QƏDİM - MÜASİR GÖYÇAY

 

TURİZMƏ MARAQ HARDAN BAŞLAYIR?

  

   ... Çox maraqlıdır, həm təəccüblüdür. Adında, tarixində, indisində qədimliyi müasirliyi yaşadan Göyçay rayonu, Göyçay şəhəri, təbiətin gözəllikləri ilə diqqət çəkən bu bənzərsiz yurd yeri heç vaxt turizm marşurutlarına birbaşa aid olunmayıb. Doğrudur, burada qədim tarixi abidələr, ardıcıllıqla nümunə göstərilən təbiət heyranlıqları çox deyil. Ancaq belə götürəndə turizm üçün bir çox şəraitin mövcudluğunu da göstərməliyik.   

 

QƏDİMLƏRDƏN GƏLƏN SƏSLƏR   

 

1700 ildən çox yaşı təxmin edilən qədim Göyçaydan əsər-əlamət qalmayıb. İslamdan qabaqkı əsas şəhər qəbiristanlığı da 30-35 il əvvəl tamam dağıdılıb, məhv edilib.

Müasir Göyçayın təməli isə 200 il qabaq indiki şəhərin son nişanələrindən 250-300 metr aralı planlı şəkildə qoyulmaqla bu günlərə qədər inkişafda olub.   

Əvvəllərdə əsaslandıraraq yazdıqlarımdan çox uzağa getməyərək təkrar qeyd edirəm ki, Azərbaycanda islam dininin qəbul edilib yayılmasından sonra Göyçay ərazisində binə olunan Ərəb, Ərəbşahverdi, Mirzəhüseynli, Şəhadət, Qarabağlar, Üngütlü, Şıxlı... kimi "cavan" kəndlərin ən azı 1200 ildən çox yaşı var. Qaraman, Qarabaqqal, Ləkçıplaq, Çaxırlı, Alpout bir çox digər kəndlərin isə tarixi 2000 ilə yaxındır.   

Şəhərdən 6-7 km. şimal-qərbə doğru qalıqları indiyədək qalan Surxay qalası (Alban dövrü), qala ilə şəhər arasındakı quldarlıq dövrünü əks etdirən qəbirstanlıq başqa bu kimi faktlar vaxtında araşdırılmadığından, sonralarsa düzgün yanaşılmadığından qeyri-dəqiq mülahizələrin yaranmasına səbəb olmuşdur.   

Hələlik bunları buraxaq əsl tarixçilərin, vətənpərvər elm adamlarının, arxeoloqların öhdəsinə. Ancaq ilk şəhərin mövcudluğu barədə qısa məlumatı diqqətə çatdırmaq bizim işimizdir.      

 

GÖYLƏRDƏN GƏLƏN ÇAY      

 

İnsanlar ən qədim dövrlərdən üzü bu yana yaşayış məskənlərini ilk olaraq suya (çaylara, göllərə) yaxın yerlərdə salmağa çalışıblar. Burada heç Antuan de Sent-Ekzüperinin o müdrik kəlamlarına da ehtiyac yoxdur. Göyçay şəhəri bu səbəbdən məhz Göyçay adlanan bu gözəl çayın kənarında, sağ sahilində inşa olunub. Bu çay sanki qarşı dağlardan, Böyük Qafqazın cənub zirvələrindən deyil, göylərdən axıb gəlir. Belədə ürəyindən bu gözəl çayı oxşamaq, əzizləmək keçir...  

... Bu Göy çaydır. Ulu dağlarımızın mələk qızı, şirin nəğməsi Göy çay! Yoxsa göylərdən axıb gəldiyinə görə ? Yoxsa... Min illərdir beləcə axıb gedir.   

Axar Göy çay, üzər Göy çay - yol gedər. Bu yol onun ömür yolu, əbədiyyət yoludur. Axıb, axıb bir şəhərə yan alar. Bir az rahatlanar, bir az dincələr. Adından ad almış bu şəhərə "gözəlim, mələyim" deyib ulu bir nağıl danışar, şirin bir nəğmə oxuyar. Bu nağıla baş qoyub dadlı bir yuxuya gedər bu şəhər, bu nəğməyə üz tutub erkən-erkən oyanacaq bu şəhər...    

... Gecə olunca yuxusundan qərib-qərib ulduzlar keçər, Ay dolanar bu çayın sahillərinə. Dan üzü pırıl-pırıl ləpələri sahillərlə oynaşar. Sonra günəş boylanar, sonra torpaq oyanar, sonra mavilik görünər.

göylər çayı öz yolunda ... 

 

QAFQAZ ALBANİYASININ PAYTAXTINA APARAN YOL 

 

O vaxtlar, Qafqaz Albaniyasının paytaxtı Qəbələ şəhəri olanda çayın sahilindəki kiçik Göyçay şəhəri xeyli inkişaf edir, əhalisi artır. Şəhərdə çoxlu karvansaraylar tikilir, sənətkarlar məhəllələri salınır. Arandan Qəbələyə qalxan ən yaxın əlverişli yol bu şəhərin üstündən olub. Qəbələyə gedən tacirlər, digər məqsədlərlə bu şəhərə yola çıxanlar Göyçayda dayanırmışlar.  

Bir neçə gün istirahət, miniklərə qulluq, müxtəlif alış-veriş, üzü dağlara doğru son yolçuluq üçün güc, qüvvə toplamaq... Karvanlar, Qəbələdən qayıdan digər yolçular yenə bu şəhərdə dayanar, daha uzaq səfərlərə zəruri hazırlıqlarını görərmişlər.   

İndi üstü tamam örtülən qədim şəhər qəbiristanlığının məzar daşlarını "oxuyanlar" 1000-1500 ilin uzaqlığına gedib çıxırdılar. Bu şəhər orta əsrlər dövründə bütün yaşam şərtlərində Qəbələ ilə bağlı olub. Hətta şəhərin çay boyunca mərkəzi küçəsi elə o vaxtlardan Qəbələ adlanıb. Yəni Qəbələ yolu, Qəbələ meydanı... mənasında. Sonralar hətta küçələrin adları rəsmiləşən zaman da buraya Qəbələ deyilib. Ta ki Nizami Gəncəvinin yubileyi keçirilən ilə qədər. Həmin vaxt Qəbələ küçəsinin adı dəyişdirilərək Nizami adlandırılıb.  

 

MÜASİR GÖYÇAYIN ŞƏHƏR SƏLİQƏSİ  

 

İndi müəyyən tarixi ekskurslar digər yanaşmalarla Göyçay rayonunda ən azından daxili turizmlə bağlı yeni mərhələsinin başlandığını göstərmək, təsdiqləmək mümkündür. Üstəlik 2011-ci ilin Turizm ili elan edilməsinin özü bu imkanları genişləndirir reallaşdırır.   

Şəhərdəki səliqə-sahman gözəllik, infrastrukturun müasirləşməsi, eyni zamanda bir sıra qədim abidələr, tarixi məkanlar, şəhərə bitişik Əlvan dərəsi, Göyçay çayı boyunca sıralanan təbiət gözəllikləri bura gələn qonaqları özünəməxsusluğu ilə cəlb edir.   

 

(ardı gələn sayımızda)

 

 

MƏZAHİR ƏHMƏDOĞLU

 

Ədalət.- 2011.- 17 iyun.- S.3.