BU DAĞLAR
ÖLMƏYƏCƏK...
... Dağlara qalxanda, onun zirvəsində
dayananda dünya başqa cür görünür. Ordan
dünyanın bütün gözəlliklərini,
zərifliklərini, güllərini, çiçəklərini,
ormanlarını və ən nəhayət balaca-balaca
təpələrini görürsən. O zirvəyə qalxmaq elə də asan deyil. Dağların zirvəsinə yüksəlmək
üçün tər tökməlisən,
yıxılmalısan, durmalısan və topladığın gücün hesabına o
yerə çatmalısan. Heç də
hər adam dağın zirvəsinə ucala bilmir...
Dağlar
haqqında yazmağım bir təsadüflə
bağlıdır. Bu günlərdə
yaxın dostlarımızdan birinin
övladının toyu idi.
Təbii ki, hamı istəyir
balasının toy-düyünü daha gözəl, daha yaddaqalan və daha şən
olsun. Övlad toyunu görmək istəyən adamın sevincini təsəvvür etmək çətin
deyil. Hamı istəyir ki,
qızını köçürsün,
oğlunu evləndirsin və evinə gəlin
gətirsin. Həmin sevincli anları
yaşamağı hamıya arzulayırıq. Düzdür,
bəziləri sevincini gizlədə bilməyib
övlad toyunda
ağlayır da.
Biz görmüşük
ki, insanlar ağır
anlarda, kədərli məqamlarda
ağlayırlar. Ancaq toyda-düyündə
ağlamağınsa, oxucular məni
bağışlasın, özgə bir
özəlliyi var. Təki insanların
hamısı elə bir dəfə
ağlasın: o da övlad toyunda. Sevincdən
insanın gözü dolur
və onun gözünün
dərinliyində bir təlatüm hiss olunur. O təlatümü
görməmək, duymamaq və hiss etməmək mümkün
deyil. Böyük
yazıçı Seyran Səxavət deyir ki, insanın təkcə
dərddən ürəyi partlamır, həm də adamın
sevincdən ürəyi partlaya bilər. Ona görə də sevincini
başqaları ilə paylaşmalı, bölüşməlisən
ki, ürəyin boşalsın.
... Gör hardan gəlib, hara çıxdım.
Dağlardan başladım, gəlib
çatdım sevincdən
yaşaran göz yaşlarına. Axı, toydan
danışırdım. Borçalıların elədiyi toydan.
Yaxın dostum və gözəl ziyalı, şair təbiətli insan Vidadi Orucov dedi
ki, ola
bilsin ki, böyük şair də bu məclisə
təşrif buyursun. Böyük şair deyəndə o dəqiqə bildim ki, Vidadi müəllim
xalq şairi və həmişə də elin-obanın içində olan, onun sevincinə sevinən, kədərinə
şərik olan Zəlimxan Yaqubu deyir. Bir müddət keçdi,
toy daha da qızışmağa başladı.
Toyun şirin yerində şair göründü.
Öz əzəmətli, ağayana
və təmkinli yerişi ilə salona daxil oldu.
Təbii
ki, onun salona daxil olması
çox gözəl bir əhval-ruhiyyə, ovqat və aura yaratdı.
İlk
növbədə toyu aparan müğənni Elçin
Hüseynov şairə yaxınlaşdı və onu
salamladı. Elə həmin vaxtı
müğənni şairin "Bu yaşıl ağacın altı bizimdir" sözlərinə bəstələnmiş
mahnını ifa eləyirdi. İfa da insaf
naminə deyək ki, çox
gözəl idi. Həm
mahnının musiqisi şirin
idi, həm də sözləri çox səmimi səslənirdi.
Aydındır ki, musiqi
ilə söz bir-biri
ilə vəhdət olanda o
daha gözəl səslənir və
insanın iç dünyasına bir işıq gətirir...
Şair
Zəlimxan Yaqub yaxınlıqda oturan bütün
tanışları və eləcə də toyda iştirak eləyən
insanların hamısını salamladı. Bizdən
qabaqkı stolda yüksək vəzifəli
məmurlar əyləşmişdilər. Fikirləşdim ki, böyük şair elə onların yanında əyləşər.
Çünki onlar da çox
çalışırdı ki, Zəlimxan
Yaqub o stolda
otursun. Bizim stolda isə bir
neçə yazıçı, şair və
alim əyləşmişdi. Şair biz tərəfə
baxdı və birbaşa stola
yaxınlaşıb hamımız ilə öpüşüb
görüşdü. Sonra
da vəzifəli şəxslərə
üzürxahlıq elədi ki, bu stolda əyləşənlər
mənim qələm yoldaşlarımdı, ona görə də onların yanında oturacağam. Heç kimin xətrinə dəyməsin, çünki bu yazarlar mənim ürəyimə çox yaxın adamlardı. Şair
gəlib bizim stolun
yuxarı başında, elə mənim yanımda əyləşdi.
Bir daha böyük şairə bu
sadəliyə və səmimiyyətə görə hörmətim
qat-qat artdı. Onsuz da əvvəllər də onun
yaradıcılığına, şəxsiyyətinə və
səmimiyyətinə böyük
hörmətim olub. Ancaq
budəfəki hərəkəti bir daha onun böyük
insan olduğunu və
xalqın içindən çıxdığını təsdiqlədi.
Təsdiqlədi ki, Zəlimxan Yaqub heç də uca zirvəyə təsadüfən gedib çıxmayıb. O uca
zirvəyə gedən yol xalqın
içindən başlanğıc götürüb
və zirvədən də qayıdanda yenə xalqın
arasına qayıdır, onun iç dünyasını işıqlandırır.
Bundan da böyük xoşbəxtlik olarmı, hamı
sənə böyük hörmət bəsləyir,
diqqət yetirir və məhəbbət
göstərir. Ola bilər, böyük şair olasan, ancaq xalq səni sevməyə.
Amma Zəlimxan Yaqub həm
böyük şairdi,
həm də böyük insan.
Ən azından ona görə ki, o şair
həmişə xalqın içində olub,
onun dərdini-kədərini bir yerdə yaşayıb və sevincinə də
bir yerdə şərik olub.
Böyük şair yaxın vaxtlarda
Borçalıda olduğunu
danışdı. Dedi ki,
getdim doğma yurda, elə-obaya, ordan da Başkeçidə. Başkeçid
bu gün o qədər əzəmətli, o qədər uca və o qədər gözəldir ki,
ora gedən bir də geri dönmək istəmir. Havası təmiz,
suyu təmiz və ən nəhayət cənnət
bir məkana bənzəyir. Qalxdım dağlara dostlar məni
qarşıladı. Bir tərəfdə
yüksəkliklər, zirvədə qar
vardı, aşağıda isə isti
adamı bişirirdi. Məni görən dostlar çox sevindilər.
Dedilər ki, şair,
sən bu dağlara gəldin
bu dağlar ölməyəcək.
Demədilər ey, sən ölməyəcəksən,
dedilər ki, dağlar
ölməyəcək. Elə ən böyük
şair də, yazıçı da xalqın özüdü.
Mənim mayam və iç
dünyam həmin xalq
deyimlərindən, bayatılardan, qoşmalardan,
təcnislərdən, dodaqdəyməzlərdən,
dildönməzlərdən yoğrulub. Orda bir neçə gün qaldım və özümü
çox rahat hiss elədim. Ağrım-acım da olmadı. Bura gələn
kimi, yenidən bir balaca ağrımağa başladım.
Almaniyada
müalicə olunandan sonra həkimlər mənə dedi ki,
anadan olduğun yerə gedərsən, orda bir müddət
istirahət edib, dincələrsən. Onsuz
da həkimlər desə də, deməsə
də mən qədim Borçalıya, anadan
olduğum Kəpənəkçiyə,
eləcə də, Başkeçidə tez-tez
gedirəm. Getməyəndə də o
dağları, o ormanları, o bulaqları, o çəmənlikləri
yuxumda görürəm. Sonra
fikirləşirəm ki, nəyin
bahasına olursa-olsun Borçalıya getməliyəm,
Başkeçidə qalxmalıyam, ordan da dağlar məni
gözləyir. O yerləri gəzməliyəm...
Ümumiyyətlə,
Azərbaycan ədəbiyyatında çoxlu sayda istedadlı
şairlər, yazıçılar, aşıqlar olub. Bəlkə
də Zəlimxan Yaqubun Azərbaycan folklorunu bu qədər
gözəl, bu qədər dərindən
bilməsi elə onun
bağlandığı soy kökündən
gəlir. O kökdən ki, aşıq sənətinə,
folklor sənətinə və xalq deyiminə söykənib. Bir
bulaq kimi, bir çay kimi həmişə çağlayıb,
aşıb-daşıb və bu bulaq, bu çay
insanlara həyat verib,
dirilik suyu bəxş
edib...
Elə bir şair,
yazıçı tanımıram ki, Zəlimxan Yaqub qədər
klassik və müasir Azərbaycan şairlərinin şeirlərini
əzbərdən bilsin. Elə şair
var ki, öz
şeirini deyəndə sözün
qolunu, qılçını
sındırır və şeiri oxuculara elə təqdim edir
ki, o şeirdəki
lirikanı, poeziyanı və fəlsəfi fikri
hiss etmirsən. Amma Zəlimxan
Yaqub həmin şairin
şeirini o qədər
gözəl, o qədər ahənglə
və şirinliklə söyləyir ki, adam məəttəl qalır. Təbii ki, hər insanın sinəsi onun
qədər dolu ola
bilməz. O dolu sinəsindən gözəl
şeirləri və poeziya nümunələrini
həmişə insanlara paylayır. Özü də elə bir
şirinliklə, elə bir
doğmalıqla ki, o şeir insanın damarı ilə qanına, ordan ürəyinə, sonra
da beyninə axır. Bu
şeiri Zəlimxan Yaqubun
ifasında dinləyən insan bulaq kimi durulur,
apaydın olur və saflaşır...
Şair
bir balaca ağrıdığını dedi. Yanındakı dostları isə
ona təsəlli verib, bildirirdilər ki, qoy sənin
dərdin dağlara getsin. Şair isə kövrəldi və özünəməxsus
bir formada dedi ki, onsuz
da dağların dərdi çoxdur, mənim də dərdimi alsa bir az da qocalacaq. Bu
yaxınlarda yenidən
Almaniyaya gedəcəyəm.
Orda müayinə olunub vətənə qayıdacağam.
Yenə Borçalıya gedəcəm,
Kəpənkçiyə baş
çəkəcəm, ordan
da Başkeçidə
yollanacam. Axı, o uca
dağlar məni gözləyir. Mən özümü
heç vaxt uca dağsız, bulaqsız, ormansız, çəmənsiz, otsuz,
çiçəksiz təsəvvür
etməmişəm. Çünki
dağlarda həmişə
bulaq olub, çəmən olub, ot olub,
çiçəklər olub...
Uca dağların
başına qalxmaq asandır. Oğul odur ki, o uca dağların zirvəsinə qalxanda dayana bilsin, dursun və əvvəlki sadəliyini,
səmimiyyətini, bütövlüyünü,
kişiliyini və ağayanalığını qoruya
bilsin. Zəlimxan Yaqub uca dağların zirvəsinə
qalxıb və o sadəliyini, səmimiliyini
və ağayanalığını
qoruyub, saxlayıb.
Təkcə sözdə yox,
o həm də əməldə bütöv
şəxsiyyətli bir
dövlət xadimidir.
Zəlimxan Yaqub uca dağların başında necə vüqarla dayanıbsa, xalqın içinə gələndə həmin
sadəliyi və səmimiliyi qoruyub saxlayır...
Heç
vaxt uca zirvədən o insanlara, dostlara, tanışlara, onu sevənlərə
yuxarıdan aşağı baxmayıb. Ən kasıb adamın toyuna belə dəvət olunanda ürəklə gedib, orda ürəklə iştirak edib və ürəklə də sözlər deyib. Elə bizim də oğlunun toyunda iştirak etdiyimiz toy sahibi kasıb bir adam idi.
Bəlkə də toy sahibi
ömründə bu qədər sevinməmişdi.
Zəlimxan Yaqub şadlıq
sarayının salonuna
daxil olanda toy yiyəsinin sevincindən gözləri yaşardı.
Dedi ki, elə bir dünyanı
mənə verdilər.
Belə bir böyük şair mənim kimi kasıb və sadə bir adamın
toyuna gəlirsə, orda iştirak eləyirsə, ürək
sözlərini deyirsə
və sonra da qol qaldırıb
oynayırsa, bu toyda bundan böyük,
bundan qiymətli və bundan yaddaqalan hadisə ola bilməz.
Bu mənim üçün
ən böyük hədiyyədir...
Vaxtı ilə böyük şair Səməd Vurğun da həmişə rayonlara, kəndlərə gedəndə
kasıb adamların qapısını açıb,
qonağı olub, onların sevincinə şərik çıxıb. Bax onda da kasıb
adamlar bu cür böyük ürək sahiblərini görəndə kasıb
olduqlarını unudub
və fikirləşiblər
ki, dünyanın ən varlı adamı Səməd Vurğun onların qapısını açıbsa,
onlar kasıb deyillər, onlar dünyanın ən varlı adamlarıdır.
Günlərin birində Səməd
Vurğun bizim kəndə də gəlib çıxıb.
Görüb ki, kənddə
kolxoz sədrinin maşını yoxdur, at minir. Kolxoz sədri Nuğay kişi Səməd
Vurğunun qeyri-adi hərəkətinə məəttəl
qalır. Böyük şair öz
"Pobeda"sını ona
bağışlayır. Deyir ki, qoy sizin
kənddə də bir maşın olsun. Dünyanın işini bilmək
olmaz, çətinə
düşərsiniz və
təcili harasa gedərsiniz, onda at köməyinizə çatmayacaq,
"Pobeda"dan istifadə
eləyərsiniz. Gəlin
gətirəndə, toy eləyəndə
bizim kənddə çox vaxtı rəhmətlik Səməd
Vurğunun Nuğay kişiyə bağışladığı
"Pobeda"nı bəzəyərdilər. Amma
Nuğay kişi
utanardı, gəlin gətirməyə getməzdi.
Yaxınlarından birinə
deyərdi ki, maşını sən sürərsən və gedib filankəsin toyunda iştirak eləyərsən, gəlini
də gətirərsən...
Bu epizodu onu görə xatırladım ki, Zəlimxan Yaqub da imkansız adamların qapısını açır, toyunda iştirak eləyir, xeyir-dua verir. İmkansız adamlar onu qapılarında görəndə, şadlıq saraylarına girdiyini hiss edəndə elə bil ki, dünyanı onlara bağışlayırlar və bu kasıb adamlar sevincindən göyün yeddinci qatında özünü hiss eləyir. Hiss eləyir ki, böyük şair Zəlimxan Yaqubun onların qapısına gəlməyi ilə dərdləri yüngülləşib və sevincləri çoxalıb. Allah-Təala bu böyüklüyü və bu ucalığı böyük şair Zəlimxan Yaquba çox görməsin. Şair qardaş, Allah səni həmişə qorusun və ucalıqda saxlasın. O ucalıqdakı işığın, nurun səni sevənlərin, səni istəyənlərin üstünə düşsün...
FAİQ QİSMƏTOĞLU
Ədalət.- 2011.- 30 iyul.- S. 14.