FİLİQRAN

 

Oxucuya, aydın olsun deyə, izah edirəm ki, filiqran hərbi və xüsusi geyim formasına daxil olan furaşkanın (baş geyiminin-İ.A.) günlüyü üzərində olan və hər iki tərəfdən düymə ilə bərkidilən kəmərdir. Sovetlər dönəmində həmin kəmər generalların hərbi geyim formasında, prokurorluq işçilərinin III dərəcəli dövlət ədliyyə müşaviri və ondan yuxarı xüsusi rütbəsi olan şəxslərin furaşkalarında isə qızılı saplardan hörülmüş olurdu.   

Generalların və xüsusi ali rütbəsi olan prokurorluq işçilərindən başqa, aşağı hərbi rütbəsi və xüsusi rütbəsi olan şəxslərdə isə furaşkanın günlüyü üzərinə bərkidilən həmin kəmər qara müşəmbədən (kleyonkadan-İ.A.) olurdu. Lakin ölkəmizin müstəqillik dövründə isə istər hərbi geyim formasında, istərsə də xüsusi rütbəsi olan şəxslərin furaşkalarındakı filiqran, onların hərbi və xüsusi rütbələrindən asılı olmayaraq, qızılı saplardan toxunurdu.   

Uşaq yaşlarımdan mənim hərbi geyim formasına, xüsusilə də onun paqonlarına böyük həvəsim vardı. Orta məktəbdə oxuyarkən rayon pionerlər evində təşkil olunmuş rəsm dərnəyinə gedir və buna görə də rəsm çəkməkdə sinif yoldaşlarımdan fərqlənirdim. Məhz buna görə də həmin vaxtlar kino-filmlərdə gördüyüm paqonları və fərqlənmə nişanlarını kartonda çəkib düzəltməklə pencəyimin müvafiq hissələrinə tikirdim.   

Bəlkə də xüsusi geyim formasına olan həvəsim mənim Azərbaycan Dövlət Universitetinin (hazırkı BDU-nun-İ.A.) hüquq fakültəsinə qəbul olunmağımın səbəblərindən biri olmuşdur.  

Hüquq fakültəsini 1971-ci ilin iyun ayında fərqlənmə diplomu ilə bitirib, prokurorluq orqanlarına təyinat aldım. O zamanlar prokurorluq orqanlarına təyinat almış gənc mütəxəssis bir il müddətində prokurorluğun stajoru kimi qulluq etməli, sonra isə müvafiq vəzifəyə təyin edilməli idi. Lakin hüquq fakültəsində əla qiymətlərlə oxuduğuma, buna görə də adlı təqaüd aldığıma və universiteti fərqlənmə diplomu ilə bitirdiyimə görə dörd aydan sonra, keçmiş SSRİ Prokurorluğunun razılığına əsasən, müstəsna hal kimi, mən şəhər prokurorluqlarının birində baş müstəntiq vəzifəsinə təyin edildim.  

Səhv etmirəmsə, 1972-ci ilin may ayında isə mənə kiçik hüquqşünas xüsusi (kiçik leytenant-İ.A.) rütbəsi verildi. Lakin buna qədər xüsusi rütbəm olmadığına görə, təbii ki, prokurorluğun xüsusi geyim forması da əldə etməmişdim. Prokurorluğun xüsusi geyim formasını geyinmək üçün yaman tələsirdim.   

Onu da qeyd edim ki, I dərəcəli hüquqşünas (kapitan rütbəsi-İ.A.) xüsusi rütbəsi də daxil olmaqla, bu rütbə sahiblərinə xüsusi geyim forması tikdirmək üçün prokurorluq tərəfindən "Antey" parçası, kiçik ədliyyə müşavirindən baş ədliyyə müşavirinədək (mayor rütbəsindən polkovnik rütbəsinədək-İ.A.) xüsusi rütbəsi olan şəxslərə "Baston" parçası, ali xüsusi rütbəsi olanlara isə (general rütbəsi-İ.A.) "Qabardin" parçası verilirdi. Lakin buna baxmayaraq mən prokurorluq işçisinin xüsusi geyim formasını tikdirmək üçün öz vəsaitim hesabına bir kostyumluq (furaşkaya sərf olunacaq material da nəzərə alınmaqla) "Qabardin" parçası alıb saxlayır və mənə xüsusi rütbə verilməsini səbrsizliklə gözləyirdim.   

1972-ci ilin sentyabr ayında ilk dəfə olaraq məzuniyyətə çıxdım, bir həftə Moskva şəhərində, bir həftə isə Leninqrad ( indiki Sankt-Peterburq-İ.A.) şəhərində oldum. Moskva şəhərində olduğum müddətdə Mərkəzi hərbi univermaqdan kiçik hüquqşünas xüsusi rütbəsinə uyğun gələn ulduz, prokurorluğun emblemini, pencəyə vurulacaq petlisa, papağa vurulan qızılı saplardan hörülmüş filiqran, qara rəngli qalstuk da aldım. Onu da qeyd edim ki, həmin vaxtlar prokurorluq işçilərinin paqon gəzdirməsi nəzərdə tutulmamışdı, prokurorluq işçiləri xüsusi rütbələri və fərqlənmə nişanlarını pencəyin yaxasına tikilən petlisaya bərkidirdilər.   

Məzuniyyətimin sonuna yaxın Bakıda hərbi geyim forması tikən dərziyə özüm üçün prokurorluğun xüsusi geyim formasını da sifariş etdim. Həmin vaxtlar Bakı şəhərində, hazırkı "Hyatt Regency Baku" mehmanxanası qarşısında olan binanın birinci mərtəbəsində, hərbi geyim tikən ustalar fəaliyyət göstərirdilər.   

Sovetlər dönəmində bütün ölkə ərazisində (keçmiş Sovetlər İttifaqı nəzərdə tutulur-İ.A.) böyük təntənə ilə qeyd edilən 7 Noyabr bayramında artıq mənim ilk xüsusi geyim formam hazır idi və işlədiyim rayondakı bayram nümayişində mən həmin formada iştirak etdim.   

Həmin ilin payız ayları idi. Mən Bakıya respublika prokurorluğuna xidməti işimlə əlaqədar ezamiyyətə gəlmişdim, səhv etmirəmsə, hansısa cinayət işini istintaq şöbəsinə məruzə etməli idim. Havalar soyuq olduğundan yeni aldığım plaşı da geyinmişdim. Bu dövrdə ağ, göy rəngli neylon qoluuzun köynəklər dəbdə idi. Moskvada məzuniyyətdə olarkən xüsusi geyim forması ilə geyinmək üçün iki ədəd də ağ neylon qoluuzun köynək də almışdım. Bakıya ezamiyyətə gələrkən həmin ağ köynəkdən birini də geyinmişdim. Bir sözlə, hər cəhətdən "formada" idim.   

Respublika prokurorluğuna gəlib, cinayət işini məruzə etmək məqsədi ilə vəzifəli şəxsin qəbuluna düşmək üçün növbə gözləyir və bu məqsədlə prokurorluğun üçüncü mərtəbəsinin dəhlizində özüm kimi prokurorluq orqanlarına yenicə qəbul olunmuş bir tanışımla söhbət edirdim. Bu zaman cəmi bir neçə ay bundan əvvəl tikdirdiyim prokurorluq işçisinin geyim forması dəstinə daxil olan furaşka da başımda idi. Həmin vaxt dəhlizin yuxarı tərəfindən prokurorluğun xüsusi geyim formasında olan, tanımadığım şəxs, səhv etmirəmsə, o, baş ədliyyə müşaviri xüsusi rütbəsində idi, nurani, saçları çallaşmış, bığlı bir əməkdaş əlində papka bizə tərəf gəlirdi. Bu dövrdə mən prokurorluq orqanlarında yenicə fəaliyyətə başlamışdım, təbii ki, prokurorluğun Mərkəzi Aparatının işçilərini tanımırdım. Həmin əməkdaş, xüsusilə də mənim furaşkama çox diqqətlə baxdı, lakin mənə heç nə demədi və yanımızdan keçib, hansısa kabinetə daxil oldu. Mən sonradan bildim ki, dəhlizin həmin hissəsində respublika prokurorunun kabineti yerləşir və mənim furaşkama çox diqqətlə baxan əməkdaş respublika prokurorunun qəbulundan gəlirdi.  

Aradan bir neçə dəqiqə keçmiş yaxındakı kabinetlərdən birinin qapısı açıldı və yenə mənim tanımadığım mülki paltarda olan ahıl bir əməkdaş əl barmağının işarəsi ilə məni otağa dəvət etdi. Otağa daxil olub, həmin əməkdaşla salamlaşdım və furaşkamı çıxartdım. Ağsaqqal məndən hansı rayonda işlədiyimi soruşdu və mən işlədiyim rayonu dedim.   

Həmin əməkdaş mənim xüsusi rütbəmi soruşdu. Mən dedim:  

- Kiçik hüquqşünasam.   

Bunu deyib, plaşımın yaxalığını dartıb, petlisamı da göstərdim. Ağsaqqal əməkdaş mənim xüsusi rütbəmin kiçik hüquqşünas olmasını, başqa sözlə, petlisamda cəmi bir balaca ulduz olmasını görüb, özündən çıxdı və dedi:  

- Deyirsən ki, kiçik hüquqşünasam, özüm də görürəm ki, petlisanda cəmi bir kiçik ulduz var. Bəs o furaşkandakı qızılı filiqran nə deməkdi?!  

Mən ağsaqqalın nə demək istədiyini, doğrusu, anlamadım. Ona görə həmin əməkdaşdan soruşdum:  

- Ağsaqqal, sizin iradınızın səbəbini başa düşmədim. Mümkünsə, nədə səhv etdiyimi mənə ətraflı izah edəsiniz.

Belə deyəndə həmin əməkdaş özündən çıxdı və dedi:  

- Sən bilirsən neyləmisən?!  

Cavab verdim ki, xeyr, başa düşmədim nədə səhv etmişəm.   

Həmin əməkdaş bir az da özündən çıxmış halda dedi:  

- Özün deyirsən ki, kiçik hüquqşünassan, amma furaşkana vurduğun filiqran generallar üçündür. General rütbəsinə qədər bütün xüsusi rütbəlilərin furaşkasındakı filiqran qara müşəmbədən-kleyonkadan olmalıdır. Sən isə kiçik hüquqşünas olduğun halda, furaşkana generallar kimi qızılı filiqran vurmusan. A kişi, respublika prokuroru bunu görsə, bilirsən sənin başına nə oyun açar?!  

Onu da deyim ki, bir qədər əvvəl mənim furaşkama çox diqqət və təəcüblə baxan, saçları çallaşmış əməkdaş da həmin otaqda idi və yazı masasının arxasında oturub, nəsə yazır, lakin söhbətə qarışmırdı.  

Ağsaqqalın bu sözündən sonra sanki mənim canıma isti keçdi və birazdan da məni soyuq tər basdı. Mən qəbahətimin mənasını yalnız indi başa düşdüm və ağsaqqal əməkdaşa dedim:  

- Xüsusi geyim formasının qaydasını pozmağımın nədən ibarət olması indi mənə aydın oldu. İradınıza görə minnətdaram. İndi mən nə etməliyəm? Özüm də məruzə etmək üçün cinayət işi gətirmişəm.

 

Həmin əməkdaş mənə qayıtdı ki:  

- Mən sözümü dedim, neyləmək lazım olduğunu özün bilməlisən. Ancaq onu bilirəm ki, respublika prokuroru bu vəziyyəti görsə, səni hökmən intizam məsuliyyətinə cəlb edəcəkdir.   

Bu sözdən sonra mən bir az da qorxuya düşdüm və cinayət işini məruzə edəcəyimi sanki unutdum. Hələ tələbəlik illərindən bilirdim ki, Bakıda Səməd Vurğun küçəsi ilə Nizami küçəsinin kəsişdiyi yerdə şəhər hərbi qarnizonunun univermağı yerləşir və orada müxtəlif hərbi geyim ləvazimatları ilə yanaşı, hərbi furaşkaların da satışda olmasını bilirdim. Ona görə də artıq furaşkanı başıma qoymadım, furaşkanı sol əlimə alıb, başıaçıq respublika prokurorluğunun binasından çıxaraq, Nizami küçəsi ilə həmin qarnizon hərbi univermağına doğru istiqamət götürdüm. Mən küçədə gedərkən qorxumdan arxaya baxmırdım və mənə elə gəlirdi ki, hamı mənə baxır. Lakin əslində belə deyildi. Küçədə adam çox olmaqla, mənimlə maraqlanan yox idi. Üç-beş dəqiqədən sonra mən artıq qarnizon hərbi univermağında idim. Mağazaya daxil olan kimi orada müxtəlif qoşun növlərinə məxsus furaşkaların rəflərdə yan-yana düzülməsinin şahidi oldum.   

Rəflərdəki ilk baxışda gözümə dəyən hərbi dənizçilərə məxsus furaşka oldu. Həmin furaşkanın mənim nəzər-diqqətimi cəb etməsinin səbəbi onun filiqranının qara rəngli müşəmbədən-kleyonkadan olması idi. Mən həmin furaşkanın birini satıcıdan istədim, furaşkanı alıb, bir daha diqqətlə baxdım, furaşkanın filiqranının həqiqətən də qara rəngli müşəmbədən olmasını bir daha yəqin etdim və furaşkanın qiymətini soruşdum. Səhv etmirəmsə, satıcı furaşkanın qiymətinin on beş manat (1961-ci ilin pul miqyası ilə-İ.A.) olmasını bildirdi. Tez deyilən məbləği kassaya keçirib, kassa çekini alıb, satıcıya təqdim etdim. Satıcı furaşkanı kağıza bükmək istədikdə mən dedim ki, furaşkanı bükmək lazım deyil. Mən dərhal furaşkanın filiqranını çıxarıb, furaşkanı isə piştaxtanın üstünə qoydum və gəldiyim küçə ilə təcili respublika prokurorluğuna qayıtmağa başladım. Ona görə də satıcının nə demək istədiyini yaxşı eşitmədim. Sonradan başa düşdüm ki, satıcı nə üçün furaşkanın filiqranını çıxarıb, furaşkanı isə mağazada qoyub getməyimin səbəbini soruşurmuş. Lakin bunu izah etməyə isə nə vaxtım, nə də həvəsim vardı.  

Respublika prokurorluğuna qayıdarkən küçədəcə furaşkamın qızılı filiqranını qara müşəmbə filiqranla dəyişdikdən sonra artıq rahat nəfəs almağa başladım və furaşkanı başıma qoydum. Mən mağazaya gəldiyim küçə ilə də - Nizami küçəsi ilə respublika prokurorluğuna qayıdırdım. Lakin mənə elə gəlirdi ki, sanki başqa küçə ilə qayıdırdım, artıq mənimlə maraqlanan yox idi.

Respublika prokurorluğuna qayıdıb, cinayət işini istintaq şöbəsində işlədiyim bölgəyə məsul olan şöbə prokuroruna məruzə etdikdən sonra rayona qayıtdım.  

Prokurorluq orqanlarında xidmət etdiyim ilk vaxtlarda rastlaşdığım bu hadisə mənə həmişəlik dərs oldu. Bəlkə də prokurorluq orqanlarında bütün xidməti fəaliyyətim dövründə xüsusi geyim formasını daşımaq qaydalarına ciddi və nümunəvi əməl etməyimin səbəblərindən biri də bu idi.  

Zarafat deyil, səkkiz qəpiklik qara rəngli müşəmbə filiqrana görə mənim on beş manata furaşka almağım heç vaxt yadımdan çıxmaz...

  

 

Abbasov İlham

 

Ədalət.- 2011.- 8 iyun.- S.6.