Qubada elmi-praktik konfrans keçirilib
Qubada İqtisadi
İnkişaf Nazirliyinin və Azərbaycan Milli Elmlər
Akademiyasının təşkilatçılığı ilə
"Regionlarda ixracyönümlü məhsul istehsalı:
mövcud potensial və perspektivlər" mövzusunda
elmi-praktik konfrans keçirilmişdir. Konfransda müvafiq
dövlət qurumlarının, Quba-Xaçmaz regionu üzrə
yerli icra hakimiyyəti orqanlarının nümayəndələri,
elmi-tədris müəssisələrinin məsul şəxsləri
və sahibkarlar iştirak etmişlər.
Tədbirdə
çıxış edən Quba RİH-in
başçısı Rauf Həbibov son illər regionların
sürətlə inkişaf etdiyini, dövlət
başçısının regionların inkişafına
göstərdiyi xüsusi diqqət və qayğının nəticəsində
yerlərdə yeni istehsal və xidmət müəssisələrinin,
müasir sosial infrastruktur obyektlərinin
yaradıldığını, təzə iş yerlərinin
açıldığını diqqətə
çatdırmışdır. Bildirmişdir ki, həyata
keçirilən məqsədyönlü tədbirlər nəticəsində
sahibkarlar ölkə iqtisadiyyatının aparıcı
qüvvəsinə çevrilir, regionların iqtisadi mənzərəsinin
dəyişməsində, istehsal prosesinin modernləşməsində
regional dövlət proqramlarının icrası mühüm əhəmiyyət
daşıyır.
İqtisadi inkişaf nazirinin
müavini Niyazi Səfərov da ölkədə uğurla həyata
keçirilən sosial-iqtisadi siyasət nəticəsində
iqtisadiyyatda davamlı inkişafın təmin olunduğunu
bildirmişdir. Regionların inkişafının iqtisadi siyasətin
prioritetlərindən olduğunu deyən natiq eləcə də
yoxsulluğun azaldılması, ərzaq təhlükəsizliyinin
təmin edilməsi və digər dövlət
proqramlarının uğurlu icrasından
danışmış, qeyri-neft sektorunun daha da inkişaf
etdiyini, ölkə iqtisadiyyatına investisiya qoyuluşunun
artdığını, sahibkarlıq fəaliyyətinin
genişləndiyini vurğulamışdır. Niyazi Səfərov
qeyri-neft ixracının artırılması istiqamətində
kənd təsərrüfatı məhsullarının
istehsalı və emalının beynəlxalq standartlar səviyyəsində
təşkilinin və qabaqcıl təcrübənin tətbiq
olunmasının xüsusi əhəmiyyət
daşıdığını da nəzərə
çatdırmışdır.
Ekologiya və təbii sərvətlər
nazirinin müavini Firdovsi Əliyev, İqtisadi İnkişaf
Nazirliyinin regionların inkişafı və dövlət
proqramları şöbəsinin müdiri Sahib Məmmədov,
sahibkarlığın inkişafı siyasəti şöbəsinin
müdir müavini Hüseyn Paşayev, iqtisadi siyasət, təhlil
və proqnozlaşdırma şöbəsinin müdir
müavini Nizami Qasımov, Azərbaycan Sahibkarlar (İşəgötürənlər)
Təşkilatları Milli Konfederasiyasının baş katibi
Məmmədəli Əfəndiyev ölkə rəhbərliyi
tərəfindən aparılan məqsədyönlü və
düşünülmüş iqtisadi siyasət nəticəsində
regionların investisiya potensialının
artdığını, sahibkarlığın
inkişafına kompleks dövlət dəstəyi tədbirlərinin
genişləndiyini, dövlət proqramlarının uğurla
icra olunduğunu, yerlərdə infrastruktur, sosial-mədəni,
istehsal və emal obyektlərinin
yaradıldığını, regionların inkişafında
sahibkarlığın rolunun artdığını söyləmişdir.
Natiqlər bildirmişlər ki, hazırda "Azərbaycan
Respublikası regionlarının 2009-2013-cü illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı"nın
icrası uğurla davam etdirilir. Prezident regionlar kimi, Bakıətrafı
qəsəbələrin inkişafına da daim diqqət
göstərir. Bu sahədə işlərin kompleks şəkildə
davam etdirilməsi məqsədilə dövlət
başçısının 4 may 2011-ci il tarixli sərəncamı
ilə "2011-2013-cü illərdə Bakı şəhərinin
və onun qəsəbələrinin sosial-iqtisadi
inkişafına dair Dövlət Proqramı" təsdiq
edilmişdir. Dövlət Proqramında nəzərdə
tutulan tədbirlərin yüksək keyfiyyətlə, vaxtında
və tam icrası işlərinin təşkili
üçün İqtisadi İnkişaf Nazirliyində və
Bakı Şəhər İcra Hakimiyyətində
işçi qrupları və monitorinq qrupları
yaradılmışdır.
İqtisadi İnkişaf
Nazirliyinin xarici ticarət siyasəti və Ümumdünya
Ticarət Təşkilatı şöbəsinin müdiri Bəxtiyar
Alışov isə konfrans iştirakçılarına
regionlarda fəaliyyət göstərən sahibkarların
potensial ixrac bazarlarına çıxış imkanları,
qeyri-neft məhsullarının xarici bazarlara
çıxarılmasında "GSP+" proqramının əhəmiyyəti
və sahibkarların maarifləndirilməsi istiqamətində
görülən işlər barədə məlumat
vermişdir.
Akademik Əli Nuriyev, Azərbaycan
Milli Elmlər Akademiyasının birinci vitse-prezidenti Arif Həşimov,
AMEA-nın İqtisadiyyat İnstitutunun direktoru İsa
Alıyev və İqtisadi İnkişaf Nazirliyinin İqtisadi
İslahatlar Elmi-Tədqiqat İnstitutunun direktoru Vilayət Vəliyev
elmi-tədqiqatların nəticələrindən istifadə
etməklə innovasiyalı sahibkarlığın
inkişafı və Quba-Xaçmaz iqtisadi rayonunun
potensialı barədə məlumat vermiş, ölkənin təbii
və əmək potensialından səmərəli istifadə
etməklə qeyri-neft sektorunun sürətli
inkişafının təmin edilməsi üçün elmi
araşdırmaların zəruriliyini vurğulamışlar.
Çıxış edənlər bildirmişlər ki,
aparılan tədqiqatların praktiki əhəmiyyətinin
artırılması üçün elmi-tədqiqat və
layihə institutları ilə təsərrüfat subyektləri
arasında əlaqələrin daha sıx qurulmasının təmin
edilməsi xüsusi önəm kəsb edir.
Konfransda İqtisadi
İslahatlar Elmi-Tədqiqat İnstitutunun baş elmi
işçisi Həzi Eynalov "Ekoloji təmiz kənd təsərrüfatı,
əsas prinsipləri və
ixracyönümlülüyü" mövzusunda təqdimatla
çıxış etmişdir.
Sonda tədbirdə səsləndirilən
təkliflərlə bağlı müzakirələr
aparılmış, iştirakçıların sualları
cavablandırılmışdır.
Azərbaycan.- 2011.- 7 iyun.- S.10.