MÜQƏDDƏS TORPAQ –
BEYLƏQAN
(əvvəli
ötən sayımızda)
Əl işdən soyumur...
Beyləqanda bu gün çox böyük abadlıq və quruculuq işləri davam edir. Hara baxırsan orda bir qələbəlik, coşğunluq və qaynarlıq hiss olunur. Hiss olunur ki, qədim və müasir Beyləqan axır ki, öz tarixi keçmişini bərpa etməklə müasirliyə doğru irəliləyir. Şəhərin küçə və meydanları bir qayda olaraq səliqə-səhmanlıdır. Əgər səhər saatlarında kiminsə yolu bu şəhərə düşsə, onda rayon mərkəzinin necə sakit və gözəl olduğunu öz gözləri ilə görər. Şəhərin küçələri kommunal işçiləri tərəfindən səhər saatlarında təmizlənir, küçələr boyu əkilmiş ağaclar və bəzək kolları suvarılır. Sanki bu şəhərin səhəri bir gözəl dünyaya bənzəyir. Bu dünyanın səhəri də gözəldir, gündüzü də və axşamları da. Axşam saatlarında isə şəhərin işıqları bu qaranlığa bir gözəllik gətirir və parkı öz nuruna bələyir. İsti yay günlərində Heydər Əliyev parkında salınmış fəvvarələr işə düşür və onun sərinliyi ətrafa bir həzinlik və bir meh gətirir. Ümumiyyətlə, son vaxtlar Heydər Əliyevin adını daşıyan park daha müasir üslubda və milli memarlıq ənənələrinə uyğun qurulub. Eyni zamanda, Heydər Əliyev muzeyi də yenidən müasir üslubda tikilib. Bütün bunlar Beyləqanın gözəlliyini və milli memarlıq üslubunu bir qədər də zənginləşdirir. Doğrudan da hiss olunur ki, bu şəhəri yenidən tikən insanlar qurub-yaratmaq eşqindən doymurlar. Böyük Səməd Vurğunun aşağıdakı misraları sanki beyləqanlılar üçün yazılıb:
Əl işdən soyumur, ürək arzudan...
6500 tonluq anbar
Bayaq dediyimz kimi, Beyləqanda çox böyük quruculuq və tikinti işləri davam etməkdədir. Rayon icra hakimiyyətinin başçısı İrşad Əliyevin söylədiyi bir fikir yadımızdan çıxmır. O deyir ki, hər şey insanın özündən asılıdır. İnsan istəsə səhranın ortasında da gözəl və abad bir yurd sala bilər. Təki onun ürəyində qurub yaratmaq eşqi olsun.
İndi rayonda 6500 tonluq meyvə-tərəvəz bazası- anbarı tikilir. Təbii ki, həmin anbarın istifadəyə verilməsi ilə bu bölgədə bir çox problemlər yoluna qoyulacaq.
Mərkəzi rayon Xəstəxanası əsaslı surətdə təmir edilir. Bu isə o deməkdir ki, insanların gələcəkdə sağlamlığının qayğısına qalması daha asan olacaq. Çünki xəstəxana istifadəyə veriləndən sonra hər cür avadanlıq və kompüter sistemi ilə təmir ediləcək. Şəhər mərkəzindəki 3 saylı məktəb də yenidən inşa edilib və tikinti işləri başa çatmaq üzərdir. Bir sözlə, Beyləqanda həyat öz axarı ilə davam eləyir.
Qədim abidələr
Beyləqan nə qədər müasir və nə qədər gözəldirsə, bir o qədər zəngin və keçmiş tarixə malikdir. Orada çox qədim tarixi abidələr mövcuddur. Bu abidələrin sırasında Govurarx, Sarıtəpə, Çardaqlı, Təzəkənd, Kültəpə, Saratəpə, Xanqızı arxı, Sultanbud təpələri həmin tarixi abidələrə nümunə sayıla bilər. Beyəlqan şəhərinin mərkəzindəki açıq muzey isə çox qeyri-adi bir abidələrdəndir. Açıq səma altında olan bu muzeydə qranit daşları üzərində Azərbaycanın dövlətçilik tarixini həkk etmək nümunəsinin bariz əksidir. Bu abidədən sonra başqa beş rayonda bu cür açıq səma altında muzey yaradıblar. Yəni Beyləqandakı təcrübə başqa rayonlar tərəfindən də öyrənilib və tətbiq edilib.
Soyqırım abidəsi nələr deyir?
Beyləqan şəhərinin Daşburun qəsəbəsi istiqamətində olan girəcəyində çox möhtəşəm və əzəmətli bir abidə - Soyqırım abidəsi inşa edilib. Bu abidə üzərində ermənilərin türklərin və azərbaycanlıların başına gətirdiyi soyqırımı öz əksini tapıb. Abidə üzərində Azərbaycanın xəritəsi çəkilib. Orda divara ermənilər tərəfindən nə qədər insanların qətlə yetirilməsi həkk olunub. Bir sözlə, bu abidə 31 mart ermənilərin törətdiyi vəhşiliyi əks etdirən ən gözəl bir tarixi abidədir. Bu abidənin ideyasını da rayon icra hakimiyyətinin başçısı İrşad Əliyev verib. Eyni zamanda, İrşad Əliyevin ideyası əsasında türk yazarı Zihni Papaqçı "Soyqırım abidəsi dastanı"nı yazıb. Dastan səhnələşdirilib və aprel ayının 30-da açıq havada soyqırım abidəsinin önündə aktyorlar tərəfindən ifa edilib. Tamaşanı İrəvan Dövlət Azərbaycan Dram Teatrının aktyorları ifa ediblər. Tamaşa o qədər təsiredici və yadda qalan olub ki, həmin səhnəyə baxan insanlar bir daha erməni vəhşiliyinin, qəddarlığının şahidi olublar. Təbii ki, bu cür tarixi və faciəvi hadisələri insanların qan yaddaşına hopdurmaq çox böyük vətənpərvərlik nümunəsi sayıla bilər. Bunun üçün tamaşanın müəllifinə və eləcə də ideya daşıyıcısına o tamaşaya baxanlar minnətdarlığını bildiriblər. Tarix heç vaxt unudulmur. Çünki hər an, hər dəqiqə tarixə çevrildiyi kimi, onu vərəqləyənlər də həmin hadisələrin bir daha şahidinə çevrilirlər.
Müqəddəs torpaq
Beyləqanda Həzrət Cərcis peyğəmbər ziyarətgahı var. Ziyarətgah Beyləqan rayonunda şəhərin mərkəzindən 3-4 kilometr şimalda yerləşir. Sovet hökuməti dağılandan sonra əlamətdar dini tarixlərdə bura təkcə Azərbaycanın ayrı-ayrı bölgələrindən deyil, Suriya, Yəmən və başqa müsəlman ölkələrindən ziyarətə gələnlər var. Ziyarətgahın tarixçəsi də maraqlıdır. Həzrət Cərcis peyğəmbər təkallahlılığı təbliğ edib. O, İsa peyğəmbərin mövludundan sonra, təxminən 315, 392-ci illərdə yaşayıb. Tacir ailəsində anadan olub, böyüyən Cərcis Bin Anaq atasının yolunu davam etdirir. Mosul vilayətindən çıxıb tarixi İpək Yolu ilə qədim Beyləqan torpağından keçərək Dağıstana və başqa vilayətlərə səfər edib. Bütün sərvətini təkallahlığı yaymaq yolunda sərf edib. 77 il ömür sürüb və IV əsrin sonunda dünyasını dəyişib. Qəbri Beyləqanda olsa da adına daha üç məqbərə var - İraqın Mosul vilayətində, Yunanıstanın Afina şəhərində və Türkiyənin Urfa vilayətində.
Bəlkə də ermənilər Beyləqanı ona görə işğal edə bilmədilər ki, orada müqəddəs və Allahın sevdiyi Həzrət Cərcis peyğəmbər uyuyur. Çünki heç bir qüvvə Allahdan və Ulu Yaradandan güclü deyil...
Faiq
QİSMƏTOĞLU
Ədalət.-
2011.- 15 iyun.- S.7.