TƏCRİD OLUNA
BİLMƏYƏN RƏŞAD MƏCİDLƏ
Üzbəüz
söhbət
Mənə elə gəlir ki,
bütün dünyada, harada insan varsa orda, hamı tərəfindən
qəbul olunmuş bir adət, bir vərdiş və yaxud da
bir qayda var. Bu da insanların bir-birini arayıb-axtarması,
bir-birindən xəbər tutmaq istəyi, eləcə də həmsöhbət
olmaq, fikir bölüşmək, qısası, təmas qurmaq
istəyidi, adətidi, vərdişidi. Bax, bu mənada mənə
görə ən xoşbəxt insan aranıb-axtarılan,
yaddaşlarda olan, hər dəfə səsini eşitmək,
özünü görmək, həmsöhbət olmaq istədiyin
İNSANDI. Özü də bu insan heç də kiməsə
özünü təqdim etmir, gözə soxmur, sadəcə,
başını aşağı salıb öz işini
görür. Bu da görülən işin müqabilində həmin
adamı gündəmdə, göz önündə, ürəkdə,
yaddaşda saxlayır...
İndi həmsöhbətimi sizə
təqdim etmək istədiyim bu anda öz-özümə
fikirləşirəm ki, onun barəsində hansı sözləri
yazım, hansı fikirləri deyim ki, onun üçün
maraqlı olsun. Çünki özü söz və qəzet
adamı olan qonağımız barəsində az qala hər
gün mətbuatda bir-birindən təzə, bir-birindən fərqli
fikirlərlə qarşılaşırıq - mən də,
siz də. Bax, bu mənada Rəşad Məcidi, yəni Azərbaycan
Yazıçılar Birliyinin katibini, Mətbuat
Şurasının üzvünü, "525-ci qəzet"in
baş redaktorunu, şair, yazıçı, publisist və nəhayət
cavan, həm də enerjili, hamı ilə təmas
qurmağı bacaran qonağımızı söhbətə
çəkmək üçün ip ucu axtardığım
bir məqamda köməyimə baş redaktorumuz İradə
Tuncay çatdı. Necə deyərlər, gözləmədiyim
anda gözləmədiyim sual səsləndi:
- Rəşad Məcid,
Yazıçılar Birliyinin növbəti qurultayı olacaq,
yoxsa yox?
- Təbii ki, inşallah, bütün məruzələr dinlənilib artıq başa çatmaq üzrədi. Qurultay söhbətləri o qədər soruşulur, danışılır ki, hətta bir dəfə ironiya ilə bildirdim ki, (özü də ağlıma gələn ilk tarixi səsləndirdim - R.M.) 2012-ci ilin aprel ayının 9-da saat 14:30-da qurultay öz işinə başlayacaq. Yəqin ki, payızda nümayəndələr seçiləcək, ya bu ilin sonunda, ya da növbəti ilin ilk aylarında çoxlarının arzuladığı və səbirsizliklə gözlədiyi qurultay keçiriləcək. Və onlar da, yəni qurultay arzulayanlar öz istəklərinə, niyyətlərinə qovuşacaqlar.
- Ötən qurultaydan zənnimcə, 8 ilə yaxın vaxt keçib. Bu müddətdə...
- Dəqiq 7-ci ildir ki, qurultay keçirilib və inşallah bu il qurultay keçirilməsə növbəti il siz deyən kimi 8 il olacaqdı.
- 7 il də böyük zaman kəsiyidi. Ancaq bizə elə gəlir ki, bu zaman ərzində ədəbiyyatda o qədər də böyük hadisələr baş verməyib. Düzdur, durğunluq olmasa da, hərəkət hiss edilsə də, amma böyük ədəbiyyat görünməyib. Siz də Yazıçılar Birliyinin önəmli simalarından biri kimi bu məsələyə necə qiymət verirsiniz?
- Əlbəttə ki, müstəqillik əldə etdikdən sonra bütün sahələrdə olduğu kimi, ədəbiyyatda da müəyyən bir qarışıqlıq, durğunluq yaşandı. Qaçqınlıq, keçid dövrü, müharibə, bütün bunlar Yazıçılar Birliyinə də təsir etdi. Hətta az qala bir müddət bu birliyin mövcudluğu belə unuduldu, adamların yadına düşmədi. Lakin sabitlik yarandıqdan sonra yenidən ədəbiyyata da, Yazıçılar Birliyinə də maraq bərpa olundu və bu sahə də gündəmə gəldi. Ədəbi orqanlar, qəzetlər yazıçılara, şairlərə böyük yerlər ayırdı. Eləcə də Yazıçılar Birliyinin ədəbi nəşrləri də normal çap edilməyə başladı. Ardınca kitablar, internet saytları yaradıldı, ədəbiyyata maraq bu günün özündə də ötən əsrin 90-cı illərinə nisbətən çox artıb. Ancaq bizim etiraf edəcəyimiz bir yaralı, ağrılı yerimiz var. O da Bakıda, eləcə də respublikamızın digər şəhər və kəndlərində kitab mağazalarının olmamasıdır. Bakıda isə bu mağazalar lap azdı. Lakin 15 il bundan əvvələ baxsaq, indi ədəbiyyata marağın da artdığını, ədəbiyyatın inkişaf etdiyini görməmək mümkün deyil. Təsəvvür edin ki, mən Yazıçılar Birliynə katib seçiləndə ilk günlər orda əməlli-başlı sıxılırdım. Çünki dinamik işləmiş bir adam sakit, səssiz bir yerdə əyləşmişdim. AYB-da olduğum iki saat bəzən mənə bir gün qədər uzun gəlirdi. Otağıma əsasən qonşu otaqlarda əyləşən mərhum Qabil, eləcə də Abbas Abdulla, Fikrət Sadıq və digər yaşlı qələm adamları təşrif buyururdular. Sonra biz AYB-yə gəncləri cəlb etməyə başladıq və yavaş-yavaş burada əvvəlki qaynarlıq, işgüzar mühit bərpa olunmağa başladı. Bu işdə Azərbaycan prezidentinin ədəbiyyat adamlarına təqaüdlərin verilməsi ilə bağlı sərəncamı da çox böyük rol oynadı. Eləcə də Mədəniyyət və Turizm Nazirliyi ilə birlikdə yaratdığımız "Gənc qələmlər" məktəbinin fəaliyyətə başlaması da öz sözünü dedi. Düşünürəm ki, indi 7 il əvvəlki durğunluqdan AYB-də əsər-əlamət qalmayıb. Demək olar ki, hər gün burada tədbirlər keçirilir, kitablar təqdim olunur, insanlar İmza günlərinə toplaşırlar. Bir sözlə, artıq qələm adamlarının AYB-yə gəlişi, orda hansısa bir tədbirə qatılması adi, normal hala çevrilib. Bütün bunlar ədəbiyyatımızda bir hərəkət olduğundan xəbər verir. Amma ədəbiyyat elə bir sahədir ki, orada yaxşı əsər yaranması üçün zaman lazımdı. Dinamika ədəbi prosesi sürətləndirsə də, amma yazıçılıq fərdi bir işdi. Heç kim hay-küydə yaxşı bir əsər yarada bilməz. Yaxşı əsərlər özün-özünə çəkiləndə yaranır.
- Təbii ki, bu sizin fikrinizdi, yəni fərdi yanaşmadı. Amma çox maraqlıdı, durğunluq dövründə AYB-nin üzvləri sürətlə artdı. Ədəbiyyat yoxdu, amma ədəbi birliyin üzvləri durmadan artır?! Bax, bu gün AYB-də üzvlüyə qəbulda nələrsə nəzərə alınır?
- Sovet dönəmində bu təşkilata üzv olmaq üçün çox çətin bir prosesdən keçmək lazım olurdu. Yəni səsvermədə bir nəfərin etiraz etməsi kifayət idi ki, katiblik həmin namizədi üzvlüyə qəbul etməsin. Sonra prosedur dəyişdi və üç nəfər AYB üzvünün zəmanəti istənilən namizədin üzvlüyə qəbul olunmasına kifayət edirdi. Bu da bir müddət davam etdi və sonra məlum oldu ki, insanları üzdən salırlar, müxtəlif xahişlərlə, vasitələrlə zəmantələr alırlar. Beləcə, üzvlərin də, namizədlərin də sayı artdı. Mən AYB-yə gələndə 600 nəfərə yaxın namizədin sənədləri hələ baxılmamış qalırdı. İndi biz ildə bir dəfə qəbul keçirməyimizə baxmayaraq, yenə namizədlər çoxdu. Özü də həmin qəbulda 50 nəfərin sənədlərinə baxılır. Özümün də tərəddüd etdiyim bir məqam var: bizim insanlar bu təşkilata üzv olmağa can atırlar və bunu da özləri üçün dövlət təminatı kimi qəbul edirlər. Prezident təqaüdü məsələsi reallaşandan sonra isə adamlar maddi baxımdan da bu təşkilatda üzv olmağa və ehtiyacını ödəməyə cəhd göstərir. Bu arzular onlar üçün bir şans, özünü təsdiqdi. Bəzən buna qarşı getmək olmur.
- Rəşad müəllim, sizin birliyin üzvləri üzvlük haqlarını ödəyirlər? Ümumiyyətlə, AYB-də üzvlük haqqı nə qədərdi?
- Əvvəllər üzvlük haqqı bu günün manatı ilə ifadə etsək 2 manat idi. Ancaq indi 10 manat həcmində müəyyənləşib. Bir il üçün hər bir üzv 10 manat ödəməlidi. Lakin bunun hamısını yığmaq mümkün deyil və çox da tələbkarlıq göstərmək olmur. Ona görə ki, insanların bir qisminin işi, dolanmaq imkanı ya yoxdu, ya da məhduddu. Bu da onları həmin o pulu ödəmək imkanından məhrum edir. Digər tərəfdən tez-tez bir fikir səsləndirilir ki, guya AYB-nın 1500 nəfərdən artıq üzvü var. Amma mən hesab edirəm ki, onların 500 nəfərdən çoxu indi dünyada yoxdu və bir də ki, mənim zənnimcə AYB-nin ən yaxşı halda 200 nəfər istedadlı üzvü var. Hətta Anar müəllim bir dəfə bu fikri məndən də bir az kəskin şəkildə dedi ki, 200 ancaq olar, qalanları isə elə-belə yazanlardı. Təəssüf ki, təqaüd məsələsindən sonra AYB-yə qarşı çıxanlar, hay-küy salanlar bir az çoxalıb. Düşünürəm ki, AYB-nin 300-400 nəfər üzvü olsaydı və yaxud üzvlüyə qəbulu bir az da çətinləşdirsəydik, məncə həmin o hay-küy salanlar, cızma-qaraçılar, şablon yazarlar AYB-dən bir az uzaqlaşardılar.
- Onda siz başqa hansı çıxış yolunu görürsünüz?
- Son illərdə biz daha çox gəncləri AYB-yə üzv qəbul edirik. Amma mənə elə gəlir ki, bu da doğru deyil. Çünki bir-iki əsəri çap olunan kimi onlarda özlərinə vurğunluq baş qaldırır, dahilik iddiası ortaya çıxır. Bu da yaxşı hal deyil. Bütün bunlarla yanaşı, AYB ənənəsi olan bir təşkilatdı, sovet dönəmində ideologiyanın həyata keçirilməsində fəal iştirak edibdi...
- Biz elə gəlir ki, bu gün ideologiya təbliğində yazıçıların, konkret AYB-nin mövqeyi olmalıdı...
- İndi ictimai fikrə
yazçıların o qədər də böyük təsiri
yoxdu. Bu mənada ki, yazıçılarımızın bir
qismi ictimai proseslərə laqeyd yanaşırılar. Onlar jurnalistlər
kimi daha fəal olsalar, sizin dediyinizə haqq qazandırmaq olar. Yəni onda
yazıçılar öz missiyalarını millət
üçün, vətən üçün daha
yaxşı yerinə yetirmiş olarlar. Bu
gün mili ideologiyasının müzakirələri
aparılır, parametrləri müəyyənləşdirilir.
Bax, bu mənada yazıçının ideologiyanın
həyata keçirilməsində iştirakı çox zəruridi.
- Rəşad müəllim, AYB-də hansısa bir məsələ
ilə bağlı açıqlama verməzdən öncə
katiblik toplanır, yoxsa hər kəs fərdi qaydada məsələyə
münasibət bildirir?
- Yox, elə bir məsələ ola
bilər ki, onu AYB yalnız bəyanat şəkildə
ictimaiyyətə çatdırır. Bax, onda təbii
ki, toplanıb fikir mübadiləsi apardıqdan sonra bəyanat
hazırlanır. Amma nəzərə almaq lazımdı
ki, Yazıçılar Birliyinin katibi vəzifədi, həmin
vəzifədə çalışan isə Azərbaycanın
tanınmış yazıçısı, şairidi və
onun da fərdi qaydada istənilən məsələyə
münasibət bildirmək hüququ var. Bax, buna görə də
istənilən məsələyə fərqli münasibətlər
ortaya çıxır. Doğrudur, bəzən
bunu irad tuturlar, ancaq unutmaq lazım deyil ki, Ədalət Əsgəroğlu
AYB-nin mətbuat xidmətinin rəhbəridi. O da bəzən
xidmət rəhbəri kimi yox, şair kimi öz
emosiyalarını ifadə edir.
- Bax, elə bu fərqlər də bəzən AYB-yə
qarşı basqılara səbəb olur. Ağsaqqal,
yaşlı nəsillərlə cavanlar arasında mübahisələrə,
çəkişmələrə gətirib çıxarır...
- Yox, bu o qədər də böyük problem deyil. Artıq insanların dünyaya baxışı dəyişir,
anlayışlar artır. Doğrudu,
bütün zamanlarda olduğu kimi, bu gün də
dünyanın hər yerində bir-birindən incik olan insanlar
var və yaxud da qələm adamları yaşayırlar.
Amma bu proses öz axarı ilə gedir. Ona hər
hansı təzyiq və təsir göstərməyin mənası
yoxdu. Bu baxımdan qəzetlərdə və
yaxud digər KİV-lərdə deyilənlər, yazılanlar
bir növü polimikadı və fərdi baxışlara hər
kəsin öz münasibətidi.
- Rəşad müəllim, istər AYB-nin, istər Mədəniyyət
və Turizm Nazirliyinin, eləcə də digər dövlət
və qeyri-hökumət qurumlarının müxtəlif
müsabiqələri keçirilir. Siz də həmin
müsabiqələrdə münsif kimi iştirak edirsiniz.
Təbii ki, bu normal bir haldı. Lakin bütün müsabiqələr həmişə
müəyyən bir dilxorçuluqla başa çatır.
Bax, elə götürək sonuncu Milli Kitab müsabiqəsini...
- Bu mövzu son bir neçə gündü ki, hər
yerdə müzakirə edilir. Mən bununla
bağlı bir neçə açıqlama da vermişəm.
Mətbuatda, internet saytlarında fikirlərimi
bildirmişəm. Yəni mənə elə
gəlir ki, məsələ artıq o qədər təkrarlanır
ki, o, öz mahiyyətini itirir.
- Hər halda bizim üçün çox
maraqlıdı, qarşı tərəf sizi və digər
münsifləri, o cümlədən də Çingiz
Abdullayevi, Rəbiyyət Aslanovanı və digərlərini də
günahlandırırlar. Hətta məsələ
iqtidar-müxalifət müstəvisinə
çıxarılıb. Ona görə də
sizin məsələyə münasibətinizi oxuculara
çatdırmaq istəyirik. Təbii ki,
qarşı tərəfin son ittihamlarını şərh
etmək şərti ilə.
- Öncə onu deyim ki, Milli Kitab müsabiqəsinin Mədəniyyət
və Turizm Nazirliyinin aidiyyəti yoxdu. Düzdür, bu
müsabiqənin ilk mərhələsində ona Mədəniyyət
və Turizm, eləcə də Gənclər və İdman
Nazirliyi müəyyən dəstək verdi.
Builki münsiflərdə də AYB-nin katibləri,
eləcə də Ağsaqqallar Şurasının da sədri
iştirak edirdi. Həmçinin millət
vəkilləri, tanınmış, nüfuz sahibi olan şəxslər
də təmsil olunurdular. Mən düşünürəm
ki, bu müsabiqə çox vacib bir proses idi və onun təşəbbüsçüsü
Nigar Köçərli çox maraqlı bir layihə ortaya
qoymuşdu. Onu da xatırladım ki, ötən
ilki müsabiqədə biz Azərbaycanın bölgələrində
bu layihəni təqdim etdik və mən onda çox
maraqlı məqamlarla qarşılaşdım, ona görə
layihənin davamlı olmasını mən də ürəkdən
istədim. Çünki bu, ədəbiyyatımıza,
ədəbiyyatımızın təbliğinə,
oxucu-müəllif təmasına birbaşa təsir etmək
imkanı idi. Yəni əyalətlərdə
gördüm ki, oxucular kitab üçün,
yazıçı üçün, ümumiyyətlə, ədəbiyyat
üçün darıxırlar, onlar kitab almağa yer tapa
bilmirlər. Vaxtı ilə mədəniyyət
mərkəzləri kimi tanınan rayon mərkəzlərimizdə
kitab mağazaları yoxdu, internet də hələlik hər kəsin
istifadə etmək imkanı daxilində deyil. Bax, bütün bunlara görə mən builki
müsabiqənin münsiflərində iştirakıma məmnuniyyətlə
razılıq verdim. Lakin çox
yaxından dəstək verdiyim ideyanın müəllifi Nigar
xanım Köçərli sonra ictimailəşən layihəni
siyasiləşdirməyə başladı. Bax, bu da sonda arzu etmədiyimiz söz-söhbətlərin
ortaya çıxmasına səbəb oldu. Bir məqamı xüsusilə qeyd etməliyəm.
Mən fikirləşirəm ki, məşhur
adamların, tanınan simaların münsiflərdə təmsil
olunması o qədər də yaxşı nəticəyə
gətirib çıxarmır. Çünki
onların vaxt problemi var. Məşğul olduqlarından
öz vaxtlarından müəyyən bir hissəni təqdim
edilmiş kitabları oxumağa ayıra bilmirlər. Nəticədə də oxumadıqları kitablara
hansısa təsirlərlə, elə-belə etika xatirinə
müəyyən ballar yazırlar, bu isə gerçəkliklə
reallığı əks etdirmir. Nəticədə
isə bax, bugünkü kimi söhbətlərin
yaranmasına səbəb olur. Məsələn,
Rüstəm İbrahimbəyov Azərbaycanın çox
böyük ziyalılarından biridi. Onun
simvolik olaraq münsiflərdə olması məncə
heç özünə də lazım deyil.
Çünki bu adam böyük
yazıçıdı. Boş vaxtı yoxdu ki,
bir əsəri oxusun. Onu sadəcə
münsiflərin nüfuzlu olması xatirinə seçmək
və ondan nəsə ummaq doğru deyil. Və
yaxud digər belə tanınmış simalar var ki, onların
həmin münsiflərdə olması zənnimcə heç
özlərinin də ürəyincə deyil. Həm də görülən dəyərli işə
bir faydası yoxdu. Bütün bunlar da
sonuncu qiymətləndirməni, yəni münsiflərin son qərarının
fikir ayrılığına gəlib çıxmasına,
ölkədə iqtidar-müxalifət
anlayışının ədəbiyyata da keçməsinə
bir növü şərait yaratdı. Nəticədə
mən və digər münsiflər öz jüri
üzvlüyündən istefa verdilər. Çünki
açıq-aşkar göründü ki, burada siyasi bir
sifariş var, maraqlı qüvvələr hətta onluğa
düşməyə belə mənim rəva bilmədiyim əsəri,
yəni "Yad dildə"ni qalib elan
etdi. Mən də, Vaqif Səmədoğlu da,
Çingiz Abdullayev də və digərləri Milli Kitab
müsabiqəsindəki işimizi dayandırdıq. Yenə deyirəm, amma çox istərdim ki, bu layihə
öz ilkinliyinə qayıtmaqla davam etdirilsin. Çünki bu ədəbiyyatımıza xidmətdi.
Və bir də onun münsiflər heyəti nüfuzlu
insanlardan yox, kitab oxuyan, ədəbiyyatı bilən, lap elə
götürək universitetlərin filologiya fakültələrinin
tanınmış müəllimlərindən ibarət
olmalıdır ki, onlara təqdim olunan kitabları
oxusunlar.
Zorən pauza və yaxud
da gözlənilmədən "Azadlıq" radiosunun
canlı yayımının iştirakçısına
çevrilmək
Biz Rəşad Məcidlə müsahibəmizi
davam etdirdiyimiz məqamda onun mobil telefonuna zəng gəldi.
Və məlum oldu ki, "Azadlıq" radiosu
məhz Milli Kitab müsabiqəsinin son olayları ilə
bağlı canlı diskussiya təşkil edib. Qonaqlar müsabiqəyə kitab təqdim etmiş
Etimad Başkeçid, həmçinin münsiflərdən
biri olmuş "Qanun" nəşriyyatının sahibi
Şahbaz Xuduoğlu və bir də canlı yayıma
qoşulan Rəşad Məcid idi. Təbii
ki, biz bu fürsəti diqqətdən qaçıra bilməzdik.
Ona görə də məmnuniyyətlə həmin
canlı yayımı dinləməyə başladıq.
Çünki bizim suallar birbaşa artıq sanki
efirdən səslənirdi.
- Mətbuatda dərc edilmiş nəticələri əks
etdirən ballardan aydın oldu ki, burda bir qrup insan başqa bir
qrupa qarşı sözləşiblər. Bu
qrupun bir hissəsi insanların haqqlarını obyektiv dəyərləndirməyiblər
və bu prosesdə də adı çəkilən bir-iki nəfər
varsa, onlardan biri Şahbaz Xuduoğlu, biri də Rəşad Məciddi.
- (Ş.Xuduoğlu) Bu müsabiqədə
bizim nəşr etdiyimiz "Yad dildə" əsərinin
qalib gəlməsi nədənsə qısqanclıqla
qarşılanıb. Ancaq deməliyəm ki, mənim
münsif kimi bir səsim olub və mən də o səsi
"Yad dildə"nin müəllifi Pərvizə
vermişəm. Əgər qruplaşma
yaratmış olsaydım, niyə onda müsabiqənin ilk günündən
şəffaflıq tələb edirdim. Etimad
bəyi yaxşı başa düşürəm. Ancaq mən öz səsimi Pərvizə vermişəm
və onun əsərini də birinci yerə layiq bilmişəm.
Qruplaşmanı münsifliyi imtina edənlər
yaradıbdı.
- (E.Başkeçid) Mənə elə gəlir
ki, Şahbaz bəy qeyri-səmimi danışır. Çünki onların fəaliyyəti hər kəsə
gün kimi aydın olub və verilən ballar da bu
aydınlığın konkret təsdiqidi. Oradan
görünür ki, qruplaşmanı kimlər yaradır və
məqsəd nə olubdu...
- ( Rəşad Məcid)
"Azadlıq" radiosunun araşdırıcıları həqiqətən
bu müsabiqədə qruplaşma olduğunu özləri
artıq araşdırıblar. Mən çox
arzu edərdim ki, həmin o ballara diqqət yetirəsiniz.
Onda gözəyarı baxmaq kifayət edəcək
ki, Pərviz necə qalib gəlib. Əgər biz
qruplaşma yaratsaydıq və əvvəldən də belə
bir niyyətimiz olsaydı, mən də, Çingiz Abdullayev də
Pərvizə iki bal verərdik və onun əsəri
heç birinci onluğa da düşməzdi. Amma
görürsünüz ki, biz bütün məkrli niyyətləri,
qərəzi bir kənara atıb hər bir əsərə
layiq olduğu qiyməti verməyə
çalışmışıq. Hətta Pərvizə
bu müsabiqədə iştirakını nəzərə
alıb ona bir neçə bal da artıq
yazdıq. Əslində birinci yerə mənim
fikrimcə, Mirmehdi Ağaoğlunun, Məqsəd Nurun, Natiq Rəsulzadənin
əsərləri layiq görülməli idi. Amma məhz Şahbaz Xuduoğlunun fəaliyyəti nəticəsində
Pərviz qalib elan edildi. Ona görə də
Natiq Rəsulzadə mükafatdan imtina etdi, Etimad
Başkeçidin haqqı tapdalandı. Və
onun narazı qalması çox haqlıdı.
Çünki Pərvizin özü də yaxşı bilir ki,
onun əsərini heç kim oxumayıb. Çünki yazmaqla oxumaq bir-birindən çox fərqlənir.
Bununla da guya obyektivliyi göstərmək istəyirdilər
ki, onlar iqtidarı tənqid edən əsərə birinci yeri
veriblər. İnanın ki, münsiflərin
içərisində yalnız çox hörmətli
professorumuz Cəmil Həsənli o əsəri oxumuşdu.
Digərləri isə o əsərdən məlumatsız
idilər. Hətta bəziləri sonuncu səhifəsinə
diqqət yetirmişdilər. Bu da
qeyri-obyektivliyə gətirib çıxardı. Bizim isə saf niyyətimiz olub. Əgər biz
də qərəzli olsaydıq, orada istəmədiyimiz kiminsə
bir bal qazanmasına imkan verməzdik. Hətta o əsəri oxumaq istəyən belə özünə
zülm etmiş olar. Çünki son dərəcə
ağır yazılıb və onun dili çox qüsurludu.
Natiq Rəsulzadənin əsəri su kimi
oxunduğu halda, Pərvizin əsərini oxumaq mümkün
deyil. Bax, mən də hesab edirəm ki, Şahbaz bəy
o əsəri oxumayıb və onun təsiri ilə hörmətli
Niyazi Mehdi də Pərvizə 10 bal verib ki, onu birinci yerə
çıxarsınlar. Məqsəd Natiqi
sıradan çıxarmaq olub. Təəssüf
ki, bu planı cızanlar Məqsəd Nuru yaddan
çıxarıblar, ona görə də Məqsəd Nur
ikinci yerə çıxa bildi. Mən Paşa Qəlbinura
əslində 8-9 bal verməli idim, amma onun
gözəl ziyalılığını, həkimliyini nəzərə
alıb 10 bal verdim. Bunu da açıq etiraf edirəm
ki, mənim qeyri-reallığım təkcə budu. Pərvizin əsəri ədəbi dəyər
deyil. Mən düşünürəm ki,
Mirmehdi Ağaoğlunun əsəri həm yaşına
görə, həm də əsərin keyfiyyətinə
görə, Pərvizin əsərindən qat-qat üstün
idi. Əgər onu dəstəkləsəydilər,
mən bununla razılaşardım. Ancaq
Şahbaz Xuduoğlu heç bir dəyəri olmayan əsəri
önə çıxarmaqla Azərbaycan üçün
çox önəmli olan bir layihəni iflasa uğratdı.
Bu çox yanlış addım oldu siz tərəfdən,
hörmətli Şahbaz Xuduoğlu.
Biz "Azadlıq"
radiosunu sonadək dinlədik
Lakin bu müzakirələrin
əslində hər kəsi yenə öz mövqeyində
saxladığını görüb onu bütünlüklə
lentə köçürmədik
- Rəşad müəllim, müsabiqələr,
mükafatlar olub və bundan sonra da olacaqdı. Və
burada subyektivlik həmişə olubdu. Şəxsən
siz bir yazıçı, bir şair, bir qələm adamı
kimi niyə görünmürsünüz? Niyə yaradıcılıqdan kənarda
qalmısınız?
- Bilirsiniz, yaradıcılıq elə bir işdi ki, cəmiyyətdən,
özündən ayrılmalısan, həyatını ona sərf
etməlisən. Mən isə bu gün
davamlı olaraq müxtəlif tədbirlərdə, müsabiqələrdə,
bir sözlə, qaçahaqaçdayam. Beynimdə
o qədər fikirlərim var. Hərdən beynimdən o qədər
keçir ki, oturub nə isə yazım. Amma
bilirəm ki, yazmaq üçün mütləq təcrid
olmalıyam. Yazıçılıq həm
də vərdişdi, təkrar həm də o vərdişi bərpa
etməliyəm. Hərdənbir bu
qaçhaqaçın içərisində qəzet
üçün nəsə diqtə edəndə bu da
çoxlarını təəccübləndirir ki, bunu necə
bacardın. Orxan Pamuqu
tanıyırsınız. Bu
yazıçı 30 ildən artıqdı ki, özünə
ayrıca otaq kirayələyib və hər gün səhər
işə gedən insanlar kimi həmin otağın
qapısın açıb axşama kimi burada işləyir.
Axşam da işdən qayıdır evinə...
- Bəli, bəs yazıçı özünü təcrid
etməyi bacarmalıdı də. Hətta Məmməd
Araz şeirlərinin birində yazırdı ki, "Otuz il
oturdum üzü divara". Bax, bu özünü təcrid
etməkdi də...
- Bəziləri deyir ki, yazıçı xalqın
arasında olmalıdı. Təbii ki,
müşahidə lazımdı. Ancaq
oturub öz dərinliyinə çəkinməlisən ki,
müşahidələrini də, düşündüklərini
də yaza biləsən. Yazıçılıq
həm də özünə qapılmaq deməkdi. Əvvəllər qələm adamları öz
yazılarının üzərində aylarla, illərlə
işləyirdilər. Hətta Tolstoy
özünün "Hərb və sülh"ünü 11 dəfə
üzünü köçürübdü, yəni
qaralamadan ağlamaya çeviribdi. Ancaq indi
hər kəs öz cızma-qarasını ya kitaba
çevirir, ya da saytlara yerləşdirir. Bu
da həm ədəbi zövqü korlayır, həm də gənc
yaradıcı qüvvələrə öz təsirini
göstərir. Bax, bu mənada mən Pərvizdən
soruşdum ki, öz əsərini oxumusan, o da cavab verdi ki, yox, yazmışam. Ancaq
yazmaqla oxumağın bir-birindən nə qədər fərqləndiyini
deyəsən o hələ də bilmir. Mütləq
yazılan oxunmalı, redaktə edilməlidi.
- Rəşad müəllim, son olaraq sizdən yaxın
bir müddətdə "10 Sentyabr" kimi nə isə bir
şey gözləyə bilərikmi?
- Beynimdə bir neçə əsərim var. Ancaq
onları yazmaq üçün bir çox şeylərdən
təcrid olmalıyam. Yəni asudəlik əldə
etməliyəm, rahat bir guşəyə çəkilib
onları kağıza köçürməliyəm.
Biz Rəşad Məcidlə səmimi bir
şəkildə ədəbiyyatdan və bu günlərin
gündəm mövzusu olan müsabiqədən, eləcə
də həyatımızdan, qayğılarımızdan, bizi əhatə
edən auradan danışdıq. Hətta
arada bir ona özünü müəyyən məqamlardan da təcrid
etməli olduğunu xatırlatdıq. Çünki
yazıçı ədəbi zövqünün ona
bağışladığını başqa heç bir yerdən
ala bilmir. Rəşad Məcid bunu
yaxşı bilir.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2011.- 11 iyun.- S.12-13