"Sev ki, sevən mərd olar"
(yumoristik əhvalat)
1950-1970-ci illərdə
xalqımızın sevimli xanəndəsi Qulu Əsgərovun
yaradıcılığının ən məhsuldar
dövrü olmuşdur. Bu illərdə o, bir-birindən
gözəl mahnılarını bəstələmiş,
özünə məxsus məlahətlə onları ifa
etmişdir. Bu mahnılar ürəyə
yatımlılığı, melodiya zənginliyi, sözlərinin
sadəliyi və səmimiliyi ilə o dərəcədə
sevilirdi ki, bütün müğənnilər, xüsusi ilə
gənclər öz repertuarlarında onlardan gen-bol istifadə
edirdilər. O vaxtlar istər bəstəkar mahnıları,
istərsə də istedadlı xalq bəstəçilərinin
yaratdıqları mahnılar ayrı-ayrı müğənnilər
tərəfindən özününküləşdirilmirdi,
kim istəyirdi, onları sərbəst ifa edirdi. Odur ki, Qulu Əsgərovun
mahnılarını xüsusilə gənc müğənnilər
böyük həvəslə ifa edirdilər. Qulunun mahnıları
arasında "Dolanaram başına" mahnısı
xüsusilə fərqlənirdi. Lakin bəzi hallarda bu
mahnını ifa edən gənc müğənnilər
mahnıdakı şeirin mətnini Qulunun ifasında diqqətlə
dinləmədiklərindən təhrifə yol verir və
şeiri bilən söz xiridarlarını çaşbaş
salırdılar. Elə indinin özündə də bir
çox mahnıların ifalarında şeir mətinlərini
düz oxumurlar. Həm də çox acınacaqlı bir hala
çevrilib ki, onların müəllifləri elan edilmir,
get-gedə xalq mahnılarına çevrilir, halbuki hər bir
mahnının musiqisi və sözlərinin müəllifləri
vardır. Zənnimcə bu məsələyə yaxın
vaxtlarda mütləq diqqət yetirilməlidir. Bu bir tərəfdən
mahnıların müəlliflik hüquqlarının kobud
sürətdə pozulmasına gətirir, digər tərəfdən
bu bəstəkarlar unudulur.
Əhvalat 1960-cı illərdə
baş vermişdir. Onu görkəmli şair, əməkdar
incəsənət xadimi rəhmətlik Əliağa
Kürçaylı söyləmişdir. Burasını da
qeyd edim ki, Əliağa Kürçaylı ilə Qulu Əsgərovun
dostluğu lap gənc yaşlarından, Salyan rayon Mədəniyyət
evində birgə fəaliyyət dövründən
başlamışdı. Sonralar da hər ikisi artıq
Bakıda yaşayıb işləyərkən
dostluqlarını ömürlərinin axırına kimi davam
etdirmişlər.
Beləliklə, Əliağa
Kürçaylının söylədiklərindən.
Günlərin bir
günü görkəmli ədib, sonralar xalq
yazıçısı olmuş, "Dünya qopur",
"Yoxuşlar", "Müharibə", "Alınmaz
qala" kimi romanların, onlarla povest və hekayələrin
müəllifi olmuş Əbülhəsən Ələkbərzadə
televiziya ilə gənc müğənni bir qızın
ifasında Qulu Əsgərovun "Dolanaram başına"
mahnısını dinləyir. Müğənni
mahnıdakı şeir parçasını təhrif edib
özü bildiyi kimi belə oxuyur:
"Sevgi sevən mərd olar,
Sevməyən namərd olar".
Halbuki, birinci sətir belə oxunmalıdır:
"Sev ki, sevən mərd olar,"
Çox ciddi xarakterli və
söz xiridarı olan Əbülhəsən müəllimi bu
şeir parçası özündən çıxarır,
necə yəni "Sevgi sevən mərd olar, Sevməyən
namərd olar". Bu nə söz yığınıdır?
"Sevgi sevən" nə deməkdir? Bu nə cəfəngiyyatdır?
Müxtəsər, Əbülhəsən müəllim
müğənninin bu ifasından çox hirslənir və
elə zənn edir ki, Qulu Əsgərovun ifasında da sözlər
belə səslənib. Bu dövrdə o, Azərbaycan
Yazıçılar İttifaqında nəsr şöbəsinin
müdiri vəzifəsində fəaliyyət göstərirdi.
Əbülhəsən müəllim bu mahnı və onun
müəllifi Qulu Əsgərov barədə iş yerində
bir neçə şair və yazıçıların
yanında gileylənib eşitdiyi mahnıdakı sözlərin
cəfəngiyyat olduğunu bildirir. Xalq şairi Süleyman
Rüstəm də burada imiş, səhv etmirəmsə
mahnının sözlərinin müəllifi o, özü
olub.
Yumoru, zarafatı çox sevən
şair, nəsə fikirləşib şeirin əsil mətni
barədə bir söz deməyib Əbülhəsənin belə
hirslənməsinə gülür. S.Rüstəm Qulu Əsgərovun
Əliağa Kürçaylı ilə həmyerli və dost
olduqlarını bilirdi. Odur ki, buradan getdikdən sonra o, Əliağaya
zəng edib Qulunu onun yanına göndərməyi xahiş
edir. Qulu S.Rüstəmin yanına gəlir. Süleyman müəllim
Quluya deyir ki, sənin oxumağın yazıçı Əbülhəsənin
çox xoşuna gəlib. O, bu yaxınlarda oğlunun toyunu
keçirəcək, odur ki, xahiş edib onunla
görüşüb toy barədə söhbət edəsən.
S.Rüstəm Əbülhəsənin iş yerini, vəzifəsini
ona izah edir.
Ertəsi gün Qulu Əsgərov
Yazıçılar İttifaqına gəlib Əbülhəsən
müəllimin iş otağının yerini öyrənir, ədəb-ərkanla
qapını yüngülcə döyüb aralayır və
içəri daxil olur. Əbülhəsən müəllim
ona diqqətlə baxıb:
-Eşidirəm, siz kimsiz? -,
deyə soruşur.
Xanəndə sakit tərzdə:
- Mən Qulu Əsgərovam,
- dedikdə Əbülhəsən müəllimi elə bil
elektrik cərəyanı vurur. O, tez ayağa qalxıb:
- Bu nə cəfəngiyyatdır
ki, sən mahnıda oxuyursan, heç sözlərin mənasına
fikir vermisən? Necə yəni, "Sevgi sevən mərd
olar, Sevməyən namərd olar". Sevgi sevmək nədir,
bu ki, xalis söz toqquşmasıdır. Bir də həyatda o
qədər dəyərli insanlar, alimlər var ki, onlar
heç vaxt evlənməyiblər, deməli onlar sənin
fikrincə namərddilər?
Əbülhəsən
müəllim ara vermədən, hirsli halda Qulu Əsgərovu
o ki, var tənqid atəşinə tutur. Qulu çaşıb
qalır, görür ki, məsələ başqa
cürdür, odur ki, dal-dala hərəkət edib qapıdan
çıxır. O, Yazıçılar İttifaqından
çıxıb tez Əliağa Kürçaylıya zəng
edib məsələni olduğu kimi danışıb.Əliağa
müəllim Süleyman Rüstəmlə dostluq edirmiş və
onun zarafatı çox sevdiyini dəfələrlə
müşahidə etmişdi. Odur ki, o, Qulunu bir qədər
sakitləşdirib bunu Süleyman Rüstəmə
çatdıracağını deyir.
Bu əhvalatdan bir qədər
sonra S.Rüstəm Əbülhəsənlə yeni bir zarafat
etməyə qərar verir. Həm də o, bunu məqam
düşdüyünə görə təkrar edir.
Əhvalat belə baş
vermişdi. Cəmiyyətimizin böyük bir hissəsi sovetlər
dövründə yaşamışdır. O vaxtlar
yaxşı yadınızdadır ki, hər ilin məhsul
yığımının axırında, oktyabr-noyabr
aylarında, kənd təsərrüfatı rayonlarında
"Məhsul bayramı"nın keçirilməsi dəbdə
idi. Bu günlərdə rayon mərkəzi bəzədilir, mədəniyyət
sarayları qaydaya salınır, rayonların partiya -sovet
orqanları rəhbərləri, kənd təsərrüfatı
məhsullarının plan və sosialist öhdəliklərini,
qabaqcıl təsərrüfat və əmək
adamlarını vəsf edən məruzələr
hazırlanırdı. Tədbirin daha təntənəli
keçməsi üçün paytaxtdan görkəmli alim,
şair, yazıçı və ziyalıları dəvət
edirdilər. Tədbirlərin rəsmi hissəsindən sonra isə
həm paytaxtdan dəvət edilmiş xanəndələr,
müğənnilər, ansambllarla yanaşı rayonun
istedadlı gəncləri, müğənnilərinin
iştirak etdikləri konsertlər verilərdi.
70- ci illərin birində,
oktyabr ayının axırında Zaqatala rayonunun rəhbərləri
də həmişə olduğu kimi bu məhsul bayramına da
lazımi qayda da hazırlaşmışdılar. Rayon rəhbərliyinin
Yazıçılar İttifaqına müraciəti əsasında
xalq şairi S.Rüstəm, yazıçı Əbülhəsən,
şair Əliağa Kürçaylı da Zaqatalaya gələrək
rayon zəhmətkeşlərinin sevincinə şərik
olmuşdular.
Süleyman Rüstəm
bilirdi ki, həmişə olduğu kimi bu dəfə də rəsmi
hissədən sonra konsert veriləcək. Odur ki, necə deyirlər,
fürsəti fotə verməyib rayon mədəniyyət
şöbəsinin müdirini tapır. Şöbə
müdirindən soruşur ki, sizin konsertdə iştirak edən
gənc müğənnilərdən Qulu Əsgərovun
"Dolanaram başına" mahnısını bilən
varmı? Bunu xahiş edirəm tez öyrənib mənə
çatdırın. Şöbə müdiri Mədəniyyət
evinin müdirindən öyrənib bilir ki, bir məktəbli
şagird Qulunun bütün mahnılarını məharətlə
oxuyur, özü də bu oğlan bu günkü konsertdə nəzərdə
tutulub. Şöbə müdiri Süleyman Rüstəmi
tapıb kənara çəkir və ona bu barədə
bildirir. S.Rüstəm ondan xahiş edir ki, bu oğlan mütləq
"Dolanaram başına" mahnısını oxusun,
çünki, mahnının sözlərinin müəllifi Əbülhəsən
Ələkbərzadə buraya, qonaq kimi
çağrılıb, bu onun üçün sevindirici olardı.
Şöbə müdiri bir qədər duruxub deyir ki, hörmətli
şair, axı mən neçə dəfə bu
mahnını eşitmişəm, onun sözlərinin Əbülhəsən
müəllimə aid olduğunu eşitməmişəm.
Süleyman Rüstəm
ciddiləşib ona deyir ki, bunu mən yaxşı bilirəm,
ya sən? Şairin döşündəki Ali Sovetin
deputatlığı nişanını görüb və onun
o vaxtlar bir xalq şairi kimi çox nüfuzlu və hörmətli
şəxs olduğunu yada salıb: "Baş üstə,
necə deyirsiniz, elə də olacaq" deyib
ayrılır.
Tədbirin rəsmi hissəsi
bitir və rəyasət heyətində oturan rayon rəhbərləri
və qonaqlar keçib zalda onlar üçün nəzərdə
tutulmuş yerlərdə əyləşirlər. Tədbirin
konsert hissəsi başlanır. Həm paytaxtdan dəvət
olunmuş müğənnilər, həm də rayonun
istedadlı gəncləri bir- bir öz ifaları ilə
zaldakı tamaşaçıların
alqışlarını qazanırdılar. Budur, konsert
nömrələrini elan edən şəxs növbəti
mahnını elan edir:
-"Dolanaram
başına", musiqisi Qulu Əsgərovun , sözləri Əbülhəsən
Ələkbərzadənindir. Oxuyur 2 nömrəli orta məktəbin
7-ci sinif şagirdi...., sözünü bitirməmişdi ki,
zalda qonaqların oturduğu hissədə bir çaxnaşma
düşdü. Demə bu elanı eşidən Əbülhəsən
müəllimi elə bil şimşək vurdu. O, səsini
qaldıraraq "Bunu hardan eşitmisiniz, kim bunu sizə
deyib?" deyərək yerindən qalxmaq istəyir. Bu
vaxtı onun sağında oturan Süleyman Rüstəm və
solunda oturan Əliağa Kürçaylı onun qollarından
tutub qalxıb getməyinə mane olsalar da buna gücləri
çatmayıb. Pencəyinin qollarının tikildiyi yerdəki
tikişlərin sökülməsinə baxmayaraq Əbülhəsən
müəllim səhnəyə tərəf addımlayır.
Vaxtı itirmədən rayonun rəhbərləri də səhnəyə
tərəf addımlayıb yazıçını
saxlamağı, onu sakitləşdirməyi qərara
alırlar. Lakin Əbülhəsən müəllim artıq
səhnəyə qalxmışdı və o, hirsli halda konsert
nömrələrini elan edən şəxsdən, "Bunu sənə
kim deyib?" deyə soruşur. O, özünü itirir,
çaşıb qalır və deyir ki, Mədəniyyət
evinin müdiri konsert proqramını yazıb verib mənə.
Bu vaxtı artıq rayonun rəhbərləri səhnədə
Əbülhəsən müəllimi araya alıb onu sakitləşdirməyə
çalışırlar və ona, bu məsələnin
aydınlaşdırılacağına söz verirlər. Bir
təhər ara sakitləşir, konsert davam etdirilir.
Əlbətdə, bunun
Süleyman Rüstəm tərəfindən zarafat xatirinə
düzəldiyi məlum olur və yazıçı Əbülhəsən
şair Süleyman Rüstəmdən bərk inciyir. Sonralar
yazıçı şairi gördukdə özünü
görməməzliyə vurub yan keçirmiş. Əlbətdə,
Süleyman Rüstəm dostu Əbülhəsənin belə
ciddi inciməsindən məyus olmuşdu.
Beləliklə, bu əhvalatdan
2 il keçir. Günlərin bir günü Süleyman
Rüstəm indiki İstiqlaliyyət, qabaqlar isə Kommunist
adlanan küçə ilə Bakı Sovetindən
aşağı düşürmüş. Birdən o, qoyun mələdiyini
eşidir. Baxır, görür ki, bu
S.Rüstəm Əbülhəsən
müəllimin mənzilinin zəhgini basır. Qapıya
yazıçı özü gəlir və Süleyman müəllimi
gördükdə bir qədər karıxır, ancaq onu mənzilə
dəvət edir. S.Rüstəm salamlaşdıqdan sonra
sözə başlayır:
-Əbülhəsən,
keçən gecə səni yuxuda gördüm, məni
doatluqda belə bivəfa çıxmağıma görə
məzəmmət edirdin. Yuxudan ayılıb özümə
söz verdim ki, elə bu gün gedib, o kişi ilə
barışıb dostluğumuzu davam etdirəcəm. Bu
dünya ölüm-itim dünyasıdır, niyə biz belə
münasibətlə ömrümüzü başa vuraq.
Bu səmimi sözlərdən
riqqətə gələn Əbülhəsən müəllim
Süleyman Rüstəmi qucaqlayıb onu qonaq otağına
aparıb deyir:
-Ay Süleyman, nə
yaxşı oldu sənin belə yuxu görməyin, elə mənim
ürəyim də çoxdan bu rəncidəlikdən qubar
olmuşdu. Gəl bir yaxşı-yaxşı nərd oynayaq,
söhbət edək, həm də sənin bu gəlməyin
lap yerinə düşüb. Əmim oğlu Basqaldan
yaxşı bir erkək göndərib, kəsdirmişəm,
indi onun iç-alatını qızardırlar, sonra isə
keçərik kababa.
Bundan sonra iki köhnə
dost nərd oynaya-oynaya söhbət edirlər. Bir qədər
sonra süfrə açılır, göy-göyərti,
salat, iç qızartması, şərab süfrəyə
düzülür və onlar nuş etməyə
başlayırlar. Elə məclis təzə-təzə
qızışıb sağlıqlar deyilirdi ki, mənzilin zəngi
çalınır. Əbülhəsən müəllim
qapıya yaxınlaşıb açır. Bu vaxtı
görür ki, Əliağa Kürçaylı və 3 nəfər
tanıdığı şair və yazıçılar
qapının qənşərində durub. Əliağa
müəllim salam verib gəldiklərinin məqsədini
açıqlayır:
-Əbülhəsən
müəllim, eşitdik ki, Süleyman müəllimlə
barışmısınız, bax vallah, bu hamımızın
ürəyindən oldu, çünki, olmaz də, iki nəhəng
yazıçı və şair belə vaxtda
küsülü qalsınlar. Gəldik ki, Sizi təbrik edək.
Əbülhəsən
müəllim Əliağanın sözlərinin səmimiliyinə
inanıb və belə düşünüb ki, yəqin elə
Süleyman özü ona deyib ki, gedirəm onunla
barışmağa. Və bu gənc şair və
yazıçılar da gəlib bu münasibətlə
onları təbrik etməyə.
Əlbətdə Əbülhəsən
müəllim öz qonaqpərvərliyini göstərib
onları mənzilə dəvət edib qonaq otağına gətirir.
Qonaqlar burada Süleyman Rüstəmi görüb onu da təbrik
edirlər. Məclis davam edir, qoyunun ən yaxşı hissələri
bişirilib süfrəyə gətirilir.
Dostların bu gəlişindən
heç 40-50 dəqiqə keçməmişdi ki,
qapının zəngi təkrar çalındı. Yenə də
evin sahibi Əbülhəsən müəllim qapını
açır, tanış şair və
yazıçılardan ibarət ikinci qruppanı görür.
Onlar da salamlaşıb yazıçını təbrik edirlər.
Əlbətdə, Əbülhəsən müəllim burada,
yenə də bir kələyin, bir zarafatın yer
aldığını hiss etsə də, qonaqpərvərliyi
üstün gəldiyindən bu gəncləri də evə,
stol süfrəsinə dəvət edir. Yəqin ki, Basqaldan gətirilən
bu qoyunun yarısından çoxu bu qonaqlıqda yeyilir.
Sonralar dostlar bu məzəli
əhvalatı ara-bir yada salıb xeyli gülərdilər.
Bu əhvalatların qəhrəmanları
çoxdan bu dünyadan haqq dünyasına köçüblər.
Allah Süleyman Rüstəmə, Əbülhəsənə,
Əliağa Kürçaylıya, bu əhvalatın səbəbkarı
olmuş sevimli xanəndə Qulu Əsgərova qəni-qəni
rəhmət eləsin.
Akif Muxtarov
Ədalət.- 2011.- 4 iyun.- S.18-21.