İsveçin Uterşberq şəhərində Azərbaycan rəssamlarının əsərlərindən ibarət sərgi açılmışdır

 

İyunun 5-də Azərbaycan Respublikasının İsveç Krallığındakı səfirliyinin təşkilati dəstəyi ilə bu ölkənin qədim şəhərlərindən sayılan Uterşberqdə Azərbaycan rəssamları Eldar Babazadə və Müseyib Əmirovun əsərlərindən ibarət sərgi açılmışdır.

Səfirlikdən AzərTAc-a bildirmişlər ki, iyulun 10-dək davam edəcək sərginin açılış mərasimində İsveç Krallığında işgüzar səfərdə olan xarici işlər nazirinin müavini Xələf Xələfov da iştirak etmişdir. Bundan əlavə, səfirliyin dəvəti ilə açılış mərasiminə İsveçin tanınmış rəssamları, ziyalıları, incəsənət xadimləri də qatılmışlar.

Mərasimi giriş sözü ilə açan səfir Rafael İbrahimov bu sərginin Skandinaviya regionunda Azərbaycan rəssamlarının ilk yaradıcılıq hesabatı olduğunu diqqətə çatdırmışdır. Səfir yaxın gələcəkdə qarşılıqlı olaraq İsveç rəssamlarının da Azərbaycanda sərgilərinin keçirilməsi ilə bağlı işlərin aparıldığını xüsusi vurğulamışdır.

Azərbaycan rəssamlarının sərgisi ilə bağlı məlumat İsveçin "Barqslaqsbladet" qəzetində işıqlandırılmışdır.

Uterşberq şəhəri Skandinaviya ölkələrində rəsm atelyesı şəhəri kimi tanınmışdır. Hələ "soyuq müharibə" zamanı sovet dissidenti və dünyada tanınmış rəssam Ernest Neizvestnıy məhz bu şəhərdə yerləşən rəsm atelyelərində özünün məşhur əsərlərini yaratmışdır.

 

 

Azərbaycan.- 2011.- 7 iyun.- S. 11.