Timuçin Əfəndiyev: "Bu, bir vicdan məsələsidir"

 

"50 ildə bir Ədil İsgəndərov, Səttar Bəhlulzadə tapıb ortaya çıxara bilsək çox böyük bir iş görmüş olarıq"

 

Əfəndiyev Timuçin İlyas oğlu 1945-ci ildə tanınmış ictimai xadim, xalq yazıçısı İlyas Əfəndiyevin ailəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra o, 1963-cü ildə Bakı Dövlət Universitetinin Şərqşünaslıq fakültəsinə daxil olub. 1977-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində işləyir. Əvvəlcə baş müəllim, sonra dosent vəzifəsini tutub, 1987-ci ildən isə professor elmi dərəcəsinə layiq görülüb. 1978-ci ildən 1987-ci ilədək fakültə dekanı olub. 1987-ci ildən Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin rektorudur. O, 1998-ci ildə "Romantik dramaturgiyada tarixilik və bədiilik" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.   

O, Azərbaycanda və xaricdə nəşr olunmuş bir çox kitabın, monoqrafiya və elmi məqalələrin müəllifidir. Timuçin Əfəndiyev 2005-ci ildə mədəniyyət və təhsil sahəsindəki xidmətlərinə görə "Şöhrət" ordeni ilə təltif olunub. İngiltərənin Kembric Universitetinin Beynəlxalq Biblioqrafik mərkəzi professor Timuçin Əfəndiyevi "2005-ci il dünyanın aparıcı pedaqoqu" nominasiyasına layiq görüb. Akademik Yusif Məmmədəliyev adına mükafatın laureatıdır. Evlidir. Bir qızı, bir oğlu var.  

"Ali ünvanların təmsilçiləri" rubrikasının bu dəfəki qonağı Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin rektoru, tanınmış alim, nüfuzlu pedaqoq Timuçin Əfəndiyevdir.   

Yəqin vaxt azlığındandır ki, o, nadir hallarda müsahibə verir. Baxmayaraq ki, deməyə sözü çoxdur. Elə bu müsahibədə də sözlərin hamısını deyə bilmədi.  

- Timuçin müəllim, səhv etmirəmsə, Siz Bakı Dövlət Universitetinin şərqşünaslıq fakültəsini bitirmisiniz...  

- Bəli, ərəb filologiyası üzrə.  

- Bu sahə ilə praktiki məşğul olmamısınız. İndi yadınızda nəsə qalıb?  

- Bir az qalıb. Doğrudur, universiteti bitirəndə də ərəb dramaturgiyasından müdafiə etmişəm. Amma ondan sonra bir qədər komsomolun mərkəzi komitəsində işləmişəm. Sonra Nizami adına Ədəbiyyat İnstitutunun ədəbiyyat nəzəriyyəsi üzrə aspiranturasına qəbul olmuşam. Orada da mən dramaturgiya ilə məşğul olurdum. Ərəb filologiyasını öyrənməyimin mənə Hüseyn Cavid dramaturgiyasını tədqiq edəndə böyük köməyi oldu. Hüseyn Cavid dramaturgiyası ilə bağlı kitabım da onda nəşr olunub.  

- O vaxt Hüseyn Cavidə bəraət verilmişdi?  

- Tam verilməmişdi. Söhbət 1972-ci ildən gedir. Mən müdafiə edəndə hələ "Topal Teymur", "Peyğəmbər" əsərləri nəşr olunmamışdı və buna icazə verilmirdi. Qeyri-təvazökarlıq olmasın, dissertasiyamda "Topal Teymur", "Peyğəmbər" əsərlərinə geniş yer vermişdim və hətta müdafiədə Əziz Mirəhmədov dedi ki, Topal Teymur əzazil olub. Mən də cavabında dedim ki, Napoleon ondan da əzazil olub, amma haqqında 650-dən çox roman yazılıb. Eyni ilə "Peyğəmbər" pyesi haqqında da müəyyən iradlar oldu, xüsusilə din məsələsini qabardırdılar. Bu iradlardan sonra mən də öz arqumentlərimi ortaya qoydum. Dedim ki, əvvəla Hüseyn Cavid bu obraza tamamilə başqa cür yanaşıb. Çəyirtkə yeyən bədəvi ərəbləri birləşdirib böyük bir imperiya yaradan, Allahın dini kitabını-Quranı insanlara bəxş edən bir adamı necə inkar etmək olar? Açığı müdafiə çox maraqlı keçdi. İkincisi, o vaxt ideologiya tamam başqa idi. Mənim elmi rəhbərim də Məmməd Cəfər müəllim idi. O da olduqca yüksək mədəniyyətli, savadlı bir insan kimi tanınırdı. O, məni dəstəklədi və müdafiədən yaxşı keçdim. Nizami adına Ədəbiyyat İnstitutunda çox görkəmli alimlər işləyirdi. Onların qarşısında söz demək bir o qədər də asan deyildi.  

- Uzun illərdir ki, Mədəniyyət və İncəsənət Universitetinin rektorusunuz. Özünüzü daha çox alim, yoxsa, məmur kimi hiss edirsiniz?  

- Hazırda daha çox məmuram.  

- Gənclik illərində fəaliyyətə başlayanda necə fikirləşirdiniz?  

- Açığı heç düşünmürdüm ki, məmur olacam. Çox böyük məmnuniyyətlə görməyi planlaşdırdığım işlər vardı və onların üzərində işləyirdim də. Amma həyat elə gətirdi ki, bu instituta işə dəvət olundum. O vaxt İncəsənət İnstitutu üçüncü kateqoriyalı bir ali məktəb idi. Cəmi iki fakültəsi, az sayda tələbə heyəti var idi. İnstitutun rektoru Aslan Aslanov məni prorektor vəzifəsinə təyin etdi. Sonra Aslan müəllim Elmlər Akademiyasına keçdi və mən 1987-ci ilin aprelindən rektor təyin olundum.

- Bu yenidənqurma, yeni dalğanın gəlişi ilə bağlı idi?  

   - Xeyr. Onda Kamran Bağırov Mərkəzi Komitənin birinci katibi idi. Mənim namizədliyimi isə şəxsən Heydər Əliyev Moskvada Baş nazirin birinci müavini olarkən vermişdi. Məhz onun namizədliyi ilə mən bu vəzifəyə təyin edildim.  

- Azərbaycanda İncəsənət İnstitutuna münasibət birmənalı olmayıb. Siz belə bir dövrdə bura gəldiniz. Gözünüzün qarşısında nə dəyişib?  

- Bu maraqlı sual olduğu üçün geniş danışmaq istəyirəm.  

- Buyurun.  

- O vaxt Moskvada da Şukin, Şepkin məktəbləri yaranmışdı. Onların anoloqu kimi Şövkət Məmmədova Xalq Maarif Komisarlığına təklif etmişdi ki, Azərbaycanda da teatr məktəbi yaradılmalıdır. Bu məktəb heç orta savad da vermirdi. Burada Cəfər Cabbarlı, Tuqanov, Rza Əfqanlı və başqa görkəmli sənətkarlarımız dərs deyib. Mənim rektorluğum dövründə isə üçüncü dərəcəli ixtisaslaşmalarla birlikdə altı yeni ixtisasda kadr hazırlayan bir ali məktəbə çevrilib, çoxlu yeni ixtisaslar açılıb. O zaman ixtisas açmaq son dərəcə çətin idi. Çünki bunları Moskvada Dövlət Plan Komitəsi təsdiq etməli idi. Mən gedib Moskvada bunları təsdiq etdirirdim. O vaxtlar kino rejissorluğu, xoreoqrafiya, balet Azərbaycanda yox idi və ona görə də gedib Moskvada oxuyub gəlirdilər. İndi fikirləşirəm ki, əgər mən onları 80-ci illərin axırında açmasaydım müstəqillik dönəmində vəziyyət necə olardı. Amma bu gün ölkənin bütün televiziyalarında, mədəniyyət ocaqlarında bizim məzunlarımız çalışır. Eldar Quliyev, Oqtay Mirqasımov və digər görkəmli kinorejissorları işə dəvət etdik. Rəssamlıq üzrə ixtisas açdıq. Hələ 1982-ci ildə Heydər Əliyevin təşəbbüsü ilə heykəltaraşlıq, rəngkarlıq və rəsm şöbələri açılmışdı. Ondan sonra biz dizayn, modelyer, reklam şöbələrini yaratdıq.  

- Bu ixtisaslar üzrə dərs deyən kadrları hardan dəvət edirsiniz?  

- Təbii ki, biz bu şöbələri elə-belə açmırıq. Əvvəlcə onların tədris planı, proqramı, kadrları olmalıdır. İlk dövrlərdə bəzi dövlətlərdən dəvət edirdik. Bununla da öz kadrlarımızı yetişdirirdik.  

- "Sevil" kinoteatrının yanında rəssamlıq fakültəniz vardı. İndi də o durur?  

- Bəli, həmin rəssamlıq fakültəsi yenə də orada durur, amma maddi-texniki bazası bir az da yaxşılaşıb. Orada rəssamlıq fakültəsindən əlavə musiqi fakültəsi açılıb. Düzdür, bu, bizdə əvvəllər də vardı və maestro Niyazi, Rəhilə Cabbarova da burada işləmişdilər. Azərbaycan müğənnilərinin 90 faizi həmin fakültəni bitirib. İslam Rzayev, Arif Babayevdən tutmuş bir çox tanınmış xanəndələr bizdə təhsil alıb. Alim Qasımovu mən qəbul etmişəm. Səkinə İsmayılova, Mələkxanım Əyyubova bizim institutu bitiriblər. Sonradan mən bunu fakültə şəklinə saldım. Hazırda o çox böyük samballı fakültədir. Müsiqi nəzəriyyəçiləri, nəzəriyyə ixtisası, xalq çalğı alətləri, vakal, muğam orada fəaliyyət göstərir. Hətta, mən respublikada ilk dəfə olaraq aşıq sinfi açdım. Bəzən buna qarşı təzyiqlər olurdu. Hələ mən balet sinfi açanda Mədəniyyət Nazirliyi onu müqavimətlə qarşıladı ki, nazirliyin tərkibində texniki peşə məktəbi var və yenisini açmağa nə ehtiyac var. O vaxt Qəmər Almaszadə və digər ən yaxşı balet ustalarını dəvət etdik. Eyni zamanda universitetin elmi sambalını artırmaq üçün bir sıra nəzəri ixtisaslar açdıq. Hazırda sənətşünaslıq, kinoşünaslıq, ekran dramaturgiyası, ədəbi iş kimi ixtisaslar var. Bizim görkəmli sənət adamlarımız, yazarlar orada dərs deyirlər. Azərbaycanda ilk dəfə kulturologiya ixtisasını da biz yaratmışıq. Onu da deyim ki, Bakı Dövlət Universitetindən sonra bizim universitetimiz 38 ixtisas üzrə kadr hazırlayan ikinci ali məktəbdir. BDU-dan sonra universitet statusunu da biz almışıq.  

- Niyə bəzi universitetlərə müstəqillik statusu veriblər, bəzilərinə yox? Axı muxtariyyət verilərkən tarixilik nəzərə alınır...  

- Bəli, tarixilik baxımından universitetlərin muxtariyyət statusu alması məsələsi var. Amma müstəqilliyin bəzilərinə şamil olunması, bəzilərinin isə kənarda saxlanması düzgün hal deyil. Bizim universitetin 90 illiyi yaxınlaşır. Hazırda bizdə 38 ixtisas üzrə 2200-dən çox tələbə təhsil alır. Beynəlxalq standartla incəsənətdə təhsil alan bir tələbə başqa universitetdə oxuyan 8 tələbə ilə bir kafisentdə götürülür. Yəni müəllimlər tələbə ilə fərdi işləyir. Deməli, burda 2 min tələbə varsa, onu 8-ə vuranda 16 min tələbə olur.   

- Bu bir həqiqətdir ki, bəzi ali məktəb tələbəsinin üzdə olması elə böyük mahiyyət kəsb etmir. Amma sizin tələbələriniz də, məzunlarınız da göz qabağında olmaları ilə fərqlənir. Niyə son illər parlaq simalar yetişmir?   

- İstedad Allah vergisidir. İstedadı qəlibə salıb düzəltmək mümkün deyil. Biz yalnız istiqamət veririk. 50 ildə bir Ədil İsgəndərov, Səttar Bəhlulzadə tapıb ortaya çıxara bilsək çox böyük bir iş görmüş olarıq. Rəssamlıq fakültəsinə 1000 nəfər qəbul etməlisən ki, onların içərisindən bir Səttar çıxsın.  

- Test məsələsində siz bunları əsas məqsəd kimi qoyursunuz?  

- Test digər fənlərdən imtahan baxımından işimizi yüngülləşdirir. Qabiliyyət imtahanını isə biz özümüz aparırıq. Təbii ki, müasir dövrdə hər bir rəssamın, aktyorun, rejissorun da intellektual səviyyəsi yüksək olmalıdır. Amma bir həqiqət də var ki, istedadı olanların istedadı bir istiqamətə yönəlir. Yəni onun vaxtı və imkanı olmur ki, bir qəzet, kitab oxusun. Səttar Bəhlulzadə əgər bir ərizə yazsaydı, əlli səhvi olardı. Lətif Kərimov bizdə işləyirdi, ərizə yaza bilmirdi. Amma böyük xalçaçıydı. Böyük sənətkarların əksəriyyəti belə olur. İsmayıl Dağıstanlının özü. Aslan müəllim mənə dedi ki, sən bir az demoqoqluq elə, İsmayıl müəllimi kafedra müdiri keçir. Çünki adı vardı, SSRİ xalq artisti idi.

- Lenin obrazını oynamış şəxs idi...  

- Bəli. Məmmədəli müəllim vardı. O, da bir az qəribə adam idi. Məmmədəli müəllim dedi ki, İsmayıl müəllim, siz bura gəlirsiniz, çox yaxşı. Aktyorsuz, hamının da sizə hörməti var, bəs nədən dərs deyəcəksiniz? İsmayıl müəllim də bilmir axı nədən dərs deyəcək. İsmayıl müəllim birdən dedi ki, "Ə Məmmədəli, demaqoq suallar vermə. Mən hər şeydən dərs deyəcəm". Mən də dedim ki, İsmayıl müəllim aktyor, rejissor sənətindən, səhnə danışığından, teatrın tarixindən də dərs deyə bilər. Savad məsələsinə gəldikdə, Alim Qasımov qəbul olunanda test olsaydı o bəlkə də kənarda qalardı.   

- Hollivud ulduzlarının da çoxu bəlkə də heç testdən keçə bilməz...  

- Bəli. Test istedadın, savadın göstəricisi deyil. Əzbərçiliyin göstəricisidir, amma bu qanundur və biz ona qarşı çıxa bilmərik. O ki qaldı yuxarıda qeyd etdiyim universitetlərin müstəqilliyi məsələsinə, bütün dünya aləmində təhsil qrumları arasında da ən yüksək status da universitetdir. Hər bir universitet üçün də status eyni olmalıdır. Müstəqillik varsa, bu, çox yaxşı.   

- Müstəqillik əldə etməklə universitetlər nə edəcəklər?  

- Adicə bir misal çəkim. Maliyyələşmə məsələsini götürək. Bu yaxınlarda Qazaxıstanın Alma-Atı şəhərində gözəl bir beynəlxalq festival keçirildi. Bizim bir tələbəmiz-Murad Muradov həmin festivalda qalib gəlib laureant oldu. Mən həmin festivala sərf olunan maliyyənin haradan əldə olunması ilə maraqlandım. Həmin maliyyənin universitetin öz hesabına olduğunu dedilər. Bu təqdirolunan haldır. Biz də teatr festivalı keçirməliyik. Bunun üçün mən Təhsil Nazirliyinə müraciət etdim. Sağ olsunlar nazirlik bunun əhəmiyyətli məsələ olduğunu bildirdi. Amma bu proses necə gedir? Məktub üç ay Təhsil Nazirliyində qalır, sonra Nazirlər Kabinetinə göndərilir və orda da üç ay qalır. Oradan da Maliyyə Nazirliyinə göndərilən məktub üç ay da orda qalmalı olur. Belə olan halda görürsən ki, festival öz əhəmiyyətini itirdi. Heç olmasa altı ay əvvəldən İnternet vasitəsilə festivalla bağlı bildiriş verməlisən ki, onlar da mövzunun nədən ibarət olduğundan xəbər tutsunlar, öz təkliflərini göndərsinlər, iştirak edəcəklərini bildirsinlər. Muxtariyyət olanda isə birbaşa maliyyələşmə məsələsi həll olunmuş olur. Bu işləri də asanlıqla yoluna qoymaq mümkündür.  

- Xaricdə kamplar var və hər bir universitet ayrıca bir şəhəri xatırladır. Tutaq ki, Azərbaycanda da hökumət hər bir universitet üçün şəhərdən kənarda kamplar tikilməsi üçün maliyyə vəsaiti ayırdı. Biz buna hazırıq?   

- Məncə biz buna hazırıq. Bu yaxınlarda prezident insan kapitalını intellektual kapitala çevirməyin vacibliyini bizim qarşımızda mühüm vəzifə kimi qoyub. Bu çox doğru və son dərəcə lazım olan fikir, göstərişdir. Bu işlə məşğul olan təşkilatlar da onu düzgün qiymətləndirməlidir. Bizim universitet Azərbaycanda yeganə ali təhsil məktəbidir ki, incəsənətin bütün sahələrini-həm nəzəri, həm də əməli ixtisaslar üzrə kadr hazırlayır. Dünyada sayılan Avropa Liqasının üzvüyük. Qazaxıstanda olarkən Beynəlxalq İncəsənət ali Məktəbləri Rektorlar Şurası yaradıldı və mən də üzv seçildim. Demək istəyirəm ki, universitetimizin beynəlxalq nüfuzu var və əlaqələrimizi də genişləndiririk. Baxmayaraq ki, maddi-texniki bazamızda çatışmazlıqlar çoxdur, amma mən xarici ölkələrlə deyil, universitetimizi MDB məkanı ölkələri ilə müqayisə etmək istəyirəm. Bəzi ölkələrdə bu cür ali məktəblərin çox gözəl studiyası, montaj sexləri var. Niyə bizdə də olmasın? Axı bizim maddi imkanlarımız da var.   

- İntellektual insanlar hər zaman olub və ən qiymətli kapital da intellektual kapitaldır...  

   - Akademik Ramiz Mehdiyevin "Azərbaycanın inkişaf modeli" kitabı çıxıb. Bu kitabdakı fikirlər çox xoşuma gəldi. Bildirilir ki, kadrları xaricdə təhsil almağa göndərmək lazımdır. Vaxtı ilə Heydər Əliyev də gəncləri SSRİ məkanında təhsil almağa göndərirdi. İndi isə gənclərimiz dünyanın müxtəlif ölkələrinə göndərilir. Bu prosesi də bir təşkilat icra edir. Amma bu belə olmamalıdır. Göndəriləcək uşaqlar üçün nəzərdə tutulan vəsait təmsil olunduqları universitetin büdcəsinə keçirilməlidir.   

- Tutaq ki, bu səlahiyyəti verdilər sizə. Kim təminat verə bilər ki, sabah kiminsə dostunun, qohumunun oğlunu, qızını və yaxud da savadsız birini xaricə göndərməyəcəksiniz?  

- Nə TQDK-ya, nə Təhsil Nazirliyinə, nə də Timuçin Əfəndiyevə o təminatı vermək olar. Bu ancaq vicdan məsələsidir. Xalqına, mədəniyyətinə, incəsənətinə xidmət etmək istəyirlərsə, onda ədalətli olmalıdırlar. Amma biz bilirik ki, obyektiv şəkildə tələbələr imtahan verərək Təhsil Nazirliyi tərəfindən xaricdə təhsil almağa göndərilirlər. TQDK-ya da şübhəm yoxdur. Söhbət ondan gedir ki, mənim universitetimin təlabatı üçün lazım olan kadrı mən və kollektivim bilir. Mənə lazım olan kadrı heç bir məmur bilə bilməz. Bizdən isə bu barədə nə sifariş alan, nə də təklif gözləyən var. Heç olmasa desinlər ki, biz vəsait ayırmışıq, sizə hansı ixtisaslar üzrə kadr lazımdır onları müəyyənləşdirin.  

- Bəs, bu məsələni nazirlik qarşısında qaldırmırsınız?  

- Əlbəttə. Nazirliyə də deyirik, aidiyyəti qurumlara da. Bu elə bir məsələdir ki, onu kompleks həll etmək lazımdır. Universitetlərə müstəqillik verilmir, onda gərək birdəfəlik bunlar nəzərə alınsın.   

- Bugünkü tələbələrin arasında parlaq simalar görürsünüz? 60-cı illərdə İlyas Əfəndiyevin əsərlərində 18 yaşında baş rolları ifa edən Amaliya Pənahova kimi gənclər var idi...  

- İstedadlar həmişə olub, olacaq da. Bu yalnız cəmiyyətdə gedən proseslərlə bağlıdır. Bu gün hanı bizim tərcümə ədəbiyyatımız? Vaxtılə biz xarici ədəbiyyatların hamısını Azərbaycan dilində oxuyurduq. İndiki gənclik isə heç Səməd Vurğunu tanımır. Mən 70-80-ci illərdəki gənclərin intellektual səviyyəsi ilə indikiləri müqayisə etməzdim. Çünki heç müqayisəyə gəlməz və bəlkə də indikiləri o vaxtkı baxça uşaqları, 2-ci sinif şagirdləri ilə müqayisə etmək olar. Nə üçün? Götürək telekanallarımızı. Televiziya proqramları Rusiyanın primitiv verilişlərinin ifrat dərəcədə bayağı formada eyni ilə təkrarlayır, tamaşaçıların dünyagörüşünün formalaşmasında mənfi rol oynayır. Belə olan halda hansı zövqdən söhbət gedə bilər? Yenə Heydər Əliyev Fondu sağ olsun ki, bizim muğamımızı, xalq sənəti nümunələrini diqqətdə saxlayır. Bütün bunlar çox böyük hadisədir. Millətin mədəni səviyyəsi o vaxt qalxar ki, onun ədəbiyyatı oxunar. İndi də ən gözəl romanlar yazılır, amma ən yaxşı halda 2 min tirajla nəşr olunur. Onu da oxuyan yoxdur.

- Halbuki vaxtılə 60-70 min tirajla nəşr olunan kitabları tapıb oxumaq olmurdu...  

- Hətta 100-200 min tirajla nəşr olunan kitabları biz tapa bilmirdik və hamı bir-birindən alıb oxumalı olurdu. İndi müəllimlərimiz həmin kitabları gətirib universitetlərə verirlər ki, evdə onsuz da yer tutur. Bu faciədir. Ona görə də ilk növbədə mədəni səviyyənin qaldırılması üzərində çox ciddi işlər görülməlidir. Bu mənada Heydər Əliyev Fondunun Bakıda yaxınlarda keçirdiyi beynəlxalq teatr festivalı böyük hadisə idi. Mən bir rektor olaraq bundan olduqca razıyam.

- Tədris Teatrında işlər necə gedir?  

- Bizim "Elmlər Akademiyası" metrosunun yaxınlığında bir yerimiz vardı. Biz orada heç kəsin köməyi olmadan öz vəsaitimiz hesabına Tədris Teatrı tikdik. İndi orda ildə 19 tamaşa hazırlayırıq. Amma Akademik Milli Teatr ildə heç 5 tamaşa hazırlaya bilmir.   

- O vaxt Tofiq Kazımov gəlib Tədris Teatrından tələbələri seçib teatra işə aparırdı...  

- İndi gərək yeni bir Tofiq Kazımov yetişsin.   

- Boloniya sisteminin tətbiqi prosesi necə həyata keçirilir? Bizim təfəkkürümüz ona hazırdırmı?  

- Mən Fransada səfərdə olanda teatr, kino institutlarında oldum. Onların özləri hələ də Boloniya sisteminə keçməyiblər. Bu Avropa Birliyi məkanında mübadilə, əlaqələri yaxşılaşdırmaq üçün yaxşı haldır. Təfəkkürümüzün buna nə dərəcədə hazır olmasına gəlincə, gərək yavaş-yavaş buna hazırlaşaq.  

- Təhsilimizdə birdən-birə radikal addımlar atılır ki, bu da istənilən nəticənin əldə olunmasına imkan vermir...  

- Sözdə radikal olsa da bəzən uyğunlaşma üçün müəyyən imkanlar olur. Bu baxımdan hesab edirəm ki, təhsil naziri Misir Məmmədov mütərəqqi fikirli adamdır. O da tez-tez xarici ölkələrdə səfərlərdə olur və təhsillə bağlı vəziyyətin necə olmasını öyrənir.  

- Amma bunlar nədənsə təhsildə görünmür. Bu da ən böyük problemlərdən biri olaraq qalır...  

- Təhsildə ən böyük problem müəllimlərin maaşlarının artırılması, maddi-texniki bazanın genişləndirilməsi, universitetlərə muxtariyyətin verilməsidir.  

- Maaşların artırılması ilə vicdan məsələsinin həllini tapacağına inanırsınız?  

- Əlbəttə ki, maddi vəziyyət yaxşı olanda vicdan da işə düşür. Yəni insanlar düşünəcək ki, axı hökumət pulu mənə verir də. Mən niyə özümü vicdansız aparmalıyam? Maaşların artırılması ilə bağlı prezidentin göstərişi var. Getdikcə xeyli artır da. İnanıram ki, yaxın zamanlarda vəziyyət çox yaxşı olacaq.

- Tələbələrinizi yataqxana ilə təmin edə bilirsiniz?  

- Yox. Çünki bizim yataqxanalarımızda qaçqın və məcburi köçkünlər məskunlaşıblar. Bu məsələ bizim maddi bazamıza çox böyük zərər vurur. Çindən 500 nəfər tələbə öz pulları ilə gəlib bizdə oxumaq istəyirlər. Amma yataqxana olmadığından bu məsələ həllini tapmır. Təsəvvür edin ki, onların hər biri ildə 3 min manat universitetə köçürsəydi, bu kifayət qədər vəsait edərdi. Biz həmin vəsaitlə həm maddi-texniki bazamızı möhkəmləndirə, həm maaşları artıra bilərdirk.   

- Xaricdə təhsil alan magistrantlarınız varmı?  

- Biz çox istərdik ki, xarici ölkələrə magistrantlar, aspirantlar, doktorantlar göndərək. Özü də onlarla müqavilələrimiz də var, amma pulumuz olmadığından bunu reallaşdıra bilmirik. Əgər dövlət yer ayırırsa, o da vəsaiti ödəməlidir. Başqa institutlardan məzunlar var ki, onlar öz hesablarına gedib xarici dövlətlərdə magistratura, dokturantura təhsili alırlar. Bizim sahədə təhsil almağa açığı varlı ailələrin övladları maraq göstərmirlər. Bura yalnız istedadı olanlar meyil göstərir. Bu institutun öz fanatikləri var, amma həmin fanatiklərin də maddi durumları o qədər də ürəkaçan deyil ki, onlar gedib xaricdə təhsil alsınlar.  

- 5 min tələbənin xaricdə oxudulması ilə bağlı dövlətin proqramı var. Həmin proqrama sizin məzunlarınızdan daxil edilməyib?  

- Xaricdə təhsil alması planlaşdırılan 5 min tələbə yerindən heç olmasa 50-ni ayırıb bizə versələr yaxşı olar.   

- Əvvəllər də bayağı şeylər vardı. Amma dövlət elə bir ideoloji proqram götürmüşdü ki, o insanların müsbət istiqamətdə formalaşmasında yardımçı olurdu...  

- Bədii şuradan keçməyəni heç vaxt televiziyaya buraxmazdılar. Hətta bu gün istedadlının özü də şouya üz tutur və çalışır ki, pul qazansın. Bir-iki müğənini çıxmaq şərtilə Azərbaycanda gördüyünüz bütün sənət adamları, televiziyalarda verilişlərin aparıcılarının, operatorların böyük əksəriyyəti bizim məzunlarımızdır.  

- Yaxşıdırsa da, pisdirsə də Sizin adınızadır...  

- Bəli. Mən onlarla görüşüb, söhbət də edirəm. Bəzən bizim elmi şuralarımızda bu barədə çox ciddi söhbətlər gedir. Bu adamlar yaşamaq istəyir. Onlar şou-biznesə ona görə gedirlər ki, orda pul var. Ona görə də ictimaiyyət də bunun səbəblərini bilməlidir. Akademik Milli Teatrda bir tamaşanı qoymaq üçün rejissora 3 min manat verirlər. Həmin tamaşa da 6 aya hazırlanırsa, onda gedib televiziyada gündə bir şou proqram aparar.  

- Hətta toylara belə gedirlər...  

- Toylardan əlavə, hətta deputat seçkilərində də iştirak edirlər. Hər şeyə əl atırlar. Mən demirəm ki, olmasın. Bu günümüzün tələbidir. Təkcə bizdə deyil, istər MDB məkanında, istərsədə dünyanın əksər ölkələrində belədir. Amma bir həqiqət var ki, bizdən fərqli olaraq Avropada şouya həvəs göstərənlərlə yanaşı opera, teatr, kinoya maraq da dəyişməyib. Mən Milanda olarkən operaya getmək istədim. Bizim orada fəaliyyət göstərən kültür cəmiyyətinə müraciət etdim. Mənə dedilər ki, burada bir ay əvvəldən biletlər alınır. Belə olan halda biz gedib baş inzibatçı ilə görüşdük və böyük bir güzəştlə mən operaya baxa bildim. Gəlin, görək bizdə belədirmi? Orda da pop, rep, xalq musiqisi var. Amma böyük sənətə böyük maraq da var və bu artıq onların qanına işləyib. Əgər bizim nəsil Üzeyir bəylə fəxr edirsə, onlar bilirlər ki, Motsartları, Pavarottiləri var və onlarla qürur duyurlar. Onlar öz sənətkarlarını təbliğ edə bilirlər. Şokaladların üzərinə də Motsartın və digərlərinin şəkilini vururlar. Bunu onların gəncləri görür və dərk eləməyə başlayır. Bizdə də böyük sənətkarlarımızı belə reklam etmək olar. Bunlar elə-belə deyil. Gənclik gərək hərtərəfli tərbiyə olunsun.  

- Rəhbərlik etdiyiniz ali məktəbdə son illər çox böyük işlər görülüb və hətta yeni binaya da köçüb ...   

- Bu binanı da bizə Heydər Əliyev verib. Əvvəlki binamız çox köhnə idi. Gənclərin Birinci Forumu keçirilirdi. Bizə dedilər ki, orda sərgi keçirin. Mərhum prezident Heydər Əliyev də gəlib sərgiyə baxmalı idi. Heydər Əliyev o vaxt təhsil naziri olan Lidiya Rəsulova və Fatma Abdullazadə ilə gəldi. Problemimizi soruşdu. Biz də dedik ki, maddi-texniki bazamız yaxşı deyil. O da Lidiya Rəsulovaya elə orda tapşırıqlarını verdi. Bu bina verildikdən sonra bayaq dediyim kimi yeni ixtisaslar açıldı. Onda bizdə xarici şöbə yox idi. Yeni bina verildikdən sonra xarici əlaqələrimiz də genişləndi. Mən rektor təyin olunana kimi burda aspiranturaya qəbul belə yox idi və təkcə bir elmlər namizədi, iki dossent işləyirdi. İndi isə yüzlərlə elmlər doktoru, Milli Elmlər Akademiyasının müxbir üzvləri universitetimizdə çalışır. İldə 300 çap vərəqi elmi iş təhvil veririk ki, bunlar da dərsliklər, proqramlardır.  

- 30 ilə yaxın bir müddətdə universitetdə çalışan və onun belə bir səviyyəyə gəlib çatmasında əməyi olan şəxs olaraq özünüzdən sonra sizi əvəz edəcək kimisə görürsünüz?  

- Əlbəttə ki, özümdən sonra məni burda əvəz edəcək çox adam görürəm.  

- Təbii ki, biz sizin zəhmət çəkib qurub-yaratdıqlarınızın sonra kimin əlinə düşəcəyini nəzərdə tuturuq...

- Bura elə bir ali məktəbdir ki, təsadüfi adam gəlib burda işləyə bilməz. Bura bu ali məktəbin dilini bilən, adamlarla işləməyi, ünsiyyət qurmağı bacaran şəxs rəhbərlik edə bilər.   

- Bizimlə necə dil tapa bildiniz?  

- Gözəl.  

- Bəlkə bizim soruşmadığımız, amma demək istədiyiniz nəsə qaldı?  

- O qədər söz qaldı.

  

  

Gültəkin Qəhrəmanlı

 

Ədalət.- 2011.- 4 iyun.- S.12-13.