Qutsallıq, yazı və
mağaranı birləşdirən roman
Nağıl dili yüyrək olar...
Qarşımda bir roman var:
"Unutmağa kimsə yox"... Roman demək
olarmı buna, niyə də olmasın, çünki
romanın bütün qayda - qanunlarına (eyni zamanda
bütün qaydasızlıqlarına və qanunsuzluqlarına)
tam mənası ilə uyğun gəlir. İlk başda
kitabın adına fikir verəndə öz - özümə
üz - gözümü turşuda - turşuda
düşündüm ki, özünü bu qədər
intellektual bir yazar kimi təqdim edən yazar və dünyada
hal - hazırda hansı proseslərin getdiyini tam mənası
ilə şüurlu bir şəkildə dərk edən alim -
ziyalı Kamal Abdulla görən bu nə addır seçib
kitaba? Qınayanlar özlərini qınasınlar,
çünki nə də olsa mən marketinq
dövrünün uşağıyam! Marketinq
dövründə isə hər şey, hətta kitab və
kitabın adı belə vizuallığa və
çağırışa hesablanır. Materiya əsiri
insanlara ciddi mənada nəsə təqdim edəndə əgər
həmin o nəsə o insanların qulaq və göz
yaddaşlarını tərpətmirsə deməli heç nə...
0 -1 məğlubsan...
Bəlkə elə hər
şeyin qulaq və göz aldatmacasına hesablandığı
bu məqamda insanın şüuraltısına söykənməsi
çıxagəldi kitabın içindən və
üzünü mənə tutub sirrli bir əda ilə
gülümsədi: yəni, sən hələ çocuqsan və
hər şeyə göz və qulaq yaddaşı ilə
baxmaq olmaz. Baxsan uduzarsan. Uduzmaq da elə
bir haldır ki, ağrısı - acısı insanı illərlə
tərk etmir...
1-0... Qalibəm...
Sonra kitabı
vərəqləməyə (oxumağa yox ha!) başladım. Və
özüm üçün müəyyən
çıxış nöqtələri axtarmağa
başladım. İlahi, bir də
gözümü açdım ki, artıq qoca kitabın
yarısını keçmişəm. Yenə
fikrim dağıldı, çünki hadisələrin sürətinə
özümü çatdıra bilmirdim. Mən
kitabı hələ ki, vərəqləyirdim, indi gör
kitabı oxumağa başlasaydım nələr baş verəcəkdi?
Bu kitab məni alıb daha aparacaqdı kim
bilir?! Dil nədir? Və dil
özünü nə qədər insana yaxınlaşdıra
və ya özünü nə qədər insandan
uzaqlaşdıra bilər? Bir yazarın
dilinin yüyrək olması hardan qaynaqlanır? Bircə
anın içində necə oldusa yadıma
anılarımın harasındasa ilişib qalmış dəhşətli
bir ifadə düşdü: "Nağıl dili yüyrək
olar!" Dəhşətli dedim, fikir
verdinizmi? Bəli, məhz dəhşətli! Çünki,
bu bir cümlədə o qədər nağıla, mifə və
o mifi, nağılı yaradan, düzüb - qoşan xalqın
genetik kodundan qaynaqlanan qutsallığa söykənmək var
ki, yüzlərlə indən belə elmi kitablar
yazılsın mənə o bir cümlənin verə biləcəyi
informasiyanı ötürə bilməz və ötürməsi
mümkün də deyil.
Qaranlıq... Mağara... Və Bozlar iti...
Hər şey Dil və Təfəkkür
İnstitutunun gənc alimi F.G(bəlkə
bunu Fövqəl Güc kimi oxuyaq?!) -nin
ölkəyə səs salan yeni kəşf olunmuş (əslində
isə yaşı qədimdən də qədim) bir yazını
oxumaq məqsədi ilə bir kəndə gəlməsi ilə
başlayır. Vəng dağının ətəklərində
yerləşən bu kənd sirrli - sehrli bir kənddir və
bu kənd öz tarixiliyi ilə istər - istəməz
insanı özünə çəkməkdədir: burda hər
daş, hər qaya bura gələn insana " gəl,
mənim sirrimə vaqif ol!" - deyə
çağırışlar edir. Təbii ki, bu
çağırışı eşitmək əsla və əsla
qulaqla mümkün deyil və olmur da. Əgər
bu səsləri hər qulaqlı eşitsəydi, onda yer
üzündə qurulu olan qutsal sirrli nizamdan danışmaq
mümkün olmazdı. Və əgər
bu səsləri hər qulaqlı eşitsəydi, onda Bəhram
dayılara nə ehtiyac vardı ki? Hamı ya
Qulamhüseyn müəllim kimi bu kəndin sirrinin
divarlarına toxunan kimi (ya da sabahısı) ölüb gedərdi,
ya da Mübariz kişi kimi bu kəndin
sirrinin divarlarının (hətta sirrinin belə!) olmasına
şübhə ilə yanaşardı. Bir məqama diqqət
çəkmək lazımdır: həmin kəndin sirri
mağarada, daha doğrusu onun divarlarında gizlidir.
Bu qədimdən də qədim
kəndin tarixini yaşadan iki qoca var: Bəhram kişi
və Mübariz kişi. Bu iki insan neçə
illərin qulaq yoldaşı olsa da nəticə etibarı ilə
yaddaşlarında keçmişdən qalma bir haqq -
hesabları var və o haqq - hesabın mərkəzində
heç şübhəsiz Gülümsər Gülsüm
faktoru dayanır. Gülümsər
Gülsüm hardan gəlib daxil olur romanın içinə,
bax, bu olduqca maraqlıdır. Gülümsər
Gülsüm də (əslində elə əsrlər əvvəl
mağaraya girdiyi iddia edilən mistik obraz olan - Mirzə Pirqulu
obrazının özü də )
romanın ustalıq texnikasının açılması
baxımından bizə çox kömək etmiş olur - belə
ki, Gülümsər Gülsümün romana daxil olması ilə
biz özümüz üçün Bəhram və
Mübariz kişinin münasibətlərini
aydınlaşdırırıq. Və yavaş
- yavaş keçmişdə mövcud olmuş və əslində
elə bu gün də yaşayan bir eşq
üçbucağının içində tapırıq
özümüzü. Mirzə Pirqulu
obrazının romana daxil olması isə Çiçəkli
Yazının açılması üçün müəyyən
xırda ipucları verir bizə. Belə ki, bu obraz
canavarın (kultun yerində işlənməsi bax budur!)
gözündən keçib mağaraya daxil olmaqla
mağaranın sirrli aurasının az da
olsa konturlarını cızmağa çalışır.
Düzdür, Elm və Təfəkkür İnstitutundan gələnlərin
heç birisi (hətta hardasa F.G - Fövqəl Güc də
daxil olmaqla) mağaranın bu qədər sirrli - sehrli
olduğuna inanmır, sadəcə ondan elmi yüksəliş,
karyera pilləsi üçün istifadə etmək niyyətindədirlər,
Amma F.G - nin onlardan bir fərqi var: hadisələrin inkişaf
prosesində (para) psixoloji amilləri o, daha çox
gözönündə bulundurur və burdan yola
çıxaraq Çiçəkli Yazını oxumaq
üçün açar tapmağa
çalışır.
Qaranlıq... Mağaranın
qaranlıqlarda öz sirrini əsrlərlə saxlaması,
çoxlarının bu mağaradan xəbərsiz olması,
öz sirrini heç kimə açmayan mağaradan nələrinsə
olması, mağaranın və mağaranın içindəki
çiçəkli yazının kəşfindən dərhal
sonra mağaraya gəlib bu yazıyla canlı təmas halında
olan Qulamhüseyn müəllim, yazını ilk dəfə
şəklə köçürən Elm və təfəkkür
institutunun işçisi Cəfər müəllimin sürətlə
dünyalarını dəyişmələri bu qaranlıq məqamından
yazıçının ustaca istifadə etməyinə bir
işarədir. "Qaranlıq" və
"mağara" anlayışlarının yanında bir də
Bəhram kişinin iti olan Bozlar iti ortaya atılır ki, bu da
mifologiyada ta qədimdən mövcud olan mağara və
mağaranın qoruyucusu it (canavar) kultlarının milli təfəkkürümüzdə,
yaddaşımızda sürətlə özünə yer etməsinin
bir göstəricisidir. Qədim yunan miflərində
də, Şərq mistizmində də mağara və it
kultlarının özünəxas yeri var.
Romanın sonlarına
doğru Çiçəkli Yazının oxunmasından sonra
hər zaman mağarada olan Bozların mağaradan çıxa
gəlməsi səhnəsinin özü də həmin o it(qurd) kultunun qoruyuculuğundan xəbər
verir.
Mətnlərin
qarşılıqlı əlaqəsi zəminində
"Unutmağa kimsə yox"
Hamı mətndən
əslində gələcəyimiz üçün öyrənməli
olduğumuz keçmişimizin izlərinin oxunmasını
gözləyir. Amma mətn heç də gözlənilən
effekti göstərmir ilk baxışdan. F.G-nin
oxuduğu mətnə baxa-baxa, onu təkrar-təkrar gözdən
keçirə-keçirə düşünürsən (və
elə hamı eyni cür düşünür) ki, hə,
nolsun, bunun xalqın genetik yaddaşı, milli kimliyi, hətta
etnogenezisi ilə nə əlaqəsi var? Bu sualı yazar
Kamal Abdulla da öz -özünə və oxucusuna köməkçi
qəhrəman - Ayazın vasitəsi ilə həmin sualı
ünvanlayır:
Ayaz F.G.-nin
Qaraağacla bağlı açar tapıb nəhayət ki,
oxuduğu mətnə tam qulaq asıb bitirdikdən sonra
düşünməyə başlayır və
düşündüklərini səsli bir şəkildə
dilə gətirir nəhayət: hansısa kişinin
qadınına ünvanladığı bu məktubdan yola
çıxaraq biz necə müəyyən edə bilərik
ki, həmin bu məktub bizə tariximizdən, milli kimliyimizdən,
etnogenezisimizdən xəbər verəcək? Verirmi
ki? Verməlidir, çünki mağaranın ruhu əsrlərcə
bu mətni boşuna qorumayıb ki!
Mətnin
daxilindəki keçidlər "mətn içərisində
mətn" qavramının bir daha bariz bir şəkildə
açılımını verməkdədir. "Unutmağa
kimsə yox!" əslində "Qaraağac səni
unutdu" misrasından sonra gələn ən önəmli
açılımıdır. Deməli, sən unudulmusansa
unudulmağa artıq kimsə qalmayıb! Və bu
unudulmuşluq milli kimliklə birbaşa bağlı da ola bilər, olmaya da bilər. Əsas
odur ki, artıq "unutmaq" feilinin özü o
yazını yazan kimdirsə onun üçün olduqca adiləşib.
Unudulmağa kimsə yox!
Elə xatırlanmağa da...
Sonda...
"Unutmağa
kimsə yox" romanını əslində dil
baxımından dəyərləndirmək də olardı. Amma Kamal
Abdullanın dil qütbü hər nə qədər çəkici
olsa da, bir o qədər də insanı özündən
uzaqlaşdırır. Bunun da özünəxas
səbəbləri var, çünki dil faktorunu Kamal Abdulla
mistik təfəkkürün bir parçası kimi dəyərləndirir
ki, bu da istər - istəməz romana ayrı bir effekt
qatır. O mistik təfəkkürdən
anlayışı olmayanlar bu romanı oxumasınlar!
Çünki, məncə heç nə anlamayacaqlar!..
Ədalət.- 2011.- 11 iyun.- S.16