"Bacanaqlar"in Talehi: "Bu adama Azərbaycanın 50 faizi qulaq asır"

 

Bir neçə il əvvəl "Tək səbir" adlı veriliş yayımlandığı az müddətdə çox şöhrət qazandı. Lakin sonradan bu kollektivə sanki göz dəydi. Hərə bir tərəfə üz tutdu. Bu gün onlardan biri "Bacanaqlar" serialının ssenari müəllifi baş qəhrəmanı, aktyor Elməddin Cəfərovla söhbət edəcəyik.  

- "Bacanaqlar" serialındakı "Taleh"lə Elməddini bağlayır?  

- Təbii ki, evli olduğumuza görə, obrazlara xarakter verərkən özümüzdən əlavələr etmişik. Bəlkə , qohumlarımın arasında ən zəif münasibətdə olduğum adam bacanağımdır. Ona sonuncu dəfə vaxt zəng etdiyimı, oturub bir stəkan çay içdiyimi artıq xatırlamıram...  

- Neçə bacanaqsınız?  

- Serialdakı kimi, həyatda da iki bacanağıq. Bacanağım serialdakı "Qismət" kimi sakit təbiətli insandır. Bir az savadlıdır, işinə daha çox diqqət ayırır. "Qismət" elə həyatdakı bacanağımın prototipidir. Amma "Taleh"lik edib ondan istifadə etmirəm. Çünki ən azından həyatda "Taleh" kimi fırıldaqçı deyiləm.  

 

"Bu gün sənin üçün bir torba "perspektiv" gətirmişəm, otur doyunca ye..."  

 

   - Amma fırıldaqçını elə cani-dildən oynayırsınız ki, elə bil obraz sizin içinizdən gəlir.  

- Yox əşşi, mənim "atmaq" bacarığım yoxdur. Bacarığım yoxdur deyəndə ki, bu, baş tuta bilməz. Serialda "Taleh"i cani-dildən oynamağımdandır ki, hamı həyatda da "moşennik" olğumu düşünüb, məndən ehtiyat edir. Yəni bir fırıldaqçı kimi serial vasitəsilə bütün yollarımı bağlamışam... Əslində ciddiliyə qalsa, "Bacanaqlar"a müraciət etməyimizdə xüsusi nəsə yoxdur. Sadəcə, bu mövzuya hələ toxunulmayıb. Məsələn, qayınana-gəlin münasibəti haqqında ədəbiyyatda, kinoda teatrda çox deyilib, eləcə baldız-gəlin, yeznə-qayın münasibətləri barədə çox oxumuşuq. Əslində bacanaqlar mövzusu həmişə gündəmdə olsa da, bundan çox az istifadə olunub. İşə başlamazdan əvvəl fikirləşdik elə mövzu seçək ki, ondan söhbət gedəndə mütləq biz yada düşək. Misal üçün, "qayınana" sözü eşidəndə, yadımıza mərhum sənətkarımız Nəsibə Zeynalova düşür.  

"Tamada" deyəndə Yaşar Nurinin oynadığı "Surxayzadə" gözümüzün önünə gəlir. Ona görə belə qərara gəldik ki, 104 seriyalıq "Bacanaqlar" serialı çəkək. Artıq 84-cü seriyası efirə gedib 86-cı seriyanı da çəkib qurtarmışıq. Şükürlər olsun ki, düşündüyümüz ideyanı həyata keçirə bildik, yəni arzuladığımız serial alındı.  

Bayaq "Taleh"i cani-dildən oynamağıma toxundunuz. Bilirsinizmi, "Taleh" "Qismət" obrazının mənim Elnur Hüseynovun ifasında inandırıcı alınmasının əsas səbəbi, bizim serialın ssenarist qrupunda olmağımızdır. Elnur ssenaridə "Taleh"ə necə aldana bildiyini, mən bacanağımı necə aldada biləcəyimi yazıram ortaq məxrəcə gəlirik. İnanın ki, "Taleh"in serialda etdiklərini həyatda təkrarlaya bilmərəm. Çünki sifətim məni satır. Yalan danışdığımı üzümə baxan adam o saat başa düşür.  

- Siz yaradıcılığa "Tək səbir" qrupu kimi başlasanız da, az müddət sonra kollektiv tamam dağıldı. Elə bil ki, sizin fəaliyyətinizə "tək səbir" düşmədi...  

- Doğrudur, biz əvvəlcə "Tək səbir", sonra "Cüt səbir" kimi fəaliyyət göstərdik. Səbirlərin sayı artdıqca gördük ki, qripə yoluxuruq... Bu, əvvəl-axır olmalı idi. Dağılmaq deyəndə ki, qrupdan kimlərsə getdilər. Misal üçün, əvvəl Fərda Xudaverdiyev, sonra Müşviq getdi...  

- Amma onlar deyirdilər ki, qrupu siz tərk etmisiniz?  

- Təbii ki, Fərda elə deyəcək, amma həmin komandanın əksər üzvləri ilə indi bir yerdəyik. Əslində, etiraf etməliyəm ki, mən "Tək səbir"in dövründə indikindən daha populyar idim. Onda küçədə gedəndə kimsə məni tanımasaydı, o saat xoflanırdım, ayə, bu məni niyə tanımadı? Sözün düzü, rahatçılığımız yox idi, hər kəsin diqqəti sənin üzərindədir, küçəyə çıxa bilmirdik. Amma indi camaat populyar insanlara maraq göstərmir.  

- Hər hansı televiziya serialının uzunömürlü olması yaradıcılıqdan başqa həmçinin güclü sponsorların hesabına başa gəlir. Bu gün "Bacanaqlar" üçün sponsorluq etmək istəyənlər tapılırmı?   

- Bir sponsorumuz var, çəkilişin pulunu ödəyir. Telekanalın rəhbərliyi sağ olsun, bizə pulsuz yayım vaxtı ayırıb. Bundan başqa, telekanal bizə sponsorlar tapıb, onların reklam edilməsinə şərait yaradıb, təəssüf ki, indiyədək bu şəraitdən istifadə edə bilməmişik. Ümumiyyətlə, "Arı-productions" kimi artıq 5 ildir, telekanal ilə əməkdaşlıq edirik. Hələ ki, çoxlu sponsor tapa bilməmişik.  

- "Taleh"in aqibəti sonda necə olacaq. Bu qədər adama ki, o, pul atır, axırda vurub öldürmürlər?  

- Bilirsinizmi, bədbəxt oğlu etsin axı, köhnə "05"lə "Bentley" maşına vurub, xirtdəyəcən borcun, faizin içindədir. Serialın sonunda Taleh fırıldaqçılığın daşını atıb normal insana çevrilir. Varlanır, bank sahibi olur onun özünə külli-miqdarda pul atırlar. Vaxtilə aldatdığı insanlar həmin oyunu onun başına gətirirlər.  

- İnsanlar küçədə "prikol"larınızdan sizə qarşı istifadə edirlərmi?  

- Yox, belə hal olmur. Amma hiss edirəm ki, insanlar məndən hər hansı təhlükə gözləyirlər, "sən öl bu bizə atacaq..." İnanın ki, Taleh obrazı əməlli-başlı xarizmamı korlayıb.  

 

"Ayə, qadan alım, bizim kollektiv bütün ilə bu qədər pul alır..."  

 

- Heç yolla gedəndə ağsaqqallardan sizə yaxınlaşıb: "Bəsdir , insanlara bu qədər atdın, ayıbdır!" deyən olubmu?  

- Mənə yox, "Məhəbbət" rolunu oynayan Ramilə (həm serialın rejissordur) yaxınlaşıb deyiblər: " oldu alə, Esiyə bir şey eliyəmmədin".  

- Serialda çəkilənləri dolandıra bilirsinizmi?  

- Bəli, içi mən qarışıq serial bizi dolandırır. Bu serialda yalnız oğlum Nihat maaş almır.  

- Deməli, uşağı istimar edirsiniz...  

- Etiraf edirəm ki, burada doğru söylədiniz. Bir ara hər seriyaya görə ona 10 manat verməyi düşünürdüm. Amma fikirləşə-fikirləşə o da yadımdan çıxdı.  

- Türkiyədə "Öylə keçər zaman ki" serialında 5 yaşlı Osmanı oynayan uşağa həftəsinə 10 min manat pul verilir, siz uşağa 10 manatı qıymırsınız?

- Ayə, qadan alım, bizim kollektiv bütün ilə bu qədər pul alır. Bilirsinizmi, hərdən oturub fikirləşəndə bu işləri heç analiz edə bilmirəm. Türkiyə bizim qonşumuzdur, onlarda da serial biznesi son 10-15 ildə yaranıb. Əvvəllər onlarda da yalnız xarici serialları göstərirdilər. Bilmirəm, ölkənin balaca olmasından irəli gəlir, ya yox? Sadəcə, bizdə insanlar tamam başqa cür olublar. Artıq başqa ölkələrin insanlarını da xəstələndirmişik. Üzeyir adlı oxuyan meydana çıxır, bilinmir ki, meyxana oxuyur, mahnı oxuyur? Çünki onu meyxanaçılar, müğənnilər özlərindən biri hesab etmirlər. Bu adama Azərbaycanın 50 faizi qulaq asır. İnsanların böyük əksəriyyəti onun "Sarı çiçəyim" mahnısını əzbər bilir.  

Hətta özünü "ən səviyyəli" adlandıran telekanal onu iki dəfə canlı yayıma çıxarıb. Bu yaxınlarda Türkiyədə oldum, Bursada Gəncə böyüklüyündə böyük park var, orada Üzeyirin mahnısını oxudurdular. Bunu gördüm elə fəxr etdim ki... Yaxınlaşıb başa saldıq ki, bizdə ondan da yaxşı mahnılar var, telefonumuzda mahnıları həmin adamın telefonuna yüklədik.  

- Türkiyə Rusiya kanallarına baxanda, orada estradanın güclü inkişaf etməsinin şahidi oluruq. Amma bizdə bu işlə məşğul olan 3-4 nəfər var, onlar da bir-biri ilə düşmənçilik edir. Bunların birləşməsinə mane olur?  

- Pul.  

- Bəs pul "Bu şəhərdə"ni yaxşı dağıtmır?  

- Çünki orada düzgün bölgü var. İndi o bölgünü mən öz kollektivimizdə tətbiq edirəm. Hər kəsə dədə malı kimi 5 faiz düşür, yerdə qalan artıq 5 faiz "xərclərimizə" sərf olunur.

 

 

Ədalət.- 2011.- 8 iyun.- S.8.