Ənənəvi bayram konserti
Tanınmış musiqiçilər nəsli yetirməsi ilə seçilən Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin 80 illik fəaliyyəti dövründə yaddaqalan tədbirləri silsilə xarakter daşıyıb. Maestro Niyazinin mənzil-muzeyində keçirilən tədbirdə də məhz adıçəkilən musiqi məktəbi şagirdlərinin yekun konserti ilə çıxışı təsadüfi deyildir.
Konsertdən öncə Bakı Musiqi Akademiyasının dosenti, musiqişünas Səadət Səttarova Bülbül adına Orta İxtisas Musiqi Məktəbinin fəaliyyətinin 80 illiyi ilə əlaqədar etdiyi çıxışında vaxtilə bu musiqi ocağına dahi Üzeyir Hacıbəylinin təşəbbüsü ilə mütəxəssislər cəlb olunduğunu xüsusi vurğuladı: "Ötən əsrin 40-cı illərində məktəb böyük yaradıcılıq dövrü yaşayırdı. Əllinci illərdən sonra isə məktəbin yetirmələri beynəlxalq arenaya yol tapdı. Fərhad Bədəlbəyli, Polad Bülbüloğlu və digər tanınmış musiqiçilər məhz bu məktəbin yetirmələridir".
Tədbirin bədii
hissəsində adıçəkilən qocaman musiqi məktəbinin
şagirdlərinin ifasında konsert proqramı təqdim edildi.
Şagirdlərdən Atabəy İsmayılovun, Vurğun Vəkilovun,
Nərminə İsmayılovanın, Aynur Abdullayevanın
musiqi alətlərində, Tamella Əhmədova ilə Tamella
Cəfərzadənin isə "Romans" və başqa
ifaları tədbir iştirakçılarının
marağına səbəb oldu.
M.NƏRİMANOĞLU
Azərbaycan.- 2011.- 7 iyun.- S. 11.