DAĞLAR QOYNUNDA QƏRAR TUTMUŞ
YURDLARIMIZ
Onlardan biri də Daşkəsəndi
Özünün coğrafi ərazisini,
təbii mənzərələrini və bütövlükdə
qeyri-adi mühitinə görə dünyanın istənilən
guşəsi ilə müqayisədə qalib gəlmək
haqqı olan Azərbaycan həm də qədim yurd yerləri,
mədəniyyət mərkəzləri, sənaye, kənd təsərrüfatı
ünvanlı müəssisələri ilə bütün
zamanlarda tanınıb və bu gün də
tanınmaqdadı. Biz öz tariximizə yanaşma
baxımından müəyyən laqeydliklərə yol
verdiyimiz üçün bəzən özümüz
özümüzü bəzən yaxşı
tanımırıq. Yaxşı
tanımadığımıza görə onu yaxşı
tanıdıb təqdim edə də bilmirik. Amma
şükürlər olsun ki, Azərbaycan müstəqillik əldə
edəndən sonra öz tarixini, öz milli-mənəvi dəyərlərini
tanıtmaq, təqdim etmək baxımından respublikamızda
Dövlət Proqramı çərçivəsində
bütün parametrləri nəzərə alınmaqla
geniş elmi təqdimat işləri, həmçinin də təbliğat
yönümlü fəaliyyət öz miqyasını xeyli
genişləndiribdi. Görünən bu işlərin
ümumi mənzərəsində Daşkəsənin də,
bu qədim yurdumuzun da öz payı, öz yeri var.
Dağlar qoynunda yerləşən
Daşkəsən təbiəti, coğrafiyası
baxımından digər regionlarımızdan xeyli fərqlənir.
Burada yeraltı, yerüstü sərvətlər, dağ
çayları, sərin bulaqlar, bir-birinə söykənən
qayalar adamı ilk baxışdan özünə cəlb edir.
Təbii ki, bu qədim yurdun dağ qeyrətli, dağ ürəkli
insanları da Daşkəsəni qorumaq, yaşatmaq, təbliğ
etmək, tanıtmaq, xüsusilə milli müstəvidə
müasirləşdirmək istiqamətində ardıcıl
işlər aparırlar. Daşkəsən rayon İcra
Hakimiyyətinin başçısı Əhəd Abıyevin
rayonun cari ilinin 6 ayının yekunlarına dair keçirilən
müşavirəsində çıxış edərkən
bildirmişdi ki, son illərdə təbiət
şıltaqlıqları rayona, əhalimizə müəyyən
zərərlər vursa da, bu, ictimaiyyətimizi,
adamlarımızı sarsıtmadı, əksinə, bizim
torpağa bağlılığımızı bir az
artırdı. Qurub-yaratmaq, dağılanları yeniləri ilə
əvəz etmək, bərpa etmək, əvvəlkindən də
gözəl bir şəkildə araya-ərsəyə gətirmək
istəyimizi bir az da coşdurdu. Bu işdə respublika rəhbərliyinin,
xüsusilə Azərbaycan prezidenti cənab İlham Əliyevin
diqqət və qayğısı rayonun həyatı ilə yaxından
maraqlanması bizə son dərəcə böyük dəstək
oldu. Təkcə son üç ayda rayonda xeyli iş
görülüb - deyən rayon rəhbəri onu da
vurğulayıb ki, biz daxili imkanlar hesabına da müəyyən
problemləri həll etməyə müvəffəq
olmuşuq. Belə ki, şəhər məscidi əsaslı
təmir edilmiş, şəhərin görkəmli, diqqəti
çəkən yerlərində yeni iaşə və məişət
xidməti göstərəcək binanın tikintisinə
başlanmışdır. Sel suları nəticəsində
dağılıb sıradan çıxmış obyekt və
qurğular, müxtəlif su-kanalizasiya sistemləri təmir
olunmuş və bu istiqamətdə də işlər davam
etdirilməkdədir. Ümumiyyətlə, dağlar qoynunda
yerləşən rayonumuzu gözlənilməyən təbii
fəlakətlərdən qorumaq üçün kompleks layihə
işlənib hazırlanıbdı.
Bu gün Daşkəsəndə həyat
qaynayır. Artıq "Daşkəsən filiz
saflaşdırma" ASC, Azərbaycan Şəkər
İstehsalat Birliyi, Daşkəsən Əhəngdaşı
Mədəni öz fəaliyyətini genişləndirir.
Çovdar qızıl yatağında artıq istismarla
bağlı hazırlıq işləri sürətləndirilir.
Bu müəssisələr tam gücü ilə fəaliyyətə
başlayandan sonra burada 300 nəfərdən artıq daşkəsənli
daimi işlə təmin ediləcəkdi, rayonun
ayrı-ayrı yaşayış məntəqələrin də
qəzalı vəziyyətdə olan 35-dən artıq
yaşayış evinin bərpa və təmiri üzrə
layihə smeta sənədləri də hazırlanaraq
müvafiq dövlət qurumlarına təqdim edilmişdi.
Rayon icra hakimiyyətinin təşəbbüsü və rəhbərliyi
altında 7 məktəb binası tikilmiş, onların əsaslı
təmir və avadanlıqlarla təmin edilməsi
üçün aidiyyəti qurumlara müraciətlər
ünvanlanmışdı. Ümumiyyətlə, Daşkəsəndə
təhsil, səhiyyə ocaqlarının tikintisi, təmiri, bərpası
bu gün ən aktual məsələlərdən biridi.
Azərbaycan prezidentinin məlum
regionların inkişafına dair Dövlət Proqramı
çərçivəsində abadlaşan, yenidən qurulan
Daşkəsən turizmin inkişafı üçün də
böyük imkanlara malikdi. Elə rayon rəhbərliyi də
bu istiqamətdə müəyyən addımları atmağa
müvəffəq olubdu. Yaradılan şərait, xüsusilə
Daşkəsənin özünün relyefi insanları bu
bölgəyə son illərdə daha tez-tez cəlb edir, səsləyir.
Prezident Adminstrasiyasının "Daşkəsən rayonunda
kənd təsərrüfatının 2011-2015-ci illər
üzrə inkişaf proqramı" layihəsi ilə
bağlı təkliflər rayonda ətraflı müzakirə
edilib hazırlanaraq paytaxta göndərilmiş və bu
proqramın tezliklə maliyyələşdiriləcəyinə
böyük ümidlər bəslənilir. Təbii ki, bu layihə
gerçəkləşdiriləndə Daşkəsən bir
az da gözəlləşəcək, bir az da göz
oxşayan, könül açan bir guşəyə
çevriləcəkdir.
Bu gün ölkənin ümumi
inkişaf müstəvisində öz yeri, öz payı olan
Daşkəsən zəhmətkeş, təşəbbüskar,
dünyanın müasir tələblərini yüksək səviyyədə
mənimsəyən təcrübəli insanların rəhbərliyi
və əməyi ilə inkişaf edir. yollar çəkilir,
işıq, rabitə xətləri yeniləşir, sosial-məişət
obyektləri, məktəblər, xəstəxanalar
insanların istifadəsinə verilir. Bu da onu göstərir
ki, təbiətin ən gözəl guşələrindən
birində yaşayan insanlar öz zəhmətləri ilə,
öz təşəbbüsləri ilə bu gözəlliyi
bir az da cilalayır, bir az da möhtəşəm edirlər.
Deməli, gözəlliyi qorumaqla yanaşı, onu daha da
gözəl etmək insanın gücü daxilindədi.
Daşkəsənlilər də ölkə rəhbərinin
diqqət və qayğısı ilə məhz bu istiqamətdə
uğurla irəliləyirlər. Necə deyərlər,
sükanı belə saxlayın, uğurları bir az da
artırın.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət.-
2011.- 23 iyul.- S.4.