Vətəndaşla polis anlaşanda sabitlik olur

 

   Ələsgər Bədəlov: "Sovetlər dönəmində vətəndaşla polis arasında bir sədd vardı və tərəflər bir-birinə yaxınlaşmırdı. Belə olan halda əlbirliyi, birgə iş də yox idi"

 

   Ötən həftə Bakıda ATƏT-in Daxili İşlər Nazirliyi ilə birgə "Cəmiyyətin Dəstəklədiyi Polis işi" mövzusunda iki günlük konfrans keçirilib. Sözügedən konfransda ölkədə fəaliyyət göstərən beynəlxalq təşkilatların təmsilçiləri, dövlət, eləcə də ölkənin bir sıra rayonlarını təmsil edən polis rəsmiləri, Qeyri Hökumət Təşkilatlarının nümayəndələri iştirak edirdilər. Onu da qeyd edək ki, ATƏT-in Azərbaycanın Daxili İşlər Nazirliyi ilə 2006-cı ildən birgə həyata keçirdiyi layihə çərçivəsində mühüm işlər görülüb. Layihə ilk olaraq Mingəçevir şəhər Polis şöbəsi vasitəsilə reallaşdırılıb və yüksək nəticələrin əldə olunduğu da bildirilir. Mincəçevir şəhər Polis şöbəsinin rəisi Ələsgər Bədəlovla söhbətimizin mövzusu da görülən işlərlə bağlıdır...  

   - Polislə cəmiyyətin birgə fəaliyyəti baxımından həyata keçirilən layihənin nəticələri varmı?  

   - 2006-cı ilin ikinci yarısından bu layihə Azərbaycanda tətbiq olunur. Bu Daxili İşlər Nazirliyi ilə ATƏT-in birgə həyata keçirdiyi bir layihədir. Əslində adından da göründüyü kimi bu cəmiyyətin dəstəyi ilə qurulan polis işidir. Hamı bilir ki, sovetlər dönəmində vətəndaşla polis arasında bir səd vardı və tərəflər bir-birinə yaxınlaşmırdı. Belə olan halda əlbirliyi, birgə iş də yox idi. Müstəqillik dövründə isə artıq biz digər sahələrdə olduğu kimi polis işində də Avropa təcrübəsini öyrənir və ondan bəhrələnirik. Bizim ATƏT-lə birgə həyata keçirdiyimiz layihə də inkişaf etmiş Avropa ölkələrində tətbiq olunan təcrübəyə əsaslanır. Yəni cəmiyyətin üzvləri olan insanlarla polisin birgə öz işini görməsi təcrübəsinin Azərbaycanda reallaşdırılması işi aparılır. Burada maraqlı olan, həm vətəndaşların, həm də polisin məmnun qaldığı məsələ nədir? Hər bir vətəndaş yaşadığı bölgədə asayişin qorunmasını istəyir. Polisin də qarşısında qanunla bu vəzifə qoyulur. Belə olduğu halda deməli, polislə vətəndaş eyni məqsəd üçün çalışmalı olur. Vətəndaş rahat yaşamaq, polis də əmin-amanlığı təmin etmək istəyir. Bu isə o deməkdir ki, bu işdə həm polis, həm də vətəndaş əlbir olmaqda maraqlı olur. "Xalq üçün, xalqın rahatlığı üçün xalqla birlikdə"-deyiminin mahiyyətində də birgə fəaliyyət dayanır.  

   - Əhalinin bu işdə maarifləndirilməsi prosesi necə icra olunur?  

   - Vətəndaşları maarifləndirərkən birgə işin mahiyyəti izah olunur. Layihənin mahiyyəti də ondan ibarətdir ki, gəlin birlikdə cinayəti yaradan səbəbləri aradan qaldıraq, asayişi təmin edək. Bu pilot layihə kimi ilk olaraq Mingəçevir şəhərindən başlayıb. Sonra isə 10 şəhər rayonunda tətbiq olunub. Hazırda isə DİN göstərişi ilə bütün polis orqanlarında layihə həyata keçirilir. Bu layihə başlanandan sonra intensiv görüşlər, bir sıra tədbirlər keçirilib. Bu layihənin tətbiqindən sonra bizim İnternet saytımız fəaliyyətə başlayıb və həmçinin də qəzetimiz çap olunur. Ayda bir dəfə yerli televiziya ilə "Asayişin keşiyində sizinlə birlikdə" bülletenimiz yayımlanır. Mütəmadi olaraq cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri ilə görüşlərimiz keçirilir. Məktəb və baxçalardan başlamış, veteranlara qədər hamı ilə təmasda oluruq.  

   - Bütün bu fəaliyyətin nəticəsi olaraq nə dəyişib?  

   - İlk olaraq polisin cəmiyyətdəki rolu qismən dəyişib. Dəyişən odur ki, artıq insanlar polisə, öz növbəsində polis də insanlara öz doğması kimi baxır. Bu iş prosesi ilə bağlı maarifləndirmə zamanı biz insanlara izah edirik ki, polis də sizlərdən biridir. Heç də kənardan gəlmə deyil, sizin yaxınlarınız, doğmalarınızdır. Çünki polisin iş fəaliyyəti də vətəndaşları qorumaq üçündür. Yəni hər bir kəs öz fəaliyyəti ilə doğmalarına nə bəxş edə bilirsə, polis də insanlar, doğmaları üçün onu edir. Vətəndaşla polis arasında səmimi münasibət ki, əmələ gəlir, onda asayişin, əmin-amanlığın qorunması məsələsi də çətinlik törətmir. Bizim ilk vaxtlardan birgə fəaliyyət üçün dəvətimiz də insanlar tərəfindən çoxdan qəbul olunub və onlar polislə birgə fəaliyyətdə iştirak da edirlər. Bunun ən bariz nümunəsi olaraq misal göstərmək də olar. "Polis haqqında" qanuna sonradan olunan dəyişikliyə görə Ərazi ictimai məsləhət şuraları yaradılıb.

      - Bəzi hallarda bu narazılıq doğurur. Bu mənada Ərazi İctimai Məsləhət Şuralarının fəaliyyəti nədən ibarətdir?  

   - "Cəmiyyət Dəstəkləyir Polis İşini" ifadəsinin mahiyyəti cəmiyyətin dəstəyi ilə qurulan polis işi deməkdir və qeyri-adi yeni yaradılan bir qurum da deyil. Sadəcə olaraq polis işinin cəmiyyətin dəstəyi ilə görülməsi deməkdir. Klassik təcrübədən indiki polis işi təcrübəsinin fərqi də qeyd etdiyim kimi hadisənin qabaqlanması, önləyici tədbirlərin görülməsidir. Bunun üçün yaxınlaşmanın əhəmiyyəti də odur ki, insanlar özləri kömək etməyə meyilli olurlar. Ərazi İctimai Məsləhət Şuraları adından göründüyü kimi polis sahə məntəqələri yanında yaradılır və hər ərazinin də öz şurası var. Həmin şurada da əhalinin könüllü surətdə seçilən, məhkumluğu olmayan, qanunlara hörmət edən və könüllü şəkildə bu işə qoşulanlar cəmləşir. Həmin insanlar hərtərəfli yoxlanmadan ora qəbul oluna bilməzlər. Ərazi İctima Məsləhət Şuraları "Cəmiyyət Dəstəkləyir Polis İşini" mexanizminin həyata keçirilməsinin bir yoludur və çox mütərəqqi formadır. Polisə vətəndaşın dəstəyinin müxtəlif formaları var və bu normal haldır. 2009-cu ildən sonra yaratdığımız bu forma da hələlik ən mütərəqqi formadır. Bəzən bunu sovet dönəmində olan drujinalarla qarışıq salırlar. Amma drujinalar tamamilə başqa mahiyyət daşıyır və məcburi şəkildə toplanırdı, heç kim yoxlanılmadan, kimliyindən asılı olmayaraq cəlb olunurdular. İnkişaf etdikcə biz bu dəstək formalarının digər növlərindən istifadə edəcəyik. Ola bilər ki, yeni cəmiyyətlər, fondlar, birliklər yaradılsın. Əhalinin müxtəlif təbəqələrindən, QHT-lərdən, idman təşkilatlarından, media nümayəndələrindən dəstək ola bilər. Bütün bunlar ola bilər ki, təşkilatlanar və vahid bir könüllü cəmiyyət şəklində formalaşar.   

   - Dediniz ki, polisin cəmiyyətdəki rolu qismən dəyişib. Buna bir qədər aydınlıq gətirərdiniz...  

   - Əgər dünənə qədər polis hadisə baş verən andan hərəkətə keçirdisə, yəni məlumat, şikayət əsasında polis araşdırmaya başlayırdısa, artıq indi belə deyil. Çünki həyata keçirilən layihə təcrübəsi öyrədir ki, polis işinə hadisə baş verən ana qədər başlamalıdır. Bu isə hadisəni yaradan səbəbləri əvvəlcədən aradan qaldırmalıdır. Polis öz fəaliyyəti ilə elə etməlidir ki, hadisə baş verməsin. Ona görə də bu layihənin iş metodunun əhəmiyyəti böyükdür. Həm də ona görə böyükdür ki, burada insanların dəstəyi hiss olunur. Polis həmin polisdir, amma insanların polisə münasibəti, dəstəyi sayəsində hansısa bir rayonda 150 polis nəfərinin sayının 15 min olması qənaətinə gətirir. Bu isə o deməkdir ki, insanların hər biri cəmiyyətdə baş verən kriminal hallara, baş verə biləcək cinayətlərə polis gözü ilə baxmağa başlayır. Çünki insanlar maarifləndirici tədbirlər nəticəsində dərk ediblər ki, polisə dəstək olmaq, polislə birgə fəaliyyət göstərmək həm də özünə dəstək olmaq, əmlakının təhlükəsizliyini təmin etməkdir. Hər şeydən əvvəl biz belə bir dəyişikliyə nail olmuşuq. İkinci dəyişən polislə vətəndaşın, polislə cəmiyyətin münasibətlərində yeniliklərin əldə olunmasıdır. Əgər bayaqdan həm polis, həm də vətəndaş bir-birinə əks qütbdə dayanmışdırsa, artıq bu gün hər iki tərəf birgə fəaliyyətdədir.   

   - Yəni artıq insanlar - "Bu mənim deyil, polisin missiyasıdır" - yanaşmasını arxada qoyublar...  

   - Bəli. Artıq insanlar məsələnin mahiyyətini dərk etməyə başlayıblar. Xüsusilə də o yerlərdə ki, bu məsələnin mahiyyəti dərk olunub, orada artıq insanlar özlərini polis kimi hiss edə bilirlər. Belə olduqda asayişin qorunması da asanlaşır. Mingəçevirin timsalında deyə bilərəm ki, sonrakı illərdə polis vətəndaş münasibətlərinin doğmalaşması ona gətirib çıxarıb ki, əhali həqiqətən də baş verəcək hadisələrin qarşısının alınmasında bizə yaxından köməklik göstərdi. Bunun sayəsində də Mingəçevirdə kriminal hadisələr azalmağa başladı. Statistika göstərir ki, 2006-cı ildən sonra ildən-ilə xoşagəlməz hadisələrin baş vermə halları azalmağa doğru gedir.  

   - Digər rayonlarla müqayisədə nə kimi fərqlər var və irəliləyiş hiss edirsinizmi?  

   - Əlbəttə. Bizimlə müqayisədə digər rayonlar arasında fərqlər böyükdür. Hər hansı qanunsuz hərəkət və etik davranış qaydalarını pozmuş polis nəfəri barəsində də vətəndaşlar il ərzində polis orqanlarına onlarla şikayət məktubları göndərirdilər. Amma indi vətəndaşla polis münasibətlərində yaranan bu yaxınlıq sayəsində nə polis vətəndaşa qarşı qanunsuz hərəkətə yol verir, nə də vətəndaş yol verilən qanun pozuntusuna görə həmin polis nəfərindən şikayət məktubu yazır. Sadəcə olaraq insanlar qanunu pozan həmin polis nəfərinin özünə, yaxud da onun işlədiyi kollektivin rəhbərliyinə narazılığını çatdırır. Bu mənada Mingəçevir şəhərinin timsalında deyə bilərəm ki, vətəndaş şikayətlərinin sayı heçə enib. Bunun azalmasının səbəblərindən biri şöbənin rəhbəri olaraq mənim və digərlərinin əhali ilə mütəmadi olaraq canlı görüşlərə üstünlük verilməyimiz, televiziyada vətəndaş suallarının cavablandırılması, akkreditə olunmuş media nümayəndələri ilə hər rübün sonunda bir dəfə görüşüb qaranlıq məqamlara aydınlıq gətirilməsidir. Bütün bunlar həyata keçirilərkən polis haqqında tənqidlər, iradlar deyilir, elə oradaca tədbir görülür, yaxud da araşdırılır və cavab verilir. Ona görə də belə hallarla bağlı təkrar şikayət etməyə lüzum qalmır. Uzun illər bir çox Avropa dövlətlərinin təcrübədən keçirdiyi, bəhrəsini gördüyü bu mexanizm çox böyük təcrübədir. ATƏT-in dəstəkliyi ilə həyata keçirilən bu layihəyə Daxili İşlər Nazirliyi də çox böyük önəm verir. Nazirimiz dəfələrlə kollegiya iclaslarında, digər əməliyyat müşavirələrində bununla bağlı hesabatlarımızı dinləyib. Bütün bunlar onu deməyə əsas verir ki, artıq Azərbaycanda bu mexanizm işə düşüb. Hesab edirəm ki, bu mexanizmin çox yaxşı nəticələri olacaq. Sevindirici hal odur ki, Azərbaycan postsovet məkanında yeganə ölkə olaraq belə bir mexanizmin tətbiq olunmasında yaxından iştirak edir. MDB ölkələrinin heç birində bu mexanizm Azərbaycanda olduğu kimi tətbiq olunmur. Amma ATƏT rəsmilərinin dediklərinə görə artıq digər MDB ölkələri də buna təşəbbüs göstərirlər. Qazağıstan, Ukrayna, hətta, Rusiya özü də bu layihənin tətbiqi barədə düşünür və ona görə də ATƏT-in baş katibliyi ilə danışıqlar aparırlar. Çünki bu mexanizm çox maraqlı olması ilə yanaşı, həm dövlətə, həm də insanlara vacib olan məsələdir.  

   - Belə bir layihənin ilk olaraq Azərbaycanda keçirilməsi və həyata keçirilən işlərlə bağlı konfransların təşkili də maraq doğurur...  

   - Həqiqətən də son 4-5 il ərzində Azərbaycanda əldə olunan az-çox nə nailiyyət varsa, o beynəlxalq qrumlar tərəfindən dəyərləndirilir. ATƏT-in dəyərləndirmə missiyası da az müddət əvvəl Azərbaycanda olub. Onlar Mingəçevirdə də oldular və layihənin gedişi ilə yerindəcə tanış oldular, insanların münasibəti ilə maraqlandılar. Bu görüşlərin nəticəsi olaraq növbəti konfransın paytaxtda keçirilməsi nəzərə alındı. Bütün bunlar da Azərbaycan dövlətinə, polisinə göstərilən çox böyük etimaddır. Keçirilən konfransa da daha çox inkişaf etmiş Avropa ölkələrinin polis nümayəndələri dəvət olunmuşdu ki, onlar öz təcrübələrini bizə danışsınlar, biz də onlardan daha çox şeylər öyrənə bilək. Onu da qeyd edim ki, Konfransa qədər bizim fəaliyyətimiz barədə kitabça çap olunub, orada mənim çıxışım da əksini tapıb. Samballı olmasa da keçən il "Cəmiyyət Dəstəkləyir Polis işinin Azərbaycan təcrübəsi" adlı kitab da çap olunub. Bu da həm vətəndaşlar, həm polis, həm də bu işlə maraqlananlar üçün layihənin mahiyyətindən məlumatlı olmağa kömək edir. Polis Akademiyasında "Cəmiyyət Dəstəkləyir Polisi" layihəsi ilə bağlı laboratoriya fəaliyyətə başlayıb, həmçinin də polis məktəbində bu ayrıca fənn kimi tədris olunur. Bütün bunlar o deməkdir ki, Azərbaycanda artıq bu mexanizm işə düşüb. Konfrans da bu istiqamətdə görülən işin birinci mərhələsinin başa çatması deməkdir. Bundan sonra daha böyük işlər, daha böyük addımlar atılacaq ki, bu mexanizm layihəlikdən çıxıb Azərbaycan polisinin gündəlik iş təcrübəsinə çevriləcək.  

   - Konfransdan kənar bir qədər də son illərdə müxtəlif sahələrdə artan cinayət işləri barədə məlumat verməniz yaxşı olardı. Hər gün ağlasığmaz cinayətlərin törədildiyi barədə məlumatlar verilir ki, bu da olduqca böyük təəccüb doğurmaya bilmir. Bunlar nə ilə bağlıdır?  

   - Əslində istər KİV-lərdə, istərsə də televiziyalarda baş verən cinayətlərlə bağlı məlumatların verilməsi Daxili İşlər Nazirliyinin mətbuata açıq olmasının göstəricisidir. Nazirliyin saytında da regionlardan verilən məlumatlar dərhal yerləşdirilir. İkincisi, əvvəlki dövrlərdən fərqli olaraq indi statistik məlumatlar ictimaiyyətə daha çox açıqlanır. Bu da baş vermiş cinayət hadisələri barədə məlumatların verilməsində bir şərtdir. Reallıqda isə Azərbaycanda baş verən hadisələr digər ölkələrlə müqayisədə çoxluq təşkil etmir. Statistik məlumatlar göstərir ki, əksər cinayətlərin həm sayı, həm də xüsusilə ağır cinayət halları heç də artmayıb. Əksinə azalmağa doğru gedir.  

   - Axı sovetlər dönəmində və ondan sonrakı ilk on il ərzində belə hallarla demək olar rastlaşılmırdı...  

   - Bilirsiniz, cəmiyyət inkişaf etdikcə, hətta insanların intellekti inkişaf etdikcə yeni cinayət növləri yaranır. Məsələn, bu gün elə cinayətlər törədilir ki, 20-30 il əvvəl onlar barədə anlayış belə yox idi. Texnika inkişaf etdikcə cinayətə meyilli adamların başı da həmin texnologiyalardan istifadə edib daha yeni cinayətlərin törədilməsi istiqamətində işləmək imkanı əldə edir. Bu gün açıq bir cəmiyyətdə yaşadığımızdan dünyanın müxtəlif yerlərində baş verən cinayət əməlləri barədə məlumatlar əldə edirlər və bəzən həmin cinayətlərin təsirinə düşüb onların törədilməsi düşünülür. Hansı ki, əvvəllər həmin cinayətlərdən onlar da xəbərsiz idilər.  

   - Deməli, insanların psixologiyası pisliyə doğru daha çox dəyişir?  

   - Xeyr. Belə deməzdim. Əlbəttə, insanların şüuru inkişaf edib, dünyagörüşü təkmilləşib, intellekti artıb və məlumat almaq imkanları genişlənib. Bunun özünün də cinayətə təsirləri var. Ancaq həm rəsmi statistikaya, həm də şəxsi təcrübəmə əsaslanaraq deyə bilərəm ki, Azərbaycan vətəndaşları heç də cinayətə meyilli deyil. Statistika da göstərir ki, dünyanın ən az cinayət törədilən respublikalarından biri Azərbaycandır. Mətbuatda açıqlanan rəqəmlərin insanlarda xof yaratması onunla bağlıdır ki, sovet dövründən fərqli olaraq törədilən cinayət əməlləri barədə məlumatlar verilir. Hazırda DİN-in 102 sistemi fəaliyyət göstərir. Hər bir vətəndaş məruz qaldığı, şahidi olduğu cinayət hadisəsi barədə polis orqanlarına məlumat verə bilir və baş verən bütün cinayət hadisələri də qeydiyyata alınır. Bu da bəzi hallarda statistik məlumatlara təsir göstərir ki, insanlar da cinayət hallarının artdığını güman edir.  

   - Polis orqanlarında işləyənlərin də qanun pozuntusuna yol verdikləri, qeyri-qanuni əməllər törətmələri barədə məlumatlar az deyil. Cəmiyyətdə asayiş keşikçiləri kimi tanınan qrumda belə hallar nədən baş verir?  

   - Heç kim deyə bilməz ki, Azərbaycan polisi idealdır və hətta, nazirimiz də hansısa rəsmi tədbirdə polisimizin ideal olduğunu, bu qrumda işləyənlərin də ideal insanlardan təşkil olunduğunu deməyib. Cəmiyyətdə nə varsa, cəmiyyətin bir parçası olan polisdə də o var. Cəmiyyətdə baş verən nə neqativ hallar varsa, o polisdə də baş verə bilir. Təbii polis çoxsaylı, çoxminli kollektivdir və burada hamının intellekti, dünyagörüşü, dünyaya baxışı da eyni deyil. Heç də polis əməkdaşlarının hamısı ideal nizamnamə, etik davranış kodekslərinin tələblərini yerinə yetirmir. Əlbəttə ki, bu kimi hallar var. Səmimi olaraq deyirəm ki, son illərdə neqativ hallara qarşı verilən reaksiya qədər təpkini uzun illər işlədiyim müddətdə görməmişdim. Polis əməkdaşları ilə bağlı verilən şikayət əsasında istənilən bir hadisə dərhal nazirliyin müvafiq idarəsi tərəfindən araşdırılır və orqandan xaric olunma, çox ciddi cəza verilməyə qədər tədbirlər görülür. Bizim şəhərdə də belə hallar olub və cəzasını da alıb. Bu məsələ düşünülməsin ki, boş buraxılır.  

   - Qardaş Türkiyənin simasında deyə bilərik ki, polis orqanlarında bu sahədə təhsili olmayanlar işləyə bilməz. Amma Azərbaycanda belə deyil və qanun pozuntusuna yol vermə hallarının da məhz təsadüfi adamların polisdə işləməsi səbəbindən baş verdiyi bildirilir...  

   - Artıq təsadüfi gəlmə yolları demək olar bağlanıb. Cəmiyyətdə belə bir fikir var ki, sıravi polis heyəti arasında daha çox kobud rəftar edənlər, hansısa formada qanunu pozma hallarına təsadüf olunur. Belə halların da qarşısının alınması üçün dərhal tədbir görülür. Bir məsələ də var ki, artıq sıravi polis nəfərlərinin hazırlığı, işə qəbul formaları dəyişib. Vətəndaşlar artıq bilməlidir ki, polis orqanlarında sıravi heyətə işə qəbul üçün müsabiqə olunur. Bir yerə 4-5 nəfər sənəd verir. Onların fiziki hazırlığını yoxlamaq üçün mini test olunurlar. Təsadüfən polisə düşmə yolları bu gün artıq bağlanıb və bu gün kimisə gizlin işə götürmək də mümkün deyil. Ona görə də inanıram ki, təmizlənmə, saflaşma prosesinin mütləq təsiri hiss olunacaq. Yuxarıda qeyd etdiyim kimi layihə çərçivəsində göstərilən fəaliyyət hazırda Azərbaycan polisində yeniləşmənin getdiyini təsdiqləyir.

  

 

Gültəkin Qəhrəmanlı

 

Ədalət.- 2011.- 15 iyun.- S.3.