Müdriklik onun xarakterindədir

 

Məncə insan ömrünün baharından istənilən yaş mərhələsində danışmaq olar. İnsan yaşadığı ömrün hər parçasına özü ləyaqətlə baxa bilirsə bu ömrün hər anından bahar duyğuları ilə, xoş bir dillə söhbət açmaq mümkündür, daha doğrusu insana ruh verən, onun könlünü dilləndirən bir ömrü təsvir etmək əslində çox xoşdur.   

Gülüstan Muxtarova ömrünün 60-cı pilləsinə qədəm qoyub. Ancaq hərdən mənə elə gəlir ki, o özünü böyük keyfiyyətlərinə görə 60 illik bir tarixi deyil, bəlkə əsrlər öncəsindən bizim dövrümüzə qədər müdrikliklə bu yolu qət edib. Əvvəlcə onu deyim ki, Gülüstan xanım 1951-ci ildə Bakı şəhərində doğulub. Azərbaycan Dövlət Pedaqoji Universitetinin kimya-biologiya fakültəsini bitirib. Həmişə bioloqların adı çəkiləndə məşhur yazıçı Cek Londonun "Marten iden" əsəri yadıma düşür. Əsərin qəhrəmanı hər hansı elmi mubahisədə ixtisasca filoloq, tarixçi, riyaziyyatçı digər sahələrdən çıxmış filosoflara məğlub olmur. Əksinə öz dəmir məntiqi ilə bu filosofları yürütdüyü elmi mühakimələri qarşısında çətin vəziyyətdə qoyur. Yalnız ixtisasca bioloq olan filosoflardan başqa. Səbəb isə aydındır. Bioloqlar həyatı dərindən dərk etməkdə, ümumiyyətlə həyatın qanunauyğunluqlarını incəliklərinə qədər bilməkdə digər filosoflardan bir addım öndə olurlar. Demək istəyirəm ki, Gülüstan xanımın bugünkü mənəvi ucalıqda dayanmasının bir səbəbi bəlkə elə onun seçdiyi ixtisasla bağlıdır. Həyatı bütün dolğunluğu ilə öyrəndikcə insan mərtəbə-mərtəbə yüksəlir, nəhayət elə bir məqama çatır ki, hər kəs onun haqqında ürək dolusu məhəbbətini ifadə etmək istəyir. Tale elə gətirir ki, Gülüstan xanımın ömür səhifələrinə gələcəkdə Bakı Dəmir yol Nəqliyyatı texnikomunda işləmək yazılası olur. Bu təhsil müəssisəsində Gülüstan Muxtarova əvvəlcə qiyabi şöbədə metodist, daha sonra şöbənin müdiri, 2002-ci ildən isə Bakı Rabitə Nəqliyyat kollecində "Nəqliyyatın" qiyabi şöbəsinə rəhbərlik edir.   

Gülüstan xanım hər şeydən öncə gözəl vətəndaşdır. bu vətəndaşlığı imkan verib ki, o, həm yaxşı bir müəllim, pedaqoq kimi fəaliyyət göstərsin. Onun yüzlərlə yetirmələri bu gün ictimai həyatın müxtəlif sahələrində xidmət edir, ölkəmizin, vətənimizin tərəqqisi naminə öz dəyərlərini ortaya qoyurlar.   

Haqqında söhbət açdığım müəllimin həyat kredosunda qeyd etdiyimiz kimi ilk növbədə onun təmənnasız keyfiyyətləri dayanır. O, harada olur olsun, vətənimizi təmsil edir, azərbaycançılığı təbliğ edir. Belə olmasaydı o, uzun müddət çalışdığı sahədə bu qədər hörmət nüfuz sahibi olmazdı. Təsadüfi demirlər ki, vətənpərvərlik ən dərin hörmətə layiq gözəl bir keyfiyyətdir. Vətənpərvərlik özünə hörmətdən, özünü sevməkdən başlayır, daha sonra milləti sevirsən, xalqı sevirsən nəhayət dünyanı sevə biləcək vətəndaşlıq haqqı qazanırsan. Böyük Azərbaycan filosofu Mirzə Fətəli Axundovun dedikləri yadıma düşür. "Əsl yüksək əxlaqlı, xeyirxah adam yalnız o adam hesab edilə bilər ki, o, özünün bütün hərəkət davranışlarını əsl vətənpərvərliklə uyğunlaşdırsın". Filosofun bu düşüncələri eyniylə Gülüstan xanıma da aiddir. Ona görə ki, o, həqiqətən öz daxili keyfiyyətləri ilə ləyaqətli Azərbaycan qadınını təmsil edir. Qeyd etməliyəm ki, onun pedaqoji fəaliyyətindəki uğurlarının səbəbləri bir başa şəxsi keyfiyyətləri ilə ilişgilidir. Təbiətən azad sərbəst insandır. azad düşüncələri olduqca çox sevir. Azadlığı sevməyən insan yoxdur, lakin ədalətli adam onu hamı üçün, ədalətsiz adam isə yalnız özü üçün tələb edir. Gülüstan Muxtarova bütün fəaliyyəti boyu əxlaqi baxımdan yüksəkdə dayanan dəyərlərə tapınıb bu dəyərləri qorumaq istəyi həmişə ədalətli cəmiyyət arasında olmağından irəli gəlir. Ömrünün 60-cı baharını yaşayan Gülüstan Məmmədhüseyn qızı Muxtarova az, çox 38 ildir ki, Bakı Dövlət Rabitə Nəqliyyat kollecində müəllim işləyir. Bu müddət ərzində deyərdim ki o, şəxsiyyəti təsdiq edən sınaqlardan uğurla bacarıqla çıxmışdır. Çünki bu kollektivdə kiminsə ondan vaxtsa narazı qaldığını heç ağlıma belə gətirə bilmirəm. Bütün tələbə-müəllim kollektivinin hər bir üzvünün onun haqqında həmişə yaxşı fikirdə olduğunun dəfələrlə şahidi olmuşam.   

Gülüstan xanımın səmərəli fəaliyyəti dövlətimizin diqqətində olmuşdur. Belə ki, 2000-ci ildə ona Azərbaycan Respublikasının Fəxri Dəmiryolçusu adı, 2001-ci ildə isə Təhsil Nazirliyinin fəxri fərmanı verilmişdir. Bundan başqa o, Rabitə Nazirliyinin Fəxri fərmanı ilə təltif edilmiş 2011-ci ildən "Qabaqcıl təhsil işçisi" adını da şərəflə daşımaqdadır.   

Yuxarıda Gülüstan xanımın vətəndaşlıq mövqeyindən danışmışdıq. Bir daha xatırlatmaq yerinə düşər ki, o, həm dövlətçilik ənənələrinin qorunmasında fəal rol oynayan bir müasirimizdir. Heydər Əliyev siyasi kursuna həmişə sədaqətlə yanaşmağı, ölkə prezidenti cənab İlham Əliyevin apardığı düzgün məqsədyönlü siyasəti sevərəkdən təbliğ etdiyinə görə ictimaiyyət arasında böyük hörmət sahibidir.   

Sözümün sonunda Gülüstan xanımı bir həmkar, bir yoldaşı, həm deyərdim bir qardaş kimi ürəkdən təbrik etmək istəyirəm. Ona uzun ömür, cansağlığı arzulayıram. İstəyirəm şərəflə keçdiyi həyat yolu, şərəflə qoruduğu müəllim adı həmişə onunla sədaqətli yol yoldaşı olsun. Müdrik insan elə müdrikdir. Yaşının hansı çağında olmasına baxmayaraq. İnanıram ki, Gülüstan xanım özünün mənəvi-cismani təravəti ilə ömrün daha böyük zirvələrinə doğru gedəcək. Ən böyük zirvə elə yaxşı addır. Bu adı sonadək qorumaq, saxlamaq bacarığıdır. Bir daha uğurlar müvəffəqiyyətlər diləyi ilə:

  

 

Razim Əkbərov,

Bakı Dövlət Rabitə

Nəqliyyat Kollecinin metodisti

 

Ədalət.- 2011.- 9 iyun.- S.6.