Beynəlxalq konfransda Azərbaycan aliminin çıxışı maraqla qarşılanmışdır

 

Azərbaycan Milli Elmlər Akademiyasının Ədəbiyyat İnstitutunun və Atatürk Mərkəzinin Beynəlxalq Əlaqələr şöbəsinin baş elmi işçisi, fəlsəfə elmləri doktoru, professor Rahid Ulusel (Xəlilov) Amerika Birləşmiş Ştatlarının məşhur Harvard Universitetində keçirilən ikinci beynəlxalq konfransda ölkəmizi təmsil etmişdir.

Sosial və humanitar elmlər, mədəniyyət, təhsil, biznes və iqtisadiyyat, elm və texnologiya problemlərinə həsr olunmuş bu konfransda həmin sahələr üzrə ən yeni araşdırmalar təqdim edilmiş, müasir dünya elminin inkişaf istiqamətləri, buradakı diferensiasiya və inteqrasiyanın özünəməxsus xüsusiyyətləri, dünya intellektual potensialının böyük mədəniyyət sərvəti kimi səviyyəsinin yüksəldilməsi və perspektivləri müzakirəyə çıxarılmışdır.

Professor Rahid Uluselin "Homouniversalizm çoxsivilizasiyalı dünyanın inteqral ideyası kimi" mövzusundakı çıxışı müasir beynəlxalq həyatın siyasi-mədəni özünütəşkilinin ortaq-universal dəyəryaratma prosesi ilə dərinləşməsi, bəşəriyyətin vahid sivilizasiya məkanını formalaşdırması və dünya tarixinin bu yeni fazasında insan şüurunun planetləşməsi probleminə həsr olunmuşdur. Azərbaycan dövlətinin mədəniyyət siyasətinin əsas konsepsiyasından çıxış edən natiq ölkəmizdə sivilizasiyalararası dialoqun beynəlxalq səviyyədə təşviq edildiyini diqqətə çatdırmışdır.

 

 

Azərbaycan.- 2011.- 7 iyun.- S. 12.