SUYA ÇEVRİLƏN ADAM...
Lİ HAQQINDA GERÇƏK
NAĞIL
Yer üzündə yaşları yüz illiklərlə, minilliklərlə ölçülən çox nağıllar, əfsanələr var. Bunlar o qədər çoxdur ki, onları təsəvvür belə etmək çox çətindir. Çünki dünyadakı bütün xalqların hər biri öz nağıllarını yaradıb. Eşq nağıllarını, qəhrəmanlıq, qorxulu... nağıllarını. Və bu nağılların da hər birinin öz qəhrəmanı var. Amma elələri də var ki, onları xalqlar yox gerçək qəhrəmanların özləri, onların keçdikləri həyat yolu yaradır. Özü də birini yox, ikisini yox... çoxunu, lap çoxunu. Və bu nağıllarda divlər, əjdahalar, mifiq güclər olmur. Heç orada qədim insanlar, qılınclar, atlar... da olmur. Axtarsaq belə nağılların şahidlərini, hətta iştirakçılarını da tapa bilərik, onlara toxuna bilərik, hətta dinləyə bilərik. Lakin bütün bunlar da həmin nağılları nağıllıqdan çıxara bilmir. Çünki həmişəyaşar sehirli, əfsanəvi, məhəbbət... nağılları olduğu kimi bunlar da gerçək nağıllardı...
O da bir qədər
nağıla, bir qədər əfsanəyə bənzəyirdi.
Çünki o da gerçəklikdən çıxmışdı...
Yəqin o nağılı bilənlər də var. Xəbəri
olmayanlar üçünsə maraqlı olar...
BRÜS Lİ...
Biri vardı,
biri yoxdu Çinin Kvanton əyalətinin Fatşan kəndində
Li Xoy Çuen adlı bir aktyor yaşayardı. O elə bir aktyor idi
ki, həm rəqs etməyi, həm kəndirbazlığı,
həm də akrobatlığı bacarırdı və adamlar
ona hörmətlə yanaşardılar. Bu aktyorun yarı
çinli, yarı alman olan Qreys adlı gözəl bir
arvadı da vardı. Və onlar elə teatrda tamaşaların
birində tanış olmuşdular. Sonra bu gənclər evləndilər,
ardınca da yaşamaq üçün Qonkonqun Koulun rayonuna
köçdülər. Bu böyük şəhərə
köçəndən sonra onların işləri daha da
yaxşı getməyə başladı. Çünki kifayət
qədər tanınan Çuen ailəsini saxlamaq
üçün yaxşı qazanardı. Hətta ev işlərini
görmək üçün xidmətçi belə saxlayardılar.
Az keçdi, çox
keçdi gənc ailənin bir oğlu dünyaya gəldi. Amma valideynləri sevinməyə macal tapmamış
çağa öldü. Və bu onlar üçün
sözün əsl mənasında böyük zərbə
oldu. Çinlilərə görə, körpə
ölürdüsə, demək ailə müqəddəs
qüvvələrin qəzəbinə tuş gəlmiş
sayılırdı. Bu cür bədbəxtliklərin
davam etməməsi üçün ailədə növbəti
dəfə mütləq qız uşağı dünyaya gəlməli
idi. Ona görə də hər ehtimala görə, Çuenlər
bir qız uşağını övladlığa
götürdülər. Doğrudan da onların
ikinci övladı da oğlan oldu. Özü də Çindən
çox-çox uzaqlarda. Çuen Birləşmiş
Ştatlara qostrol səfərinə getmişdi, ailəsini də
özü ilə aparmışdı. O vaxt hamilə olan Qreys
San-Fransiskodaca sonralar dillərin əzbərinə çevriləcək,
bir çoxlarının həyat idealına çevriləcək,
adını ən məşhurların sırasına yaza biləcək
oğlanı dünyaya gətirdi. Onda 1940-cı il, noyabrın
27-i, səhər saat 6-8 idi. Çin təqviminə görə
il Əjdaha ili, saatı da Əjdaha saatı idi.
İnancına görə katolik olan Qreys oğlunu xaç
suyuna salıb ona Li Çjen Fan adını verdi. Bu adı da
ingiliscəyə çevirəndə "geriyə
qayıt" mənasını verirdi. Anası inanırdı
ki, onlar tezliklə Qonkonqa dönsələr də oğlu
San-Fransiskoya qayıdıb burada yaşayacaq. Amma
uşağın doğuşunu qəbul edən həkim Meri
Qlover gənc anaya məsləhət gördü ki, körpəyə
amerikan adı - Brüs adı versin. Qreys də
razılaşdı. Lakin bu ad oğlan yalnız bir də
Qonkonqda "Lya Sall" kollecində oxuyan zaman yada
düşdü. Elə uşaqlıqdaca Brüsü digər
yaşıdlarından fərqləndirən üç cəhəti
var idi: heyrətamiz daxili enerjisi, iti zəkası və cəsurluğu.
Heç vaxt bir yerdə oturmayan Brüs Liyə ailə
üzvləri qeyri-rəsmi ad da qoymuşdular - Mo Si Tun. Yəni,
"heç vaxt bir yerdə oturmayan".
Brüsün
uşaqlığı küçələrdə davam etdi.
Ailədə uşaqların və onlarla birgə
yaşayanların sayı çox olduğundan Brüsün
evdə olmaması diqqəti cəlb etmirdi. Məhəllənin
ən şuluqçu uşaqları ilə dostluq edən
Brüs tez-tez müxtəlif problemlərə
düşür, valideynlərinə cürbəcür
başağrısı yaradırdı. Onun yeniyetməlik
çağlarından dalaşmağa, küçə
döyüşlərinə inanılmaz marağı
vardı. Sanki o təkbətək vuruşmaq
üçün yaranmışdı. Və həmişə
də bu istəyini həyata keçirmək üçün
bir bəhanə tapa bilirdi. Çünki o, dalaşmaq
üçün ən kiçik şansı belə əldən
vermirdi. Qeyd etmək lazımdı ki, Brüs arıq olsa da son
dərəcə cəld, dözümlü idi. Onda olan qəribə
özünəinamı Brüs fiziki gücüylə və
zəkasıyla eyni an bir məqsəd üçün istifadə
etməyi bacarırdı. Bu da küçə
döyüşlərində, ən kəskin
"razborka"larda onun qələbəsini təmin edirdi. Hətta
Brüs özündən qat-qat böyüklərlə
döyüşsə belə. Bu da şəhərdəki
cavanlar arasında yavaş-yavaş onu liderə çevirirdi.
Amma...
KUNQ-FU ARDINCA
Bir neçə
dəfə vuruşda uduzan Brüs hər bir işini
bölüşdüyü anasına kunq-fu ilə məşğul
olmaq istədiyini söylədi və bu işin arxasınca
getdi. Və
o zaman Vin Çun stilinin patriarxlarından hesab edilən İp
Mendən dərs almağa başladı. İşinin
böyük ustası olan İp ilk günlərdəncə bu
gəncin böyük bacarığa malik olduğunu hiss etdi.
Maraqlısı bu idi ki, Brüs müəllimindən daha
çox şeylər öyrənməyə can atırdı.
Rəqibin ona azacıq da olsa güc gəlməsi Brüs Lidə
qeyri-adi qıcığın yaranmasına səbəb olurdu.
Məhz bu üzdən də müəllimi ilk növbədə
Brüs Liyə sakitliyi və boşalmağı öyrətməyə
məcbur qaldı. Amma bununla belə Brüs İp Menin
yanında qısa müddətdə böyük uğurlar əldə
etdi. Günlərin birində səbirsizliyi ilə
baş-başa qalan Brüs bütün gücü ilə
öz əksinə zərbə endirdi, daim onu təqib edən
gərginliyini içindən çıxmaq istədi. Amma həmin vaxt o bilmirdi ki,
bunun da yolları var. Sonralar bu vəziyyəti haqında
Brüs bunları yazacaqdı: "Su dünyada ən yumşaq
substansiyadır və çox asanca yerləşdiyi ən
müxtəlif məkanın, qabın formasını alır.
Amma bununla belə o həm də dünyada hər
bir bərk substansiyanın içindən keçə bilir.
Budur əsas məsələ. Mən
mütləq su kimi olmalıyam..." Su kimi oldu
da. Və bu ideya əslində Brüs Linin
döyüş fəlsəfəsinə çevrildi. Onun döyüş manerası dəyişdi, daha da
qarşısıalınmaz oldu.
Artıq hər
kəs onun nələrə qadir olduğunun fərqində
idi. Bir çoxları da vardı ki, heç cür istəmirdi
ki, damarlarında həm də qərbli qanı daşıyan
bu gənc kunq-fu-da yüksək mərtəbə fəth
etsin. Bundan ötrü İp Menə təzyiqlər
də başlatdılar. Lakin tələbəsinin
qeyri-adi bacarığına dəyər verən müəllimi
onu yarı yolda buraxmadı. Bütün
bunlardan xəbər tutan Brüs Li özü onunla məşqlərdən
çəkildi. Bu dəfə İp Menin ən
məşhur tələbəsi Vonq Şun Lenqin məktəbinə
getməyə başladı. Və yeni məşqçinin
fərqli üslubunu gördükdə əlavə məşqlər
üçün ondan xahiş elədi. Çünki
o qeyri-adi olmaq istəyirdi. Amma Vonq onunla
razılaşmadı. Brüs bundan
ötrü başqa planlar tökdü. Və nəhayət
buna nail oldu. Döyüş
yarışlarının birində məşqçisi ilə
üz-üzə gəlməliydi. Lakin nədənsə
Brüs qarşılaşmaya az
qalmış müəllimi ilə döyüşdən
imtina etdi. Vonqsa Brüsü döyüşmək
üçün inandıra bildi. Həmin vaxt bundan xəbər
tutan İp Men Vonqa belə demişdi: "Bu qarşılaşmadakı
döyüş ustalığı əsas amil ola
bilər. Və əgər Brüs nə vaxtsa məşhurlaşsa
bundan ötrü ədalətli olaraq sənə minnətdar
olmalıdır". Və təkbətək
döyüş baş tutdu, Brüs Li buradakı qələbəsi
ilə sonrakılar üçün gözəl bir
bünövrə qoydu. Məhz bundan sonra
Li Vonqu özünün müəllimi bildi və
ömrünün sonundək onunla əlaqələrini itirmədi.
DOĞULDUĞU ŞƏHƏRƏ QAYIDIŞ
Oğlunun istəsə
də-istəməsə də küçə
döyüşlərinə cəlb olunması, cürbəcür
adamların təhdidlərə məruz qalması anasını
çox narahat edirdi. Bu üzdən də valideynləri
Brüsü doğulduğu yerə getməsi
üçün razı sala bildilər və Li 1959-cu ildə
o, San-Fransiskoya gəldi. Sietldə
atasının köhnə tanışlarından biri ona ilk
günlər yardım göstərdi və Brüs Li
yaşamaq üçün ilk vaxtlar təsadüfü
qazanclar vasitəsi ilə keçinməyə başladı.
Sonra çinlilərin məhəlləsindəki
restoranların birində ofsiantlıq etdi. Lakin
bütün bu işləri ilə bərabər o, məşqlərinə
də ara vermirdi, hətta təhsilinin də
qayğısına qalırdı. Çox
keçmədi ki, Brüs ətraf məhəllələrdəki
yeniyetmələrə döyüş qaydalarından dərs
verməyə başladı. 1961-ci ildə
isə Brüs Vaşinqton universitetinə daxil olaraq fəlsəfə
elmini öyrənməyə girişdi. Eyni
zamanda arzu edən tələbələrə kunq-fu məşqlərini
keçirdi. Bu qədər işin içərisində
hər şeyə çatmağı bacaran Brüs Li həm
də bu dövrlərdə aktyorluq bacarığını da
bir neçə dəfə sınamalı olmuş, bu sahədə
də uğur qazanmışdı. Körpəlikdə
çəkildiyi filmi nəzərə alınmasa, Brüs ilk
dəfə "Yetim" lentində çəkildi. Ümumiyyətlə, onda aktyorluğa inanılmaz bir
sevgi vardı. Bəlkə də bu ona
atasından keçmişdi. Və onun
qısa müddət ərzində 20 filmə çəkildiyini
nəzərə alsaq yəqin ki, onun by sahədəki
bacarığını da etiraf etmiş olarıq.
Məşqlərdən,
dərslərdən, işləməkdən... boş vaxta
macalı qalmayan Brüs Linin heç də enerjisi tükənmir,
yorulmurdu. Bu qarmaqarışıq işlərin içərisində
hətta sevməyə də "vaxt tapmışdı".
Onun haqqında yazanların sözlərinə
inansaq Brüs 23 yaşında olarkən Linda Emeri Kedvell
adlı qıza vurulmuşdu. Onunla
tanışlıqdan sonra gənclər xeyli müddət
görüşdülər. Təxminən bir il sonra Brüs Li sevgilisinə evlənmək təklifi
etdi və çox çəkmədi ki, gənclər ailə
həyatı qurdular. Onlarin iki övladı
dünyaya gəldi - 1965-ci ildə oğlu Brendon, 1969-cu ildə
qızı Şennon. Elə bu ərəfədə
idi, Amerika karetesinin atası sayılan Ed Parker onu karetinin
"möcüzələrini" nümayiş etdirmək
üçün Brüs Lini böyük bir tədbirə dəvət
edti.
Brüs burada
özünün "bir dyüm zərbə"sini, bir əlinin
iki barmağı üstə özünü
qaldırmasını, döyüş fəndlərini...
göstərərək insanları heyrət içərisində
buraxdı. Brüs kunq-fu-da, karetedə heç bir ustanın əldə
edə bilmədiyi nəticələr əldə edib. Onun zərbələr seriyasının sürəti
heç kəsin bacarmadığı cəldlikdə idi.
Şahidlərin bildirdiyinə görə, azad vəziyyətdə
Brüsün əlinin zərbəsi saniyənin beşdə
birində baş verir. Brüs Li düz irəli
uzatdığı bir əlində 32 kiloqramlıq
ağırlıq daşını 20 saniyə saxlaya bilirdi.
Hərəkəti o qədər cəld və dəqiq
idi ki, buğda və ya düyü giləsini tullayıb
çinlilərin yemək yediyi çubuqlarla onları havadaca
tuta bilirdi. Bunlar qeyri-adi bacarıq idi.
(Ardı qəzetimizin 21 iyun sayında)
BABƏK YUSİFOĞLU
Ədalət.- 2011.- 14 iyun.- S.5.