"SƏHRA GÜLLƏRİ"
Şair Məmməd Dəmirçioğluna və onun
60 yaşına
Hələ uşaqlıq illərimdən həsəd apardığım bir neçə sənət sahibi olub. Bu sənətlər bəziləri üçün bəlkə də mənasız, gülünc görünüb. Amma mən özümdən asılı olmadan kəndimizin poçtalyonuna elə heyranlıqla baxırdım ki, sanki dünyanın ən gözəl insanına baxırdım. Müharibə veteranı, həm də əlil olan bu kişi isə qəzet-jurnal dolu çantasını güclə çiynində daşıya-daşıya həyətlərin arası ilə keçir və doqqazlara çatanda ev sahibini ucadan çağırırdı, bu səsi də hamı tanıyırdı. Bəzən də kiminsə, səsin dalınca gələcəyini gözləməyən qoca poçtalyon qəzet-jurnalı qapının küncündən bir yerə keçirib, çıxıb gedirdi. Amma məktub, teleqramm gətirəndə isə dayanıb ev sahibini gözləyirdi. Xüsusən əsgər məktublarını valideynlərə çatdıranda onun da necə sevindiyini müşahidə etmək mümkün idi. Hə, bir də yaşlı insanların pensiyalarını gətirirdi poçtalyon. İndiki kimi yadımdadı, nənəm də yazıb-oxumaq bilmədiyindən pensiya kartına ya barmaq basırdı, ya da bizlərdən birini çağırırdı ki, a bala, o kağıza bir cızma-qara eləyin. Sonra da pensiyasından bir manat götürüb verirdi poçtalyona və deyirdi, özünə papiros alarsan.
Mən bu poçtalyona qəzet-jurnalları hamıdan əvvəl oxuduğuna görə heyran olmuşdum. Çünki bu kişi kənd poçtuna gələn qəzetləri əvvəlcə çeşidləyirdi, sonra da onların hamısını gözdən keçirib məlumatları yığırdı çilədanına, yəni yaddaşına. Qarşısına çıxana da deyirdi ki, bəs "Azərbaycan" jurnalında filankəsin romanı çıxıb, "Ulduz"da da filankəsin yaxşı şeirləri var oxuyarsan...
Bax, mən də elə istəyirdim ki, hamıdan tez qəzet-jurnalları oxuyum və hamıdan da əvvəl o məlumatları yalnız mən bilim. Deyəsən yazı-pozuya meylimin bir səbəbi də həmin o poçtalyon olmuşdu. Sonra həyat mənim də səmtimi müəyyənləşdirdi. Mən poçtalyon olmasam da, günümüzün yazı-pozusundan, qələm adamlarından xəbər tutdum, bir çoxlarını üzbəüz tanıdım, bir çoxlarını dost, həmkar, ustad saydım.
Və...
Azərbaycan adlanan məmləkətdə eyni adı daşıyan maraqlı imza sahibləri var. Məsələn, adı Məmməd olan və özü də Məmməd kimi tarixə düşən şairlərimizi göz önünə gətirəndə təbii ki, öncə Məmməd Araz xatırlanır, sonra Məmməd İsmayıl... Məmməd Aslan...Sonra sıralanır bu Məmmədlər və bu sırada Məmməd Dəmirçioğlunun yeri və sözü görünür. O yerin, o sözün ki, onun haqqına bir kimsə iddia edə bilməz.
Bir dəfə Məmməd İlqarla oturub Məmmədlərdən danışırdıq. Şair qardaşım Məmmədlərin çoxunun fikir dünyasının oxşar və fərqli cəhətlərini özünəməxsus şəkildə çözdü. Və mənim yadımda qalan bir məqam oldu. Sən demə, Məmməd Dəmirçioğlu sözlə heykəl qoyduğu kimi, heykəllə də söz yarada bilirmiş. Bunun sübutunu axtarmağa ehtiyac yoxdur. Eləcə Məmməd Dəmirçioğlunun poeziyasını göz önünə gətirmək məncə, kifayətdir. Çünki bu sözlərin, bu fikirlərin hər biri ayrı-ayrılıqda gözəl bir heykəltaraş, bir memar yaradıcılığının bariz nümunəsidir. Özü də elə bir nümunəsi ki, oxuduqca söz həm ürəyində əriyib ruhuna qarışır, həm də gözünün önündə daş heykəllərə çevrilir...danışan heykəllərə!..
Son varağa,
daş kitaba düzüldüm
Sözdən-sözə,
dildən-dilə yol gəldim
Zülüm-zülüm
qayalardan süzüldüm
Qətrə-qətrə,
gilə-gilə yol gəldim.
Sevə-sevə
eşq yolunda hallandım
Nəğmə-nəğmə
dodaqlarda ballandım
Şırıl-şırıl haqqa sarı
yollandım
Seldən-selə,
eldən-elə yol gəldim.
Mən o yolun işığını neçə illər bundan öncə gözlərimə köçürmüşəm. Ağappaq bir işıq - süd rəngində... Və görmüşəm ki, o işıq adamın gözlərindən ürəyinə, ürəyindən isə bütün varlığına hopur. Hopduqca da adam özü də aydınlaşır, işığa qərq olur, canından ağrı-acı azalır, dilindən acı söz qaçaq düşür, dünya gözündə ilğım yox, həqiqi bir cənnət olur. Və :
Bu dünya bir ilğım imiş
O başı bu başı divar
Hara vardım mənim deyil
Nəyə baxdım sahibi var.
Hə, qardaş, bu dünyada hər şeyin sahibi var. Təbii ki, biz bəndələrin yaradanı elə onun ən böyük və əbədi sahibidi. Həmin SAHİB isə bizlərə bağışladığı bu dünyada nələrə isə sahib çıxmaq haqqı verib. Biz yazı-pozu adamları sözə, qələmə, bir də özümüzün uydurub özümüzü aldadan ilğımlara, xəyallara sahib çıxmışıq. Ona görə də bu sahiblik içimizdə bir ümidə çevrilib - bizi yaşadan ümidə.
Başı havalı sözmüşəm
Odur ki, belə dözmüşəm
Elə bilməyin ölmüşəm
Ümid verin bir az mənə.
Bax, özün öz dilinlə
etiraf edirsən, bəlkə də car çəkib deyirsən
kar qulaqlara, duyğusuz ünvanlara səslənirsən. Bildirirsən
ki, sizdən heç nə istəmirəm bir damcı
ümiddən savayı. Təki o ümidi verin mənə.
Verin ki, o ümid məni yaşatsın.
Sevgidən kam alış - tamah
Allaha yalvarış - tamah
Hər günahda
varmış tamah -
Günahdı məni yaşadan.
Doğrudan da sözün
gücü var, sözün təsir imkanı var və bir də
sözün maqnit cazibəsi var. Necə ki, sənin
şeirində mən bunları görürəm, duyuram,
yaşayıram. Və öz-özümə deyirəm ki, sən
sözü ürəyinin odunda körükləyib, elə
ürəyində də zindan üstə qoyulmuş nizə
kimi döyəcləyib istədiyin hala salırsan və sonra
da Dəmirçioğlu məharəti ilə həmin oxu, həmin
nizəni tuşlayırsan oxucu ürəklərinə və
deyirsən ki:
Yollar üstündə bitmişəm
Solmaqdı, bitməkdi peşəm
Olub yuxuya getmişəm
İnşallah, ölüb -
ayıllam.
Qardaş, doğrudan-doğruya şeirin aurasında, şeirin ahəngində, həzinliyində ölüb-dirilmək mümkündü. Özü də şeirə canla, qanla, bir sözlə, təpədən dırnağa vurğun olanda, bağlı olanda bu daha asan olur. Səndə isə bu asan iş həm də sözün bütün mənalarında elə bil ki, Tanrı diktəsidi, Tanrı vergisidi. Sən özün də özündən xəbərsiz göylərə qaldırdığın sözün içində yatıb-oyanırsan, ölüb-dirilirsən. Gözünü açanda da görürsən ki:
Gəldim gördüm bu dünyanı
Rəngi qaradan ağacan
Torpaqdan, sudandı canı
Boyu dərədən
dağacan.
Hər kəs bu dünyanı öz arşını ilə ölçür, öz baxış bucağında görür, öz qiymətini verir, öz alacağını umur. Amma sən deyirsən ki, bütün rənglərinə və vücuduna bələd olduğum bu dünyada bir son da var. O sonu da yalnız Tanrı müəyyənləşdirir, Allah bilir. Çünki:
Pozulmaz Allah bölümü
Birdi sevinci, zülümü
Ölümdən qabaq ölümü
Bilmək dünyanın sonudu.
Və yaxud da:
Bu ocaqlar bir də yanar
Közümüzü tapa bilsək
Mələklər biz özümüzük
Özümüzü tapa bilsək.
Məmməd Dəmirçioğlu, şeirlərini oxuduqca sözdən-sözə, misradan-misraya, səhifədən-səhifəyə elə bil ki, "Gözəlləmələr" üstündə, "Yanıq Kərəmi" havasında yol gəlirəm. Gözümün qabağına Ədalətin "Tütək səsi" filmində havalandırdığı "Ruhani" canlanır və özümdən-sözümdən çıxıb gedirəm. Və gedə-gedə də məndən öndə gedənləri də görürəm. Onlardan biri də sənsən. Səni oynadan, səni özündən alan o ilham, o hava, o duyğu, o ilahi pıçıltı məni də səsləyir. Və həmin an sənin şeirlərindən bir bənd də durur mənimlə üz-üzə:
Bir gözəl məni ovladı
Gözü oynada-oynada
Oldum Füzuli övladı
Sözü oynada-oynada.
Bəli, söz dünyası sərhədsiz, söz özü isə bütün mənalarda hüdudsuz bir varlıq, bir duyğu, bir pıçıltı, bir reallıqdı. Çünki dünyanın harasında olmasından asılı olmayaraq, səni tərpədə bilən sözü yaza bilirsənsə, eşidə bilirsənsə, bundan gözəl heç nə yoxdu, bundan güclü heç nə yoxdu. Bundan böyük, bundan əbədiyaşar elə bunun özüdü. Bax, insanı yaşadan da o sözün sirri-xuda olması, Tanrı dərgahında yer tutması, mələk çöhrəli, pəhlivan güclü və bir də şəlalə, lilpar kimi səsli-küylü lal - bal olmasıdı. Axı:
Hər zərrəsi müəmmadı
Allahı sirri saxlayır
Bir gündə min savab eylə
Qəzadan biri saxlayır.
Dəmirçioğlu, mən sənin "Səhra gülləri"ni təkrar-təkrar oxudum. Bu kitabda müxtəlif dərgilərdə, mətbuat səhifələrində qarşılaşdığım şeirlərinlə bir də baş-başa qaldım. Dünyadan nakam getmiş şair qardaşımız Akif Səmədi də xatırladım. Sizin ona, onun sizə olan böyük dostluq bağlantılarınızı ürəyimdən keçirdim və gördüm ki, əslində sizin mənə yazdığınız "İpək könüllü, uca ruhlu şair qardaşım" müraciəti sizin lap boyunuza biçilib. Çünki siz sözün içində olan adamsınız... Çünki siz sözün memarısınız... Çünki siz sözün dəmirçisisiniz...Çünki siz sözün əkib-becərənisiniz... Və bir də siz sözü sazınızla bərabər sinə üstünə qaldıran gözəl şair qardaşımızsınız!..
Məmməd Dəmirçioğlu, 60 yaş şair üçün bəlkə də 600 ildi, bəlkə də 6000 il. 60 yaş bir memar üçün bəlkə də 60 ay, 60 il, 600 il və yaxud da 6000 ildi. Deyə bilmərəm, çünki ömrü Tanrı verir. Sözə isə ömrü şair, yəni sözü yaradan bağışlayır. Ona görə sənin 60 yaşının qapını döydüyü bu gündə mənə elə gəldi ki, sənlə 600 il əvvəl hardasa görüşmüşük. Ola bilsin ki, bu görüşümüz dünən olub, yaxud da biz sabah görüşəcəyik. Amma onu bilirəm ki, mən səhra gülləri yox, Qarabağ güllərini sənin 60 yaşına bir çələng kimi toplayıb, gətirmək istəyirdim. Amma düşmən imkan vermədi, o güllər əsirlikdədi. Amma söz verirəm ki, sənin ən azı növbəti doğum gününə mütləq Qarabağdan bir qom Xarı bülbül gətirəcəm və deyəcəm ki:
- Şair Dəmirçioğlu, Xarı bülbüllə şeirləşə bilərsənmi?!.
Əbülfət MƏDƏTOĞLU
Ədalət.- 2011.- 18 iyun.- S.8.