ƏDƏBİ HƏYAT
"DƏRD
SİNƏMDƏ SIRALANIB GEDİRƏM"
O, iyulda dünyaya gəldi-əlli bir il
öncə. İyulda da dünyadan köçdü- altı
il bundan qabaq. Gəlişini İncə dərəsi, Astanbəyli
kəndinin Akifdən yaşlı insanları xatırlayar.
Ölümü-gedişi isə bizim gözlərimizin
qarşısında oldu. "Natəvan"
klubunda, bir tədbirdə aparıcı idi.
Danışırdı, şeirlər deyirdi, heç zaman onun
nitqi, danışığı bu qədər səlis
olmamışdı. Tədbir bitdi, o, hamıyla
görüşdü, elə bil, harasa tələsirdi və
pilləkənləri endi, aşağıda nəfəsini dərib
bir yuxarıya, göy üzünə baxdı. Elə bil, bu
yerdən, bu torpaqdan, bu adamlardan qaçmaq, göyə baş
almaq istəyirdi. Sonra küçəni keçdi və birdən...
Yarpaqlarım
yavaş-yavaş
tökülür,
Öz-özümdən aralanıb
gedirəm.
Bir bostanam,
tağlarımı çor vurur,
Payızımdı, uralanıb gedirəm.
Sona qalxmaz
buz bağlamış gölümdən,
Qız asılmaz
bəyaz çalan telimdən,
Aman fələk,
sənin qannı əlindən,
Dərd sinəmdə
sıralanıb gedirəm.
Ölüm odu,
oğlun-qızın olmaya,
Səndən sonra,
sazın-sözün qalmaya,
Dünya silə,
izin-tozun qalmaya,
Ölmürəm ha,
yaralanıb gedirəm.
Hər il, iyulun 6-da Akifin küçəni
adlayıb səkiyə keçdiyini və onda birdən-birə
ürəyini tutub yerə çökdüyünü
xatırlayanda, ölümündən xeyli əvvəl
yazdığı, sanki həmin o müdhiş günü
gözləyən şeiri pıçıldayıram.
Amma deyim ki, Akifin şeirlərində
Ölüm mövzusu təsadüfi deyil, o, dörd şeirlər
kitabının dördündə də ölümdən, bu
dünyanın faniliyindən söz açıb. Özü də
bu şeirlərdə həyatda çox-çox
uğursuzluqlara tuş gələn, sarsılan, məyus olan,
olmazın haqsızlıqlarla üz-üzə gəlib
çarəsizlikdən ölümü intixab edən bir
insanın fəryadları, ah-nalələri ilə
qarşılaşmırsan. Məsələ başqa
cürdür. Akif Səməd ölümə fəlsəfi
ahəng verən şairlərdən idi. Nəsiminin
"Dünya düracaq yer deyil, ey can, səfər eylə"
misrasını Akifin ölümlə bağlı
düşüncələri üçün bir açar
hesab eləmək olar. Ölüm, onun fikrincə, haqq
dünyasına qovuşmaq idi. Haqq dünyasına gedən yol
isə bir neçə mərhələdən keçir.
Olsun ki, sufilərə xas olan şəriət, təriqət,
mərifət və həqiqət mərhələlərini
Akifin şeirlərində tam və dolğun görməyək,
amma hər halda onun şeirlərini küllən nəzərdən
keçirəndə sufiyanə düşüncə tərzi
ilə qarşılaşırsan. Mahiyyəti dərk eləmək,
başlanğıcdan sona -həqiqətə doğru gedən
yolu müəyyənləşdirmək, bu yolda bütün
maneələri dəf etmək, hətta ölümdən belə
çəkinməmək onun da şeirlərinin məğzinə
hopmuşdu. "Nəsimi olmadım, nəsibim olmadı"
deyirdi Akif Səməd, deməli, nəsimiliyə can
atırdı. Ancaq indi, Akif Səmədin şeirlərini necə
izah etməyimizdən, onları necə mənalandırmağımızdan
asılı olmayaraq, bu şeirlər müasir poeziyamızda
parlaq istedada malik olan bir şairin varlığından xəbər
verir. Bəli, varlığındangçünki, şair
ölürsə, şeirləri yaşayır və gün
kimi bir həqiqət var ki, onu da Akif Səməd şeirlərinin
birində belə ifadə edib:
Böyükdü, sirri-xudadı
Azadlıqdı, qəfəsdi Söz.
Evdi, saraydı, odadı
Canda candı, nəfəsdi söz.
Sən, mən, o, bizik əskəri,
Bir sözdən min bir səs gəlir,
Görür, görünür, göstərir,
Nə şəkildi, nə səsdi
Söz.
Gah yatırdar, gah oyadar,
Şeytandı, küfrdü, ayədi,
Göylərdən enib qayıdar,
Yerdə haqqa əvəzdi Söz.
Akif Səmədin müasir poeziyamızda
özünəməxsus, bir kimsəyə bənzəməyən
şair fərdiyyətindən söz açırıqsa, ilk
növbədə, onun ənənəyə möhkəm
bağlı olduğunu qeyd etməliyik. Amma o, ənənəyə
novatorcasına yanaşırdı. Bir dəfə mən
qoşma, gəraylı yazan şairlərimizdən Hüseyn
Arifin, Məmməd Aslanın, Məstan Günərin,
Hüseyn Kürdoğlunun, Məmməd İsmayılın,
Ağamalı Sadiqin, Zəlimxan Yaqubun, Məmməd
İlqarın və Akif Səmədin təxminən eyni
mövzuda yazdıqları şeirləri yan-yana düzdüm.
Akifin poetik təfəkküründəki özünəməxsusluğu
çox aydınca hiss etdim. Deyim ki, adlarını çəkdiyim
bu şairlərin xalq şeiri formalarında çox gözəl
poetik nümunələri var. Amma onların heç biri poetik
səs etibarilə digərinə bənzəmir. (Çox təəssüf
ki, bu gün yüzlərlə şairin sanki bir konveyerdən
çıxıbmış kimi minlərlə
"qoşmaları", "gəraylıları"
düzü-dünyanı bürüyüb).Və Akif Səməd
də bu ünlü şairlərin sırasında öz səsini
qoruya bildi. Nədir bu fərdilik, Akif Səməd özünəməxsusluğu?
Məlumdur ki, aşıq şeiri, xalq
poeziyası zəncir kimi bir-birinə bağlı bədii təsvir
vasitələri üzərində qurulub, dünyaya, həyata,
gerçəkliyə münasibətdə bəzən eyni
motivlər əsrlər keçdikcə dəyişmir (ola
bilsin, hər dəfə bədii təfəkkür həmin
motivi "müasirləşdirir", amma özül
qalır). Məsələn, klassik poeziyada və aşıq
şeirində dönə-dönə müraciət olunan
dünya mövzusunu götürək. Akif Səməd
üçün dünya əbədi yox, müvəqqəti
dayanacaqdır ki, bu da sırf sufi düşüncəsidir.
Sufi düşüncəsinə görə allah iki dünya
yaradıb, maddi dünya, mənəvi dünya. Maddi dünya fəna,
mənəvi dünya isə bəqadır. Yalançı
dünya və haqq dünyagAkif Səməd deyəndə ki:
"Bir gəldim, nə gördüm, bir də nə verə
Təzədən dünyada nə ölümüm var"
yaxud "Atan deyil, anan deyil Dünya sənin nəyindi ki?
Ağlama, qarabığ oğlan, Dünya sənin nəyindi
ki?"gbu elə maddi dünyadan dördəlli
yapışmayan, mənəvi dünyaya can atan bir şairin
düşüncələrindən doğur. Akif Səməd
insanlığın tarixini düşüncənin,
Sözün, zəkanın tarixi kimi dərk edirdi. O deyirdi ki,
"biz Küveyt kimi neftə, pambığa deyil, Yaponiya,
Almaniyagkimi beyin sərvətimizə güvənməliyik".
Səksəninci, doxsanıncı illərdə
çox-çox şeirlərdə "mən dərvişəm,
mən sufiyəm, mən ozanam" kimi xitablar eşidilirdi. Beləcə,
çağdaş poeziyada nam-nişanı, yer-məkanı
qeyri-müəyyən "dərviş" şairlərin
sayı durmadan artırdı. Məsələ onda deyildi ki, bu
şairlərin heç birinin dərvişlik fəlsəfəsi
ilə zərrəcə bağlılığı, əlaqəsi
yoxdu, əsas odur ki, onların xurcunundan alma yox, turş
alça, əzgil, göyəm çıxırdı,
"yahu" çağılsalar da, bu cır səslər,
turşumuş avazlar dərviş avazına
oxşamırdı. Amma etiraf edək ki, Akifin əksər
şeirlərində içindən gələn bir dərvişlik
ovqatı-bir sərgərdanlıq ruhu, Allahla, o sirri-xuda ilə
dərdləşmək ehtiyacından doğan bir duyğu
gördük.
Sən kövrəlmə, ay atam,
Dözümə yol gedirəm.
Nə vaxtdı itib-batan,
İzimə yol gedirəm.
Yanmaq yaraşır ömrə,
Qulam allahdan əmrə
Nəsimi, Yunis İmrə
Sözümə yol gedirəm.
Daşda bitən kolmuşam,
Öz-özümü yolmuşam,
Özümdən yol almışam,
Özümə yol gedirəm.
Akif Səmədin şeirləri öz
dilinin saflığı, heyrətamiz təmizliyilə də
seçilir. Xalqdan gələn təbii yumor, idiomatik ifadələr,
atalar sözləri və məsəllər, inanclar və hər
şeydən əvvəl klassik aşıq şeirinin solmayan,
saralmayan bədii təsvir vasitələrinin yeni məzmunla
qaynayıb-qovuşması onun şeirlərində duru
çeşmədir. Əgər belə demək
mümkünsə, burada ozan şeiri mədəniyyətini və
estetikasını bütünlüklə izləmək olar.
Akif Səmədin poeziyası aşıq şeirinin keçib
gəldiyi yolun bəlkə də sonuncu bənd-bərəsi
görünür, doğrudur, bu yol hələ bitməyib, o
yola yeni, özü də cavan yolçular gəlir, amma Akif Səməd
o yola yeni bir iz sala bildi. Bu iz klassik aşıq şeiri ilə
XX əsr bədii təfəkkürünün qaynağını
əks etdirir. Baxın:
Bir ömür yaşadıq
qalsın ağlara,
Yarısı ehtiyac, yarısı sərxoş.
Dastanlar uydurduq
qoca dağlara-
Çiçəyi havalı, arısı
sərxoş.
Dağlar dözəmməyən
dağlara dözdük,
Haqqı özümüzdən
qıraqda gəzdik,
Tufanlar adladıq,
dənizlər üzdük,
Birisi nəşəli,
anrısı sərxoş.
Müsəlman, çay yatıb,
çırman, yeri di,
Çınqıllı yoxuşdu
dırman,
yeri di,
Bizim Azərbaycan
xırman yeridi,
Bildirçini səydi,
darısı sərxoş.
Bu şeirdə zahirən klassik
aşıq şeiri ilə bir bağlılıq
görmürsən, çünki məzmununda bu günün
həqiqətləri əks olunub. Amma diqqət yetirsəniz,
bu müasirlikdə klassikadan gələn bir nəsim əsməkdədir.
Demək istəyirəm ki, Akif Səməd də ustadı
Hüseyn Arif, gözəl şairlərimizdən Məstan
Günər, Məmməd İsmayıl, Zəlimxan Yaqub,
Ağamalı Sadiq kimi xalq şeirinin yeni bir mərhələyə
daxil olmasını, müasir poeziyanın çoxüslublu,
çoxtəmayüllü mənzərəsində
öncüllüyünü qorumasını təmin edən
şairlərdəndir.
Mən tənqidçi həmkarım, Akif
haqqında kitab müəllifi Bəsti Əlibəyli kimi deyə
bilmərəm, Akiflə dost olmuşuq. Amma onu deyə bilərəm
ki, Akif Səməd mənim çox sevdiyim şairlərdən
idi. Ara-sıra qardaşım Cavanşir Yusiflinin yanına
yollananda Akifi orda görürdüm. Çay içirdik və
onun şeirlərini dinləyirdik. Bir dəfə çox ciddi
şəkildə ona dedim ki, Akif, bütün şairlər
Qarabağ faciəsindən, yurd yanğısından şeirlər
yazırlar, bəs sən. Cavab vermədi. Üç gündən
sonra yenə Cavanşirin otağında
qarşılaşdıq. Keyfi alaçarxda idi. Döş
cibindən bir vərəq çıxardı. Dedi ki, sənin
"sifarişini" yerinə yetirmişəm.
İçimizdə boğuluruq,
Üzdə hələ şeir
yazırıq.
Ürəyimiz quru budaq,
Sözdə hələ şeir
yazırıq.
Zaman
ötür, sular axır,
Qazanımız
köhnə paxır,
Düşmən
dağa bayraq taxır,
Düzdə
hələ şeir yazırıq.
Susuz yanırıq, hər yan su,
Dağ çayı, bulaq, uçansu,
Torpağı itirib, hansı
Üzlə hələ şeir
yazırıq.
Adam olmaq qara baxtım,
Qara baxtım, qızıl taxtım,
Qəbir yerim-Qarabağım,
Gözlə, hələ şeir
yazırıq.
Bu şeir bu gün, dünən Qarabağ
faciəsindən söz açan ən gözəl şeirlərlə
bir sıraya qoyula bilər. Ya o şeirlərin əvvəlincisi,
ya da sonuncusu ola bilər. Elə bunun özü də
tüstüsü ərşə qalxan bir şair ürəyinin
yanğısı idi.
Yenə həmin o günü-6 iyulu
xatırlayıram. 45 yaşının tamamına on altı
gün qalırdı. Amma ölüm "bapbalaca Cahandar
ağanı" (mən ona zarafatla belə müraciət
edirdim) sıramızdan qoparsa da, ancaq elə buna gücü
çatdı. Çünki, Akif Səməd demişkən:
Eşq mərifətdən anrıdı,
Aşiqə yiyə tanrıdı.
Mərəkə hələ sonradı,
Ölüm ömrün sonu deyil.
Vaqif
YUSİFLİ
Ədalət.-
2011.- 30 iyul.- S. 10.