Səriyyənin
ölümü
Yox, yox, ağlınız Səməd Vurğunun qəhrəmanına getməsin. Mənim Səriyyə xalam nə çadrasını atıb, nə də namərd əlilə qətlə yetirilib. Yaşı səksəni haqlasa da, bəlkə də ömründə çadra görməmişdi. Görsə də, o da kinolarda olardı. Rayonun qırağında xudmani bir həyət evində yaşayırdı. Düz mərkəzdə, gediş-gəlişin gur yerində bir çardağı vardı. Vaxtilə qastronom olmuş daş binaya bitişik. Bu balaca çardağın altında Səriyyə xala nələr satmırdı. Göy-göyərti, tərəvəz, yumurta, meyvə. Hava işıqlanar-işıqlanmaz bazara gedər, həyət-bacasının nemətlərini satmağa gətirən kəndçilərlə sövdələşib motosikl baqajı dolu malnan qayıdardı. Təkcə meyvəni bazardan almazdı. Özünün, qohum-qonşuların artıq meyvələrini gətirib satardı.
Səriyyə xala hər barmağında
on mərifət olan qadınlardan idi. Piştaxtasında öz əliynən bağladığı xiyar,
pomidor, göyəm şorabası, duza qoyulmuş üzüm yarpağı, özünün
çəkdiyi tomatlar
müştəriyə "gəl-gəl" deyirdi. Yaxınlıqda yerləşən
idarələrin işçiləri,
həkimlər, müəllimlər,
evdar qadınlar Səriyyə xalanın daimi müştəriləri
idilər. Hamıya qayğı ilə, diqqətlə yanaşırdı.
Kimin nə alacağını qabaqcadan
bilirdi. Qəpik-quruş
davası döyənləri
sevməzdi. Gözü-könlü
tox idi. Tərəzini çəkə-çəkə
müştəridən xeyli
hal-əhval tutardı.
Bir dəfə də turş kəlmə dediyini eşitmədim. Ağzı
dua ilə, alqışla açılırdı.
Hamının yaxşı
işinə sevinirdi, uğursuzluğundan kədərlənirdi.
Amma heç vaxt naümid olmurdu. Başqalarına da bunu tapşırırdı.
Allah gözəl Allahdı, deyirdi, sən istə, O, heç kəsi naümid qoymaz. Onunla söhbətləşəndən
sonra qəlbində xeyli yüngüllük hiss edirdin. Adama
elə gəlirdi ki, bu qadın
ömür boyu nə pislik görüb, nə çətinlik çəkib.
Sanki bütün işləri asanlıqla başa gəlib. Sifətində heç vaxt
narazı ifadə görməzdin. İlin bütün fəsillərində
açıq, təmiz
havada olduğundan həmişə təravətli,
gümrah görünürdü.
Ömrünün ahıl
çağında da
rəng-rufu göz oxşayırdı. Payızın
sazağında, qışın
şaxtasında isti otaqlarımızda çiynimizə şarf, palto atmadan otura
bilməyəndə Səriyyə
xalamız açıq
havada olurdu. Soyuq aylarda böyrünə
neft maşınkası
qoyur, üstündə
çay dəmləyib,
xörək qızdırırdı.
Müştərinin azalan
çağında elə
oturduğu yerdəcə
mürgüləyirdi. Belə
vaxtlarda dayanıb ona baxmaqdan doymurdum.
Bir dəfə də yaxınlaşanda gördüm papiros çəkir...
-Bıy, Səriyyə
xala, sən papiros çəkirsən?
-Bəs nə?
-Nə vaxtdan?
-Lap çoxdan...
-Niyə çəkirsən?
Köksünü ötürdü:
-Çəkirəm
day...
Yəni, bu nə sualdı verirsən?!
Sən axı, bilməliydin.
Elə özüm də sualımdan utanıb daha dinmədim...
Onu
tanıyandan ərsiz görmüşdüm. Deyilənə görə lap çoxdan dul qalıbmış.
Yeganə oğlunu tək
böyüdüb ev-eşik
sahibi eləmişdi.
Nəvələri, nəticələri vardı. Hamısının da ayrıca
qayğısını çəkirdi.
Bir də görürdün piştaxtasının üstündə
bir balon təzə qatıq, göy-göyərti, meyvə
səliqə ilə bükülərək zənbilə
yığılıb. Bakıya gəlin gedən nəvəsinə
pay göndərəcək Səriyyə xala.
Bütün müştərilərinin xasiyyətinə bələddi.
Elə bilirdin adamın cibini görür. Pulumuz azalanda bir az da rəhmli, həssas olurdu. Mənə qarşı xüsusilə
diqqətli idi. Satdıqlarının qiymətini
soruşanda həmişə
ərklə acıqlanardı:
"Əşşi, sənə
nə var, neçəyədi? Nə istəyirsən
götür, hamısı
sənindi" deyərdi.
Qəribə yumor hissi vardı. Hərdən
onu qıcıqlandırmaqçın
soruşardım:
-Səriyyə xala,
bunlar pulnandı?
-Pullusu da var, pulsuzu da...
Bu məntiqsizlik mənə
xüsusi zövq verirdi:
-Pulsuz da şey satarlar?
-Nöşün satmırlar?
Hamının həmişə
pulu olmur ki,...
Onunla dərdləşməyi sevirdim. Məsləhətlərinə ehtiyacım vardı.
Hər sözü, hər kəlməsi adama rahatlıq, ruhi sakitlik bağışlayırdı.
Elə bil ki, dünya
binə olan gündən yer üzündə yaşayırdı.
Yaxşını da görmüşdü,
pisi də. Bu fani dünyanın
çox işdəklərindən
hali idi. Bəlkə ona görə qəlbən bu qədər rahat idi. Bəlkə heç rahat
deyildi. Sadəcə olaraq "qarın
süfrə deyil ki, hər gələnə
açasan" prinsipinə
əməl edirdi.
İçindəki tufanlardan kimsənin
xəbər tutmasını
istəmirdi. Bilirdim ki,
nə namaz qılır, nə də oruc tutur.
Hava işıqlaşandan gün
batanacan çöldə-bayırdı
olan adamın əslində buna nə yeri, nə
də imkanı var idi. Amma çoxlarından mömin
idi. Qeybət qırdığını, paxıllıq
elədiyini görən
olmadı...
Böyründəki qəssabdan süd
alıb sərin qalsın deyə onun yanına qoyurdum. İki həftə idi
ki, rayonda yox idim. Yerini boş görəndə elə də təəccüblənmədim. Belə hallar arada olurdu.
Qohum-əqrəbada xeyir
iş olanda, kimsə rəhmətə
gedəndə bir-iki gün görünmürdü.
Əlimdə süd butulkası
onunla yanaşı oturan qadına
yaxınlaşdım.
- Səriyyə xala
gec gələcək?
- Səriyyə xalan
ölüb ey, qızım...
- Ola bilməz...
Çox məntiqsiz söz
dediyimin fərqinə
varıb susdum. Amma düşündüyümü demişdim. Mən elə bilirdim ki, Səriyyə xala heç vaxt ölməyəcək...
Deyirlər, çox rahat
canını tapşırıb.
Nə xəstə yatıb, nə də kimsəni incidib. Bütün ömür boyu elədiyi kimi. Özü yatağını
düzəldib, üzü
qibləyə uzanıb...
Mənə elə gəlir
ki, Səriyyə xala heç özü də öldüyünü başa
düşməyib. Elə
mən də bu xəbəri çox sakit qarşıladım...
Yazın orta ayında budaqdan üzülən sapsarı, zərif yarpaq uçub-uçub dumduru suların qoynuna düşdü, sakitcə axıb getdi. Vəssəlam...
Vəsilə
USUBOVA
Ədalət.- 2011.- 4 iyun.- S.11.