YUNUS OĞUZUN "ƏMİR
TEYMUR"U
Son illər öz tarixi əsərləri ilə
("Atilla", "Nadir şah",
"Təhmasib") geniş
oxucu kütləsinin rəğbətini qazanmış
Yunus Oğuzun "Əmir Teymur" romanı da mənə elə gəlir ki, əvvəlki əsərləri
kimi maraqla qarşılanacaq.
Əmir Teymur haqqında neçə-neçə roman yazılıb, pyes yazılıb, film çəkilib, elmi-tarixi araşdırmalar aparılıb. Yəni demək olar ki, tarix Əmir Teymurun hər addımına bələddi. Belə bir tam açıq olan şəxsiyyət haqqında roman yazmaq o qədər də asan deyil.
Mən də Əmir Teymuru sevdiyimə görə onun haqqında Azərbaycan və rus dillərində nə qədər bədii, elmi materiallar varsa, demək olar ki, hamısı ilə tanışam. Və Yunus Oğuzun "Əmir Teymur"unu oxumağa başlayanda da fikirləşirdim ki, təzə bir şey tapmayacam.
Amma kitab məni aldı apardı. Əvvəl Yunusun
xətrinə oxumağa
başlasam da, sonradan əsərin özü məni kitabdan ayırmağa qoymadı.
Yunus Əmir Teymuru
təkcə bir sərkərdə kimi deyil, həm də bir insan
kimi, bir ata kimi, bir
türk kimi, İslam dünyasının
bir hamisi kimi və içində
həmişə böyük
bir mərhəmət
olan hökmdar kimi təqdim etməyi bacarıb.
Yunus Əmirin Hindistan
yürüşünü və
Hindistanı fəth etməsini daha çox qabardıb. Görünür, Yunus bununla
Əmir Teymurun böyük İsgəndərdən
də güclü və qüdrətli bir sərkərdə olduğunu önə çıxarmaq istəyib
və nail də olub. Əsərdən görünür ki, Yunus həmin
dövrü çox ciddi öyrənib, etnoqrafiyanı, toponimləri,
həmin dövrün
ab-havasını, insanların
danışıq tərzini
və həmin dövrdə dünyada baş verən hadisələri ustalıqla
qələmə alıb.
Xüsusilə də avropalıların
və Roma Papasının
türkləri məhv
etmək üçün
qurduqları planları
aça bilib. Türk xaqanlarını bir-birləri
ilə vuruşdurmaq üçün hansı üsullara əl atdıqlarını göstərə
bilib.
Cavan vaxtı bir
şeir yazmışdım.
Yadımdan çıxıb, amma bir-iki bəndini
görüm xatırlaya
bilirəmmi? Hə!
Tariximə bir ləkədi Çaldıran
Şah İsmayıl!
Sultan Səlim!
Gücüm çatsa
Ruhunuzu döyərdim!
Türk qanıydı,
tökülən qan,
axan qan!
Bu millətin dərdinə
bax,
sən Allah!
Türk qanını
Türk axıtdı,
Ey vallah!
Bəli, avropalıların şeytanlığı nəticəsində
həmişə türk
qanını türk axıdıb. Elə bu
gün də belədi. Avropalıların şeytanlığı hesabına qanımızı
axıtmasaq da, bir göyün altına yığıla
bilmirik.
Yunus Oğuz da bunu göstərməyə
çalışıb.
Yunus Oğuzun tarixi
romanlarında bir yorucu cəhət var, çox təəssüf ki, bu əsərdə də bundan qaça bilməyib.
Qırx bulağın gözündəki
daşı götürür
və bir çaya axıtmaq istəyir və həmin bulaqların suyunu dada bilmirsən, adlarını yadda saxlaya bilmirsən. Bilmirəm Yunus Oğuz özü bu bulaqların adlarını
yadında saxlaya bilirmi? Bu iradımı
söhbətlərimizdə demişəm. Çox
istərdim ki, "Əmir Teymur"un
ikinci kitabında Yunus bəy buna bir fikir
versin.
Və bir də öz əsərinə uyur və özünün
danışıq tərzini
obrazların dilinə
gətirir. Düzdür, bu çox deyil,
amma hər halda olmasa yaxşıdı.
Bir iradım da var. Birinci kitab belə adlanır: "Əmir Teymur- Zirvəyə doğru". Bir oxucu kimi mənə elə gəlir ki, kitabın bir adı olmalıdı - o da "Əmir Teymur".
Oxuculara məsləhət görərdim ki, bu kitabı oxusunlar. Təəssüf etməyəcəklər.
Aqil
ABBAS
Ədalət.- 2011.- 14 iyun.- S.3.