SUYA ÇEVRİLƏN ADAM

 

Lİ HAQQINDA GERÇƏK NAĞIL...

 

(Əvvəli qəzetin 14 iyun sayında)

 

Onun qeyri-adi bacarığı, yeni döyüş fəlsəfəsi, özünə qarşı bitməyən tələbləri Brüsü tanış olmayan aləmə çəkib aparırdı. Bu elə bir aləm idi ki, Li özü də orada təzə idi. Gənc kunq-fu-çu ənənəvi döyüş çərçivələrinə sığmırdı. Məhz həmin daxili tələbat idi ki, Brüs Liyə tamam yeni döyüş üslubunu "diqtə edirdi". Əslində o, kunq-funun klassik formasını da dəyişmək istəyirdi. Çünki onu məqbul saymırdı. Brüs döyüşün klassik üslublarını ehkam kimi qəbul edən böyük ustaların döyüş fəlsəfəsini də qəbul etmirdi. Brüs Liyə görə, bunlar yenilənməliydi. Nəhayət o, öz metodlarına əsasən yeni döyüş növü - Cid Kun Do-nu - "yumruğu qabaqlayan yol"u - yaratdı. Burada rinqə çıxan rəqiblərə döyüş texnikasını nümayiş etdirmək üçün bütün qaydalara yol açıq idi. Brüs Liyə görə fərdlər yeni fəndlərdən istifadə üçün kimlərinsə "təsdiqini" gözləməyə məcbur deyildilər. Burada əsas olan şəxsiyyətin özünü ifadəsi idi.   

 

"QARA KƏMƏRSİZ" 

 

Ehkamlara qarşı olan Brüs Linin özünəməxsusluğu heç də söylənənlərlə bitmirdi. Əslində onlar haqqında çox danışmaq olar, amma mən yalnız daha birisi haqda məlumat verməklə kifayətlənirəm. Brüs Şərq döyüş sistemində oturuşmuş, ən böyük hörmətə sahib olmuş və hər kəs tərəfindən birmənalı şəkildə qəbul edilmiş döyüş sənətinin məşhur rəmzinə - "qara kəmər" sisteminə də əks prizmadan baxırdı. Bir dəfə məsələ ilə bağlı ona ünvanlanan suala Brüs Li belə cavab vermişdi: "Kəmərin döyüşə nə aidiyyəti var? Mənim ümumiyyətlə, kəmərim yoxdur. Məncə kəmər yalnız sübut üçündür. Praktik bacarıq olmayan yerdə o heç nə deyil. Hesab edirəm ki, kəmər yalnız və yalnız şalvarın beldə yaxşı saxlamasına yarayır". Əlbəttə, bu cür yanaşmaya görə ona çoxları haqq qazandırsa da bəziləri bunları qəbul etmirdi. Amma hər şeyə rəğmən Linin yaratdığı Cid Kun Do var oldu, öyrənildi. Brüs Amerikada açdığı məktəbdə öyrəncilərinə daha geniş təlimlər keçir, müxtəlif üsulları tədris edirdi. Onun yaratdığı məktəbin şöhrəti çox uzaqlara yayılmışdı. Hətta belə demək mümkünsə, bir sıra ünlü amerikan aktyorları dərs almaq üçün onun yanına gəlirdilər. Çak Norris, Arnold Şvartsneqqer, C.Harner, Roman Polanski, Kərim Abdul Cabbar... və başqaları. O, Brüs Li olaraq qəribə həyat tərzi və qeyri-adi bacarığı ilə onsuz da diqqət mərkəzində idi...  

Bu ərəfədə Brüs Linin Vonq Ceklə mübahisəli qarşılaşması təyin edildi. Biri-birlərinə iddiaları olan tərəflər belə razılığa gəldilər ki, döyüşü uduzan döyüşçü məşğul olduğu məktəbi bağlayacaqdır. Lakin qarşılaşmanın vaxtı uzandıqca uzanırdı. Vonq qarşılaşmada bəzi döyüş metodlarının məhdudlaşdırılmasını istəyirdi. Və nəhayət çoxdan gözlənilən döyüşə start verildi. Və iki saniyə keçməmiş Brüs rəqibinə funta başladı. Və döyüş cəmi üç dəqiqə çəkdi. Brüs belə qısa müddətə qələbə çalsa da qarşılaşmadan çox narazı qaldı. O belə hesab edirdi ki, döyüşün üç dəqiqə sürməsi onun üçün heç də yaxşı göstərici deyil. Buna görə də Brüs özü qarşısında yeni tələblər qoydu. Onu yaxından tanıyanlar deyirlər ki, ümumiyyətlə, Li gününün böyük bir hissəsini məşqə, fiziki hazırlığa həsr edir, bədənini inanılmaz fəndlərin yerinə yetirilməsi üçün hazırlayırdı. Tək bir faktı demək kifayətdir ki, Brüsün zərbələrinin nəyə qadir olduğunu təsəvvür edəsən: onun ayağı ilə vurduğu zərbədən 136 kiloqramlıq kisə tavana çırpılardı. Hətta söyləyirlər ki, bütün səyahətlərində belə məşq üçün lazım olan ən vacib vasitələri özü ilə apararmış.   

 

DÖYÜŞÇÜ VƏ AKTYOR...  

 

Get-gedə məşhurlaşan Brüs Linin önündə yeni imkanlar açılmağa başlamışdı. Rinqdə göstərdiyi ustalıq, arenalardakı qeyri-adi döyüş tryukları haqqında əfsanələr söylənir, onun məğlubedilməzliyindən danışırdılar. Əlbəttə, bu cür rəylər Yeni Dünyanın kino aləmindəki daha böyük bossların gözündən yayına bilməzdi. Özü də həmin vaxtlaradək Brüsün artıq aktyorluq təcrübəsini, onun aktyor ailəsindən çıxdığını hər kəs bilirdi. Yəni tamaşaçı kütləsini qazanmaq üçün bundan yaxşı fürsət düşünmək abdallıq olardı. Və təkliflər gəldi, Brüs biri-birinin ardınca bir neçə filmə çəkildi. 1966-cı ildən 1971-ci ilədək Li bir sıra seriallarda, filmlərdə çəkildi. Lakin amerikalı rejissorlar bir çinlinin baş rola çəkilməsinə və filmin uğur qazanacağına inanmadıqları üçün bu risqə getmirdilər. Bu da Brüsü çox pərişan edirdi. Bəlkə də elə bu səbəbdən də o, Birləşmiş Ştatları tərk edib vətəni Çinə qayıtdı.   

Və belə demək mümkünsə, onun bu qayıdışı bəlkə də taleyin sürprizi idi. Çünki həmin ərəfədə orada yeni bir kinostudiya - "Golden Harvest"açılmışdı. Aktyorluqda özünün təsdiqini tapmaq, orada da bacarığını nümayiş etdirmək istəkləri Brüs Lini studiyanın direktoru Raymond Çounun yanına gətirdi. Qəribədir, onların söhbətləri ilk dəqiqələrdə alınmadı. Raymond da amerikalı rejissorlar kimi Brüsün ifa edəcəyi baş rolun müvəffəqiyyət qazanacağına inamı az idi. Lakin Brüs onu razı sala bildi və "Böyük boss" filmi ərsəyə gəldi. Brüsün filmdə göstərdiyi real tryuklar, fəndlər, döyüş maneraları, həm də aktyorluq bacarığı inanılmaz rəğbətlə qarşılandı. Əlbəttə, belə bir uğuru heç kim ağlına belə gətirmirdi. Belə bir qələbəni asanlıqla əldən vermək istəməyən studiya ona yeni müqavilə təklif etdi. Çünki artıq heç bir risqdən söhbət belə gedə bilməzdi. Brüs Li razılaşdı: 1972-ci ildə artıq "Qəzbin yumruğu" tamaşaçıların alqış sədaları altında idi. Bu filmlərdən sonra Brüs Linin həm aktyor, həm də təkbətək Şərq döyüşünun cəngavəri kmi şöhrəti bütün dünyaya yayıldı.   

İndi hər kəs Linin iştirakı ilə yeni filmlər görmək arzusundaydı. Çünki hər şey ekranda çox təbii görünürdü. Bütün bunlarla yanaşı, həm də onun rinqdə ara-sıra keçirdiyi qarşılaşmalar Brüs haqında qısa zaman ərzində əfsanələr belə yaratdı. Pərəstişkarları onun haqqında nələr danışmırdılar ki? Əslində Brüs özü də bu əfsanələrə, bu nağıllara layiq idi. "Golden Harvest" isə bu uğuru və bu müvəffəqiyyəti davam etdirmək məqsədi ilə üçüncü kinonun çəkilişlərinə başladı. Görünür həyat özünün uğur qapılarını hələ ki, taybatay onun üzünə açmışdı. "Əjdahanın qayıtması" filmi görünməmiş maraqla qarşılandı. Hər kəs "Kiçik Əjdaha" daha parlaq, daha ön planda görürdü. Belə demək mümkünsə bu üç filmdən sonra Brüs Li həqiqətən kinoulduza çevrildi. İndi hər bir rejissor onu filmində çəkmək üçün vasitələr arayırdı. Nəhayət, Konqondakı kinostudiya ilə birgə amerikalılar "Ölüm oyunları" filminin hazırlıqlarına başladılar... Amma həmin filmdə oynamaq Brüsə nəsib olmadı.   

 

Cid Kun Do 

 

Brüs Li haqqında danışarkən onun yalnız bir kinoulduz, yaxud əfsanəvi Şərq döyüş ustası, Cid Kun Do-nun yaradıcısı, əvəzsiz məşqçi olduğunu vurğulamaq heç də yetərli deyil. Brüs Li həm də hər yerdə, hətta Çində belə qeyri-reqal formada mövcudluğunu sürdürən uşu, karate və digər Şərq döyüş növlərinin leqallaşmasına səbəb olan bir avtoritet, şəxsiyyət idi. Sibirin Uşu Federasiyasının prezidenti Mixail Naturalnıyın dediyi kimi - məhz Brüs Linin şöhrəti, onun bütün dünyada bu idmana gətirdiyi populyarlıq, hörmət onlara layiq olduğu hörməti qazandırdı. Uşunun ekranlara gətirilməsi, insanlar tərəfindən sevilməsi bu döyüş sənətinə olan münasibəti dəyişdi. "Bütün Şərq döyüş sənəti dünyası özünün mövcudluğuna görə Bryus Liyə minnətdar olmalıdır. Hətta bundan sonra Şaolin monastrı düzənləndi. Şəxsən mən orada təcrübə keçərkən hər bir şaolin monarxının divarında Brüs Linin portretlərini görmüşəm".   

Brüs Lini yaxından tanıyanlar danışırlar ki, ekrandakı döyüşkən obrazlarından, fiziki gücünün, döyüş ustalığının ona verdiyi üstünlüklərdən ictimai həyatda istifadə etməzdi, öyünməzdi. Əksinə ətrafdakılara çox hörmətli davranardı. Çalışardı ki, hamı ilə nəzakətlə danışsın. Yetkinlik yaşına çatandan sonra o, rinqdən kənarda kimsəyə gücünü göstərməyə can atmayıb. Brüs Lidə insanlara qarşı ənənəvi Şərq inamı vardı. O, ailəcanlı bir insan idi. Arvadı həyatı boyu Brüsü tərk etməyib, həmişə onun yanında olub. Li oğlu Brendonu da aktyorluqda görürdü. İnanırdı ki, bir zaman o da məşhur bir kinoulduz olacaq. 1969-cu ildə anadan olan qızı Şenon isə hələ çox kiçik idi. Və Li ailəsinin harada yaşadığına qəti şəkildə hökm vermək olmazdı. Belə ki, evləri Los-Ancelesdə olsa da ailə tez-tez Konqonqa gələrdi və burada uzun müddət yaşayardılar.      

 

SON  

 

Brüs Li çox erkən dünyadan köçdü. O, 1973-cü il iyulun 20-də vəfat edəndə 33 yaşı var idi. Və qarşıda görəcəyi çoxlu işləri, yerinə yetirəcəyi saysız planları vardı. Brüs Li öldü, hər şey yarımçıq qaldı. Onun həyatının son dövrləri, xüsusən də qəfl ölümü ilə bağlı müxtəlif versiyalar söylənirdi. Bəziləri deyirdi ki, ona gizli şəkildə sui-qəsd edilib. Əslində həqiqətən də həyatının son dövrlərində nə üçünsə onda psixoloji problemlər yaranmışdı. Çox vaxt ona elə gələrmiş ki, kimsə onu qəfldən öldürəcək. Bəlkə də onun bu narahatçılığının əsası varmış və sui-qəsddə şübhələnənlər haqlı imişlər. Kim bilir?... Məşqlərin birində onun başından gözləmədiyi zərbə aldığı və bundan sonra qəfl xəstələnərək öldüyü də iddialar sırasındaydı... Brüsün Şaolin monarxları tərəfindən aradan götürüldüyünü deyənlər də az deyildi... Beynində xəstəlik olduğunu söyləyənlər də vardı... Başqa bir versiyada onu da nağıl edirdilər ki, çəkilişdən evə yorğun gələn Brüs bir tabletka "aspirin" içib yatmış və bir daha oyanmamışdı... Amma ölüm səbəbi nə olurdusa-olsun, reallıq bu idi ki, rinqlərin qeyri-adi döyüşçüsü, ekranların sevimli aktyoru daha yox idi.   

Amma onun necə sevildiyini, yaddaşlarda yaşayacağını bilmək üçün təkcə onun dəfnində iştirak edənlərin sayına nəzər salmaq kifayət idi. Dünyanın dörd bir yanından Brüsə son vida etmək üçün gələnlərin sayı 30 minə yaxınıydı. Hələ onlar imkan tapıb yasa gələ bilənlər idi. Ölümündən sonra Brüsün haqqında çoxlu filmlər çəkildi, rəvayətlər danışıldı, nağıllar söyləndi. Düzünə qalsa hələ də söylənir. Çünki Brüs Li elə bir nağıl ömrü yaşamışdı...

  

 

BABƏK YUSİFOĞLU 

 

Ədalət.- 2011.- 21 iyun.- S.3.