28 MAYI ANLAMAQ
Mənə görə 28 mayı layiqincə başa düşmək, yaxşı dərk etmək, o vaxtın dünyasında və Türk aləmində olub-ötənləri lazımınca həzm etmək, gələcəyə də ona baxaraq yön vermək mənasındadır.
Azərbaycan Cümhuriyyətinin 1918-ci ilin 28 may günü yaranması adi bir hadisə deyildir. Mövzuya sosioloji güzgüdən baxsaq orda bir çox ictimai proseslərin pillə-pillə yeridildiyini, tarixi güzgüdən baxarsaq da, yüzillər boyu davam edən bir çox mürəkkəb və qəliz siyasi hadisələrin bu nəticəni yaratdığını aydın şəkildə başa düşərik.
16-cı əsrdə Anadolu Türklüyü ilə Azərbaycan Türklüyü arasında yaranan və tariximizin qara səhifələrindən biri olan, bu üzüylə də gələcək nəsillərin qarşısına necə deyərlər ibrətamiz vəsiqə kimi çıxan Çaldıran döyüşü, Anadolu və Azərbaycan toplumlarını hardasa bir-birinə yadlaşdırma mənzilinə aparıb çıxaran prosesin başlanğıcı olmuşdur. Aradan ötən təqribən üç yüz illik vaxtdan sonra başlayan Rus işğalçılığı, Azərbaycan Türklərinin müstəqil dövlətçilik prosesini dayandırmış və bu da yurdda, müstəqilliyi bərpa etmə fəaliyyətlərinin özülünü təşkil etmişdir. Rus işğalı, Azərbaycan toplumunda özünün güclü dövlətini yaratmaq intizarını alovlandırmış, Rus imperializmini isə, öz istismarçı nizamını yaratmaq, Qafqazda kökləşmək və bunu uzun müddət davam etdirmək strategiyasını həyata keçirməyə yönəltmişdir. Ruslar bir tərəfdən "krepostnoy" dedikləri torpaq dərəbəyliyi, daha düzü torpaq köləliyi sistemini xalqa zor gücüylə hakim qılaraq Azərbaycan toplumunu sinfiləşdirmiş, digər tərəfdən də buradakı əzbərçi teokratiyanın kütlələr üstündəki təzyiqini ifrata çatdırmaq məsələsini öz yançıları vasitəsilə işlətdiyi ən maraqlı maşaya döndərmişdir. Bir tərəfdə cəhalətlə qolboyun olan teokratiya anlayışının hegemonluğu, digər tərəfdən Rus imperializminin sürətləndirdiyi təbəqələşmə, Azərbaycan toplumunda sosioloji mənada korların toqquşması hadisəsini yaratmış, müstəqil dövlətçilik anlayışını uzun illər baltalamışdır.
Osmanlı dövlətinin daimi olaraq qüdrətini və gücünü itirməsi, bu anda da həm ruslar, həm də qərblilər tərəfindən qışqırdılan maşa xarakterli erməni vandalizmi, Anadolu türklüyünün də, Azərbaycan türklüyünün də tarixi bərabərliyə dönməkdən, əl-ələ verməkdən özgə yolunun olmadığını onların qarşısına imtina edilməz bir fakt kimi qoymuşdur. Hər iki toplum da, 1514-cü ildə yaranan tarixi səhvin bir millətin taleyini haradasa məhvə sarı apardığını dərk etmiş və tarixi bərabərliyin, özlərinin taleyinə yön verəcək əlçəkilməz bir gerçəklik olduğunu bütün detallarıyla başa düşmüşdür.
Ermənilərin, Azərbaycanda həyata keçirdiyi soyqırıma Qafqaz İslam Ordusunu yaradaraq əngəl olan Anadolu Türklüyü, azı on min illik dövlət gələnəyinin təcrübəsini də doğma qardaşı Azərbaycan toplumuna ötürərək əlinə keçirdiyi tarixi fürsəti bada verməmişdir.
Çar Rusiyasının tənəzzülə üz tutması fürsətini yaxşı qiymətləndirən və Azərbaycan toplumunda bütün əzəmətiylə ayağa duran ziyalanmış millətçi və maarifçi nəslin başında yeriyən Məmməd Əmin Rəsulzadə, Əli Mərdan Bəy Topçubaşı, Nəsib Bəy Yusifbəyli, Əli Bəy Hüseynzadə, Əhməd Bəy Ağaoğlu və digər şəxsiyyətlər gecəli-gündüzlü işləyərək xalqı müqəddəs və müstəqil dövlətçilik ideyası ilə silahlandırmış, xüsusilə gənc kütlələri siyasi yöndən yetişdirib hazır hala gətirmişdir.
Azərbaycan toplumunun yetirdiyi
və Türk dünyasının qürur mənbəyi olan
bu əvəzsiz şəxsiyyətlər lokal Azərbaycan
millətçiliyi anlayışından əvvəl
başdan uzaqda dayanmış və tamamı böyük
Türk birliyindən müdafiə etmişdir. Mərhum Məmməd
Əmin Rəsulzadənin, Rusiya Müsəlmanların I
Qurultayında söylədiyi;
"Biz, Türk-Tatar
evladı bu millətin yetirmələriyik. Biz Türk oğlu
türkük, bununla da iftixar edirik.
Biz, Türk-Tatar xalqları
eyni soydan, Türkoğlu Türk olmaqla birlikdə,
ayrı-ayrı şivələrə və müxtəlif
xüsusiyyətlərə də malik olduğumuz bir həqiqətdir…
Bu xüsusiyyətləri
aradan götürməyin nə gərəyi var, nə də
faydalıdır. Qoy hər kəs öz yolunda təbii
axarında yerisin. Müxtəlif Türk çaylarının
axıb nəhayətdə qovuşacaqları bircə dəniz
vardır: Böyük Türk Dənizi" şəklindəki
sözləri, Türk dünyası üçün o vaxtlar
həddən artıq önəmli və tamamilə yəni
bir anlayış idi. Bu anlayış, Oğuz xaqanın eradan
qabaqkı illərdə həyata keçirdiyi sonuncu
böyük səfərindən qayıtdıqdan sonra təşkil
etdiyi böyük qurultayda, "Yay çəkən
xalqların hamısı Hun oldular", yəni Türk
xalqlarının tamamı Hun bayrağı altında birləşdilər
anlamındakı çıxışın iyirminci əsrdəki
əksindən savayı heç nə deyildi.
Bu millətçilik
anlayışının, Türkiyə Cümhuriyyətinin
banisi Mustafa Kamal Atatürkün düşüncələrində
də hakim ünsür olduğu nəzərlərdən əsla
yayınmamışdır. Atatürk, "Mən hər
şeydən qabaq bir Türk millətçisiyəm. Bu
cür dünyaya gəldim, bu cür də öləcəyəm.
Türk birliyinin bir gün həqiqət olacağına
inamım qətidir. Mən görməsəm belə,
gözümü bu dünyaya onun xəyalı ilə
yumacağam. Türk birliyinə inanıram, onu görürəm.
Sabahın tarixi, yeni fəsillərini Türk birliyi ilə
açacaqdı. Dünya öz dincliyini bu fəsillər
içində tapacaqdı. Türkün varlığı bu
köhnə aləmə yeni üfüqlər bəxş edəcək,
günəş nə deməkdir, üfüq nə deməkdir
o vaxt görüləcəkdir" şəklindəki
sözlərini söylərkən Məmməd Əmin Rəsulzadə
ilə, Oğuz xaqanla eyni hissləri keçirib və eyni
düşüncələri bölüşdüyünü
vurğulayırdı. Məmməd Əmin Rəsulzadə də,
Atatürk də büllur kimi saf və təmiz Türklük
bulağından doya-doya su içmiş şəxsiyyətlərimizdi
və eyni ideyadan müdafiə edirdilər. Bu ideya, Türk
Birliyi əqidəsi idi.
28 May günü dostum,
İctimai Tv-Radionun sədr müavini Elman Qədirlini,
qızını və yoldaşımı götürüb Məmməd
Əmin Rəsulzadənin əbədi istirahətgahının
olduğu əsri Qəbristanlığa apardım. Azərbaycan
Kültür Dərnəyi mərhum dövlət rəhbərimizin
məzarı başında bir anım mərasimi təşkil
edəcəyini bildirmişdi. Məzarlığa daxil olduqda
orda böyük bir qələbəliyin olduğunu
gördük. Məzarın ətrafında Məmməd Əmin
Rəsulzadəni sevənlər
yığışmışdı. Azərbaycanın
qüzeyindən və güneyindən gələn gənclərlə
orda tapışmışdıq. Bunun özü çox
maraqlı və gözəldi. İlk öncə dərnəyin
sədri Cəmil Ünal çıxış etdi. Ancaq
gözəl və maraqlı çıxışının
bir yerində, "Məmməd Əmin Rəsulzadə yad bir
torpaqda can verdi" dedi. Bu sözlər kürədə
qızarmış bir xəncər kimi ürəyimə
sancıldı. Anadolu toprağı haçandan bəri
dünyanın hər hansı küncündə yaşayan bir
Türk üçün yad toprağı idi?! Bu
düşüncəyə görə, Azərbaycan da Anadolu
türkləri üçün yad torpaq mənasındadır.
Bu cür fikirləri qəbul etmək
mümkündürmü!!! Düzünü deyim həddən
artıq hörmət elədiyim Cəmil Bəydən bu
cür sözləri indiyə kimi eşitməmişdim və
eşidəcəyimi də gözləməzdim, niyə o
cümləni işlətdi bilə bilmirəm! Cəmil bəydən
sonra mikrofona dəvət edilən Azərbaycan səfirliyinin nümayəndəsi
Etibar Məmmədov, "Məmməd Əmin Rəsulzadə
yad torpağında deyil, qardaş torpağında
yatır" cümləsiylə sözə başladı və
ürəyimə su səpildi. Daha sonra çıxış
üçün dəvət edilən, şəxsən
çox sevdiyim gənclərimizdən biri olan Ələsgər
Ələsgərov, özünü tarixçi və
araşdırmaçı kimi tanıtdı və
çıxışına başladı. Sözlərinin bir
yerində eynilə bunları dedi: "Məmməd Əmin Rəsulzadənin
Türkiyədə yaşamasına və mübarizəsini
yeritməsinə icazə verilmədi, o Türkiyədən
qovuldu... "O anda sanki günəş bir anda yoxa çəkildi,
hər yan qaranlıqladı! Bu nə cür məntiqdi və
bu anlayış hansı insafa sığardı?!
Bəziləri iki dənə
tarixi roman oxuduqda özünü tarixçi, internetdə
yayılan üç dənə də məqalə oxuyanda
"araşdırmaçı!", "strateg!"
gözündə görür. Tarixi romanları oxumaqla tarixşünas
olunmaz. Tarixçi ola bilməyiniz üçün hansı
dövrü araşdırırsınızsa, həmin dövrə
öz yaşadığınız çağın atmosferindən
və öz dövrünüzün güzgüsündən
baxa bilməzsiniz. Gözləriniz uzağı görə
bilmirsə, xəstədirsə Məmməd Əmin Rəsulzadə
kimi Türk tarixinin fenomen bir dövlət xadimini, bir millətə
yön verən şəxsiyyətini, Türk Birliyindən
müdafiə edən unudulmaz və əvəzsiz bir
simasını, bir könül adamını bağrına
basan, onu öz doğma qardaşı bilən Anadolu
türklüyünün, M.Ə.Rəsulzadəni qovduğunu
dilə gətirə bilərsiniz.
Bir tarixçinin,
keçmişin hər hansı bir hissəsinə nəzər
saldığı, araşdırdığı dövr, həmin
dövrün özündən çox əvvəllər
yaranan və onun təsir dairəsindən yayına bilmədiyi,
keçmişin tarixi və sosioloji hadisələrinin
yığcam olduğu bir məkandır. Həmin məkan
özündən sonra gələcək dövrləri də
öz bətnində barındırır. Həqiqi
tarixşünas onun fərqinə vara biləndir. O
tarixçi, obyektivlikdən əsla uzaqlaşmaz,
duyğusallığın cahil, kor-koranə və axmaq bataqlığında
mıxlanıb qalmaz.
I Dünya Müharibəsini
də, II Dünya Müharibəsini də qərbli imperialistlər
yaratdı. Şərqdə yerləşən imperialist ruslar
da onların, yəni ingilislərin, fransızların,
amerikalıların quyruğuna ilişdi, hərbdən sonra da
onlar dünyanı babalarının malı kimi
bölüşdülər.
Atatürk, Türkiyə
Cümhuriyyətini qurduğu vaxd ölkənin əhali
sayı 11 milyon qədərdi. 1927-ci ildə keçirilən
ilk əhali sayımında Türkiyədə 13 milyon
insanın yaşadığı aydın oldu. Bu 13 milyonun % 80
faizi qadın, uşaq, qoca və cəbhədən cəbhəyə
yüyürüb vətəni müdafiə etdiyi vaxtlarda
yaralanıb şikəst qalan insanlardı.
Atatürk, "əhali
sayımız 25 milyona çatmadığı müddətcə
sayım nəticələrini dünyaya elan etməyin.!"
deyə vəsiyyət eləmişdi. Mərhum
cümhurbaşqanı Calal Bayar, 1955-ci ildə aparılan
sayımda əhali sayının 24 milyonu
ötdüyünü və 25 milyona
yaxınlaşdığını özünə xəbər
verdiklərində, bu şad xəbəri radiodan xalqa və
dünyaya özünün çatdıracağını
söyləmiş, cümhurbaşqanlığı
köşkündən Ankara radiosuna gedərək efir
studiyasında əyləşmiş və "Ya Rəbb sənə
şükürlər olsun, əhali sayımız 25 milyona
yaxınlaşdı, daha millətimiz məhv edilmək təhlükəsindən
uzaqlaşdı", deyərək mikrofon qarşısında
sevinc gözyaşlarına qərq olmuşdu.
Məmməd Əmin Rəsulzadə
o cür bir Türkiyədə Azərbaycanın müstəqillik
mübarizəsini yeritmişdi. Sovet Rusiyası, İkinci
Dünya Müharibəsi sonrasında qalib bir imperialist dövlət
sifətiylə Türkiyəyə təzyiq etmiş, ondan
torpaq tələb etmiş və başda M.Ə.Rəsulzadə
olmaqla Azərbaycanın müstəqillik hərəkatını
yeridənlərə imkan yaratmamasını tələb
etmişdi. Türkiyə də qərbdən və şərqdən
lazımi köməyi görmədiyinə, təktənha
olduğuna, Sovetlər Birliyinə qarşı tək
başına mübarizə yeridə biləcək
gücü olmadığına görə məcbur qalıb
M.Ə.Rəsulzadənin müvəqqəti olaraq Avropaya gedib
mübarizəsini orda yeritməsinə mane ola bilməmişdi.
Görüntü bu idi; ancaq işin bir də arxa detalı
vardı. Türkiyənin dövlət xadimləri daimi olaraq Məmməd
Əmin Rəsulzadə ilə əlaqə saxlamış və
onun Avropada yeritdiyi mübarizəyə dəstək olmuş,
arzulanan siyasi mühit yaranar yaranmaz da onu Ankaraya dəvət etmiş
və Azərbaycanın müstəqillik mübarizəsini
buradan yeritməsini təmin etmişdi.
Məmməd Əmin Rəsulzadə,
Azərbaycan dövlətini yaradan böyük bir dövlət,
əqidə və könül adamı idi. Ələsgər
qardaşımızın dediyi kimi, o Türkiyədən
qovulsaydı bu torpaqlara bir daha ayaq qoymazdı. Türkiyə,
öz qurdurduğu dövlətin dövlət rəhbərinə
bu cür bir rəftarı rəva biləcəkdi? Bu nə
cür anlayışdır?!
Bu cür düşüncələr,
Azərbaycan konsulluğunun 1921-ci ildəki
açılış mərasimində Azərbaycan
bayrağını dirəyə sancarkən gözündə
sevinc və qürur gözyaşları gilələnən
Atatürkə, onun silahdaşlarıyla birlikdə
yaratdığı Türkiyə Cümhuriyyətinə, Azərbaycan
türklüyünü heç vaxt özünə yad bir
xalq gözündə görməyən, onu özünün əzəli
və əbədi can qardaşı, qan bir qardaşı
gözündə görən Anadolu türklüyünə həqarətdir.
Bu cür fikirlər ən yüngül ifadəylə desək
Türkiyəyə, Anadolu türklüyünə vəfasızlıqdır,
nankorluqdur.
Şəxsən
qardaşımız Ələsgər Ələsgərovun bu
cür bir anlayışa və düşüncəyə
sahib olacağını əsla xəyalıma da gətirə
bilməzdim.
Tanrının özünə
ordu yaratdığı qərib Türk, səni başa
düşə bilməyən oğullarının,
qızlarının könül gözünü aç, qoy
özlərinin kim olduqlarını yaxşı başa
düşsünlər!..
Seyfəddin Altaylı
Ədalət.- 2011.- 4 iyun.- S.22.