TƏRƏQQİSİ
İLƏ GÖZ OXŞAYAN İSMAYILLI
İSMAYILLIYA GƏLSƏN, QAYIDIB YENƏ
GƏLƏRSƏN
...Regionlara
səfərim çərçivəsində son mənzilim
ölkəmizin "Sənətkarlar paytaxtı" kimi elan
edilmiş İsmayıllı rayonu oldu. Vaxtım az olsa da,
burada keçirdiyim müddətdə şəhərin giriş
qapısından mərkəzinədək hər bir guşəsinə
diqqət yetirdim. Gördüklərim məni hədsiz
sevindirdi. 6-7 il bundan əvvəlki şəhərə bənzəmirdi
İsmayıllı. Belə ki, rayon ərazisində yerləşən
və tarixin qiymətli abidələri olan Qız qalası,
Cavanşir qalası, Mustafaxan qalası, Niyal qalası ilə
yanaşı, şirinsulu mineral bulaqları, yaşıl donlu
meşələri, müqəddəs məkanı olan
Babadağ ziyarətgahı və gözoxşayan digər mənzərələri
İsmayıllının nəinki "Sənətkarlar
paytaxtı" həm də "turizm səltənəti"
kimi məşhurlaşmasına səbəb olub. Coğrafi
mövqeyinə görə dağ rayonu olan
İsmayıllı Böyük Qafqazın cənub
yamacında yerləşir. Girdiman və Göyçay
çaylarının sağ və sol sərhədlərini təşkil
edir. Hal-hazırda ərazisi 2074 kv olan rayonun meşə ərazisi
də 66 min hektardır.
Bu
baxımdan qədimliyinə və fauna, flora zənginliyinə
görə Talıstan, Topçu meşələri xüsusilə
seçilir. Rayonun bir çox kəndləri şirin su
ehtiyatından əziyyət çəksə də
Qalacıq, Aşıqbayramlı və Diyallı kəndləri
isə mineral bulaqlarla zəngindir.
Ölkəmizin
dünyada talerant bir ölkə kimi tanınmasında payı
olan İsmayıllı yerli əhalisi ruslardan ibarət olan
özünəməxsus İvanovka kəndi ilə hər
birimizə məlumdur. Qədimdən indiyə qədər
müxtəlif xalq sənətkarlığı ilə məşğul
olan ismayıllılar bu sənəti qoruyub saxladıqları üçün
cari ildə 20 rayon arasından "Sənətkarlar
paytaxtı" kimi ad qazanmışdır. Bu baxımdan xalq sənətkarlığının
əsas beşiyi hesab olunan Basqal qəsəbəsi də
artıq öz tarixi şöhrətini geri qaytarmaqla
yanaşı həm də sakinlərin işsizlik problemini həll
etmiş olacaq. Onu da qeyd edək ki, Basqal sənətkarları
tərəfindən toxunan kəlağayılar, ipək
parçadan hazırladıqları çadra və
çarşablar hər zaman nadir sənət incisi kimi turistlərin
diqqət mərkəzindədir. Ümumiyyətlə isə
Basqal ölkəmizin orta əsr şəhər mədəniyyəti
elementlərini özündə qoruyub saxlayan qəsəbələrindəndir.
Beləliklə, qədim tarixə, zəngin adət-ənənələrə,
qonaqpərvərliyə və füsünkar təbiətə
malik olan İsmayıllı rayonu son 5-6 ildə həyata
keçirilən Regionların inkişafına dair Dövlət
proqramına əsasən öz mənzərəsini xeyli
abadlaşdırmışdır.
Belə
ki, salınan asfalt yollar, səkilər,
abadlaşdırılmış küçə və
meydanlar, bank filialları, digər sosial və iqtisadi obyektlər
adı çəkilən proqramın
reallaşdırdığı uğurlu layihələrdir. Bir
sözlə bu şəhərdə də Bərdə də
olduğu kimi qədimlik ilə müasirliyin
harmoniyasını gördüm. İsmayıllıya yolu
düşən hər bir kəs mütləq bu gözəlliklərin
canlı şahidi olmaq üçün yenidən bu diyara səyahət
edəcək.
SOSİAL İQTİSADİ
İNKİŞAFIN YARATDIĞI MÖCÜZƏLƏR
Ümumiyyətlə,
Dövlət Proqramının uğurlu icrası nəticəsində
son 7 ildə ölkəmizin ümumi daxili məhsulu təxminən
3 dəfə, iqtisadiyyatımızın potensialı isə 14
faiz artmışdır. Eləcə də
proqramın rayon üzrə uğurlu
icrası iqtisadiyyatın daha da möhkəmləndirilməsinə
gətirib çıxarmışdır. Təsadüfi
deyildir ki, bu illər ərzində iqtisadiyyatın gücü
3-4 dəfə artmışdır. Dövlət
proqramının birinci mərhələsində görülən
işlər gələcək uğurlar üçün əlverişli
zəmin yaratmışdır. Sonrakı 3 ildə əldə
olunmuş nailiyyətlər bunu deməyə əsas verir.
Görülən tədbirlər nəticəsində rayon
iqtisadiyyatının əksər sahələrində
dirçəliş hiss olunmuş, uzun illərdir ki, həllini
gözləyən bir çox problemlər öz həllinə
qovuşmuşdur. Son üç ildə rayonda
abadlıq-quruculuq işlərinə xüsusi diqqət
ayrılmış, ən çox maliyyə vəsaiti də
bu istiqamətdən olan layihələrə xərclənmişdir.
Bu dövrdə tikilib istifadəyə
verilmiş obyektlərdən yeniyetmə və gənclərin
sevimli məşq yeri olan Olimpiya idman kompleksini, rayon
prokurorluğu və texniki peşə məktəbi
üçün yeni inzibati binalar, şəhərin mərkəzində
çoxmərtəbəli yaşayış binası, yeni yay
kinoteatrı, tarix-diyarşünaslıq muzeyini, iki otel
kompleksini, idman əyləncə klubunu, iki bank və bir
sığorta təşkilatını qeyd etmək yerinə düşər.
Genişmiqyaslı
abadlıq-quruculuq işləri rayonun mərkəzində,
küçə və yollarında, parklarında da davam
etdirilmişdir. Belə ki,
şəhərin mərkəzinədək keçən əhəmiyyətini
itirmiş kanal aidiyyəti orqanların razılığı
ilə doldurulmuş, üzərində yaşıllıq
zolağı salınmışdır. Şəhərə
arxitektura baxımdan gözəllik və tarixilik bəxş
edən qala divarı hörülmüş, "Şəhidlər
Xiyabanı"nın ətrafına dekorativ hasar
çəkilmişdir. Heydər Əliyev parkında, muzeyində
və onun ətrafında olan tikililərdə yenidənqurma
işləri aparılmışdır və yeni əzəmətli
giriş portalı quraşdırılmışdır.
Onu
da qeyd edək ki, həmin parkın ərazisində ölkəmizdə
ilk dəfə olaraq yapon mütəxəssislərinin səyi
nəticəsində "Yapon bağı"
salınmışdır və gənclərin istirahəti
üçün yeni mərkəz diskoteka inşa
olunmuşdur. İkinci dünya müharibəsində həlak olanların
xatirəsini əbədiləşdirən abidə və
"şəhidlər xiyabanı" yeni üslubda təmir
edilmiş və vahid "Xatirə kompleksi"
yaradılmışdır. Həmin kompleksin, eləcə də
şəhərin 4 küçəsində müasir
işıqlandırma sistemi
quraşdırılmışdır. Həmçinin şəhərin
10 müxtəlif küçələrinə və 5 kəndinə
asfalt vurulmuş, 5 küçəsinə isə
çınqıl döşənmişdir. Qəzli
çayının üzərində isə yeni
körpünün salınması da əldə olunan uğurlardandır.
Eləcə
də şəhərdə bir neçə binanın dam
örtüyü dəyişdirilmiş, fasadları rənglənmişdir.
Eyni zamanda
rayonun təhsil, səhiyyə və mədəniyyət
sahəsi üzrə də xeyli işlər
görülmüşdür. Belə ki, son 3 ildə rayonda 6 kəndin
orta məktəbi üçün yeni binalar tikilmiş, 4 kənd
məktəbində isə əsaslı təmir işləri
həyata keçirilmişdir. Cari ildə isə Soltankənd
orta məktəbinin yeni binası üçün tikinti
işləri davam etdirilir. İsmayıllı rayonu təhsilin
keyfiyyətinə görə fərqlənən
rayonlardandır. Əldə olunan nəticələr bunu deməyə
bir daha əsas verir. Məktəblilər hər il keçirilən
intellektual müsabiqələrdə və fənn olimpiadalarında
iştirak edərək yüksək yerlər qazanırlar.
Rayonun təhsil işçiləri də hər il
keçirilən "ən yaxşı ümumtəhsil məktəbi"
və "ən yaxşı müəllim" müsabiqələrində
iştirak edərək uğurlu nəticələr
qazanırlar.
Qeyd
edək ki, cari ildə də həmin mötəbər
müsabiqələrdə iştirak etmiş rayonun 4 ümumtəhsil
məktəbi və 3 nəfər qabaqcıl müəllimi
müsabiqənin mərhələlərini müvəffəqiyyətlə
keçərək yüksək ballar toplayıblar. Rayonun təhsil
sistemində sadalanan uğurlarla
yanaşı hələ də öz həllini gözləyən
bir çox problemlər qalmaqdadır. Belə ki, təhsil
sistemləri tam olaraq nə istiliklə, nə də texnika,
avadanlıqlarla təchiz edilməyib. Xüsusilə rayonun bir
çox yaşayış məntəqələrində
uşaq bağçalarının açılmasına ciddi
ehtiyac var. Fəaliyyətdə olan 10 bağçadan 8-nə
yeni bina tikilməlidir. Təhsilin keyfiyyəti isə daha da yüksəldilməlidir.
(ardı gələn sayımızda)
Ədalət.- 2011.- 23 iyun.- S. 3.