Floranın söz çeşməsində
axan incilər
Müasir jurnalistikamızın
istedadlı nümayəndəsi,
tanınmış publisist,
illərin yoldaşlıq
sınağından keçmiş
əziz həmkarımız
Flora Xəlilzadə "Yazdıqlarım:
ədəbiyyat-əbədiyyət" kitabını redaksiyamıza
belə bir avtoqrafla hədiyyə edib: "ömrümü
mişarlayan sözün
növbəti cildində
görüşənədək". Flora xanım xoş
sözü, isti münasibəti, kəsərli
qələmi ilə neçə ömrə işıq tutub, neçə qəlbi sevindirib, neçə sənətkarın uman könlünə sığal
çəkib, bütün
bunları yazdıqca da öz ömrünü
şam kimi əridib. O, nə yazıbsa, kimdən yazıbsa ürəkdən
yazıb. Sözün boyuna atlas libas
biçirmiş kimi, üstündə türfə
kimi əsib. Flora Xəlilzadə həm də qələminə, könül
sevgisinə dəyər
verən söz əhlidir.
Onun həyatda qazandığı
cah-cəlalı, ən
dəyərli varidatı
söz yüküdür. Və bu
yükü həmişə
çiynində, ürəyinin
başında gəzdirir,
bu yükdən bir yarpaq məlhəm
sözünü də
sənət adamlarına
çatdırmaqdan heç
yorulmayıb, usanmayıb.
Flora Xəlilzadə 40 ilə yaxındır ki, yazıb-yaradır. Bir vaxtlar "Azərbaycan təbiəti", "Azərbaycan
müəllimi" və
"Azərbaycan qadını"
kimi nüfuzlu qəzet və dərgilərdə jurnalist
kimi çalışan
qələmdaşım hazırda
"Azərbaycan" qəzetində
mədəniyyət şöbəsinin
müdiridir.
Ötən illər ərzində yüzlərlə məqalələr
yazıb. Xüsusi olaraq qeyd etmək istəyirəm ki, o, olduqca zəhmətkeş və məsuliyyətli qələm
adamıdır. Floranın konkret
biçimdə mövzu
dairəsi yoxdur.
Onun istedadı imkan verir ki, hər
şeydən yazsın.
Amma yazılarında da görünür ki, o, özünü daha çox ədəbiyyat, mədəniyyət sahəsində
rahat hiss edir. Axı, Flora həm də şeir əhlidir. 20
il bundan əvvəl nəşr etdirdiyi "Ruhumun ehtiyacı" adlı ilk
şeirlər kitabına
"Ön söz"
yazdığım giriş
sözündən bir
sətri yenə də xatırlamaq istərdim: "Florayla ən uca, əlçatmaz
bir nöqtədə daha çox yaxın oluruq, bir oluruq, kövrək
oluruq. İkimiz də yurd itirmişik, daha doğrusu, ata-baba yurdumuzu yağı basıb". Bundan sonra o, bir-birinin ardınca "Bənövşə
ətirli səs"(ədəbi portret), "Aysel adını itirib" (uşaq hekayələri), "Bu mənim
tale yolum" (ədəbi
portret), "Ürəyim
aldatdı məni"
(şeirlər), "Taleyimdən
keçən adamlar"
(publisistika), "İgidliyin
son zirvəsi" (ədəbi
portret), "Məmməd
Araza məktub"(elmi-ədəbi toplu),
"Yuxular" (şeirlər),
"Yolum düşə
Zəngəzura" (tarixi,
etnoqrafik bədii nəşr), "Dağları
tərpədən fəryad"
(ədəbi-bədii portret),
"Yazıçılar təşkilatının
rəhbərləri" (ədəbi
tədqiqatlar) kimi maraqlı kitablar nəşr etdirmişdir.
İndi vərəqlədiyim
- ağır zəhmətin
bəhrəsi olaraq ortaya qoyduğu "Yazdıqlarım: ədəbiyyat
- əbədiyyət" kitabında
kimlərlə görüşmürsən?
9 bölmə daxilində qruplaşdıraraq
və 200-ə yaxın
məqalə daxil edilmiş bu kitab daha çox
həm ölçü-biçisinə
görə, həm məzmununa, həm ədəbi-tarixi faktların
bolluğuna, həm də tarixi-xronoloji bölgünü qoruduğuna
görə nəhəng
bir ensiklopediyanı xatırladır.
"Ürəkdən gələn
sözün özünəməxsus
cazibəsi var. Qəlbdə
elə ovqat yaradır ki, sözün ovsunu səni əməlli-başlı
tərksilah edir, imkan vermir ki,
ondan ayrılasan. Söz həmişə
sahibinin kimliyini bəyan edir. İmzasına hörmətlə
yanaşdığım, yazılarını
bəyəndiyim, Azərbaycan
Yazıçılar Birliyinin
üzvü, tanınmış
yazıçı-publisist, həm də şair Flora Xəlilzadənin
"Ön söz"
yazmaq üçün
mənə verdiyi
"Yazdıqlarım: ədəbiyyat-əbədiyyət"
kitabının maketini
vərəqləyəndə bu hissləri yaşadım". Xalq yazıçısı
Anarın kitaba yazdığı "Söz
sözü çəkər"
adlı giriş sözündən diqqətə
çəkdiyim bu sətirlər müəllifin
qələmi, zəhməti,
istedadı haqqında
oxucuda bir daha aydın təsəvvür yaradır.
"Yazdıqlarım: ədəbiyyat
- əbədiyyət" kitabını
çap etdirmək ehtiyacını isə
"Oxucularıma" başlıqlı
müraciət - sözdə
müəllif açıqlayır.
Flora Xəlilzadənin təqdim
etdiyi bu kitabını publisistik qeyd-düşüncələr kimi dəyərləndirsək
də, əslində burada tədqiqat səpgili, ədəbiyyatşünaslıq
elminin tələblərinə
cavab verən məqamlar da çoxdur. Xüsusi olaraq onu qeyd etmək istərdim ki, istər klassik, istərsə də
50-70-ci illəri təmsil
edən nəslin nümayəndələrinə həsr olunmuş məqalələrdə müəllif
ədəbi faktlara, tarixi ştrixlərə, ictimai münasibətlərə
yeni baxışla, müstəqillik və demokratiyanın verdiyi şanslardan istifadə etməklə yanaşmışdır.
İndiyə qədər sosializm
prinsiplərinə uyğun
olaraq gizlədilmiş
və ya təhrif olunmuş faktlarla rastlaşdıqca,
məqalələrin məzmun
dərinliyi, elmi-publisistik
dəyəri Flora xanımın
həm də gərgin tədqiqatçı
əməyindən xəbər
verir.
"Sözün
və zamanın ucalığında", "Yazıçılar
birliyi və bölgələrin söz
mühiti", "Söz
şimşəkləri", "Söz uğrunda döyüşənlər", "Sözlə fəth edilən zirvələr",
"Sözlərə süzülən
işıqlar - müsahibələr",
"Qələmlə söz
göyərdənlər", "Böyükdür sözün
gücü", "Söz
seçimində itən
meyarlar" bölmələrində
qruplaşdırılan məqalələr
Azərbaycan ədəbiyyatının
üzü Vaqifdən,
Vidadidən tutmuş
XXI əsri təmsil edən gəncliyə qədər böyük bir yazarlar - ədiblər ordusunu təmsil edir. Oxumağa və stolüstü topluya dəyəsi bu kitaba Siz də
nəzər salın,
qazandığınız çox
şey, məhəbbətiniz
isə tükənməz
olacaq!
Almaz ÜLVİ
Ədalət.- 2011.- 8 iyun.- S.6.