BİR RİYAZİYYATÇININ
ŞAİR DÜNYASI
(Hamlet İsaxanlının bədii
yaradıcılığı barədə)
Əsrlər boyu elmlə bədii yaradıcılığın bir-birilə münasibəti, birinin digərinə təsiri barədə polemikalar aparılıb, mübahisələr, müzakirələr gedib. Və bu mübahisələr indi də davam edir. Bu təsir məsələsində hansınınsa üstünlüyü bir o qədər də əhəmiyyət kəsb eləməyib.
Elmin poeziyaya, yaxud poeziyanın elmə təsiri ilə bağlı yüzlərlə misallar gətirmək olar. Füzuli deyirdi ki, elmsiz şeir əsası yox divar kimidir, əsası yox divar da qayətdə bietibar olur. Şeirdəki elmilik bizim fikrimizcə, bədii fikrin məntiqi mühakimə ilə, tezis-antitezis üsulu ilə ifadə edilməsi, həyat həqiqətinin nə qədər obrazlı şəkildə olsa da, inandırıcı-ağlabatan tərzdə ifadə olunması, elmi fikirlərə, təsbit olunmuş əqli nəticələrə istinad edilməsi deməkdir. Bu haqda mərhum füzulişünas Sabir Əliyevin dahi şairə həsr etdiyi tədqiqatda xeyli qiymətli fikirlər vardır. Təbii ki, hər hansı bir poetik əsərin əsasında fikir durur, bu fikir obrazlı şəkildə ifadə olunursa, şeirin bütün komponentlərində şair xəyalı ilə alim təfəkkürü qovuşursa, o zaman şeirdə elmilik özünü doğruldur. Vaxtilə elmi əsərlərin şeirlə yazılması ayrı şeydir, amma şeirin özündə fikrin, məntiqi mühakimənin olması vacibdir.
Poeziyanın, bədii yaradıcılığın elmə təsiri də təxminən eyni paralelə gətirib çıxarır. Niyə XX əsrin böyük dahisi Eynşteyn deyirdi ki, Dostayevskinin əsərləri mənə Qaussun riyazi əsərlərindən daha çox təsir göstərir. Niyə Avstriya alimi Bolsman deyirdi ki, mən indi nəyəmsə, Şillerə borcluyam.
Həm elm, həm də sənət üçün xəyal da, fikir də eyni dərəcədə vacibdir. Xəyal, fantaziya olmazsa, nə alim, nə də şair böyük əsərlər yarada bilməzlər. Xəyal cazibə qanununu, Nyuton binomunu, atomun parçalanmasını, Levitanın "Qızıl payızı"nı, Hamletin fəlsəfi düşüncələrini, nisbilik nəzəriyyəsini, Nizaminin ölməz "Xəmsə"sini, Füzulinin qəzəllərini bəşərə bəxş elədi. Hələ çox qədimlərdə Strabon deyirdi ki, poeziya biliyə sevgi yaradan şirin bir dərmandır. Təbii ki, burada xəyal fikirlə, hissi idrak mücərrəd təfəkkürlə qovuşur.
Bu, çox geniş
mövzudur və əlbəttə, bu yazıda məqsədimiz
elmlə sənətin bir-birinə qarşılıqlı təsiri
barədə söz açmaq deyil.
Tanınmış
riyaziyyatçı, fizika-riyaziyyat elmləri doktoru, professor, həm
Azərbaycanda, həm də xaricdə yaxşı tanınan
Hamlet İsaxanlının şeir yazmasına, avropa və
dünya şairlərinin əsərlərini tərcümə
etməsi, hətta bədii tərcümənin prinsipləri
haqqında maraqlı bir elmi əsər yazması, "Azərbaycan
sevgi poeziyası" adlı dördcildlik gözəl bir toplu
nəşr etdirməsi bizə məhz bir alimin mənəvi
dünyasının zənginliyindən xəbər vermirmi? Bəlkə
də bəzilərinə bu iş qəribə təsir
bağışlaya bilər. Çox iş adamları,
biznesmenlər tanıyıram ki, onlar yaşlarının
qırxında, əllisində başlayırlar şeir
yazmağa, çox nəfis, yüksək poliqrafik bər-bəzəklə
bədii kitablar çap etdirməyə, onların
böyük ziyalı məclisində təqdimatlarını
keçirməyə... Lakin onların çap etdirdiyi
kitabların içindəki şeirlərin poeziyaya heç
bir dəxli yoxdur. O şeirlər dünyaya gələn kimi
gözlərini yumub ölürlər. O iş adamları, o
pullular çox yaxşı bilirlər ki, hər zaman
olduğu kimi, bizdə ŞAİR ADI yüksəkdir, zirvə
məqamındadır (söhbət əsl şairlərdən
gedir!) və belə olduğu təqdirdə onlar şairlik
iddiasına düşürlər. Amma Hamlet İsaxanlının
belə bir "şöhrət pyedestalına" ehtiyacı
varmı?
Məncə
yox!
Bir təfəkkür
adamının -Hamlet İsaxanlının sözə, poeziyaya
vurğunluğunu onun mənəvi aləminin ibtidadan sənətə
dərin məhəbbətiylə, sevgisiylə izah edirəm. Ən
başlıcası budur ki, o, poetik istedada malikdir.
Çox hörmət elədiyim
"Kredo" qəzetində H.İsaxanlının "Ziyarət"
poemasının fəlsəfi mahiyyəti barədə silsilə
məqalələr gedir. Şair-publisist, gözəl qələm
sahibi Ə.Xələfli H.İsaxanlının həmin əsərindən
təfərrüatı ilə söz açır. Amma mən
H.İsaxanlının "Ziyarət" poeması və
şeirləri barədə yığcam söz açmaq istəyirəm.
Geniş təfərrüata ehtiyac duymuram.
Dindirirəm pərdə-pərdə
Ötən günün havasını,
Həzin-həzin nəğmələrdə
Tapdım ruhun sevdasını.
Duyğu hakim oldu bizə
Sevgi özü ibadətdir.
Şükür, gəldik kəndimizə
Bu nə gözəl ziyarətdir!
Güllər tanış, qoxu tanış
Göy otların çoxu tanış,
Ocaq tanış, tüstü tanış,
Kəndin altı, üstü tanış.
Bəs nədən qərib kimiyəm,
Yenə yol çəkir gözlərim?
Niyə belə kədərliyəm,
Pərişandır nəğmələrim?
Hamlet İsaxanlı bu poemada öz doğma kəndinin dünəni və bu günü ilə görüşür. Retrospektiv məqamlarla çağdaş günümüzün reallıqları birləşir. Neçə il öncə böyük şairimiz Məmməd Arazın "Atamın kitabı"nı oxumuşdum. O poema torpağı, vətəni, kəndi, eli-obanı sevən bir insanın poetik dərsləri idi. Hamlet İsaxanlının poemasında da eyni ruh hakimdir. H.İsaxanlı həm lirik, həm də epik lövhələrlə kəndin artıq yaşa dolmuş, gəncliyi illərin o tayında qalmış həmkəndliləriylə söhbətə başlayır-bu söhbətin məğzi, mahiyyəti həyat, ölüm, yaddan çıxmayan insanlar haqqındadır. Lirik qəhrəmanın özü də yaşa dolub. Amma kəndlə, təbiətlə bağlı hisslər, duyğular, müqəddəs sandığı od-ocaq, dağlar, çöllər, çəmənlər, ana nəfəsi, ata öyüdü, halal çörək, bulaq, dərə... bax, bunların qocalmaq qorxusu yoxdur. Belə bir poemada alimlik, ya filosofluq eləməyin heç bir mənası yoxdur və H.İsaxanlı da çox sadə, xəlqi bir dillə ürəyindən keçənləri nəql edir. Xatirələr dilə gəlir:
Yadındamı, xoş baxışdan
Könül həyəcan duyardı.
Bir oğlan da yaranışdan
Xəyallarla yaşayardı.
Yadındamı, arxımızdan
Boz-bulanıq su axardı.
Bir oğlan da ağ kağızdan
Hey gəmilər axıdardı.
Yadındamı, lövbər salıb
O gəmilər dayanardı.
Bir oğlan da izin alıb,
Göy sahilə yollanardı.
Yadındamı, o sahildə
Gülə bənzər bir qız vardı.
Bir oğlan da xeyli zildə
Bülbül kimi oxuyardı.
Yadındamı, gəmi getdi,
Gözü yaşlı qaldı qızın.
Bir oğlan da tamam itdi,
Gül bənizi soldu qızın.
"Ziyarət"
poeması bax, beləcə həyati, olub-keçmiş, lakin
ürəkdə əbədi iz salan hadisələrin yenidən
ehya edilməsiylə diqqəti cəlb edir. Təbii ki,
bütün bunlar nostalji hisslərdən yaranır. Bu mənada
poemada KEÇMİŞ inkar olunmur, əksinə, BU
GÜNÜN yaradıcısı, demiurqu kimi
çıxış edir. Xüsusilə, lirik qəhrəmanın
atasıyla bağlı xatirələri xoş duyğular
oyadır. Kitabın poema hissəsinə atasının bir
fotosu da əlavə edilib və o fotodan Qaçaq İsaxan mərdanə
duruşu ilə bizə boylanır. Azərbaycan kişisinin
simvolu sayılan Atı və Papağı ilə.
Kitabda H.İsaxanlının
müxtəlif mövzuda yazdığı şeirləri də
təqdim edilir. Bu şeirlərin qəhrəmanı fikir
adamıdır, bunu dərhal hiss eləmək olur. Fikir
adamlarının, məsələn, Hamlet İsaxanlı kimi
bir riyaziyyatçının-professorun daxili aləmi nə qədər
lirik-emosional təsir bağışlasa da, yenə fikir bu
lirik-emosional hisslərə yol göstərəcək. Təbii
ki, bu fikir, düşüncə oğrazlı dona
bürünsün. Yəni, şeirin mahiyyəti,
konstruksiyası da elə bunu tələb edir. Mən çox
istərdim ki, Hamlet İsaxanlı bəzi şeirlərində
sadəcə bir fikir söyləmək iddiasından uzaq olsun.
Fikrin gözəlliyinə diqqət yetirsin. Məsələn,
"Dəniz sahilində görüş", "Qoyunlar
xoru" və s. şeirlərində olduğu kimi. Belə
şeirlərin sonluğu da maraqlı alınır.
Yamanca külək əsirdi
Qəm yağırdı qanadından,
O qara yel haraya tələsirdi?
Qalxır, enir,
çırpınırdı bir qara
quş,
Dənizin rəngi tutulmuş
Ləpələri ağ idi.
Dəniz o gün
yamanca şıltaq idi.
Külək. O gün
özündən çıxmışdı külək
Nə dayanır, nə dururdu,
Ümidləri, arzuları
yellədərək
Dağa-daşa vururdu.
Külək, dəniz, sevgi...
ölən deyil ki-
Vüsal öz ömrünü
başa vururdu.
Bir neçə kəlmə
də Hamlet İsaxanlının tərtib və dizaynı ilə
çap olunan çoxcildlik "Azərbaycan sevgi
poeziyası" antologiyası barədə. Vaxtilə bu
mövzuda mərhum şair-tədqiqatçı Arif Abdullazadə
ikicildlik bir almanax nəşr etmişdi. Bu topluları
müqayisə eləmək fikrindən uzağam. Hərçənd
ki, H.İsaxanlının nəşrində klassik poeziya hələlik
öz əksini tapmayıb və birinci cild M.S.Ordubadi və
H.Cavidin sevgi şeirləri ilə başlayır. Bunu tərtibçiyə
irad tutmaq istəmirəm. Görünür, gələcək
cildlərdə klassik poeziya nümunələri də öz əksini
tapacaq. Ona da yaxşı məlumdur ki, belə bir antologiya
hansı prinsiplə nəşr edilir-edilsin, ilk növbədə,
klassik poeziya nümunələri birinci cildə yerləşməliydi.
Hamlet müəllimə yaxşı məlumdur ki, bizim
müasir şairlərimiz sevgi şeirlərində hələ
Füzuliyə çata bilməyiblər..
Və mən bir
tanınmış riyaziyyatçının şair
dünyası ilə bağlı bu kiçik yazımı
onun bir sevgi şeirindəki misralarla bitirmək istəyirəm:
Dünya-Tanrının töhfəsi,
Sevgi-gəncliyin nəfəsi,
Nə dünya heç,
nə sevgi puç!
Qəm evində yatma könül,
Xəyala dal, qanadlan, uç,
Xəyal-eşqin fəlsəfəsi!
Vaqif YUSİFLİ
Ədalət.- 2011.- 25 iyun.- S.10.