiqətləri çəkinmədən, ucadan deyə bilir. Hərçənd ki, mən poemadakı ayrı-ayrı sərt və çılğıncasına deyilən bir neçə misranın olmağını istəməzdim. Məsələn: "Bu dünyanın dörd üzünə Əl açıb dilənən Vətən!". Amma bu misraların da yanğıdan doğduğuna şübhəm yox...  

   Elə bilirdim, poema elə Qədir nisgiliylə də bitəcək, dərdlər sıralanacaq, amma yaxşı ki, belə olmadı. Bizi nikbin sonluq gözləyirmiş. Bu da təbiidir. Çünki bütün ümidsiz anların, nostalji hisslərin sonunda bir ümid çırağı yanmalıdır.

     

   Boş hay-küy dövrünü   

   yaşadıq artıq,  

   Növbəsi qurtarıb ağlamağın da.  

   Yetər bu damğanı daşıdıq artıq,  

   Olub-olacaqlar göz qabağında,  

   Boş qalmış ocaqlar göz qabağında,  

   Lüt-üryan cocuqlar göz qabağında.  

   İnan, bu dərdlərə əlac tapılmaz,  

   Hərə iki əli qabağa çəkib,  

   Qorusa közünü öz qabağında.  

  

   Yolunu gözləyir bu yurd, bu ocaq,  

   Oyansan, zillətin sonu olacaq!  

   Oyansan, həsrətin sonu olacaq!  

   Oyansan, çox şeyin sonu olacaq!  

  

   Bu poemanı Rafiq Oday neçə il bundan öncə yazıb və mən müasir poeziyamızda Qarabağ mövzusundə yazılan əsərləri nəzərdən keçirəndə "Qarabağ şikəstəsi"nin hansı ovqat üstündə yazıldığını da hiss edirəm. Şairlərin Vətən üçün, onun dərdlərindən ötrü haray çəkmələri təbii idi. Çünki torpaqlarımızın iyirmi faizi işğal olunmuşdu, qaçqınlıq, didərginlik xalqın taleyinə yazılırdı, belə bir məqamda poeziyanın haray çəkməsi, yandırılmış ocaqlara, kəndlərə, şəhərlərə, şəhid olmuş insanlara matəm tutması və günahkarları ittiham etməsi gözlənilən idi. Qədirin ürəkləri titrədən "Qarabağ şikəstəsi" ilə Vətənin dərdləri bir-birinə tən gəlirdi. Amma poeziya bu fəryaddan üsyana, çağırışa keçməliydi və tam olmasa da, bütün şairlərin fikrini ifadə etməsə də, hər halda "Ayağa dur, Azərbaycan" (Məmməd Araz), "Dur ayağa məmləkətim" (Zəlimxan Yaqub) çağırışını eşitmək ruhu söndürməməyə, oyanışa səsləyirdi. Nəhayət, Xalq şairi Qabil "Ümid sənədir ancaq Azərbaycan əsgəri" şeiri ilə poeziyanın əsl manifestini elan etdi. Mənim fikrimcə, bundan sonra Qarabağ haqqında nostalji və nisgilli əsərlər yazmaq dövrü keçib. Rafiq Oday "Qarabağ şikəstəsi"nin yeni hissələrini yazarsa, poemanın son misralarından başlayacaq. Çünki gizlətmək lazım deyil ki, indi ruhlar sönməyə başlayıb və poeziyanın əsas missiyası OYANIŞA səsləmək olmalıdır.  

   Hər bir şairin öz dünyası var. Kimsəyə bənzəməyən, bir kimsənin də dünyasına bənzəməyən dünyası. Həmin o fərdi, bənzərsiz dünyanın da BÖYÜK DÜNYA kimi fəsilləri olur, dağları, dərələri, gecəsi, gündüzü olur. Şairlər dünyanın içində dünya yaradanlar deyilmi? Gəlin, RAFİQ ODAY dünyasına baş vuraq:  

  

   Düz əlli il ömür adlı,  

   Kürkün içində yaşadım.  

   Apaydın səma altında,  

   Bürkü içində yaşadım.  

  

   Ümidi üzdüm yaşadım,  

   Canımdan bezdim yaşadım,  

   Yaşadım, düzdü, yaşadım,  

   Sürgün içində yaşadım.  

   

   Dost-doğma bildim müşkülü,  

   Sevdim-oxşadım püşkümü,  

   Ömür deyilən beş günü,  

   Bir gün içində yaşadım.  

  

   Bu qəbildən onlarla şeiri var Rafiq Odayın. Şair "MƏN"inin ifadəsi olan bu tipli şeirlərdən boylanıb. Rafiq Odayın müxtəsər, ya mükəmməl şair obrazını yaratmaq olar. Amma məsələ burasındadır ki, bu şair obrazında biz həyatın, cəmiyyətin, insanlıq dünyasının mənzərələrini də görək. Çünki şair dünyası nə qədər fərdi və bənzərsiz olsa belə, o, yaşadığımız böyük dünyanın ahəngini, ritmini, təzad və ziddiyyətlərini də özündə əks etdirməlidir. Şairlər haqqında çox zaman "dəli" ifadəsini də işlədirlər. Dəlilik burada patoloji -psixoloji-fıizioloji hal deyil, DƏLİLİK MƏCNUNLUQDUR, KEFLİ İSGƏNDƏRLİKDİR, ağıllı insanların onları sıxan, əzən, sındırmaq istəyən mühitə mənəvi üsyanıdır. Şair-dəlini küçədəki ya dəlixanadakı dəlilərdən fərqləndirən də elə budur. Rafiq da bu cür dəlidir:  

  

   Hərə bir nəzərlə baxır  

   Yoldan ötən hər dəliyə.  

   Çox da mənə bənd olmayın,  

   Mən də bu təhər dəliyəm.  

  

   Hər taleyin öz nərdi var,  

   Gözlərim göyə nərdivan.  

   Gecənin gecə dərdi var,-  

   Açıldı səhər-dəliyəm.  

  

   Bilən olmaz nə gündəyəm,  

   "Harda"yam, "nə üçün"dəyəm.  

   Milyon dəli içindəyəm,-  

   Mən də bir nəfər dəliyəm.

     

   Başdı-yüz qada sovuşar,  

   Ya tutar, ya da sovuşar.  

   Haqq deyən haqqa qovuşar,-  

   Geymişəm kəfən dəliyəm.  

 

   Rafiq Odayın şeirləri bizim aşıq poeziyamızın, xalq şeirinin ən yaxşı ənənələri üzərində köklənib. Bu gün hamı qoşma, gəraylı yazır, amma əsl qoşma, gəraylı və heca şeirlərinin mükəmməl nümunələri çox az yaranır. Rafiq istər öz fərdi dünyasının hiss və həyəcanlarını, istərsə də böyük dünyanın, yaşadığımız mühitin hadisə və olaylarını ifadə edəndə, Azərbaycan şeirinin bu gözəl şeir şəkillərinə üz tutur.   

 

   Bu sevda dəli sevdadı,  

   Tükənməz macərası var.  

   Nə bu dərdə əlac edən,  

   Nə bu dərdin çarası var.  

  

   Yön çevirib dağa-daşa,  

   Bulaq oldu gözüm-daşan,  

   Nə gözümdə ağdan nişan,  

   Nə gözümün qarası var.  

  

   Eşq qonaqmış, sinəm otaq,

   Qonaq çəkdi sinəmə dağ.  

   Ustad, bir dön sinəmə bax,  

   Gör, salamat harası var?

 

   Yunis İmrəyə xitabən yazılan bu gəraylıda ürfan poeziyasından gələn küləklər əsir və arzulayaq ki, Rafiq Oday bu yoldan-Yunis İmrə yolundan dönməsin.  

   Rafiq Odayın şeirlərində mövzu rəngarəng və genişdir, yəni, çox mətləblərdən danışır o. Amma bütün mövzuların içində AĞRI deyilən bir obraz əyləşib. Bəli, mən obraz deyirəm, çünki Rafiq Oday ağrını adi hiss, həyəcan kimi təsvir eləmir, Ağrını obraz səviyyəsinə qaldırır. Rafiq deyəndə ki: "Qoca aşıqların qoca sazları, Divardan şəhid tək asılı qalıb" deyəndə, mən bu iki misrada 20 yanvar, Xocalı faciələrini xatırlayıram. Qədirin "Qarabağ şikəstəsi"ni xatırlayıram. Rafiq deyəndə ki: "Bir yetim ağlayır yuxularımda"-mən o yetimin, o kimsəsizin məlul baxışlarını, yaralı ürəyini görürəm. Bu Ağrı lirik qəhrəmanı kiçiltmir, onu müsibət, vay-şivən həddinə aparıb çıxarmır. Rafiq Oday dərdin, ağrının öz poeziyasını yaradır. .  

   Bu yazıda istəməzdim Rafiq Odayın şeirlərini mövzular üzrə təhlil edəm, deyəm ki, bax, bu Vətən şeiri, bu təbiət şeiri, bu isə sevgi şeirləridir, sonra da başlayam onların poetik məziyyətlərindən söz açmağa. Məncə, buna ehtiyac yoxdur. Çünki Rafiq Odayın şeirlərində vaxtilə bizim şeirimizə xas olan mövzu standartlığı ilə üzləşmədim. Yəni onun elə şeirləri var ki, Vətən, Təbiət, Sevgi-üçü bir müstəvidə birləşə bilir. Amma ayrı-ayrılıqda bu mövzuların hər birində də hünərini göstərə bilir. Onun sevgi şeirlərində də bir təzəlik gördüm. O da başqa aşiq-şairlər kimi həsrətdən, ayrılıqdan söz açır, amma minlərlə hicran şeirləri içində özününkünü seçə, fərqləndirə bilir. Ən başlıcası budur ki, Rafiq Odayın sevgi şeirlərində yaşanılan hisslər, duyğular öz əksini tapır.

   Rafiq Oday şeirlərinin bir əsas məziyyəti də ondadır ki, o, təmiz yazır, oxucunu dolanbac yoxuşa dirəmir, misraları səlisdir, Azərbaycan dilinin incəlikləri ilə süslənib. Şeirlərində qətiyyən mücərrədliyə yuvarlanmır. Dilimizin ekologiyasını korlamır. Ən başlıcası isə ədəbiyyatşünaslıq dili ilə desək, onun yazılarında forma ilə məzmun vəhdətdədir.  

   Bu yazını birnəfəsə yazdım və sevinirəm ki, istedadlı bir şairimiz haqqında ürək sözlərimi deyə bildim. Nə demədimsə, qalsın sonraya. Rafiqin altmışına, yetmişinə.

 

 

   Vaqif YUSİFLİ

 

   Ədalət.- 2011.- 23 iyul.- S.10.