PAŞA QƏLBİNURUN İLK
ROMANI
Azərbaycanda
Paşa Qəlbinur adı çox məşhurdur. O,
ixtisasına görə həkim-cərrahdır, bu sahənin
tanınmış mütəxəssislərindəndir.
Dünya oftolmologiyasında Paşanın yeri məlum...
Göz xəstəlikləri ilə bağlı çoxlu elmi
kəşfləri və uğurları haqqında sizə istənilən
bilgini verə bilərəm. Ancaq buna ehtiyac duymuram.
Azərbaycanın böyük İŞIQ ADAMI kimi tanıdığı Paşa Qəlbinur həm də müasir Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biridir. Paşa bir göz cərrahı kimi tanınırdı və onun poeziya səyahəti başlayanda çoxları təəccüblənmişdi də. Amma onun qəlbində poeziyaya məhəbbət, söz işığı lap erkən başlanıb. Özü də dəfələrlə etiraf edib ki, mən əvvəl şair kimi, sonra həkim kimi doğulmuşam.
Paşa minillik Azərbaycan poeziyasının üzü gələcəyə doğru yol alan karvanının əbədi yolçularından biridir və bunu söyləməklə mən heç bir mübaliğəyə yol vermirəm. Onun poeziyası üç əsas Sözün -İşığın, Məhəbbətin və Gözəlliyin üzərində qərar tutub. Paşanın poeziyası haqqında söz açmağa da ehtiyac duymuram. Çünki müasir Azərbaycan poeziyasının ən gözəl örnəklərini soraqlayan bir qeyri-azərbaycanlı bizim ən ünlü şairlərimizlə bir sırada Paşa Qəlbinurun da işıqla, məhəbbətlə, gözəlliklə dolu şeirlərini sevə-sevə oxuyur.
Üç il bundan öncə, işlədiyim "Azərbaycan" jurnalı redaksiyasından oxumaq və çapa hazırlamaq üçün mənə bir əlyazması təqdim etdilər. Baxdım: PAŞA QƏLBİNUR. Qara su (roman) Başqası olsaydı, bəlkə də təəccüblənər, hətta heyrətlənərdi. Amma otuz beş illik redaktorluq təcrübəm məni təəccüblənməyə qoymadı. Birincisi, ona görə ki, yazıçıları hansı janrda əsər yazmalarına görə deyil, istedadlarına görə tanıyır və sevirlər. Cəfər Cabbarlı böyük dramaturq idi, amma o, bir sıra gözəl hekayələrin və şeirlərin də müəllifidir. Mehdi Hüseyn istedadlı nasir və dramaturq idi, amma mən onu bir tənqidçi kimi daha çox sevirəm. Dünya ədəbiyyatından da onlarla belə misallar gətirə bilərəm. İkincisi, ona görə ki, Paşa Qəlbinurun gözəl şeirlərindən sonra onun nəsr əsəri yazacağına şəxsən mənim ürəyimdə heç bir şübhə yarana bilməzdi. Bu adam istedadlıdır, istedadlı yazar üçün hansı janrda qələm çalmağının heç bir əhəmiyyəti yoxdur. Təki, Sergey Yesenin demişkən: "dünyaya təzə bir nəğmə ver ancaq".
Budur,
üç il keçib, "Qara su" romanını yenidən
oxuyuram. Əsər bu müddət ərzində rus dilində
də çap olunub ("Gənc yazarlar və sənətçilər"
qurumu bu romanı ilin ən yaxşı əsəri kimi dəyərləndiriblər).
Haqqında müsbət fikirlərlə, qiymətli, dəyərli
mülahizələrlə dolu olan məqalələr, rəylər
də qarşımdadır. İstəyirəm bu yazıya da
həmkarlarıma hörmət əlaməti olaraq onların bəzi
fikirlərinə istinad edim. Necə deyərlər,
Paşanın romanına körpü salmaq
üçün...
Akademik Ağamusa Axundov: "Müəllif epiqraflarda üç müqəddəs kitabdan nümunələr verir. Hər üçü insanlara xəbərdarlıqdır: Allah zalımları daha yaxşı tanıyır. Allahın məhkəməsindən qaçmaq mümkün deyil, yerin üstündə etdiyin pisliklərin cavabını sən yerin altında olanda verəcəksən. Amma oxucu romanda bu İlahi həqiqətlərin həllini yaşadığı dünyanın özündə tapır. Əsərin idraki mənası, idraki önəmi də budur.
Romanın dilində də yeniliklər çoxdur. Əsərdə ədəbi dilimizin, demək olar ki, bütün üslubları, bədii üslub da, elmi üslub da, publisistik, işgüzarlıq-dəftərxana üslubları da öz inikasını tapıb. Danışıq dilinə, onun bütün təzahür formalarına (fonetik, leksik, qrammatik) geniş yer verilib; dilimizin dialekt və şivələri də özlərinə yer tapıb".
Professor Nizaməddin Şəmsizadə: "Sənin "Qara su"yun hadisə, əhvalat romanı deyil, psixoloji-ovqat romanıdır".
Professor Məhərrəm Qasımlı: "Romanın süjeti elə qurulub ki, hər iki obraz yer üzündə olanların hesabatını göy üzündə-təyyarədə verir. Mənə elə gəlir ki, Paşa Qəlbinurun hesabat məkanı və məqamı olaraq göy üzünü seçməsi heç də təsadüfi deyil. Günah və şərlərin törədildiyi yer üzündəki haqq-hesabların göy üzündə-ilahi məqamın hüzuruna yaxın bir məkanda sorğu-suala çəkilməsi özü də rəmzi-məcazi anlam daşıyır".
Professor, tibb elmləri doktoru
Miron Fel: "Qüdrətli bir fırçanın
canlandırdığı tipaclar ən xırda detallarıyla
göz önünə gəlir. Bütün bu insan koleydoskopu
o qədər maraqlıdır ki, hətta düşünmək
belə istəmirsən ki, təkrari əməliyyat necə nəticələnəcək.."
Şair Adil Mirseyid: "Roman
iyirmi səkkiz fəsildən ibarətdir. Hər fəsil bir
hekayət, bir portret, bir pritçadır".
Yeri gəlmişkən qeyd
edim ki, roman haqqında tanınmış
dilçi-türkoloq, professor Tofiq Hacıyev, tənqidçi
Bəsti Əlibəyli, şair-publisist Sərvaz
Hüseynoğlu da dəyərli məqalələr
yazmışlar.
"Qara su" romanı
haqqında yazılan məqalələrdən yalnız mənim
üçün maraqlı görünən bəzi səciyyəvi
cümlələri misal gətirdim. İstəyirəm bu
sıranı bir qədər genişləndirim.
"Qara su" romanı
müasir əsərdir. Təkcə ona görə yox ki, bu
günümüzdə, çağımızda baş verən
hadisələrdən bəhs edir. Bu, əsas deyil.
Çünki müasirliyin məna və mahiyyəti heç
də günün hadisə və olaylarının təsvir
olunması kimi məhdud bucağa sığmaz. Müasirlik
müasir həyat həqiqətlərinin sənət dililə,
bədii gözəlliklə canlandırılması deməkdir.
Paşa Qəlbinurun romanı məhz bu xüsusiyyətilə
seçilir.
Əsərdə təsvir
olunan hadisələrin məkanı da məlum, zamanı da.
Burada təsvir olunan bütün əsas və epizodik obrazlar
da bizə yaxşı tanışdır. Sanki illər boyu
gördüyümüz, müşahidə etdiyimiz, bizi həyəcanlandıran,
duyğu və düşüncələrimizə hakim kəsilən
hadisələrlə, olaylarla qarşılaşırıq,
tanıdığımız insanlarla rastlaşırıq. Nəsr
ədəbiyyatın elə bir janrıdır ki, o, insan aləminə
güzgü tutur, həyatın, gerçəkliyin bizə məlum
və məlum olmayan tərəfləri, cəmiyyətin
gözə görünən və görünməyən təzadları
bu güzgüdə bütün çılpaqlığı
ilə əks olunur. "Qara su" romanı da bu mənada bir
həyat romanıdır və bu əsər son illər Azərbaycan
nəsrinin uğurlu nümunələrindən biridir.
Hər hansı bir roman ilk
növbədə, öz qəhrəmanları ilə
tanınır. İstər mənfi olsun, istər müsbət,
istərsə də boyaların qatışığında
(həm mənfi, həm müsbət) təsvir edilsin. Söhbət
ondan gedə bilər ki, yazıçı öz qəhrəmanını
necə təqdim edir, onun daxili dünyasının dərinliklərinə
enə bilirmi, yəni onun təqdimində obraz hansı
yeniliyilə seçilir?
"Qara su" romanında
iki əsas obrazla qarşılaşırıq. Bəy
Qasım və Aydın...
Kimdir Bəy Qasım? Bu, bir
tipacdır ki, ümumi səciyyəsinə görə
dünya ədəbiyyatının ən Şər
obrazları ilə səsləşir, daha doğrusu,
onların müasir davamçısıdır. Lakin obrazı
konkret müstəvidə, milli konteksdə götürsək,
Bəy Qasım sırf Azərbaycan hadisəsidir. Azərbaycan
tarixinin son dönəmində - yetmiş illik imperiyanın
çökməyə başladığı, sonra isə
müstəqillik bayrağının
dalğalandığı bir dövrdə belə adamların
sürətlə üzə çıxdığı məlumdur.
Amma hansı sistemdə, hansı quruluşda, hansı
mühitdə yaşamasından asılı olmayaraq onların
varlığı mütləq həqiqətdir.
"Ömründə heç zaman duymadığı,
Bəy Qasım sadəcə
mənfi adam deyil, mənfiliyin mücəssiməsidir. Romanda
onun rəzil əməlləri, çirkin niyyətləri
bircə-bircə xatırlanır. Bu adam ölüm
ayağındadır və bütün ömrünü
allahsız yaşaya-yaşaya Allahdan sağalması
üçün nicat diləyir. Yaşamaq istəyir. Əgər
onun bir mənəvi prinsipi olsaydı, ölümdən bu qədər
qorxmazdı. Ancaq o, ölümü də pulla susdurmaq istəyir.
Bəy Qasım haqqında bu
qədər.
Aydın isə Bəy
Qasımdan fərqli olaraq mürəkkəb obrazdır. Onun
daxilində iki "mən" çırpınır.
Ömrü boyu işığa can atan bu adam daxilən təmiz
və saf olsa da, içindəki passivlik onu mübariz
olmağa qoymur, həyat onu növbənöv sınaqlara
çəkir və Aydın da çox zaman bu sınaqlara tab
gətirmir. O, daha çox düşüncə
adamıdır, həyatı, cəmiyyəti bu prizmadan qiymətləndirir.
Təbii ki, P.Qəlbinur sırf müsbət bir obraz yaratmaq
niyyətində olmamışdır və vaxtilə bu tipli
obrazların necə uğursuzluğa ürcah olduğunu
yaxşı bilir. Aydın "boyaların
qatışığında" təqdim olunan bir
obrazdır. Aydın oğlunu həbsdən qurtarmaq
üçün bir böyrəyini və qara ciyərinin bir
hissəsini Bəy Qasıma verəcək. Bunun
üçün onlar təyyarə ilə Çikaqo şəhərinə
uçurlar. Bu uçuş zamanı Bəy Qasım da,
Aydın da dönüb arxaya- ömürlərinin xatirələr
dünyasına səyahət edirlər. Hər ikisi
ölüm haqqında fikirləşir. Çünki o,
labüd ola bilər.
Retrospeksiya üsulu ədəbiyyatda
dönə-dönə işlənib və bunun ən əhəmiyyətli
cəhəti ondadır ki, obrazların daxili təkamülünü,
bir insan kimi inkişaf prosesini izləmək mümkün olur.
Bu baxımdan Bəy Qasımın da, Aydının da xarakteri
keçmişdən üzü bəri gələ-gələ
aydınlaşmağa başlayır. Bəy Qasımın
uşaqlıqda Səmə Səlimlə "məzələnməsi"ndən
tutmuş ən alçaq hərəkətlərinə qədər
hər bir hadisə onun kimliyini tam şəkildə meydana
çıxarır. Aydının xatirələrində isə
işıqlı anlar yaşayır. Bu xatirələr "təmiz
oksigenli dağ havası, Günəşin cazibəsi qədər
məhrəm enerji, ruhi mehribanlıq və sonsuz sevgilər"lə
doludur. Hər ikisinin xatirələrində yuxu bədii vəsilə
olur. Əslində, yuxularla gerçəklik arasında sədd
və maneə yoxdur, yuxudakı hadisələr də
gerçəkliyi əks etdirir və bu mənada
Paşanın romanında reallıqla irreallıq vəhdət
təşkil edir. O, Aydının yuxusunda Şəmkirin
Georqsfeld kəndini təsvir edir. "Kəndin yolları geniş,
evləri nizamlı, küçələrin hər iki tərəfindən
dumduru su axardı, hər on addımdan bir qovaq və ya
şabalıd ağacları varıydı. Şabalıdlar,
armudlar çiçəkləyəndə bir aləm
olardı... Almanlar yüz neçə il öncə kəndə
dağlardan yerin dərin daşlı süxurlarıyla
üç belə kəhriz çəkmişdilər. Deyilənlərə
görə, böyük zəhmət bahasına başa gələn
və ümumi uzunluğu iyirmi yeddi kilometr olan bu üç kəhrizin
hər metrinə bir Nikolay qızıl onluğu xərcləmişdilər".
Bu yuxu həm də reallıqdır. Və bu
reallığın sonu belə bir xatırlama ilə bitir ki,
qocaların dediyinə görə, həmin kənddən bir
alçaq çıxmışdı. Bu adam öz doğmaca
qızının namusuna toxunmuşdu. Onu iki yol
ayrıcında-qəbiristanlığın dikində
basdırmışdılar. Vəsiyyətinə görə hər
yoldan ötən mütləq bu qəbirə tüpürməliydi.
P.Qəlbinurun əsərinə
hər mənada "miniatür roman" demək olmaz. Olsun
ki, əsərin həcmi bizim klassik roman
anlayışımızda "miniatür" təsəvvürü
oyatsın, amma Paşanın romanında informasiya
çoxşaxəlidir, bir roman içərisində neçə
insan taleyi gözlərinin qarşısından keçir,
obrazların həyatı, xüsusilə keçmişiylə
bağlı hadisələrin də sayı-hesabı yox..
Amma roman bitmir. Bəy
Qasımın da, Aydının da gələcək taleyi
qaranlıq qalır.
Olsun ki, müəllif bu
romanın ikinci hissəsini də yazacaq. Gözləyək!
Vaqif YUSİFLİ
Ədalət.- 2011.- 18 iyun.- S.19.