İnamın
işığı
Bakıdan
çıxanda birbaşa Xocavənd rayonuna getməliydim. Nədənsə
yolumu rəngli saxsı parçaları ilə diqqətimi
çəkən, düşüncələrimi cilovlayan
Örənqaladan keçib Hərami düzünə
çıxdım. Hansı müqəddəs insanın əliyləsə
naxışlanmış bu kiçik saxsı parçası
sanki dilə gəlib Örən qaldı!.. Örən
qaldı!.. - deyib ruhumu silkələdi. Diksinib
başımı qaldırdım. Topal Teymurun qəzəbi və
nifrəti bu ulu yurdumuzu viran qoydu. Örən bir düzə
çevirdi. Möhtəşəm abidələrimiz üzərində
bayquşlar uladı. Bu şəhərin qalıqları
saxsı-saxsı hara gəldi səpələndi. Göz işlədikcə uzanan
yovşanlı, qarağanlı, Hərami düzü
fikrimi ulu,
qanlı-qadalı tariximizlə üz-üzə qoydu. Yurdumuzun bugünkü Qarabağ
viranlığına boylandım. Könlüm
havalandı. Viranəlik ağrısı bağrımın
üstünə çökdü. Mənə
elə gəldi ki, əlimi uzatsam Xocavənd, Muğanlı, Əmirallar,
Qaradağlı, Günəşli, Kuropatkin
kəndlərinə çatar. Hələdə
tüstülənən, buxarları başdaşı kimi yana-yana Tanrıya asi düşən evlərimiz,
dağılmış gorgahlarımız, viranəlik
yarası kimi göynədi. Möhtəşəm
Qarabağımız külli halda viran qalıb. Bu tarixi bir
yaradır. Zaman-zaman gözəl yurdlar seçdik, ev tikdik, şəhər
saldıq. Gün-güzəran yaratdıq. Fəqət, bugünkü faciələrlə üzləşdik.
Daxilən qəribə, qəzəbli hisslər keçirirəm.
Qarşımda vaxtilə ilanmələyən bir
düzdə yaradılmış Xocavənd şəhəri
canlanır. İlk görüşüm
Xocavəndin icra başçısı, müdrik və vətənpərvər, milli qeyrətli, mübariz
və mətin insan olan
Eyvaz Hüseynovla olur. Bəri başdan
deyim ki, o dörd il
sərasər doğma qardaşları Əbülfət,
Füzuli, İbad və
İlyasla çiyin-çiyinə (İlyas döyüşlərdə həlak olub.) səngərdən-səngərə
atılıb, düşmənlə şir
kimi pəncələşib, qan töküb, yaralar alıb və daha
neçə-neçə itkilərlə üzləşib. Məlum
olur ki, yeni yaradılmış bu
rayonda səngərdə olmayan,
itkilər verməyən, məkrli düşmənlə gecə-gündüz,
ölüm-dirim döyüşü
aparmayan insan yoxdur. Eyvaz müəllim
Xocavəndin qəhrəmanlıq tarixini bir-bir yada salır. Bu rayonun respublikamızda olan əhəmiyyətindən iqtisadi,
siyasi, mədəni həyat tərzindən
ürək dolusu danışır. Ancaq hər sözümüzün başında Yuxarı
Qarabağda yanıb külə dönən,
yerlə-yeksan olan möhtəşəm həyat
tərzimiz, viranəliyə çevrilmiş,
örənləşmiş yurd-yuvamız, gorgahlarımız
xatırlanır, kövrəlirik, təəssüf hissləri
bizi boğur. Nə
edək?.. Bu tarixdir, özü də qanlı-qadalı bir tarix!
Məlum
olur ki, Azərbaycan Respublikasının 26 noyabr 1991-ci il tarixli
279/XII nömrəli qanununa müvafiq olaraq Dağlıq
Qarabağ Muxtar Vilayəti ləğv edilmiş, Martuni və
Hadrud rayonlarının bazası əsasında indiki Xocavənd
rayonu yaradılmışdır. Rayonun
1458 kv/km ərazisi var, əhalisi isə 41300 nəfərdir. Rayonun inzibati ərazisində
iki böyük qəsəbə,
81 əsrarəngiz gözəlliyi ilə fərqlənən bərli-bəhərli
kənd olmuşdur. Onların 10-da sırf
Azərbaycan türkləri yaşayırdı. Bu əhalinin ən azı 40 faizini
təşkil edirdi. Başqa
kəndlərdə isə türk-erməni əhalisi
qarışıq halda məskunlaşmışdılar.
Müharibədən əvvəl Xocavənd inzibati
mərkəz kimi ən böyük
yaşayış məskənlərindən biri
idi. Rayon kiçik Qafqazın ətəklərində
yerləşir. Əsasən kənd təsərrüfatı rayonudur. Böyük iqtisadi potensialı var. Rayonda üzümçülük,
heyvandarlıq, quşçuluq,
taxılçılıq, bostançılıq və s. daha çox
inkişaf edib. Xocavənd
coğrafi cəhətcə olduqca əsaslı bir
bölgədə yerləşir. Xocavənd hazırkı iqtisadi və coğrafi
bölgüyə əsasən Ağdam,
Ağcabədi, Füzuli, Cəbrayıl,
Qubadlı, Laçın və Xocalı rayonları ilə həmsərhəddir.
Bu rayon həm də tarixi
baxımdan çox əhəmiyyət kəsb
edir. Çox təəssüf
ki, Sovet dönəmində
Hadrud deyilən rayonda
əslində 20 min əhali
yaşamırdı. Ancaq bu
boyda ərazi yüz
illərdir bir ovuc erməninin
nəzarəti altında olub. Halbuki Azərbaycanda elə kənd var ki, onun
əhalisi Hadrud rayonunun
əhalisindən çoxdur. Həm də
bu rayonun misilsiz sərvətləri istifadəsiz
qalırdı. Bu nə dərəcədə
ağlasığmaz məsələdir? Axarlı-baxarlı
yerləri, Xonaşen, Qozluçay,
Quruçay, Köndələnçay kimi çayları və yüzlərcə
bulaqları vardır. Eyni zamanda
rayon ərazisində Bağırxan,
Qırmızıbazar, Mədə bulağı, Baba bulağı adlı istirahət guşələri
minbir dərdin dərmanı
sayılırdı.
Bir
sözlə, bu zəngin sərvətli, möcüzəli təbiətli
Xocavənd rayonu 1992-ci il oktyabr ayının 2-də erməni
və rus silahlı birləşmələri tərəfindən
işğal edildi. Murdar düşmənlə
inadlı ölüm-dirim mübarizəsi
getdi. Rayonun hər
qarış torpağı uğrunda gedən
döyüşlərdə yüzlərlə igid
ərənlər qan tökdü.
Neçə-neçə şəhidlər verildi.
Qeyri-bərabər döyüşlərdə bu rayonun bütün
müsəlman əhalisi uşaqdan tutmuş böyüyə qədər, pirani qocalardan tutmuş ağbirçək analarımıza
qədər, qızlarımızdan tutmuş
gəlinlərimizə qədər, hamı döyüşdü,
vuruşdu. Lakin, son
nəticədə ağır fəlakətlərlə
üzləşdik. Çətin və dözülməz məcburi-köçkün,
qaçqın və didərginlik həyatı başladı.
İşğal nəticəsində azərbaycanlılar
yaşayan 10 böyük
kənddə 1733 yaşayış evi, 47
sənaye, 144 kənd təsərrüfatı obyekti, 17 təhsil müəssisəsi, 4 məktəbəqədər
tərbiyə ocağı, 32 səhiyyə, 59 mədəniyyət
ocağı, 10 tarixi abidə yerlə-yeksan
edildi. Erməni vandalları tərəfindən
viranəyə çevrildi. Ən dəhşətlisi
budur ki, yaşı
100 illərlə ölçülən gorgahlarımıza od vurdular. Qəbir
daşlarımızı söküb
apardılar. Bizə milli
gözdağı çəkdirdilər. Əlbəttə, bunlar heç də
cavabsız qalmayacaq. Bunu
bizim milli qeyrətimiz,
milli ruhumuz, müqəddəs
amalımız və ulu xalqımız deyir. Bunlardan əlavə 12 rabitə qovşağı, 341 kilometr uzunluğunda avtomobil yolları, 32 körpü,
42 su anbarı, 316 kilometr
uzunluğunda iri su kəməri dağıdıldı. 1202 hektar meşə sahəsinin qiymətli
palıd, çökə, qoz və
fıstıq ağacları doğrandı, Ermənistana və
xarici ölkələrə
daşınıb, tikinti
materiallarına və mebellərə çevrildi.
30 oktyabr 1991-ci il
tarixdə rayonun azərbaycanlılar yaşayan Tuğ və Salakətin
kəndləri, 15 noyabrda Xətai kəndi,
19 noyabrda Xocavənd kəndi, 1992-ci il yanvarın 9-da Haxullu kəndi
işğal edildi.
1992-ci
il fevralın 17-də ermənilər Qaradağlı kəndində
misli görünməmiş vəhşiliklər törətdi.
Kənd əhalisinin böyük
əksəriyyətini xüsusi
amansızlıqla qətlə yetirərək əsl
soyqırım törətdilər. 1992-ci il
oktyabr ayının 2-də Əmirallar,
Muğanlı, Kuropatkin kəndləri,
1993-cü il 23 iyul
tarixdə Günəşli kəndi erməni silahlı
qüvvələri tərəfindən tamamilə yerlə-yeksan
edildi.
Bütün
bunlar hələ rayon əhalisinin döyüş əzmini,
mübarizlik amalını qıra bilməmişdi. Qaradağlı kəndində baş
verənlər bizə əsas verir ki, biz öz
döyüş gücümüzü
bir daha ovxarlayaq, öz iradəmizə
inanaq, hər dəqiqə qisas
andına sadiq qalaq. 4 ay mühasirədə qalan
Qaradağlı kəndi 91 nəfər şəhid vermiş və onlarca insan itkin düşmüşdü.
Xocavəndlilər isə ümumiyyətlə, 145 nəfər
şəhid vermiş, rayon
əhalisinin 50 nəfərindən biri həlak
olmuşdur. Məhz Xocavənd rayonun əhalisindən təşkil edilmiş özünümüdafiə taborunun apardığı döyüşlər
nəticəsində Dağlıq Qarabağın Xocavənd rayonunun bir hissəsi
düşməndən azad edilmişdir.
Bu
gün yaradılmış Xocavənd rayonunda məcburi-köçkünlərin
həyat tərzi öz axarı ilə davam edir. İnsanlar üçün müasir
səviyyədə bütün infrastrukturlara malik olan qəsəbələr tikilib
və tikilir, rayonun mərkəzi
böyüyür. Əhali bütöv halda özləri
üçün müvafiq gün-güzaran
yaradıblar. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin
böyük diqqət və
qayğısı nəticəsində Xocavənd rayonundan olan məcburi-köçkünlər
və qaçqınlar üçün
Beyləqan rayonu ərazisində hər cür şəraitə malik
olan geniş qəsəbə
salınmışdır. Həmin qəsəbənin
2008-ci il 4 oktyabr tarixli açılışında Prezidentimizin iştirak etməsi
və rayon sakinləri ilə səmimi görüşü xocavəndlilər tərəfindən
minnətdarlıq hissi ilə
xatırlanır və rayon əhalisinə
göstərilən bütün
qayğılar külli halda
dövlətimizin qayğısı hesab
edilir. Bu qayğı
və diqqətin nəticəsində Xocavənd sürətlə
inkişaf edir və əhali
böyük ümidlərlə, yurda qayıdış ruhunda
yaşayırlar.
Göründüyü kimi Xocavənd rayonu böyüyür və yaşayır. Onun doğma vətən amallı övladları əzmkarlıqla çalışırlar. Onların mübarizlik əzmi qat-qat möhkəmdir. Rayonda yaradılmış bütün əzəmətli binalarla təhsil və səhiyyə obyektləri ilə, qaçqınlar üçün salınmış böyük qəsəbələrlə, mədəniyyət və məişət obyektləri ilə haqlı olaraq fəxr edirlər. Bu rayonda yaşayan insanlar və xalqımız bilir ki, müharibə nə deməkdir? Müharibə göz yaşı, itkilər ağrısı, acı ölüm-olum fəryadı, viranəlik, fəlakət və faciədir. Lakin böyük Səməd Vurğun demişkən:
Bilsin ana torpaq, eşitsin
vətən,
Müsəlləh əsgərəm mən də bu gündən.
Bax, biz də
müharibə istəmirik. Ancaq müqəddəs
vətənimizin bütövlüyü
naminə döyüş
bayrağımızı qaldırıb,
hər dəqiqə torpaqlarımızı azad
etməyə hazırıq.
Prezidentimiz cənab İlham
Əliyev bütün
bəyanatlarında, bir
həqiqəti böyük
qürurla vurğulayır
ki, biz heç vaxt işğal olunmuş Qarabağımızın
bir qarış torpağını da düşmənə verə
bilmərik. Bu prezidentimizin son dərəcə
dəqiq, bütöv
müqəddəs amalıdır.
Biz ona və
xalqımıza inanırıq.
İndi Azərbaycan dövləti
iqtisadi və siyasi cəhətcən olduqca qüvvətlidir.
Haqq bizim tərəfdədir.
Ali Baş Komandanımızın
döyüş əmrini
gözləyən qüdrətli
ordumuz var. Sülh yolu ilə torpaqlarımız
alınmasa mütləq
öz gücümüz
və qətiyyətimizlə
torpaqlarımızı tezliklə
geri almalıyıq!
Xocavənd rayonunun bütün əhalisi inamlı və qətiyyətlidirlər. Xüsusən, ömrümün gənclik çağlarını torpaqlarımızın azadlığı uğrunda mübarizliyə həsr edən, xalqını ürəkdən sevən, dəfələrlə döyüş məqamında yaralanan, icra başçısı Eyvaz Hüseynovun ətrafında birləşən insanlar yekdildirlər. Mərkəzi şəhər xəstəxanasının tərəqqi medallı baş həkimi Ruhəngiz Bəşirova, təhsil şöbəsinin müdiri Şəfahət Yusifov, YAP-ın rayon təşkilatının sədri Məhəmmədəli Bayramov, rayon mədəniyyət və turizm şöbəsinin müdiri Ramiz Balakişiyev, Salakətin kənd orta məktəbinin direktoru Ramiz Rüstəmov, uşaq bağçasının müdiri Təranə Alışova və başqaları öz işinin öhdəsindən şərəflə gəlirlər. Səfərbər olub camaatda möhkəm inam yaradırlar. Onların hər biri öz işlərini qayıdış ruhu üzərində kökləyirlər. Ümumən, rayona baxışım çox işıqlıdır. İnsanları əzmkar gördüm. Ümidləri böyükdür. Onların hər biri, hər dəqiqə döyüş cənginə atılmaq əzmindədirlər. Onlar doğma yurd-yuvalarını xüsusi məhəbbətlə sevirlər. Bu vətən və gorgah sevgisidir. Bu müqəddəs, ata-baba gorgahına qovuşmaq həsrətidir.
Yolun ayrılır, ürəyim
ayrılmır. Bu torpaq
nəfəsli, bu doğma
od-ocaq həsrətli, dözümlü,
cəsarətli insanların üzlərində aydın həyat
işartıları parlayır. Həm də onlar
qəlbən küskün və
narahatdırlar. Çünki onlar ata-baba yurdlarından köklü ağac kimi qopardılıb atılanlardır. Minbir zəhmətlə tikib-yaratdıqları
ev-eşiklərindən qopublar,
yandırılıb külə dönmüş
evləri hər dəqiqə yuxularına girir.
İtirilmiş yurd
yerləri ümumi yaramız kimi göynəyir. Qəzəb seli hər dəqiqə onları silkələyir,
qana-qan deyirlər. Onlarla
ürəkdən şərik oluram. Vətən
dərdi böyükdür. Dözmək
çətin və amansızdır. İndiki
ev-eşiklərində nə qədər rahat
yaşasalar da
dağıdılmış ev-eşikləri, həyət və
bacaları yaddan çıxmır. Hər
gecə yuxu görürlər. Onların
ağrısını sadə misralardan bir azda poetik
deyimlərimə köçürmək istəyirəm.
Dözməz bu dəhşətə
şair ürəyi
Halal qazanılan duzu, çörəyi,
Tökdü burnumuzdan namərd
yağılar,
Qardaşım, yer çökər,
dağlar yarılar,
Göy yerə tökülər, dənizlər
susar,
Düşmən əvvəl -
axır qanı qusar.
Od kimi püskürər xalqım,
millətim
Misri qılınc kimi parlar qeyrətim!
O, vaxta az qalıb, hünər
övladı,
Başqadı torpağın, vətənin
dadı.
Ərənlər
böyüyür, yaxındı qisas
Bayrağın yanında qəzəbin
as!
O yanan ev-eşik, kösöv sənindi,
Əsir qız-gəlinlər
hayqırır indi!
Orda anamızın iyi-çəhrəsi,
Orda babamızın balta-dəhrəsi
Orda adicə bir Qarağan kolu,
Orda əsirlərin uzanan
qolu.
Orda daşlar üstdə qaralan qanın,
Orda ölüb keçən hər ötən anın -
Vətəndi qardaşım, qurbanın,
olum
Çatmaz o dağlara nə
əlim, qolum.
Orda yurdumuzun qoynu-qucağı,
Orda ölən evin
küncü, bucağı.
Orda evimizin sönən ocağı,
Orda qan çilənmiş torpağın, daşın
Orda İbadətin kəsdiyi başın
Altına qoyduğu kötük Vətəndi,
Bu Vətən
yurddaşım, dünyayla
təndi!
Orda gorgahımız, ruhumuz yandı.
Bax, orda hər məzar
bir ovuc qandı,
Tez ol, qəzəbini ovxarla, yetər,
Viran qalan yurdda bayquşlar ötər.
Gorgah, yurd ağrısı bizə deyir ki,
Didərginlik bizi silkələyir ki,
Qalxın, döyüş cəngi çalınmalıdır,
Vətənin qisası alınmalıdır!
Bəli, mən də xocavəndlilər kimi ümidlə yaşayıram. Mənim
yurdsevər, vətən
ürəkli xalqım!
Və Xocavənd rayonunun zəhmətkeş,
mətin el-obası, əzizlərim, doğmalarım,
yurddaşlarım, soydaşlarım!
Bir ovuc torpaq da,
bir qıxmıx daş da, bir
yovşan və qarağan kolu da bizə vətəndi.
Bütünlükdə hamımız bir
ağrılı, bir yaralı, bir arzu, ümidli insanlarıq. Biz o, əzəmətli yurdumuza,
ev-eşiyimizə, gorgahımıza
qayıtmaq əzmindəyik.
Orda axar sularımız, soyuq bulaqlarımız, ala
buludlarımız, yaz
yağışlarımız, çəmənimiz, çiçəyimiz,
gülümüz, gülüstanımız
bizi gözləyir.
Yollar yoxuşlarda ayaqsız ölür. Dağlar qolunu
açıb bizi bağrına basmaq istəyir. Evlərimiz ölsə də,
torpaq yerindədi.
Gorgahlarımız dağılsa da,
ruhlarımız diridir,
bizi səsləyirlər.
O, dağların arxasından
küləklərin əliylə
daranan analarımızın,
bacılarımızın qanlı
saçları öz
talelərini daşların
üstünə yazır.
Orda məsləkimiz buxovlanıb.
Getməliyik. İşığımız gur yansın.
Yolumuz işıqlansın. Yaramızın dərmanı o yerlərin
çiçəklərində, qan təpərində, kəklikotunda, soyuq-soyuq sularında, behişt havasındadır. Dözümlü və təpərli olaq. Qisas qılıncı qınında qalmaz. Məkrli düşmən qanmalıdır
ki, biz gəlirik.
Biz varıq, biz təpədən-dırnağa qəzəblə, topla-tüfənglə
silahlanmış qüdrətli
bir xalqıq. Biz
tarixik, biz inam və həqiqətik!
Ənvər Əhməd,
Azərbaycan Yazıçılar
Birliyinin
Qarabağ bölməsinin sədri,
fəlsəfə
doktoru, şair, professor
Ədalət.- 2011.- 30 iyul.- S. 12.