BAYAT  

  

   NƏ ADAM KİMİ ADAMAM,   

   NƏ MƏLƏK KİMİ MƏLƏYƏM

  

   Na adam kimi adamam,  

   nə mələk kimi mələyəm,  

   narım, gilənarım,  

   az öncə necə görmüşdün  

   dön bax gör yenə eləyəm?!  

  

   Boynumu vurdular yenə,  

   başım ayrıldı bədəndən,  

   üzünü çevirdin yana,  

   başım heç,  

   üzün ayrıldı məndən.  

  

   Qoy inciməsin cəllad da,  

   Allahım eşitdi məni,

    baxdı mənə, baxdı sənə,  

   bircəcə anda çiynimdən  

   başımı cücərtdi yenə.

  

  

   MİN İL HƏBSDƏ UNUDULAN,  

   MİN İL QOLLARI NAZİLƏN UŞAQ

  

   Dünyadan qovduqlarını,  

   üzü ağ, qara sarı,  

   Tanrım, Tanrım, hamısını  

   itələ mənə sarı.

   

   Tanrım, adamlar nə sevə,  

   nə də ağlaya bilirlər,  

   yenə eşq ver, can ver yenə  

   hamını qucaqlamağa,  

   hamının göz yaşını da  

   canından al, ver mənə  

   göz yaşların ağrıtmadan  

   hamıyçün ağlamağa.

     

   Ver bütün qəmləri də  

   canımda qəmdən min dəniz,  

   başımda göz yaşlarından  

   üst-üstə min tac elə,  

   ver, ver bütün qəmləri -   

   son qəmi güldürənəcən  

   məni qəmə möhtac elə.

     

     Bu Dünyadan itələnən  

   ən qəddar qatilləri də  

   itələ mənə sarı,

    hər qatildə bu dünyaya  

   hökm oxuyan bir hakim,  

   hökm eləyən bir şah var,  

   həm də, həm də bu dünyadan  

   küsdürülmüş bir uşaq var.

     

   Canlarını, qollarını  

   lap ülgüc kimi itilə,  

   o ən iti, o ən kəskin  

   o ən küskün uşaqları   

   qatillərin canından  

   itələ mənə sarı.

   Ən iti ülgüc mənimçün  

   eşqdən uca eşq yoludu,  

   min il həbsdə unudulan  

   min il də xilaskarını

   sevincindən buraxmadan  

   kəsə-kəsə qucub duran  

   çox nazik uşaq qoludu.

  

 

   ƏN UZAQ ULDUZA   

   SIÇRAYAN YARALI CEYRAN

 

   Hər şair elə bilir  

   dünyanın son şerini  

   o yazacaq, o ancaq,  

   bu dünyada şeir də, söz də  

   onunla qurtaracaq.  

  

   Bəlkə bundadı ləzzəti  

   elə şer yazmağın da  

   bu böyüklükdə dünyanı,  

   bu balaca külünglə -   

   bu qələmlə qazmağın da. 

  

   Mən də hər an bir daha  

   ruh kimi uçub Allaha,  

   söz kimi görünüb gözə,  

   yoxladım dünyanın sözə,  

   sözün dünyaya tabını,  

   beləcə batıb günaha  

   mən də, mən də yazıb getdim  

   dünyanın son kitabını.

  

   Elə dünyadan qurtaracaq  

   anladım insan alnına  

   tale, alın yazısı yox,  

   şer yazır Allah ancaq,  

   anladım bu dünyada  

   ən son şer Tanrı şeri,  

   ən son kitab  

   Tanrı kitabı olacaq.

  

   Anladım, Tanrım, anladım,  

   Alnımız sənin üçün

    Şerin ən gözəl görünən,  

   ən gözəl yazılan yeri,  

   qələmin quş kimi süzən,  

   min naz ilə gəzən yeri,

   xəttin eşqdən süzülən,  

   eşqdən nazilən yeri.

  

   Anladım biz hamımız  

   bir tək ələ,  

   bir tək qələmə tabeyik,  

   bütün alınlar yan-yana  

   Allahın şer kitabıyıq.  

  

   Hər şairin şeri də  

   Tanrı şeri içində 

   Yazı içində yazı,  

   can içində can kimi,   

   qəfil güllədən sıçrayıb  

   ən uzaq ulduza qonan  

   yaralı ceyran kimi.

  

 

   QƏRİBİK, ŞAİRİM,  

   QƏRİBİK, SÖZÜM 

  

   Şairlər qəribdi bu yerüzündə  

   Küçədə, bayırda, evdə, eşikdə,  

   Meşənin içində, çölün düzündə  

   Oğul, qız yanında, ata yanında.  

  

   Qəribik, şairim, qəribik, sözüm,  

   min illər sonra da ayrılıq yenə,  

   qəmli axşamlartək enər göylərdən  

   şairin qəbrinə, sözün qəlbinə.

     

   Qəribik, şairim, qəribik, sözüm,  

   qəriblik əksilmir gözlərimizdən,

    dünya doğma gəlmir gözlərimizə,  

   qəmi yığmaq olmur sözlərimizdən.

  

   Keçib gəldiyi  

   Göyüzü kimidi şairin üzü -   

   işığı saralar, buludu keçərg  

   Hər gün könlümüzdən, ürəyimizdən  

   göyüzünə dönmək umudu keçər.

  

  

   ANALAR DOĞMUR ŞAİRLƏRİ

  

   Ancaq, ancaq  

   göyüzünün dar ağacından  

   doğulur şairlər.

    Əzablar, qəmlər doğmur,

   Qılınclar, qələmlər doğmur şairləri... 

  

   Ömrü boyu o dar ağacı altında  

   Yaşayır, yazır şair,  

   Qəfil sevgiyə hazır olantək

    Hər an qəfil ölümə hazır şair.  

  

    Hara gedirsə getsin,  

   gedir başı üstündə  

   dar ağacı şəklində mavi göyüzü,  

   yaza-yaza boynundakı  

   görünməyən mavi kəndiri  

   hər gün bir az, bir az  

   dartır, dartır şairin özü.  

  

  

   Kim bilir bəlkə də  

   heç yerli-dibli yoxdu dar ağacı,  

   Kəndir Tanrı sevgisitək  

   göyüzündən uzanır,  

   Tanrının əlindədi  

   kəndirin son ucu.

     

  

   ƏDALƏTİN SAZININ BİR TELİ

  

   Qışılmışdı iki yetim bir-birinə,  

   Leyli saz qısılmışdı Ədalətə,  

   Məcnun qısılmışdı Leyli qəbrinə,  

   iki qərib qısılmışdı  

   Haqqın ürəyinə, haqqın qəlbinə.

    

   Nə çox istərmiş özünü!  

   Gördüm Ədaləti mən də,  

   Gördüm hamıdan gizli  

   Sazının bir telində  

   "Can" deyirdi özünə,  

   "Can"- deyirdi sazına.  

   Can bizi udacaq,  

   uçurdacaq uçurumlara!  

   Qanadlandıracaq haqlara!  

   Can candan əziz şəhidlərimizin  

   Üz qoyduğu torpaqlara!  

   Elə üz qoyan andaca  

   sevgidən ağlayacaq üzlərə!  

   Can "Can" sözü eşitməyən  

   yetimlərə, yalqızlara!

  

   Can bir günlüyə, bir aylığa  

   gözümüzə görünəcək  

   dünya adlı sevgiyə,

      dünya adlı ayrılığa.

  

  

  ƏLİ KƏRİMİN KİTABINA BAXAN QUŞ

 

   Hələ ki, bizim dilimizdə  

   Bizdən də yaxşı danışır  

   yurdumuzun ağacları, quşları,

   çiçəkləri, daşları.

  

   Şükür! Ağacların, quşların -   

   Bizim dərdimizi  

   Bizdən yaxşı danışmağına, Tanrım!  

   Şükür! Bizə verdiyin quş dilinə,  

   ağac dilinə, daş dilinə.  

   Şükür! Mən hələ də, yenə  

   ölümü şertək oxunan şair  

   başını sevinə-sevinə  

   balta altına qoyantək  

   başımı kitab üstə qoyan adamam,

      eşqin üzünü, eşqin səsini  

   daha eşqli bir dünyanın  

   kamança çiçəyi,  

   kamança yarpağıtək duyan adamam.

 

   Şükür! Yenə  

   Tanrı yanına qalxdı ulduzlar,  

   bir az da Tanrı yanından  

   yetim-yesir sevgilərə

   gülümsünüb baxdı ulduzlar.  

   Ulduzların bir də baxanacan  

   nə qədər eşqdən də gözəl üz,  

   ülgücdən də iti can qayıtmışdı torpağına,  

   qayıtmışdı torpağından.

    Şükür bir də torpağına qayıtmağa, Tanrım! 

   Şükür bir də torpağından qayıtmağa!

  

  

   ƏN GÜLMƏLİ ÖLÜ

  

   Dərdim dirilir, dağlar,  

   Dərdi mənə yorsana,  

   Qəbrim yorulur, dağlar,

   Məni göyə versənə.  

  

   Allah verən ölüm nə,  

   Məni saran ölüm nə?

    Bir can iki ölümlə   

 

 Sevindiyin görsənə.  

 Yenə şeir dəlisitək,  

  Dəlinin sevməlisitək,  

  Ən gülməli ölüsütək

  Qazıb məni sorsana.

  

 

   ƏN SON ENƏN YAXŞI ENƏCƏK 

  

   Açılan güllər də deyir  

   Hər enən yaxşı enəcək,  

   Kiminin başına gülü,  

   Kiminin daşı enəcək.

  

   Axtarıb məni tapmağa,  

   Bu dünyadan qoparmağa,  

   Gözlərimi qapamağa  

   Barmaqlar naşı enəcək.

  

   Hardasa uzaqda deyil,  

   Tapacaq uşaq da deyil,  

   yanımda uzaq da deyil,  

   utanıb başı enəcək.

 

   Keçib qaranlıq göyləri,  

   Eyni bir anda içəri -   

   Göyüzündən gor xəncəri,  

   Gözündən yaşı enəcək.

  

 

   BU DÜNYADA SİRR AXTARMA

 

   Bu dünyada sirr axtarma,

   bu dünyanın sirri yoxmuş.  

   Yaşamağa yer axtarma,

   Ölməyə də yeri yoxmuş

 

   Sevişməyə bir dəli yox,  

   asılmağa bir teli yox,  

   yürüməyə irəli yox,  

   qayıtmağa geri yoxmuş.

 

   Odər belə dərdə dönmüş,  

   dərd də yoxdu, dərdi dönmüş,  

   gördüm Allah burda imiş,  

   döndü üzü bəri, yoxmuş.

 

 

   VAQİF BAYATLI ÖDƏR  

 

   Ədalət.- 2011.- 11 iyun.- S.20.