QARABAĞ HESABATI   

  

   Qarabağ göyləri bir az dumandı,  

   Bu duman çəkilər, ay anam-bacım.  

   Koroğlunu doğan Yurd anaları,  

   Mübariz yetirər, ay anam-bacım.  

  

   Demirəm başına qaralar bağla,   

   Demirəm həmişə yas tutub ağla.  

   Az qalıb, sökülər dan Qarabağda,  

   Ümid bar gətirər, ay anam-bacım.  

  

   Son qərar sənindi, yadların deyil,  

   Baxma uzaqlarda o, bu deyir.  

   Söylə Qarabağdan sabahın xeyir!  

   El-oba al geyər, ay anam-bacım.

 

   Dəryadan ilxı çıxar  

   ağzından od püskürər.  

   Dəlidağlı oğullar  

   minər dəli atlar,  

   Çapar yağının üstə.  

   Qılıncı ildırımdı

      qalxanı dəmirağacı.  

   Leşi leş üstünə,  

   başı baş üstünə   

   Xain düşmənin.  

   Ruhumda dolaşan

    bu qeyrətimlə  

   Qalxaram ayağa  

   sel kimi, torpaq kimi  

   gedərəm üstünə şərin, nakəsin  

   Ağac-ağac,

    bayraq-bayraq gedərəm.  

   Qarşımda dayanmaz  

   bənd, bərə.  

   "Əlvida" deyərəm  

   Qarabağsız günlərə. 

  

   Son söz bizimdir  

   hərzə-hədyan danışana  

   Gədə-güdə söhbətinə  

   elə baxma  

   canım Qarabağda  

   son söz bizimdir!  

   O söz deyiləcək -   

   qədim-qayım söz  

   Mən sənə demirəm  

   ömür boyu döz  

   Deyiləcək günü var,  

   söz güllə kimidir  

   Məqamı var, anı var.  

   O söz mənim sözümdür,  

   O söz sənin sözündür.  

   Son söz sənindir, sənin  

   Sənindir, Azərbaycan! 

  

   Varlığı şah sənəddi  

   Onsuz açılmaz sabahım.  

   Keçmişimdən əmanətdi,

   Gələcəyə hesabatım,  

   Qarabağım, Qarabağım  

  

   Yolunda başım sadağa,  

   Qoy eşitsin yaxın-yadım.  

   Ünvan budur -- Qarabağa!  

   Gələcəyə hesabatım,

   Qarabağım, Qarabağım. 

  

   Dağları arxamdı mənim,  

   Onsuz işləməz saatım.  

   Dosta dost, düşmənə qənim,  

   Gələcəyə hesabatım,  

  Qarabağım, Qarabağım

 

  

 İMANOĞLU  Rasif

 

Ədalət.- 2011.- 10 iyun.- S.7.