İNDİ ŞƏKİL ÇƏKMƏK NÖVBƏSİ MƏNİMDİR...

 

   Məmməd Dəmirçioğlu-60

 

   1.Söz dəyirmandakıdır.  

 

   Tarix - Yoldur.  

   Yol - tarixdir.  

   Hər şey yol başlandığı yerdən başlanır.  

   Hər şey yol qurtardığı yerdə sona yetir. Bunu belə demək olar:  

   Hər şey Söz başlandığı yerdən başlanır.  

   Hər şey Söz qurtardığı yerdə bitir.

  

   Yolun varsa varsan!  

   Sözün varsa varsan!

  

   Məmməd Dəmirçioğlu Yolu olan adamdır. Yol Adamıdır!  

   Məmməd Dəmirçioğlu sözü olan adamdır. Sözlü adamdır!

  

   Heykəltəraşlıq edəndə , Memarlıqla məşqul olanda da əlinə qələm götürəndə Məmməd sözlü adama oxşayır! Fırçasından, tişəsindən, qələmindən söz tökülür.  

   O, adi yazıları sevmir.  

   O yazıları sevir ki, daşa yazılsın, daşlaşsın, abidələşsin " Qobustanda qaval vursun, Aveydə saz çalsın daşam!"  

   M. Dəmirçioğlu memarlıq edəndə , heykəllər yapanda da, şeir yazanda da yazı yazmaq öyrənib.

      Özü ancaq ana dilində. Şair bəlkə bütün adamların öz ana dilini yaxşı bilməsi üçün şeir yazır?  

   Şair bəlkə bütün adamların adam olması üçün yazıb yaradır?  

   Şair bütün adamları adam etmək üçün heykəlini yonur bəlkə? !  

   Şair ürfana doğru uzanan yollar qırağında ən gözəl memarlıq əsərləri tikir ki, orda hər yoldan ötən deyil, adam oğlu adamlar gecələsinlər, dincəlsinlər.  

   Şairlər ona görə yazıb yaradırlar ki, ələ qələm alanda Söz gül açsın.  

   Yeriyəndə - yollar tumurcuqlasın, lalələnsin.  

   Öləndə - ölümü çiçəkləsin!  

   Sən belə bir şairsən, Məmməd Dəmirçioğlu!

  

   ... Əziz şair qardaşım, yadındamı, bir ay bundan qabaq oturmuşduq Qazaxdakı çayçıların birində. Vaqif Nəsib stolumuzun baş tərəfində. Azca da olsa kefi kök görünürdü. Amma narahatçılığı da üzündən oxunurdu. Kürün qırağından yer verəcəkdilər. Yəni ki, daça yeri kimi bir şey. Qulağı səsdə idi. Nəhayət ki, icra hakimiyyətindən belə bir səs - qərar gəldi?" Sənin işin düzəldi" dedilər. Təbrik etdik böyük yazarımızı - sözlü adamlarımızdan birini, öz sözü olanlarımızdan birini!  

   Bir - birimizə baxdıq.   

   60 yaşın qovuşuğundan. Axı hər ikimiz gəlib ömrün 60 - na çatmışdıq. Bir " qərar" da biz verdik! Mən dedim! "Sən mənim portretimi çək"  

   Sən dedin: - "Onda sən mənim " Səhra gülləri" kitabım haqqında bir məqalə yazarsan."  

   Sən həmin şəkli çəkdin mənə yubileyimdə bağışladın. Portetimdə başımın üstündən ötüşən durna qatarına baxanda yadıma salmaq istədim ki, mən bu durnaları hardasa görmüşəm.  

   Yadıma gəldi: Sənin " Səhra gülləri" kitabında - həm qatar misralar şəklində! " Durnalar bir qatar salavatımdı, Karvan buludların camalına!" - misralarını deyirəm.  

   Təkcə bu misralar bəsdi ki, oxuduqdan sonra bütövlükdə sənin yeni kitabına bir salavat çevirəsən...  

   Bu fikirlər əlbəttə " çırpı ayırttamaq" kimi bir şeydir.      Məqsəd - mətləb başqadı.

  

   Belə ki, hiss etdim ki, indi " şəkil çəkmək" növbəsi mənimdir, necə deyərlər, söz dəyirmandakıdır.  

 

   2. Köhnə " ilxıçı"

  

   ...Bir rəssam varıymış. Yaxşı at şəkilləri çəkirmiş. Halbuki 20 il ilxıya gedib, bir dənə olsun şəkil çəkməyibmiş. Eıə ki, ilxıçılığı buraxıb, başlayıb at şəkli çəkməyə...  

   Mənim şair qardaşım, Sənin " at otarmamışdan" çox qabaq şəkil çəkdiyini, gözəl rəssam olduğunu, memar - heykəltaraş olduğunu bilirdim.  

   Amma şeir yazdığını ( Şair olduğunu ) bilmirdim. Sən demə şairliyini bircə firçan tişən bilirmiş. Onlar da bu sirri gözəl memarlıq, heykıtaraşlıq əsərlərindən, gözəl rəsmlərdən başqa heç kimə demirlərmiş...  

   Bu sirri bizə son illərdə çap etdirdiyin şeir kitabların, xüsusən " Səhra gülləri" kitabın açdı. Mən başqalarını bilmirəm. Bu kitabdakı şeirləri oxuduqca gördüm ki, sən ömrünün xeyli hissəsini Səhrada ( Səhralarda ) yaşayıbsanmış. Dəşti - Qıpçaqda ( Böyük Çöldə ) , Saxarada ( Böyük Səhrada ) dəvə " otarıbsanmış" .  

   Dəvələr adətən suya dözümlü olurlar. Amma dəvələrin çoxu Səndən dözüm öyrəniblərmiş. Sənə heç kim çay - çörək verməyibmiş. Çörəyin - suyun özündənmiş. Bunu özün təsdiqləmisən:  

 

   Özüm - özümü içdim,  

   Gəlib çaya çatınca!  

 

   Yox qardaş, Sən özünü içə - içə çaya can atmayıbsan, çaya çatmayıbsan, sən başından od ələnə - ələnə Səhra gülləri əkməklə, bəsləməklə məşqul olmusan. ( Dəvə otarmağın bəhanə imiş )  

  

   3. Qıl körpüsü.

      

  

   M. Dəmirçioğlu bu kitabının adını " Səhra Yolları" da qoya bilərdi." Səhra gülləri" qoyanda da məqsədi heç səhrada gül axtarmaq deyil. Gülün timsalında o, sözü olan adam, sazı olan, üzü olan, özü olan adam axtarır !  

   Necə ki, Yunis İmrə Qıl Körpünün üstündə saray tikmək istəyirdi.  

   Məmməd Dəmirçioğlu da ömrünü Qıl Körpüsü üstdə yaşayır, deyir:  

 

   Əsdim , yıxılmadım kəndirbaz kimi,  

   Yaşadım ömrümü Qıl Körpüsündə !  

 

   Şairin əkdiyi " səhra gülləri" Qıl Körpüsünün üstdə bitiblər... görən gərək !   

   

   4. GÜL SUYU.  

  

   ... Gül əkməyə var ! ( elə şeir yazmağa da var ! )  

   Cəlalədin Rumi deyir ki, gülün ruhu var. Gülün ruhu - gül suyudur.  

    O gül suyunu almaq üçün ( o gül suyu olmaq üçün ! ) o Səhralara düşübsənmiş ( onçün şair olubsanmış )  

   Sən gülləri səhralıqda dəvələrin dırnaqları altında bəsləmisən. Özün o Səhra güllərindən birinə çevrilmisən. Məcnun gələr, birdən gül tapmaz, deyə. Leyli gələr, Məcnunun gülə dönmədiyini görəndə ölər ! - deyə...  

   Sən gözəl tutmusan Məmməd Dəmirçioğlu ! Sən Koriğlu dəlisinin adını daşıyırsan, Koroğlu dəlisi tək yaşayırsan.

      Sən əlindəki nalı gülə çevirirsən !

   Sən ürfana doğru uzanıb gedən yolu da gülə döndərə bilərsən !  

   Sən bütün səhraları " Səhra gülləri" qərq etmisən !  

   Özü başqa bir şeylə yox, ancaq bir könüllə !  

   Hüseyn Arifin bir şeiri var: 

  

   Qalın meşələri yarıb keçəndə,  

   Ağaclar əl verib saxlar şairi !  

  

   Möcüzədir bu ! Sən gör necə şair olmalısan ki, heç kim keçə bilməyəcəyi meşəlikdən, sıx ağacların içindən geniş bir yoldan keçirmiş kimi keçib getməlisənmiş.  

   H. Arifə sıx ağaclar yol verib, keç, deyiblərmiş.  

   Sənə Səhralıqlar gülüstanlar kimi qucaq açıblarmış.   

   Sən Səhralıqda gül əkə-əkə Adam axtarmısan...  

   Sən Səhralıqda gül əkə-əkə   

   Gül toxumuna dönmüsən,   

   toxumluq buğda olmusan,   

   Vətən həsrətiylə yana-yana söyləmisən:  

  

   Bir ovuc torpaq verin,

   Ora səpim özümü!  

  

   Aman Allah, bu boyda dünyada ( bu boyda Vətəndə !) şair bir ovuc torpaq axtarışandaymış...  

   Adətən, adam işiğin ( Səhərin ) həsrətini çəkər. M. Dəmirçioğlu qaranlığı sevirmiş, deyirmiş:  

  

   Qaranlıqda yanırdım,  

   İşıqda söndüm, allah ! 

   

   " Ən böyük şeyriyyət qaranlıqdadaır. Qaranlığı bir şərab kimi içmək əvəz edilməz bir səadətdir". ( Asif Ata )  

   Əziz şairim ! Məncə işıqlıqda sönməkdə düz eyləyirsən. Şairinki ( əsl Adamınki! Ürfan əhli olanınkı ) qaranlıqlardır, ilğımlardır!  

   əsl şairlərin təkcə sözləri yox, özləri səhra gülləridir !  

   ... İndi o güllərdən gül suyu alırlar !

  

 

  BARAT VÜSAL.

 

  Ədalət.- 2011.-15 iyun.- S.7