"DƏRDİM-BOYUMDAN
YUXARI"
Alışmasa bu
od, ocaq,
Ömür quru səs olacaqg
Sevincimin boyuna bax,
Dərdim-boyumdan yuxarı.
Rəşid Faxralı
Azərbaycanın ən
qədim yurd yerlərindən olan bir diyarda dünyaya
göz açıb. Adına Borçalı deyirlər. Deyir ki: "Qədim, çox qədim tarixə malik Borçalı tarixən türksoylu xalqların yaşayış məskəni
olub. Ata qəribliyə
düşən oğlunu
daha çox istəyir. Borçalı
tarix tilsiminə düşmüş əzizlərimizdən
ən yaxınıdı;
yaxın qəribliyin sızıltısı bir
ayrı cürdü-əlin
çatır, sözün
keçmir... Borçalı
bir tərəfdən
"bir budaqda oturub min bir budaq silkələyən"
qansızlarnan, digər
tərəfdən isti
qoynundan, ovsun dolu, sehr dolu
nəfəsindən uzaq
düşdüyü doğmalarıynan
əhatələnib. "Qırmızı
körpü"nü ("Sınıq körpü"nü)
keçdinsə, Borçalıdı.
Və ruhuna, duyğusuna yad olanlar içində kimliyini dünənindən
sıyrılan qılıncıyla,
qılıncının pıçıldadığı
sözüylə, sözünün
söykəndiyi sazıyla
qoruyub, hər daşında bir tarix yaşadan bu mahalın əlləri dost əli sıxıb, düşmən
boğazı üzüb,
qapısına düz
niyyətlə, açıq
ürəklə gələni
duz-çörəklə, bəd niyyətlə gələni siyirmə qılıncla qarşılayıb
həmişə".
Rəşidin kəndi
Faxralı da o mahalın ən gözəl, yaşıllığı
və təbii görünüşü ilə
göz oxşayan yurd yerlərindən biridir. Rəşid Faxralı bu kəndə onlarla şeir həsr edib.
Bir qılıncdı
bu Borçalı
deyilən,
Bu qılıncın tiyəsidi
Faxralı.
Ağır eldi,
zəri də var,
zoru da,
Sözqananı öyəsidi
Faxralı.
Nə ki, sağam havam,
suyum, ölərsəm
Sümüyümün yiyəsidi
Faxralı.
Rəşid Faxralını
mən həmişə
yaşca cavan hesab eləmişəm. Çünki üzündə-gözündə
elə bir təbəssüm var ki, o təbəssüm qoymur onun yaşını
soruşum. O, gənclik
təbəssümüdür. Amma bu yaxınlarda
öyrəndim ki, Rəşidin əlli yeddi yaşı var. Əlbəttə, bu yaş məsələsinin
bizim yazıya elə bir dəxli
yoxdur. Rəşidin seçilmiş əsərlərinin
üçcildliyini oxuyub
başa çatdıranda
doğrudan da onun yaşlaşdığını
hiss eləmədim.
Hələ ki dünyanın
boş yollarında,
İzi dərd göyərdən
daş yollarında
Boylana-boylana qaçan,
dayanan,
Döyükə-döyükə gəzən
mənəmsə,
Yolların boyunca
daş-kəsəyində
Başını-gözünü əzən
mənəmsə,
Həsrətin gözünə
su salanacan
Hər ağrı-acıya
dözən
mənəmsə,
Verdiyin taleyə
şükür,
Ay Allah!
Taleyinə şükür
eləyə-eləyə bir
şair-publisist ömrü
yaşayıb Rəşid.
Neçə şeir kitabı çap etdirib, mətbuatda bir publisist kimi
də tanınıb. Azərbaycan ordusu sıralarında həm döyüşçü, həm
də hərbi müxbir kimi fəaliyyət göstərib,
bu illər onun tərcümeyi-halının
ən şərəfli
səhifələridir.
Rəşid Faxralı
təpədən-dırnağa saz-söz mühitinin adamıdır. Şeirlərini
oxuduqca sanki sazın sehrli səsini eşidirsən və fikirləşirsən
ki, saz ruhu
ona ana südü
kimi elə beşikdən gəlib. Mən bir oxucu
kimi bizim ustad aşıqların yaratdıqları təcnislərin
vurğunuyam. Təcnis
aşıq şeir şəkillərinin ən
çətini, həm
də ən ovsunlusudur. Onu yaratmaq arının şan yaratmaq işinə oxşayır.
Sözləri səs-səs,
ilmə-ilmə gərək
elə toxuyasan ki, bircə qüsur da üzə
çıxmaya. Forma incəlikləri
forma oyunbazlığına yox, məzmun ustalığına rəvac
verə.
Qızılı payızın
qadasın alım,
Özünə çəkəmmir
qara yaz məni.
Göylərə yazırsan,
suya dönürəm,
Yazırsan biryolluq
qara yaz məni.
Necə yaşadırsan
dərdi sinəndə,
Öpüb əzizləyər
dərdi sinən
də.
Həsrət gözlərində
dərd isinəndə,
Üşüdür, titrədir
qar-ayaz məni.
Getdi, gözlərimin
ağı da yandı,
Dilimi göynədən
ağı da yandı,
Ay Rəşid, illərin
ağıda yandı,
Qüdrət qələminlə
qara yaz məni.
Rəşid elə şairdir ki, ənənəyə, xalq
şeirinə möhkəm
bağlı olduğu
qədər də müasir şeir mədəniyyəti ilə
sıx ilişgilidir.
O, qoşmalar, gəraylılar,
təcnislər, qımqımılar
yazır, amma ənənəvi şeir şəkillərində təzə
söz deməyi bacarır, yəni ənənəyə müasir
poetik təfəkkürlə
yanaşır. Budur, bir gəraylısına diqqət yetirək:
Çağır, sazandalar
gəlib
Çalsın döyüş
havasını.
Qansız başa
vurammadıq
Ölüm-qalım davasını.
Ömrüm peyğəmbər
tuşudu,
Tuşumda canım
üşüdü.
Muradım cənnət
quşudu,
Dağıdıblar yuvasını.
Xeyir söz gəlir dilə ki,
Ürək gülər,
göz gülə kig
Tanrı eşitmir
hələ ki
Kasıbların duasını.
Formaca ənənəvidir
bu şeir, amma burada müasir
dövrün poetik ab-havasını görərsiniz.
Öncə qeyd elədim ki, Rəşid Faxralı Azərbaycan ordusu sıralarında xidmət
edib. Onun bu mövzuda xeyli publisist yazısı, çoxlu şeirləri və bir neçə poeması var. Təbii ki, bir kiçik
yazıda bu əsərlərin hamısı
haqqında söz açmaq mümkün deyil. Amma bu
yazıların hamısından
döyüş iyi gəlir, qisas, intiqam duyğuları sel kimi axır.
Onun "Ərgünəşə
qar yağırdı"
poeması isə orijinal bir üsulla
qələmə alınmışdır.
Poema General-mayor Heydər
Piriyevə həsr olunmuşdur. Rəşid poemaya yazdığı ön sözdə generalın təkcə mahir sərkərdə kimi deyil, həm
də xarakteri etibarilə kövrək bir insan kimi
də xarakterizə edir. Bu poemanın hər fəsli bir saz havasının
adını daşıyır:
"Divani", "Baş
Sarıtel", "Orta
Sarıtel", "Paşa
köçdü", "Dübeyti", "Ruhani",
"Göyçəgölü",
"Qəhrəmani", "Misri", "Təcnis",
"Müxəmməs", "Gözəlləmə", "Zarıncı","Mansırı",
"Qaraçı" və
s. Saz havalarına, aşıq çeşnilərinə
yaxşı bələd
olduğundandır ki,
hər hava üstündə köklənən
şeir o havanın ovqatı ilə səsləşir. Məsələn,
"Baş Sarıtel"i
eşidəndə elə
bil payıza düşürsən, xəzan
yarpaqlarına bürünürsən.
Payız..
Təbiətin ipək
çağıydı,
Utancaq çağıydı,
kövrək çağıydı.
Güllər bürünmüşdü
qızılı şala,
Çəmən ləçək-ləçək
aşıb-daşırdı.
Yarpaq köynəyindən
çıxan ağacın
Sağında-solunda
iz dolaşırdı.
"Ruhani"ni
eşidəndə qışın,
şaxtanın sona vardığını, yazın
puçurlanan nəfəsini
hiss edirsən. Bir döyüş havası dolaşır başında.
"Misri"də isə
düşmən üstünə
gedirsən. Bax, bu saz havaları
ilə döyüş
ruhu, komandir, əsgər könlü arasındakı həmahəngliyi
duyur şair.
Tənqidçi həmkarım
Nizami Cəfərov R.Faxralının "Min illərin
duası" poeması
haqqında yazır ki: "Rəşid Faxralının "Min illərin
duası" müasir
poetik təfəkkürün
məhsulu olmaqdan daha çox ideyası, intonasiyası, poetexnologiyası etibarilə
yaşını müəyyənləşdirmək
mümkün olmayan bir türk dastanıdır.
Qədim dastanları xatırlamağa, gendən
gələn ruh üzərində yüksəlməyə,
çoxsaylı təhlükələrə
sinə gərməkdən
ötrü möhkəm
dayanmağa bu gün türklərin ehtiyacı var. Rəşid
Faxralının bu dua-dastanı həmin ehtiyacdan yaranmışdır.
Və həm də zamanında yaradılmışdır".
Poema Türkün,
Türk qüdrətinin
vəsfinə həsr
olunub. Türk mifologiyasına xas olan bir çox
obrazlara müraciət
də əsərin ümumi pafosunu qüvvətləndirmişdir. Məsələn:
Yürü, Boz Qurdum, yürü,
Yürü,
umudum, yürü!
Yollarına baxmaqdan
Yolda qurudum, yürü!
Səsini məlhəm
bilir,
Qəhərim, dərdim,
yürü!
Gümanımı haray
tək
Yollara sərdim,
yürü!
Ayağım yer
tutalı
Sənə yürüdüm,
yürü!
Rəşid Faxralının
"Seçilmiş əsərləri"nin
üçüncü cildinə
onun müxtəlif illərdə yazdığı
publisistik məqalələri
daxil edilmişdir.
"Yaxın qəriblik"
məqaləsi şairin
doğulduğu, dünyaya
göz açdığı
Borçalıya, kəndi
Faxralıya həsr olunub. Borçalı və Faxralı haqqında, həmçinin
o mahalın digər coğrafi əraziləri,
toponimləri barədə
elə bir məlumatı olmayan hər hansı bir oxucu üçün
bu məqalədə ən etibarlı bələdçi ola bilər. Qalan məqalələrdə ("Ərəbi
ölən dəvələr",
"İçimdə iməkləyən
dərd", "Müharibə
nə vaxt qurtaracaq?", "Zəngilandakı
buluddan nələr asılıb?", "Müharibə
illərin uşaqları")
müəllifin şəxsən
gördüyü, müşahidə
etdiyi reallıqlar öz əksini tapır.
Rəşid Faxralıya
yaradıcılıq yollarında
yeni izlər, ləpirlər açmağı
arzulayıram. Bu qeydlərimi
də onun aşağıdakı misraları
ilə tamamlayıram:
Sözü kəsə
yozana,
Bəxti tərsə
yazana,
Haqq yolunu azana
Amandı sözüm
mənim.
Yolçu gözləyir
dəyəm,
Bərəkət təknəsiyəm..
Məhəmməd hümmətiyəm,
İmandı sözüm
mənim!
Vaqif YUSİFLİ
Ədalət.- 2011.- 4 iyun.- S.19.