FİFA, UEFA və AFFA-nın
prezidentlərinin iştirakı ilə mətbuat konfransı
keçirildi
İyunun 6-da FİFA-nın prezidenti Yozef Blatter, UEFA-nın prezidenti Mişel Platini və AFFA-nın prezidenti Rövnəq Abdullayevin iştirakı ilə Azərbaycan futbolunun 100 illik yubileyinə və 17 yaşlı qızlardan ibarət komandalar arasında 2012-ci ildə ölkəmizdə keçiriləcək dünya çempionatına həsr olunmuş mətbuat konfransı keçirilmişdir.
AFFA-nın prezidenti Rövnəq Abdullayev ölkə futbolunun 100 illliyi münasibətilə futbol ictimaiyyətini təbrik edərək dedi: "Bu gün Azərbaycanda möhtəşəm bir gündür. Futbolumuzun 100 illik yubileyini qeyd edirik. Bu tədbirlərdə iştirak etmək üçün dəvətimizi qəbul edən FİFA-nın və UEFA-nın prezidentlərinə minnətdarıq. Biz həm dövlətimizin futbola qayğısını, həm də FİFA və UEFA səviyyəsində dəstəyi hiss edirik. Bu, həmişə yüksək səviyyədə olub. Buna görə Blatterlə Platiniyə minnətdarlığımızı bildirirəm".
AFFA-nın prezidenti Qazaxıstan yığmasına məğlubiyyətdən sonra Bakıya qayıdan milli komandamızla görüşərək Almaniya ilə ev oyununda qarşıya qoyulan vəzifədən danışdı: "AFFA-nın rəhbərliyi futbolçular qarşısında nə vəzifə qoya bilər? Yalnız yaxşı oynamaq. Biz yaxşı oyun, uğurlu nəticə gözləyirik. Millimizin Almaniya ilə görüşdə yaxşı oynayacağına inanırıq".
UEFA-nın prezidenti Mişel Platini isə Bakıya gəlişinin dörd səbəbi olduğunu söylədi: "Birincisi, Azərbaycan Prezidenti və AFFA-nın prezidenti ilə görüşlərimiz oldu. İkincisi, futbolunuzun 100 illik yubileyini sizinlə bir yerdə qeyd edirik. "Dalğa Arena" kimi gözəl stadionun açılışında iştirak etdik. Bu arenanın inşasına UEFA səviyyəsində dəstək olub. "Dalğa Arena" çox gözəl inşa edilib, ən əsası, stadionda atmosfer var. Sevindirici məqam odur ki, stadion elə-belə yerdə yox, dəniz kənarında tikilib. Yəni bura gələn uşaqlar futboldan kənarda qalmayacaqlar. Əsas odur ki, insanlar ora ailəliklə gələcəklər və bu, bir bayrama çevriləcək. Daha bir səbəb 65 minlik olimpiya stadionunuzun təməlinin qoyulmasında iştirak etməyimiz idi və gələcəkdə belə gözəl stadionunuz olacaq. Azərbaycanlılar fəxr etməlidir ki, ölkə prezidentiniz və AFFA infrastruktura belə diqqət yetirir. İndi qalır yaxşı futbol oynamaq..."
Platini kütləvi futbola diqqət yetirilməsinin vacibliyini də qeyd etdi: "Futbolunuzun 100 yaşı olsa da, federasiyanız çox gəncdir. O, 1994-cü ildən FİFA və UEFA-nın üzvüdür. Qazaxıstanla oyundan sonra bir az məyus olmusunuz. Ancaq böyük təcrübəmdən deyə bilərəm ki, hərdən udmaq, hərdən uduzmaq olur. Türkiyənin futbol komandası üzərində qələbə qazandığınızda bunu iki gün təntənəli şəkildə qeyd etdiyinizi bilirəm. Qazaxıstandan sonra isə məyus olmusunuz. Futbol enişli-yoxuşludur. Ola bilər ki, Almaniyaya qalib gəldiniz. Bu da futbolun gözəlliyidir. Yeganə idman növüdür ki, nəticəni demək olmaz. Futbolunuza göstərilən diqqətə görə fəxr etməlisiniz. Bunu dünyanın hər yerində görə bilməzsiniz".
FİFA-nın prezidenti Jozef Blatter də belə bir gündə Azərbaycanda olduğuna görə çox şad olduğunu bildirdi: "Futbol böyük oyundu. Bunu hiss etmək lazımdır. Bu idmanın bir növüdür. Çox şadam ki, dövlət başçınız da Azərbaycanda futbolun inkişafına belə qayğı göstərir. FİFA bu diqqəti yüksək qiymətləndirir. Buna görə də 17 yaşlı qızlardan ibarət komandalar arasındakı dünya çempionatı məhz Azərbaycanda keçiriləcək. Bakıdakı yeni stadion möhtəşəm olacaq. Hamınızı yubiley münasibətilə təbrik edirəm".
FİFA-nın prezidenti məşhur futbol hakimimiz, adını futbol tarixinə yazdırmış Tofiq Bəhramovu da xatırlayıb: "Sizin futbolun 100 illiyində bir insan tarix yazıb. Bu, 1966-cı ildə dünya çempionatının finalında yan xətt hakimi olan Tofiq Bəhramovdur. Həmin final oyunun iştirakçıları - vacib qolu vuran ingiltərəli Ceff Herstlə alman qapıçı Hans Tilkovski Bakıya gəlmişlər. Bu, çox tarixi andır. Həmin finalda qolun olub-olmamağı müzakirəsi davam etdirilir. O vaxt müvafiq texnika yox idi. Platini deyir ki, əsas qapıçının topu tutması idi. Bu, olsaydı, heç bir mübahisə də olmayacaqdı. Çox maraqlı məqam odur ki, ötən il dünya çempionatında Almaniya - İngiltərə oyununda da belə epizod oldu. Almaniya yığması indi bura gəlib. Bütün bunlar futbolda təsadüflərin çox olduğunu göstərir".
Blatter gələcəkdə ölkəmizin böyük turnirlər keçirməsi ilə bağlı nikbinliyini bildirdi. "Təbii ki, buna şansınız var. Bu, ilk addımdır. Əminəm ki, gələn il Azərbaycanda dünya çempionatı yaxşı səviyyədə təşkil olunacaq. Azərbaycan gələn il mahnı müsabiqəsini də təşkil edəcək. Bütün bunlar Azərbaycan üçün çox vacib amildir. Gələcəkdə beynəlxalq səviyyədə daha vacib oyunları, turnirləri təşkil edə bilərsiniz. Ancaq hər şey addım-addım olmalıdır".
Elçin CƏFƏROV
Azərbaycan.- 2011.-7 iyun.- S. 11.